Ədəbiyyatımızın inkişafı naminə

 

Hələ gənclik illərindən istedadlı bir qələm sahibi kimi tanıdığım, uzun illər mətbuatda imzasını maraqla izlədiyim, istər şeirlərini, istərsə də elmi-publisistik məqalələrini, kitablarını məmnunluq hissi ilə oxuduğum Rafiq Yusifoğlunun 60 yaşının tamam olduğunu eşidəndə bir qədər təəccübləndim. Düşündüm ki, illər nə tez gəlib keçdi, dünənə qədər gənc şair kimi tanıdığımız qələm dostumuz nə tez ömrünün ixtiyar çağına qədəm qoydu? Ancaq Rafiq Yusifoğlu qələminin məhsulu olan 50-yə yaxın kitabın, o cümlədən ali məktəb tələbələri üçün yazdığı Ədəbiyyatşünaslığın əsasları, Müasir ədəbi proses və ədəbi tənqid, Uşaq ədəbiyyatı, ümumtəhsil məktəblərinin birinci sinifləri üçün Ana dili, ikinci sinifləri üçün Azərbaycan dili (şərikli) dərsliklərini, Azərbaycan poeması: axtarışlar, perspektivlər adlı sanballı monoqrafiyasını və sair kitablarını xatırlayanda mənə aydın oldu ki, bu qədər işi 40-50 yaşında bir adamın görməsi çox çətindir, hətta deyərdim ki, bir qədər də imkan xaricindədir. Bu qədər faydalı əsərləri araya-ərsəyə gətirmək Rafiqin istedadından, tükənməz yaradıcılıq enerjisindən, zəhmətsevərliyindən xəbər verən danılmaz faktlardır.

 

Necə deyərlər, Rafiq Yusifoğlu öz 60 illik yubileyini alnıaçıq-üzüağ, ləyaqətlə qarşılayır. Onun şeirləri, hekayələri, nağılları orta məktəb dərsliklərinin, oxu kitablarının bəzəyinə çevrilib. Dərslikləri gənc nəslə ədəbiyyatın, nəzəriyyənin, ədəbi prosesin, bədii yaradıcılıq üslubunun incəliklərini öyrədir.

Bütün ömrünü, həyatını ədəbiyyata, onun tədqiqi və təbliğinə həsr edən Rafiq Yusifoğlu çoxşaxəli yaradıcılıq yolu keçən istedadlı qələm sahiblərindəndir. Onun istər poeziya, istər uşaq ədəbiyyatı, istər bədii tərcümə, istər jurnalistika, istərsə də ədəbiyyatşünaslıq sahəsindəki uğurları göz qabağındadır.

İlk dəfə məktəbə qədəm basan Azərbaycan uşaqları Abbas Səhhətin, Abdulla Şaiqin şeirləri ilə birlikdə Rafiq Yusifoğlunun da bir-birindən gözəl, mənalı şeirlərini oxuyur, əzbərləyirlər. Ədəbiyyata, şeirə-sənətə gedən yolun başlanğıcında onlara Rafiq Yusifoğlu poeziyası bələdçilik edir. Bu da təsadüfi deyildir. Bu gün Rafiq Yusifoğlu nəinki çağdaş uşaq ədəbiyyatımızın sayılıb-seçilən, görkəmli nümayəndələrindən biri, hətta cəsarətlə deyə bilərəm ki, birincisidir. Bu gün uşaq ədəbiyyatının yaranması, nəşri, tədqiqi və təbliği sahəsində Rafiq müəllimin xidmətləri çox böyükdür. Təsadüfi deyil ki, Rafiq Yusifoğlunun yaradıcılıq nümunələri tədqiqatçıların da diqqətindən kənarda qalmamışdır. Müasir uşaq ədəbiyyatı haqqında yazılan elə bir dissertasiya yoxdur ki, orada Rafiq Yusifoğlu poeziyasından məhəbbətlə söhbət açılmasın, şairin bənzərsiz poetik üslubu təqdir edilməsin.

Dissertantlarımdan biri tədqiqat işi yazanda Rafiqin Aylı cığır kitabını mən də oxudum. Şeirlərin orijinallığı, poetik tutumu, məzmun yeniliyi məni çox məmnun etdi. Nüfuzlu məclislərin birində Rafiq müəllimi müasir uşaq poeziyamızın canlı klassiki adlandırdım və tam əminliklə dedim ki, son 50 ildə yaranan bütün uşaq kitabları bir yana, Rafiq Yusifoğlunun Aylı cığır kitabı isə bir yanadır.

Sonra Rafiq müəllimin uşaqlar üçün yazıb nəşr etdirdiyi bir-birindən maraqlı Bahar qatarı, Böyük arzuya gedən yol, Dəniz səviyyəsi, Şirin yağış, Çiçək yağışı, Günlərimiz-aylarımız, Zamanın qatarı, Söz çəməni, Yollar, Ana dilim, Daha uşaq deyiləm və sair kitablarını oxuyanda fikrimdə yanılmadığıma bir daha əmin oldum. Hiss elədim ki, Rafiqin uşaq ədəbiyyatı sahəsində qazandığı uğurlar xoşbəxt bir təsadüfün yox, parlaq istedadın, yorulmaz müşahidənin, sistemli axtarışların, gərgin əməyin qanunauyğun nəticəsidir.

Rafiqin şeirlərinin dili lakonikdir, obrazlıdır. Şair bədii təsvir və ifadə vasitələrindən, təşbehlərdən, metaforalardan, epitetlərdən məharətlə istifadə etməyi bacarır. İlk nəzərdə quru təsir bağışlayan mövzular şairin sehirli qələmi nəticəsində poetik məzmun kəsb edir. Məsələn, Dəmir yumaqlar şeirinə fikir verək:

 

Yolbasan yola çıxıb, küçəmiz təzələnir.

Təkərləri elə bil yumaqdı, çözələnir.

Aldatmıram mən sizi, gəlin baxın, uşaqlar.

Fırlandıqca, açılıb küçə olur yumaqlar...

 

Bu xüsusiyyət təkcə Rafiqin uşaqlar üçün yazdığı şeirlər üçün yox, bütün yaradıcılıq nümunələri üçün xarakterikdir.

 

Yarım gərək incə gələ, incə vara,

Sahib ola qəlbimdəki incə vara.

Söz demişəm, ürəyinə toxunmuşam,

Qəlbi safdı, küsən deyil incəvara...

 

Rafiq Yusifoğlu folklordan, klassik ədəbiyyatımızdan, eləcə də dünya ədəbiyyatının incilərindən yaradıcı şəkildə bəhrələnməyi bacaran qələm sahiblərindəndir. Onun şeirlərinin cövhərində folklor ruhu, folklor ab-havası, folklor müdrikliyi vardır:

 

Çən gəldi, çisəklədi,

Gözlərim çiçəklədi.

Dərd məni üstələyib,

Bayatıya köklədi.

Yağış deyiləm yağam,

Bu dərdə dözdüm, dağam.

Həsrətin dörd əli var,

Mənimsə bircə yaxam...

Dərd çox, sevinc kəm oldu,

Ağlar gözüm nəm oldu.

Sözdən bir qala tikdim,

Pəncərəsi qəm oldu.

 

Klassik poeziyamıza yaxından bələdlik Qəm karvanı kimi sanballı bir poemanın yaranmasına səbəb olmuşdur. Ustad təfəkkürünün məhsulu olan maraqlı fikirləri öz poetik düşüncələri ilə yoğuraraq yenidən həyata qaytaran şair Füzuli dünyasına bələdçilik edir. Poemanın hər bəndi oxucunu düşündürür, onun ruhunu təzələyir, poetik ovqatını yüksəldir.

 

Sözümü pas tutmaz ötsə də min il,

İlahi, nə qədər odlanım, yanım?

Məndə can qoymayıb bu şeyda könül,

Verim bir gözələ, qurtarsın canım.

Hicranı ömrümü etsə də yarı,

Kimsəyə uymadım, - sədaqəti gör.

Qiyamət günündə görməsəm yarı,

Saqi, sən özün gəl qiyaməti gör!

Alovlar püskürən qəlbimin başı

Buxar etməsəydi gözümdə nəmi,

Göz açıb yumunca, gözümün yaşı

Bir anda tutardı bütün aləmi...

 

Dünya ədəbiyyatının görkəmli nümayəndələrindən Bayronun, Lorkanın, Yeseninin və başqalarının şeirlərini dilimizə ustalıqla tərcümə edən Rafiq Yusifoğlunun öz poeziyasına da həmin şairlərin əsərlərinin təsiri yaxşı mənada duyulmaqdadır. Rafiq Yusifoğlu həm folklordan, klassik ədəbiyyatdan, həm də dünya ədəbiyyatından yaradıcı şəkildə bəhrələnməyi bacarır. Dünya ədəbiyyatına yaxından bələdlik Rafiq Yusifoğlu poeziyasını əyalətçilik çərçivəsindən uzaqlaşdırır, elə buna görə də onun qələminin məhsulu olan əsərlər mahiyyətcə ümumbəşəri xarakter daşıyır.

Rafiq Yusifoğlu nədən yazırsa-yazsın, hansı problemin bədii təsvirini verirsə-versin daim özünə, öz poetik üslubuna, düşüncə tərzinə sadiqdir. Rafiqin folklor, klassik ədəbiyyat və dünya poeziyasının təsiri altında formalaşan poetik üslubu ənənəyə söykənsə də bənzərsizdir, fərdidir.

 

-Qaldır kirpiyini, səbrim yox daha,

Görüm gözlərini bir yol yaxından.

-Mənim kirpiklərim qalxa bilmir ha

Sənin baxışının ağırlığından...

 

Rafiq Yusifoğlu yaradıcılığının mövzu və problematikası çox zəngindir. Xalqımızın kəşməkeşli taleyi onun poeziyasında özünəməxsus bir çalarda öz bədii əksini tapmışdır. Rafiqin bu qəbildən olan şeirləri vətəndaşlıq poeziyamızın maraqlı nümunələri hesab oluna bilər. Azərbaycan torpağının gözəlliklərinə həsr etdiyi şeirlər peyzaj lirikamızın gözəl nümunələri sırasındadır. Onun şeirləri insanları Vətənin hər otunu, çiçəyini sevməyə, xalqımızın adına layiq ləyaqətli oğullar, qızlar olmağa səsləyir.

Ən yaxşı cəhət budur ki, Rafiq müəllim hansı mövzuda yazırsa-yazsın, təsvir elədiyi hadisələrin ən incə, xarakterik məqamlarını ön plana gətirməyi bacarır. Bu cəhət həm onun uşaqlar, həm də böyüklər üçün yazdığı şeirlərin demək olar ki, hamısı üçün xarakterikdir. Əslində, Rafiq Yusifoğlu yaradıcılığında uşaq şeiri, böyük şeiri şərti bölgüdür. Bu şeirlərin hamısının ana xəttində incə ruhlu bir şairin duyğuları, dərin zəka sahibinin düşüncələri dayanır. Rafiq ən adi həyat həqiqətlərini belə mənalandırmağı bacarır. Ona görə də şeirlərinin əksəriyyətinin əsas məna yükünü öz üstünə götürən misraların əksəriyyəti poetik kəşflər səviyyəsinə yüksəlir. Başqa sözlə desək, Rafiqin alimliyi şairliyinə, şairliyi alimliyinə dayaq durur, onun poetik üslubunu şərtləndirən ən aparıcı amillər kimi özünü göstərir.

Qədim Qəbələ şəhərinin xərabələrinin bir tərəfindən Qaraçayın, digər tərəfindən Qocalançayın axması adi həyat həqiqətidir. Görün şair bu həqiqəti necə mənalandırır, necə poetik həqiqət səviyyəsinə yüksəldə bilir:

 

Qəbələ bir yüyrükdü

Onu zaman tərpədir.

Qaraçay, Qocalançay

Sanki yüyrük ipidir.

Qaraçay, Qocalançay

Həzin-həzin oxuyar.

Bu yüyrüyün içində

Tarix gedib yuxuya...

 

Rafiq Yusifoğlu kənd həyatını, təbiəti, xalq yaradıcılığını yaxşı bilən şairlərimizdəndir. Elə buna görə də onun təsvirləri öz milli koloriti, cazibədarlığı ilə diqqəti cəlb edir.

O, dilimizin incəliklərini, sözün məna çalarlarını çox gözəl bilir. Elə buna görə də onun poetik nümunələri içərisində sözçülükdən əsər-əlamət yoxdur. Xarakterik bir cizgi, detal mənanı sözün zahiri biçimindən onun alt qatına ötürür. Şeirin mövzusuna, məzmununa uyğun bənzərsiz, xarakterik bədii təsvir və ifadə vasitələri, orijinal qafiyələr tapıb işlətməsi onun ədəbi üslubuna bir orijinallıq gətirir. Rafiq istər əruz, istər heca vəzninin müxtəlif ölçülərindən, istərsə də sərbəst şeirdən məharətlə istifadə etməyi bacarır.

 

İşıq arzulayan toxum meydan oxuyur qabığa,

Günəşə dal çevirənin kölgəsi düşər qabağa.

Sevən sevdiyinə sarı ayağı yalınca gedər,

Üzü Günəşə qaçanın kölgəsi dalınca gedər...

 

Rafiq Yusifoğlu öz taleyinin, ağrı-acılarının, sarsıntılarının şairidir. Xalqımızın başına gətirilmiş müsibətlər, itirilmiş torpaqlarımız, bir-birindən ayrı düşən doğmalarımızın, əzizlərimizin gözündə qalan arzuları şairin poeziyasının qəm yükünü bir qədər də ağırlaşdırır:

 

Hərəmiz bir eşqin şirin barıyıq,

İllər üstümüzə çökür toz kimi.

Məhəbbət daşıyan eşq qatarıyıq,

Zaman çəkir bizi paravoz kimi.

 

Bərq vurur saçımda illərin qarı,

Sükut qəbristanda xəyala dalıb.

Sərnişini düşən eşq vaqonları

Zaman qatarından açılıb qalıb...

 

Qəlbini atdılar oda anamın,

Arzuları düşdü hey pərən-pərən.

Qəbri ayrı düşən ata-anamın

Ruhları qovuşa bilibmi görən?

 

Rafiqin poeziyası ağrı-acı ilə, dərd-kədərlə yoğrulsa belə, onun şeirlərinin ümumi ruhu nikbindir, insanları gələcəyə, qurub-yaratmağa, sevib-sevilməyə, həyatın qədrini bilməyə, ulu yaradanan verdiyi fürsətdən yetərincə bəhrələnməyə həvəsləndirir:

 

Get dayan dənizlə nəfəs-nəfəsə,

Eşit ləpələrin pıçıltısını.

Meşənin qoynunda düşüb həvəsə,

Dinlə yarpaqların xışıltısını.

Bu necə cığırdı, bu necə yoldu? -

Yarır toranlığı durnanın döşü.

Qardaş, bir başını yuxarı qaldır,

Ayın danışdığı nağılı eşit...

 

Rafiq Yusifoğlu gənclərin, tələbələrin çox sevdiyi şairlərdəndir. İstər Sumqayıt Dövlət Universitetində, istərsə də Azərbaycan Dövlət Pedaqoji Universitetində mühazirələr oxuması onu gənclərə, gəncləri ona daha da yaxınlaşdırıb. Tələbələrin sevimli müəllimi həm də gənclərin sevimli şairinə çevrilib. Rafiq müəllimə gələn saysız-hesabsız oxucu məktubları onun yaradıcılığının təsir gücündən, əhatə dairəsindən xəbər verir. Rafiqin gənclərin məktubları, mesajları əsasında yazdığı şeirlər müasir sevgi lirikamızın gözəl nümunələridir. Bu şeirlər gənc oxucuların ürəyindən xəbər verdiyi üçün çox sevilir, çox oxunur. Daim gənclər arasında olması Rafiq Yusifoğlunun poetik ilhamını kökdən düşməyə qoymur, onu daim gənclik eşqi ilə yazıb-yaratmağa, sevda göylərində qanad çalmağa səsləyir:

 

Bənövşə arzular boynu bükülü,

Nəfəsin ayrılıq küləyi olub.

O ötən ayların, illərin külü

Arzu közlərimin bələyi olub.

Həsrətin əlində qalıbdır yaxam,

Bu dərdə, ağrıya dözürəm hələ.

Yayından ayrılan qızıl bir oxam,

Sevda göylərində süzürəm hələ...

 

Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi, Göyərçin jurnalının baş redaktoru, filologiya elmləri doktoru, professor Rafiq Yusifoğlu ömrünün, yaradıcılığının ixtiyar çağlarını yaşayan istedadlı bir qələm sahibidir. Ədəbi, eləcə də pedaqoji ictimaiyyətimizdə özünəməxsus nüfuzu, çəkisi olan qələm dostumuzu qarşıda hələ yeni-yeni axtarışlar, yeni-yeni elmi, ədəbi uğurlar gözləyir. Ədəbiyyatımızın, elmimizin inkişafı naminə Rafiq Yusifoğluya uzun ömür, can sağlığı arzulayırıq.

 

 

Nizami CƏFƏROV,

AMEA-nın müxbir üzvü,

filologiya elmləri doktoru, professor

 

Xalq qəzeti.- 2010.- 1 yanvar.- S. 7.