Kürdəmir: tərəqqi gərgin zəhmətin bəhrəsidir

 

2010-cu ilin ötən dövrü ölkəmiz üçün müxtəlif hadisələrlə yadda qaldı. Respublikamızın beynəlxalq aləmdə imicinin daha da yaxşılaşdırılması istiqamətində mühüm əhəmiyyətli işlər görüldü. Ən əsası odur ki, sosial-iqtisadi sahədə nəzərdə tutulmuş tədbirlərin ardıcıl həyata keçirilməsi üçün qətiyyətli addımlar atıldı. Xüsusilə dövlət başçısı İlham Əliyevin prinsipial mövqeyi regionların sosial-iqtisadi inkişafını şərtləndirən əsas amillərdən biri oldu.

 

2009-2013-cü illərdə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq Kürdəmir rayonunda əmək ehtiyatlarından, təbii və iqtisadi potensialdan səmərəli istifadə etməklə iqtisadiyyatın inkişafı, əhalinin məşğulluğunun artırılması, yoxsulluq səviyyəsinin azaldılması və yeni iş yerlərinin açılması istiqamətində 2010-cu ilin ötən dövrü ərzində əhəmiyyətli tədbirlər həyata keçirildi.

Aqrar sektoru inkişaf etdirməklə kənd təsərrüfatı məhsulları istehsalının artırılması, sənayenin, xidmət sahələrinin, təhsil, səhiyyə, mədəniyyət və digər sosial sahələrin inkişaf etdirilməsi diqqət mərkəzində saxlanıldı. Eyni zamanda, mövcud müəssisələrin istehsal fəaliyyətinin bərpa edilməsi və yeni istehsal müəssisələrin yaradılması, yerli resurslardan səmərəli istifadə edilməsi, yeni iş yerlərinin açılması və əhaliyə göstərilən kommunal xidmətlərin yaxşılaşdırılması da aktuallığını qorudu. Aqrar sektora, bitkiçilik və heyvandarlığın inkişafına diqqət daha da artırıldı.

Ümumilikdə kənd təsərrüfatı, xüsusilə taxılçılıq üçün olduqca əlverişsiz keçən bu ildə yüksək məhsul götürmək üçün mümkün tədbirlər görüldüyündən bu il 33 min 700 hektar sahədən 54 min tondan çox məhsul istehsal olunmuşdur.

Toxumluq taxıl istehsalına xüsusi diqqət yetirilmiş, 9 toxumçuluq təsərrüfatı yaradılmışdır. Toxumçuluq təsərrüfatları keçən ilin payızında səpin aparılmış 1500 hektar taxıl sahəsindən 2 min tondan çox I və II reproduksiyalı toxumluq məhsul yığmışdır.

Növbəti ilin əkini üçün hazırlıq işlərinə başlanılmış, səpinə ayrılmış arpabuğda toxumu təmizlənmişdir.

"Aqrolizinq" ASC-nin aqrotexservis mərkəzi yardılmış, Kürdəmir Aqrotexservis Mərkəzinin 6 ərazidə mexaniki dəstələri təşkil edilmişdir. 40 traktor, 25 kombayn, ot biçən, taxıl səpən, ümumilikdə 100-dən çox traktor, digər kənd təsərrüfatı maşınları və avadanlıqlarının cəmləşdiyi aqrotexservis mərkəzi tərəfindən istehsalçılara güzəştli qiymətlərlə 800 tondan çox mineral gübrələr satılmışdır.

Bundan əlavə, 5 özəl aqrotexservis mərkəzi yaradılmış və burada da 120-dən çox traktor, kombayn və digər kənd təsərrüfratı texnikalarından istifadə olunur. Məhz bunun nəticəsidir ki, rayonda taxıl biçini optimal müddətdə başa çatdırılmışdır.

Rayonda heyvandarlığın və quşçuluğun inkişafı sahəsində məqsədyönlü işlər görülmüş, hazırda iribuynuzlu mal-qaranın sayı 62 min başı, qoyun keçilərin sayı 130 min başı ötmüş, bu dövr ərzində müvafiq olaraq ət, süd, yun, yumurta istehsalının dinamik artımına nail olunmuşdur.

Quşçuluq məhsulları istehsalı ilə məşğul olan "Kürdəmir-Broyler" ATSC-nin fəaliyyəti genişləndirilmiş, damazlıq ana quşların sayı 20 min başa çatdırılmışdır.

Mal-qaranın cins tərkibinin yaxşılaşdırılması sahəsində məqsədyönlü işlər görülmüş, heyvandarlığın yem bazasının daha da möhkəmləndirilməsi üçün yonca əkinlərinin sahəsi 17 min hektara, qaba yem istehsalı 120 min tona, yemlik arpa istehsalı 20 min tona çatdırılmışdır.

Gündəlik 30 tondan çox süd məhsulları emal edən zavodun tikintisi yekunlaşmaq üzrədir. Bu müəssisənin işə salınması, sözsüz ki, yeni yerlərinin açılmasına və heyvandarlığın inkişafına xüsusi təkan verəcəkdir.

Dövlət Proqramına uyğun olaraq təbii inşaat materiallarının istehsalı üçün rayon ərazisində axtarış işlərinin aparılması da təqdirəlayiqdir.

2010-cu ilin ötən dövründə "Azəryolservis" ASC-nin vəsaiti hesabına Bakı-Ələt-Qazax avtomobil yolunun 0,5 kilometr hissəsində 5300, Ağsu-Kürdəmir-Bəhrəmtəpə avtomobil yolunun 1,2 kilometrində 9075 kvadratmetr sahəyə asfalt döşənmiş, şəhər icra nümayəndəliyinin xətti ilə X.İslamzadə küçəsində 4270, Heydər Əliyev prospektində 2140, Bakı prospektində 795, S.Şıxəliyev küçəsində 1390, M.Müşfiq küçəsində 1795 kvadratmetr asflat işi görülmüşdür.

Pirili, Mollakənd, Atakişili, Topalhəsənli, Sığırlı, Carlı, Muradxan, Qocalı, Yenikənd kəndlərində kəndarası yollara daş döşənərək qaydaya salınmışdır.

Bələdiyyələrin vəsaiti hesabına rayonda 27 kilometr kəndarası yol və çınqıl döşənmiş, 123,3 kilometr kənd yolu aftoqrederlə hamarlanmış, su arxları üzərində 5 körpü salınmışdır.

Karrar qəsəbəsində 1200, Bakı-Gəncə magistral yolunun rayon ərazisindən keçən hissəsinin ətrafında 25000 ağac əkilmişdir.

Həzi Aslanov küçəsində 780, Vaqif küçəsində 1820, R.Axundov küçəsində 636, Şərifzadə küçəsində 190, Nizami Gəncəvi küçəsində 940 kvadratmetr asfalt-beton örtüyünün döşənilməsinə başlanılmışdır.

Şəhərin küçələrinin təmiri və asfaltlaşdırılmasının davam etdirilməsi bu istiqamətdə yeni-yeni uğurların qazanılacağından xəbər verir.

Əhalinin elektrik enerjisinə olan tələbatını ödəmək məqsədi ilə 110 kv-luq elektrik hava xəttinin 18 kilometrində, 35 kv-luq elektrik hava xəttinin 8,5 kilometrində əsaslı təmir işləri aparılmış, 110/35/10 kv-luq Kürdəmir yarımstansiyasında 2 ədəd 25 MVA güc transformatoru cari təmir olunmuşdur.

Kəndlərdə olan 10 kv-luq elektrik hava xətlərinin 2,76 kilometri əsaslı, 46 kilometri cari, 04 kv-luq elektrik hava xəttinin isə 5 kilometri əsaslı, 54 kilometri cari təmir edilmişdir.

7 ədəd yarımstansiya əsaslı, 36 ədəd elektrik transformatoru cari təmir edilmişdir.

Əhalinin təbii qaz təchizatının yaxşılaşdırılması məqsədi ilə şəhərin Aeroport ərazisində, Xanlar, Əzizbəyov, 20 Yanvar, Sabir küçələrində müxtəlif diametrlərdə qaz siyirtmələri, Heydər Əliyev prospektində 2 ədəd qaz tənzimləyicisi, həmçinin Yenikənd, Şahbəyli, Sığırlı kəndlərində müxtəlif diametrlərdə qaz siyirtməsi quraşdırılmışdır. Koroğlu küçəsində, Aran qəsəbəsində, Bakı prospektində korroziyaya uğramış qaz boruları yenisi ilə əvəz edilmişdir.

Sığırlı, Şıxımlı, Atakişili, Xırdapay, Böyük Kəngərli kəndlərinə gedən korreziyaya uğramış orta təzyiqli qaz boruları yenisi ilə əvəz edilmişdir.

Vətəndaşların sifarişi ilə layihə əsasında təmir-tikinti sahəsi tərəfindən 38 mənzil qazlaşdırılmış, 235 ədəd qaz sayğacı quraşdırılmışdır.

"Azəriqaz" istehsalat Birliyinin Təmir-Tikinti idarəsi şəhərin Koroğlu küçəsində 950 poqonometr qaz kəmərinin əsaslı təmirinə başlamışdır.

Rabitə xidmətinin yaxşılaşdırılması məqsədi ilə "Data Plus" MMC-yə məxsus 144 portluq ADSL avadanlıqlarının 112 portu internet istifadəçilərinin istifadəsinə verilmiş, bütün yaşayış məntəqələrini əhatə edən (CDMA) simsiz telefon stansiyası istismara verilmişdir.

"Delta Telekom" MMC-nin müraciətinə əsasən Beynəlxalq Banka, Polis şöbəsinə, "Azərsun" Holdinq MMC-nin müraciətinə əsasən yeni inşa olunan Kürdəmir Süd zavoduna, Qaz İstismarı idarəsinə və Kömrük şöbəsinə internet şəbəkəsinin təşkili üçün mərkəzi ATS-dən ümumilikdə 6700 metr fibroptik kabel çəkilmişdir.

Vətəndaşların müraciətlərinə əsasən Qarasaqqal kənd EATS-də əlavə 16 nömrə artırılaraq telefon çəkilmişdir.

Mərkəzi ATS-nin və 10 kənd ATS-nin elektron ATS-ə dəyişdirilməsi məqsədi ilə tender keçirilmişdir. Hazırda NGN tipli stansiyanın yerləşdirilməsi üçün qovşağın inzibati binasında texnoloji təmir işləri aparılır.

İçməli su bu sarıdan müəyyən qıtlıq çəkən kürdəmirlilər üçün xüsusilə əhəmiyyətlidir. 2010-cu ilin ötən dövründə I və II Külüllü-Kürdəmir mərkəzi su xətlərində təmir işləri aparılmışdır. Yay mövsümü ilə əlaqədar olaraq əhalinin içməli suya olan tələbatını ödəmək məqsədi ilə su ambarları təmir olunaraq hazır vəziyyətdə saxlanılmışdır. Şəhərin su xətti olmayan küçələrinə və məcburi köçkünlərin məskunlaşdığı yerlərə avtomaşınlarla su verilməsi təşkil eilmişdir. Bu qrafik üzrə davam etdirilir.

Heydər Əliyev, Bakı prospektlərində, İ.Məmmədov, Babək küçələrində su xətlərində baş vermiş qəzalar aradan qaldırılmışdır. Kəndlərin su təchizatının təmin edilməsi sahəsində məqsədyönlü işlər aparılır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xətti ilə Şüşün, Sovla, Köhünlü, Carlı, Beyi, Mollakənd, Şıxımlı, Pirili, Muradxan kəndlərində modul tipli su təmizləyici qurğular tikilmiş, 95 bulaq inşa edilmiş, BP-nin maliyyə dəstəyi ilə Sığırlı, Karrar, Karrar qəsəbə, Çöhranlı, Atakişili kəndlərində su təmizləyici qurğular tikilmiş, bütövlükdə bu qurğular vasitəsi ilə 15 mindən çox əhali içməli su ilə təmin edilmişdir.

Bundan əlavə, bu il daha 16 kənddə modul tipli su təmizləyici qurğunun tikilməsi planlaşdırılmış, kəndlərdə tikiləcək qurğulara seçilmişmüvafiq sənədlər hazırlanaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinə göndərilmişdir.

Yeri gəlmişkən, Yenikənd kəndində su təmizləyici qurğunun tikintisinə başlanılmışdır.

Torpaqların meliorativ cəhətdən yaxşılaşdırılması sahəsində də işlər görülmüş, 3 min hektar sahənin suvarılmasını təmin edəcək 11,5 kilometrlik "Fətixanlı" torpaq kanalının 7 kilometri tikilib istifadəyə verilmiş, 5 min hektaradək ərazini su ilə təmin edəcək uzunluğu 18 kilometrlik Axtaçı-Ərəbqubalı kanalının 6 kilometri tikilmiş, 5-6 min hektar ərazini suvarma suyu ilə təmin edəcək 33 kilometrlik Çərtəyəz-Muradxan beton üzlüklü kanalın tikintisinə başlanmış, 22 kilometr torpaq hissəsi görülmüşdür. R-16 beton kanalının 8, R-19 beton kanalının 4 kilometrlik hissəsində əsaslı yenidənqurma işləri aparılmışdır.

Daxili imkanlar hesabına 21 kilometr uzunluğunda yeni torpaq kanalı çəkilmiş, 1800 kilometrdən çox kanal lildən təmizlənmiş, 9 ədəd yeni nasos kompleksi, 45 ədəd yeni hidrotexniki qurğu qurulmuş, 240 kilometr beton kanalı, 38 kilometr latok kanalı, 450-dən çox hidrotexniki qurğu təmir olunmuşdur.

Meliorasiya sahəsində 4,5 kilometr yeni kollektor çəkilmiş, 175 kilometr kollektor-dren şəbəkəsi lildən təmizlənmiş, 60 hidrotexniki qurğu, 4 ədəd nasos əsaslı təmir edilmiş, 2 ədəd yeni nasos qurulmuşdur.

Bələdiyyələrin vəsaiti hesabına əhalinin əkin sahələrinə 21,2 kilometr su arxları çəkilmiş, ərazinin qrunt sularından təmizlənməsi üçün 12 kilometr arx çəkilmişdir.

Aprel ayında Kür çayında suyun səviyyəsinin qalxması ilə əlaqədar 23,7 kilometr sahilətrafı bənd torpaq tökülərək bərkidilmişdir.

Yaponiya səfirliyinin maliyyə vəsaiti hesabına rayonun Şahbəyli kəndində feldşer- mama məntəqəsinin tikintisi başa çatdırılaraq istifadəyə verilmişdir.

Səhiyyə Nazirliyinin vəsaiti hesabına Mərkəzi Rayon Xəstəxanasının müasir tələblər səviyyəsində əsaslı təmirinə başlanılmışdır.

Bağman və Məhərrəmli kəndlərində daxili imkanlar hesabına yeni kitabxana binasının tikintisinə başlanılmışdır.

Bələdiyyələrin vəsaiti ilə Şıxımlı, Mürtülü, Ərəbxana və Köhünlü kənd məktəblərində, Topalhəsənli kənd uşaq bağçasında cari təmir işləri aparılmışdır.

Əhalinin daimi yeri ilə təmin olunması diqqət mərkəzində saxlanılmış, bu sahədə xeyli görülmüşdür.

Sahibkarlığın inkişafına da diqqət xeyli artırılmış, əhalinin pay torpaqlarından istifadəsinin səmərəliliyi yüksəldilmişdir. Bütün bunlar sakinlərin işlə təmin olunmasına, həyat səviyyəsinin yaxşılaşdırılmasına, yoxsulluğun azaldılmasına şərait yaratmışdır.

Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi nəticəsində 92 nəfər yeni yeri ilə təmin olunmuş, 70 nəfər isə mövsümi işlərə cəlb olunmuşdur.

Ola bilər, 2010-cu ilin ötən dövrü ərzində Kürdəmirdə görülmüş işlərin müəyyən rəqəmlərlə ifadəsi kiməsə yorucu görünsün. Ancaq istəsək də, istəməsək də, bəzən gerçəklikləri rəqəmlərin dilində anlatmaq zərurəti yaranır. Təbiətin mülayim hava şəraitini və təbii gözəlliklərini əsirgədiyi Kürdəmirə uca Tanrı işgüzar, qurub-yaratmaq eşqi ilə yaşayan insanları bəlkə də bir pay kimi göndərib. Çünki bu insanlar səhranı da cənnətə çevirə bilər. Son bir neçə ildə burada baş verən dəyişikliklər, yeniləşməyib neçə ildən sonra tamamilə yeni bir Kürdəmirin müjdəsini verir.

 

 

Səməd HÜSEYNOĞLU,

"Xalq qəzeti"nin bölgə müxbiri

 

Xalq qəzeti.- 2010.- 28 sentyabr.- S. 6.