Alimliklə insanlığın vəhdəti

 

Mən onu 30 ildən artıqdır ki, tanıyıram. O vaxtlar universitetin tədris hissəsinə müdir təyin olunmuşdu, mən isə şərqşünaslıq fakültəsinin dekanı idim. Xeyli yaş fərqimizin olmasına baxmayaraq, mən onunla tezliklə dostlaşdım və hələ o vaxtdan onun dərin məntiqinə, güclü hafizəsinə, bununla bərabər işə çox ciddi yanaşmasına heyran qalmışdım. Onun xarakterinin ən qabarıq cəhətlərindən biri dostluqda sədaqətli olmasıdır. Mən bu nəcib keyfiyyəti dekan işlədiyim vaxtlarda mənim müavinim olan dosent Əbdüləli Kərimovla olan münasibətlərində aydın görmüşəm. Əbdüləli müəllimlə onun 25 ildən artıq davam edən dostluğu mənim gözlərimin qarşısında olub və mən həmin münasibətləri dostluğun etalonu hesab edə bilərəm.

Bu illər ərzində həyatın müxtəlif sınaqları, çətinlikləri, imtahanları oldu, lakin Abel müəllim dekan müavini olanda da Əbdüləli müəllimlə səmimi dost idi, rektor olanda da. Ən ibrətamiz olan isə odur ki, 2002-ci ildə Əbdüləli müəllim dünyasını dəyişəndən sonra da Abel müəllim onun ailəsinə, övladlarına diqqətini əsirgəmədi, hətta bir az da artırdı. Əslində rektor, ictimai xadim, deputat, yüzlərlə problemi olan Abel müəllimin vaxt qıtlığından bəzi hallarda özü belə yadından çıxırsa da, Əbdüləli müəllim, onun ailəsinin problemləri bir an da olsun yadından çıxmır. Mən bu münasibətləri şəxsən müşahidə etdiyim üçün onu insanlığın ali dərəcəsi hesab edirəm.

Abel müəllim tək dostlarına qarşı yox, bütün ətrafındakı hadisələrə, insanlara qarşı çox diqqətli və həssas insandır. O, anasına və nəvəsinə, həyat yoldaşına və övladına, sürücüsünə və qonşusuna, tanınmış alimə və sıravi işçiyə, seçicisinə və həmkarına eyni məhəbbət və diqqətlə, ehtiram və sevgi ilə yanaşa bilir. İşin çoxluğu, vaxtın azlığı, problemlərin böyüklüyü, hadisənin kiçikliyi ondan ötrü mahiyyət kəsb etmir. Hamıya, hər zaman qayğı və məhəbbət onun həyat kredosudur.

Mənalı ömür yolu, elmə səmimi bağlılığı, vətənpərvər ictimai-siyasi fəaliyyəti ilə seçilən akademik Abel Məhərrəmov prinsipiallığı, yüksək idarəçilik keyfiyyətləri, tədqiqatçılıq əzmi, siyasi mövqeyi ilə fərqlənir, ziyalı üçün səciyyəvi olan xüsusiyyətləri xarakterində cəmləşdirir. İstər Bakı Dövlət Universitetinin rektoru, akademik, istərsə də Milli Məclisin deputatı kimi fəaliyyəti ilə dövlətçilik ideallarına sadiqlik nümayiş etdirməsi, insanpərvərliyi onun zəngin daxili aləmindən qaynaqlanır. Bakı Dövlət Universitetinin beynəlxalq əlaqələrinin hər bir anında, xarici ölkələrə səfərlərində, universitetə gələn xarici qonaqların qarşılanmasında – hər bir halda Abel Məhərrəmov, bir qayda olaraq, dövlət adamı kimi Azərbaycanın mövqeyindən çıxış edir.

Görkəmli alimin həyatı, sanballı elmi yaradıcılığı ilə tanışlıq onun Azərbaycan xalqı və dövləti qarşısındakı layiqli xidmətlərini, vətənpərvər fəaliyyətini bir daha qabarıq üzə çıxarır. Həyatının 35 ilini peşəkar elmi fəaliyyətə həsr etmiş Abel Məhərrəmov özünü mahir tədqiqatçı kimi təsdiqləmiş, gərgin və prinsipial yaradıcı axtarışları ilə fundamental elmlər sahəsində bir sıra mütərəqqi yeniliklərin müəllifinə çevrilmişdir. Bu gün həm də Bakı Dövlət Universitetinin rektoru kimi məsul vəzifəni layiqincə daşıyaraq dövlətə, xalqa sədaqətli xidməti özünə borc bilən akademik Abel Məhərrəmovun qələmə aldığı onlarla sanballı kitab və monoqrafiya nəinki ali məktəb tələbələri, hətta yetkin tədqiqatçılar üçün də zəngin mənbə rolunu oynayır.

Hər bir istedadlı insanın formalaşmasında, ziyalılıq zirvəsinə ucalmasında istedad, bilik, yaradıcı proseslə yanaşı, onun yaşadığı mühit öz sözünü deyir. Abel Məhərrəmov 1950-ci il yanvarın 5-də Ağdam şəhərində müəllim ailəsində anadan olmuş, sonradan ailəsi ilə birgə Ermənistanın Amasiya rayonunda yaşamış, orta təhsilini həmin rayonun Güllübulaq kəndində almışdır. Ziyalı ailəsində yetişmiş Abel Məhərrəmovda hələ uşaqlıqdan məsuliyyət və çalışqanlıq keyfiyyətləri özünü qabarıq göstərməyə başlamışdır. İstedadı, savadı ilə müəllimlərinin diqqətini cəlb etmiş, xüsusən riyaziyyat, fizika və kimya fənlərinə maraq göstərmiş, bu fundamental elmlərin incəliklərinə dərindən vaqif olmağa çalışmışdır. Çalışqanlığı və yüksək intizamlılığı onun pedaqoji fəaliyyətə aparan yoluna körpü salmış, peşə seçiminin müəyyənləşməsinə əsaslı dərəcədə təsir göstərmişdir. Təhsildə fərqlənərək 1966-cı ildə orta məktəbi qızıl medalla başa vurmuş, elə həmin il arzularını gerçəkləşdirəcək ünvana – Bakı Dövlət Universitetinə üz tutmuş, kimya fakültəsinə daxil olmuşdur. 1966-1971-ci illərdə Bakı Dövlət Universitetinin kimya fakültəsində təhsil almış, 1973-cü ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetində “Üzvi kimya” ixtisası üzrə əyani aspiranturaya qəbul olmuşdur.

Abel müəllim 1976-cı ildə Moskvada namizədlik dissertasiyası müdafiə etdikdən sonra elə həmin ildən Bakı Dövlət Universitetində elmi-pedaqoji fəaliyyətə başlamış, 1991-ci ilədək bu nüfuzlu ali təhsil ocağında baş elmi işçi, baş müəllim, universitetin tədris hissəsinin müdiri, dekan müavini və dekan vəzifələrində çalışmışdır. Fəal pedaqoji fəaliyyətlə məşğul olmasına baxmayaraq, elmdə də inamlı addımlar atan Abel Məhərrəmov gərgin əməyinin bəhrəsi olaraq 1991-ci ildə doktorluq dissertasiyası müdafiə etmişdir.

Tanınmış alim 1993-cü ildən 1999-cu ilin yanvar ayınadək BDU-nun kimya fakültəsinin dekanı vəzifəsində işləmişdir. 1998-ci ildə Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü seçilmiş, həmçinin elmi nəticələrinə və təhsil quruculuğuna görə müxtəlif illərdə Y.Məmmədəliyev adına qızıl medala, Beynəlxalq EKO mükafatına, Rumıniyanın Ali Komandor dərəcəli Qızıl ulduz ordeninə və digər sanballı mükafatlara layiq görülmüşdür. Elmi uğurlarına görə adı 1999-cu ildə İngiltərənin Kembric Beynəlxalq Bioqrafiya Mərkəzinin “XX əsrin 2000 görkəmli alimi” kataloquna daxil edilmiş, ötən yüzilliyin ən görkəmli alimlərindən biri sayılmışdır. 2007-ci ilin aprelində AMEA-nın həqiqi üzvü seçilmiş Abel Məhərrəmov bununla da elmin ən uca pilləsinə yüksəlmişdir.

Yüksək elmi səviyyəsini, idarəçilik keyfiyyətlərini nəzərə alan ulu öndər Heydər Əliyev 1999-cı il yanvarın 11-də Abel Məhərrəmovu BDU-nun rektoru vəzifəsinə təyin etmişdir. Əsl ziyalı kimi BDU-nun rektoru vəzifəsini məsuliyyətlə daşıyan Abel müəllim vəzifə kürsüsünə insanlara layiqli xidmət vasitəsi kimi yanaşdığını BDU-ya rəhbərliyi dövründə tam sübuta yetirmişdir. Yeni rektorun islahatlara meyilliliyi, işgüzarlığı, çevik idarəçi olması kadr seçimində heç zaman yanılmayan ulu öndər Heydər Əliyev tərəfindən də daim yüksək dəyərləndirilmiş, layiq olduğu yüksək qiyməti almışdır. Elm və təhsilin inkişafında nailiyyətlərinə görə o, 11 fevral 2000-ci ildə “Əməkdar elm xadimi” fəxri adına layiq görülmüşdür.

Son 11 ildə Abel Məhərrəmovun rəhbərliyi altında universitetdə təhsilin məzmun və formaca yeniləşdirilməsi, aparıcı ölkələrin təcrübəsinin mənimsənilməsi istiqamətində ciddi addımlar atılmışdır. Bu nüfuzlu ali təhsil ocağında ictimai fəallıq, gənclərin BDU-nun elmi həyatında və idarəçiliyindəki rolu yüksəlmişdir. Eyni zamanda dünya miqyasında universitetin mövqeləri möhkəmlənmiş, elmi-pedaqoji kadrlarının beynəlxalq elmi konfranslarda və simpoziumlarda iştirakı həm keyfiyyət, həm də kəmiyyət baxımından artmışdır.

Keyfiyyətli təhsil, ilk növbədə, nizam-intizamdan, qaydalara uygun davranış normalarından başlanır. Akademik Abel Məhərrəmovun yüksək idarəçilik məharəti hesabına bu gün həmin normalar BDU-da mühüm keyfiyyət faktına çevrilmiş, yaradılan ciddi intizam, tədrisin keyfiyyətinə gündəlik nəzarət fəaliyyətin səmərəliliyini xeyli dərəcədə artırmışdır. Universitetdə hökm sürən işgüzar ab-hava, elmi yaradıcılıq mühiti, müasir maddi-texniki baza, işgüzar şərait çoxsaylı kollektivin də böyük rəğbəti ilə qarşılanır. Qısa müddətdə gerçəkləşdirilən bu tədbirlərin canlı şahidi olan BDU-nun professor-müəllim heyəti, tələbələri Abel müəllimi qurucu və təşəbbüskar insan kimi tanıyırlar. BDU-nun rektoru universitetin yerləşdiyi ərazidə yaratdığı səliqə-sahmanla, burada inşa edilən müasir idman kompleksi, üzgüçülük hovuzu, habelə tədris korpuslarında aparılan əsaslı təmir işləri, yaradılan maddi-texniki baza ilə qurucu insan olduğunu təsdiqləmişdir. Universitetin 80 illik yubileyi kimi, 90 illik yubileyi də Abel Məhərrəmovun qismətinə düşdü. O, yubileyə qədər cavan çağlarından öz ömrünü bağladığı doğma universitetin bir sıra problemlərini həll etməli idi. Sovet inşaat “məktəbinin” bir təhər quraşdırıb təhvil verdiyi, bir çox cəhətdən yararsız, yeni avadanlıqlara möhtac, ürəyində Vətən qeyrəti olan hər kəsə xəcalət gətirən sınıq-salxaq auditoriyaları, toz-torpağa bürünmüş universistet həyətini sahmana salmaq, onu əsl elm ocağına çevirmək kimi problemləri yoluna qoymağa xeyli vaxt lazım idi. Qısa bir vaxt ərzində ölkənin elm, təhsil məbədi sayılan bu universitetin auditoriyaları, binası, həyəti... öz şəklini dəyişdi, yeni, çağdaş tələblərə uyğun bir təhsil müəssisəsi quruldu. Universitetin ən müasir standartlara cavab verən yeni tədris binası, stadionu, üzgüçülük-idman kompleksi tikildi. Bakı Dövlət Universitetinin bütün fakültələri kompyuterləşdirildi, müasir informasiya texnologiyası tələbələr üçün adi şeyə çevrildi. Universitet postsovet məkanında bənzəri olmayan kitabxana ilə, oxu zalı ilə təmin olundu. Tələbə və alimlərin ən uzaq nöqtədə olan informasiyaya əlini çatdıran elektron kitabxana yaradıldı. Kitabxana hər birinin qiyməti çox yüksək olan neçə-neçə referativ jurnallara abunəçi oldu. Bu kitabxananın oxu zalında hər tələbəyə xüsusi kabinə ayrıldı. Müəllimlər üçün nəzərdə tutulan oxu zalında Gürcüstandan, Şimali Qafqazdan, hətta Orta Asiya ölkələrindən alimlərin işlədiyini görmək adi hala çevrildi. Tədris prosesi yenidən təşkil edildi. Proqramlar, tədris planları müasir dünya standartlarına uyğun quruldu və s.

Son illər uğurla həyata keçirilən islahatların yekun nəticəsi olaraq Bakı Dövlət Universiteti bu gün çağdaş dünyanın tələblərinə uyğun savadlı, vətənpərvər mütəxəssislərin hazırlanması işini müvəffəqiyyətlə həyata keçirməklə, burada tətbiq edilən tədrisin keyfiyyətinə, universitetin müasir tələblərə cavab verən yüksək maddi-texniki bazasına, universitetdə təhsil alan tələbələrin sayına, intellektual səviyyəsinə, beynəlxalq əlaqələrinə, ölkə hüdudlarından kənardakı mövqeyinə görə bütün Qafqaz regionunda liderliyini qoruyur.

Hər bir elm-təhsil müəssisəsinin qarşısında konkret məqsədlər var: BDU-nun əsas məqsədi də gələcəyin vətənpərvər, dövlətçi, ziyalı vətəndaşını, yüksək səviyyəli mütəxəssisini hazırlamaqdan ibarətdir. BDU-nun rektoru gələcəyin yetkin gəncliyini formalaşdırmaq üçün əzmlə işləyir, xalqın sabahı naminə layiqli vətəndaşların, savadlı kadrların hazırlanması üçün tədris və təhsilin keyfiyyətini günü-gündən yüksəltməyə çalışır. Prezident İlham Əliyevin qarşıya qoyduğu tələbləri həyata keçirmək üçün sivil dünyanın ən mütərəqqi yeniliklərinin BDU-ya gətirilməsi, bu yeniliklərin Azərbaycanın elm, təhsil sahəsində tətbiqi də akademiki düşündürən başlıca məsələlərdəndir. Ölkəmizdə elm və təhsilin inkişafında yaranmış keyfiyyətcə yeni mərhələnin reallıqları, həyata keçirilən islahatların istiqaməti Bakı Dövlət Universitetinin fəaliyyətində də ciddiliklə nəzərə alınır. BDU-nun professor-müəllim heyəti elm və təhsilin inkişafına xidmət edən bu və digər sərəncamları, dövlət proqramlarını rəhbər tutaraq respublika üçün layiqli milli kadrlar hazırlamaqla yanaşı, dünya elminə inteqrasiya istiqamətində də ardıcıl tədbirlər həyata keçirir.

Cəmiyyətin inkişafında, onun həyat səviyyəsinin yüksəlməsində, mədəniyyət və sivilizasiyanın tərəqqisində elmin həlledici rolu Azərbaycanın Avropa təhsil və elm məkanına inteqrasiyası prosesinin daha da sürətləndirilməsini, bu sahədə həyata keçirilən islahatların intensivləşdirilməsini tələb edir. Bu məqsədlərin həyata keçirilməsi üçün BDU-da Beynəlxalq elm və təhsilə inteqrasiya şöbəsi yaradılmışdır.

Abel Məhərrəmovun xarakterində miqyaslı iş görmək istəyi və bunu bacarması indi hər kəsin gözü qarşısındadır. O, adamlarla, əhatəsi ilə hər mövzuda məsləhətləşməyi çox sevir. Quruculuq işlərində, təhsil islahatlarında hər şeyi universitet Elmi Şurasının qərarı ilə həyata keçirir. Abel Məhərrəmov Bakı Dövlət Universiteti kimi çox böyük bir müəssisənin idarəçiliyində ciddi rəhbərlik təcrübəsi qazanmış bir dövlət adamıdır.

Akademik Abel Məhərrəmov həm də qurucu və təşəbbüskar ziyalıdır. Xüsusi vurğulamaq lazımdır ki, dövlət başçısı İlham Əliyevin diqqət və qayğısı sayəsində BDU-nun III korpusunun tez bir zamanda istifadəyə verilməsi də universitet rektorunun fəal səylərinin, idarəçilik və təşkilatçılıq qabiliyyətinin parlaq nümunəsidir. Universitetə böyük ehtiram nümunəsi olaraq dövlət başçısı yeni korpusun təntənəli açılış mərasimində şəxsən iştirak edərək dərin məzmunlu nitq söyləmiş, eyni zamanda dəyərli tövsiyə və tapşırıqlarını vermişdir.

2008-ci ildə yeni tədris korpusunu istifadəyə verən, göz oxşayan auditoriyalarının qapısını minlərlə gəncin üzünə açan universitet yubiley ərəfəsində böyük təmir-tikinti meydançasına çevrilmişdi. Bütün korpuslarda, auditoriya və laboratoriyalarda, idman komplekslərində, tələbə-müəllim yeməkxanalarında yüksək estetik zövqlə, eyni zamanda keyfiyyətlə aparılan yenidənqurma işləri bu nüfuzlu elm məbədinin əzəmətli görkəmində klassika ilə müasirliyin uğurlu sintezini yaratmışdır.

Universitetin 90 illik yubileyinin respublika miqyasında geniş qeyd olunması, bu prosesin ümumən təhsil sistemində son illərin ən əlamətdar hadisələrindən birinə çevrilməsi də məhz dövlət başçısı cənab İlham Əliyevin xidmətləri ilə bağlıdır. Azərbaycan Prezidentinin 24 aprel 2009-cu il tarixli “Bakı Dövlət Universitetinin 90 illik yubileyinin keçirilməsi haqqında” sərəncamı ilə yubiley tədbirlərinə start verilmiş, müxtəlif səviyyələrdə universitetin keçdiyi tarixi yola bir daha nəzər salınmış, onun dövlət və xalq qarşısındakı xidmətləri yüksək dəyərləndirilmişdir. Azərbaycanın elm, təhsil və mədəniyyətinin möhtəşəm məbədinə, ölkənin iqtisadi, siyasi və mədəni səviyyəsinin barometrinə çevrilmiş BDU-nun yubiley tədbirləri onun cəmiyyətdəki yüksək adına layiq şəkildə keçirilmiş, bu proses ölkə hüdudlarından kənarda da böyük diqqət çəkmişdir.

Yubiley çərçivəsində Avrasiya Universitetlər Assosiasiyasının səlahiyyətlisi, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin rektoru, akademik Viktor Antonoviç Sadovniçinin, Qara Dəniz Ölkələri Hövzəsi Universitetləri Assosiasiyasının prezidenti Mixaylo Zuqrovskinin, Xəzəryanı Ölkələri Universitetləri Assosiasiyasının rəhbəri, professor German Borlikovun və digərlərinin rəhbərlik etdiyi nümayəndə heyətlərinin Bakıya gəlişi də BDU-nun beynəlxalq əlaqələrinin miqyası barədə kifayət qədər dolğun təsəvvür formalaşdırır.

Belə səmərəli əməkdaşlıq əlaqələrini təmin edən ən başlıca amil, şübhəsiz, Azərbaycan Prezidentinin həyata keçirdiyi uğurlu xarici siyasət strategiyası, dünyanın bir sıra dövlətləri, nüfuzlu beynəlxalq təşkilatları ilə münasibətlərin gündən-günə inkişaf etdirilməsi, Azərbaycanın beynəlxalq nüfuzunun möhkəmlənməsi faktıdır. Bu gün Azərbaycana səfər edən dünyanın ən tanınmış siyasi xadimlərinin, müxtəlif ölkələrin dövlət başçılarının, ayrı-ayrı beynəlxalq təşkilatların rəhbərlərinin Bakıda üz tutduqları əsas ünvanlardan biri də məhz BDU-dur. Eyni zamanda universitetdə təhsil alan tələbələrin, məzunların da səsi dünyanın ən müxtəlif ölkələrindən eşidilir, BDU-nun sərhədləri genişlənir, bu təhsil ocağının qapıları bütün dünyaya açılır. Bu uğurların əldə edilməsində Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmovun BDU-nun fəaliyyətində tətbiq etdiyi prinsiplərin, bu təhsil müəssisəsinin yüksəlişi üçün gördüyü işlərin rolu da xüsusi vurğulanmalıdır.

Həyatını Azərbaycan elminin, təhsilinin inkişafına, dövlətin sabahı üçün layiqli mütəxəssislərin hazırlanmasına həsr etmiş Abel Məhərrəmov 2005-ci ilin noyabrından daha bir çətin missiyanı da üzərinə götürmüş, Azərbaycan Respublikası Milli Məclisinə deputat seçilmişdir. Milli Məclisin elm və təhsil komitəsinin üzvü, Azərbaycan-Yaponiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Amerika Birləşmiş Ştatları, Azərbaycan-İspaniya, Azərbaycan-Türkmənistan parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvü olan akademik Abel Məhərrəmov bu gün həm də müstəqil Azərbaycanda həyata keçirilən demokratik islahatların qanunvericilik bazasının hazırlanması işində, qanunların təkmilləşdirilməsində fəal iştirak edir. Parlament seçkiləri zamanı ona etimad göstərmiş vətəndaşların sosial qayğıları, onların üzləşdikləri problemlər də Abel müəllimin daim diqqətindədir.

Əsl ziyalı üçün vacib sayılan mühüm keyfiyyətlərdən biri də onun aydın mövqeyə sahib olmasıdır. Çünki bu mövqe bir çox hallarda öz yolunu müəyyənləşdirmək üçün ziyalı sözünə ehtiyacı olan vətəndaşlar üçün də nümunə rolunu oynayır. Abel Məhərrəmovun mövqeyi də dövlətçilik mövqeyi, böyük öndər Heydər Əliyevin siyasi kursuna sadiqlik mövqeyidir. Siyasi baxışlarında hər zaman sabit və prinsipial olmuş Abel müəllim ümummilli liderin siyasi kursunu dönmədən müdafiə edərək Heydər Əliyevin rəhbərliyi altında həyata keçirilən dövlət quruculuğu prosesinə öz töhfəsini vermişdir. Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Abel Məhərrəmov bu gün cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən dövlət quruculuğu siyasətinə də öz sanballı töhfəsini verir.

Akademik Abel Məhərrəmovun rəhbərliyi altında BDU hazırda milli ideologiyamızın formalaşması, inkişaf etdirilməsi və təbliği sahəsində böyük fəallıq nümayiş etdirir. O, rəhbərlik etdiyi təhsil müəssisəsində ulu öndərimiz Heydər Əliyevin mənəvi irsinin, bu böyük şəxsiyyətin zəngin dövlətçilik təcrübəsinin, idarəetmə fəlsəfəsinin öyrənilməsini və gənc nəslə çatdırılmasını mühüm vəzifə kimi qiymətləndirmişdir. Bu gün universitetdə fəaliyyət göstərən “Heydər Əliyev muzeyi” bu istiqamətdə ciddi araşdırmalar aparır. Ulu öndərin həyatının şərəfli səhifələrinin dolğun şəkildə ictimaiyyətə göstərilməsi, onun zəngin ideya-fəlsəfi dünyagörüşünə əsaslanan müasir dövlətçilik konsepsiyasının təbliği və bu konsepsiyadan irəli gələn vəzifələrin tələbələrə aşılanması yönündə mühüm işlər görülür.

Yenilikçilik, məqsədyönlülük, islahatçılıq BDU rektorunun xarakterik xüsusiyyətlərindəndir. Haqqın, ədalətin yerini tutması üçün o nəinki zəhmət sərfindən usanmır, öz prinsiplərindən bir addım da geri çəkilmir. Vaxtilə BDU-nun müəllimlərindən ötrü yaşayış binasının tikintisi üçün yer ayrılsa da, yerində avtomobil təmiri obyekti inşa edilən, universitetin müəllimləri üçün itirilən torpaq sahəsinin uzun illərin mübarizəsindən, məhkəmə çəkişmələrindən sonra geri alınması, sökülən obyektin yerində alimlər üçün 4 yaşayış binasının inşası bu prinsipiallığın bariz nümunəsidir. Yubiley ərəfəsində BDU-nun professor-müəllim heyətindən 350 nəfərə dövlət başçısı İlham Əliyevin böyük qayğısı ilə inşa edilmiş həmin binalarda mənzillərin açarlarının təqdim edilməsi universitetin kollektivinə unudulmaz anlar yaşatmış, onların əməyinə verilən yüksək qiymətin təzahürü kimi yadda qalmışdır.

Akademik Abel Məhərrəmovun insanlarla ünsiyyət mədəniyyəti, təmkini, tələbkarlığı, iradəsi, nikbinliyi, gələcəyə inam hissi çoxları üçün örnək sayıla bilər. Bu keyfiyyətlər onun yüksək təvazökarlığı ilə tamamlanır. Yüksək təşkilatçı imici və yorulmaz tədqiqatçı əzmi ilə tanınan akademik müasir düşüncə tərzi ilə Azərbaycanın ziyalı elitasında layiqli qiymətini çoxdan almışdır.

Bu günlər akademik Abel Məhərrəmovun 60 yaşı tamam olur. Mən fürsətdən istifadə edərək Abel müəllimi anadan olmasının 60 illiyi münasibətilə ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm can sağlığı, ailə səadəti, elmi yaradıcılığında və ictimai fəaliyyətində yeni-yeni uğurlar arzulayıram.

 

 

Vasim MƏMMƏDƏLİYEV,

akademik

 

Xalq qəzeti.- 2010.- 6 yanvar.- S. 5.