Tənqidçilər yazarların cavabını verdi

 

Nərgiz Cabbarlı: "Əslində mən "Azadlıq" və "Öləngi" romanlarının meydana çıxmasında Markesin nə dərəcədə rolu olub, bax, bu məsələləri araşdırmağa çalışmışdım"

 

Tehran Əlişanoğlu: "Əgər kiminsə bizim məqaləmizlə bağlı razılaşmadığı məqamlar varsa və bunu mətbuata söyləyirsə, bunun özü ədəbiyyata bir xidmətdir"

 

Əsəd Cahangir: "Hələ bir insan deməmişdi ki, Azərbaycanda Pərviz adlı bir yazıçı var..."

Qəzetimizin ötən sayında müasir ədəbi tənqidin durumu ilə bağlı vəziyyəti aydınlaşdırmağa çalışmış, yazarların fikirləri ilə sizləri tanış etmişdik. Yazıçılar daha çox ədəbi tənqidlə məşğul olanları həfədə almış, "Ulduz" jurnalının baş redaktoru Elçin Hüseynbəyli ədəbi tənqidçiləri savadsızlıqda ittiham etmişdi. Pərviz Cəbrayıl da tənqidçilər Nərgiz Cabbarlı, Tehran Əlişanoğlu, Əsəd Cahangirin ünvanına müəyyən tənqidi fikirlər səsləndirmişdi.

Bəs görəsən səslənən fikirlərlə bağlı tənqidçilərin özləri nə düşünür?

 

"Öləngi" mənim üçün xüsusi diqqətə layiq əsər olmayıb

 

"Beşik" Nəşriyyatının direktoru, tənqidçi Nərgiz Cabbarlı deyir ki, o Pərvizin "Öləngi" romanına xüsusi olaraq münasibət bildirməyib: ""Oxşarlar və paralellər" məqaləsində mən ayrıca olaraq Pərvizin "Öləngi" romanına münasibət bildirməmişəm. Bu, müasir Azərbaycan ədəbiyyatına və xüsusilə də adı çəkilən romana Markesin "Patriarxın payızı" təsiri ilə bağlı yazılmış bir məqalə idi. Yazıda Afaq Məsudun "Azadlıq", Pərvizin "Öləngi" romanları "Patriarxın payızı"na oxşarlıq baxımından təhlil edilirdi. O dövr - 90-cı illərin əvvəllərində prezidentin şəxsiyyəti, şəxsi həyatının bədii formada təsviri müasir Azərbaycan ədəbiyyatı üçün yenilik idi. Məqalədə qarşıya qoyulan məqsəd də bu üç əsər arasında oxşarlıqları, paralelləri ortaya çıxarmaq idi. Yəni ayrıca olaraq "Öləngi"nin təhlilindən söhbət getmirdi. Konkret olaraq üç prezidentin oxşar cəhətləri, bizim yazıçıların niyə bu istiqamətə meyl göstərməsi, "Azadlıq" və "Öləngi" romanlarının meydana çıxmasında Markesin nə dərəcədə rolu olub, bax, bu məsələləri araşdırmağa çalışmışdım. "Öləngi" mənim üçün xüsusi diqqətə layiq əsər olmayıb. Sadəcə qeyd etdiyim məqam mənim üçün tənqidçi kimi maraqlı idi. Məsələn Afaq Məsudun "Azadlıq" romanında başqa maraqlı məqamlar da vardı, ancaq mənim diqqətimi çəkən daha çox söylədiyim məqam idi. Çünki yəqin bilirsiniz ki, həmin zamanlarda Afaq Məsud özü "Patriarxın payızını" tərcümə etmişdi. Tərcüməçi kimi bizim dilə çevirdiyi əsər yazıçı kimi Afaq Məsuda istər-istəməz təsir göstərmişdi, mən öz məqaləmdə bunu sübuta yetirmişəm. Məqalə ilə bağlı vəziyyət belədir"

 

Tənqidçi həmişə "pis adamdır"...

 

Ekpert müasir ədəbi tənqidin vəziyyəti ilə bağlı fikirlərini də bölüşdü: "İndi kiminlə danışsanız, deyəcəklər ki, müasir tənqid zəifdir, tənqidlə davamlı məşğul olan yoxdur və yaxud ədəbiyyatı davamlı olaraq izləmirlər. Bunu tənqidçi olmayan insanlar, yaxud yaradıcılıqları tənqidçilərin diqqətini çəkməyən yazıçı və şairlər deyirlər. Yaradıcılıqları ədəbi tənqidin müəyyən qədər hədəfinə çevrilə bilən insanlar isə bu sahədən razı görsənir. Amma bir məsələ xüsusi olaraq qeyd edilməlidir. Bizdə o insanların yaradıcılığı təhlil olunur ki, o insanla tənqidçi arasında qarşılıqlı şəxsi münasibət var. Hətta tənqidçi yoldaşlarımızdan mənə müraciət edənlər də olub ki, bizim bazarımızı niyə öldürürsən? Yəni, hansısa yazıçı və şair əlini cibinə salmadığı halda niyə onun haqqında yazı yazırsan? Çox təəssüf ki, əksər hallarda maraq təmin olunmadığı halda yazıçı, şairin yaradıcılığı haqqında heç nə yazılmır. Əlbəttə bu işə haqq qazandırmaq üçün deyə bilərlər ki, jurnallar qonorar vermir, maddi imkanlar pisdir. Amma maddi durumunun ağır olması belə heç kimə haqq qazandırmır. Bəzən hallarda isə mənə təklif ediblər ki, gəl bizim qrupun tənqidçisi ol, bazar dili desək bizi reklam elə, bizdə sənin üçün istənilən şəraiti yaradaq.

Təəssüf ki, gizli razılaşmaların olması halları da mövcuddur. Digər tərəfdən yazıçı-tənqidçi qarşıdurmasına davam gətirməyib ədəbi tənqiddən uzaqlaşan insanların sayı da az deyil. Belə hallar əvvəl də olub, indi də var, gələcəkdə də olacaq. Tənqidçi həmişə "pis adamdır", təbii ki, şairin və yazıçının gözündə. Bizim psixologiyamızda nöqsanları göstərən insan yaxşı kimi qavranıla bilməz. Baxmayaraq ki, özləri də əsərləri vasitəsilə cəmiyyətdəki nöqsanları, çatışmazlıqları tənqid edirlər, yəni özləri də hardasa tənqidçidirlər. Yəni əslində yazıçılar daha dözümlü olmalıdırlar, ancaq özlərində bu xüsusiyyəti formalaşdıra bilmirlər. Məhz bu səbəbdən bir çox maraqlı insanlar ədəbi tənqidi buraxıb ədəbiyyatşünaslıq tarixi, elm sahəsinə keçiblər. Çünki elm sahəsində ciddi təpkiyə məruz qalma halı yoxdur. Yaradıcılıqla müstəqil məşğul olmaq imkanları var. Ümumiyyətlə çox az tənqidçi əlini ürəyinin üstünə qoyub deyə bilər ki, münasibətə əsaslanmadan əsər, mətn haqqında fikir yürüdürəm. Əgər araşdırsanız və 60 faiz ədəbi tənqidi məqaləyə rast gəlsəniz, hesab edin ki, bu artıq çox böyük rəqəmdir. Azərbaycan mühitində özünə sadiq qalmağı bacaran ədəbi tənqidçiləri isə qəhrəman kimi qiymətləndirirəm".

Bəs görəsən Nərgiz xanım əlini ürəyinin üstünə qoyub deyə bilərmi ki, mənim yazdığım ədəbi tənqidi məqalələr münasibətə əsaslanmır".

 

"Şəxsiyyətcə ən naqis insan belə yaxşı yazıçı ola bilər"

 

Nərgiz Cabbarlı özünün də münasibətə əsaslanan məqalələr yazdığını etriaf edir: "Mən əlimi ürəyimin üstünə qoyub rahat deyə bilərəm ki, yazanda ancaq mətn haqqında yazmışam. Hətta elə hal olub ki, şəxsiyyətinə nifrət etdiyim insanın əsəri haqqında tam obyektiv qeydlər etmişəm. Mən Yazıçılar Birliyində işləmişəm, o mühitin içində olmuşam. O mühitə girdiyimə görə hardasa peşimançılıq hissi də keçirirəm ki, əbədiyyata olan sevgim, yazıçıya olan münasibətim o mühitdə korlanıb. Bu mühitə düşməmişdən əvvəl belə fikirləşirdim ki, şəxsiyyəti kamil olmayan insandan heç vaxt yaxşı yazıçı çıxmaz. Amma Yazıçılar Birliyində işləyəndən sonra görmüşəm ki, şəxsiyyətcə ən naqis insan belə yaxşı yazıçı ola bilər. Adamlar olub ki, onların şəxsiyyəti mane qane etməyib, amma yazdığı əsər məni qane edib və mətn haqqında yüksək fikirlər yazmışam. Bir sözlə mənim vicdanım rahatdır. Çox əziyyətli prosesdir ki, sən yazanda müəllifi o yana itələyəsən, ancaq əsəri düşünəsən. Bu çox çətin prosesdir, həqiqi mənada çətindir. Amma ilkin yaradıcılıq dövlərində olub ki, şəxsi münasibət yazılarıma təsir göstərib. Yəni hansısa şairlə, yazıçı ilə normal münasibətlərim olub, bu isə onun əsəri haqqındakı yazıya müəyyən qədər təsir göstərib. Məqalənin içində bu məqam boy verib. Belə yazılar yaradıcılığımın cəmi 3-4 faizini təşkil edir".

 

"Suç bizimdir"

 

Tehran Əlişanoğlu isə deyir ki, ədəbiyyatda böhran anları olarkən ilk yada düşənlərdən biri də ədəbi tənqid olur:

"Çünki ədəbi tənqid ədəbiyyatın bir növ refleksiyasıdır. Ədəbi tənqiddən şikayət varsa, bu, ədəbiyyatın sözügedən istiqamətinə olan ehtiyacı göstərir. Mən Ramiz müəllimin məhşur məqaləsi ilə bağlı fikirlərimi bölüşmüş, yazdığım yazıda öz günahımızı boynuma almışdım. Məqalənin adı belə idi: "Suç bizimdir". Ədəbi tənqidin indiki vəziyyətə düşməsində bizim də günahımız var. Bir neçə köklü məqam o yazıda göstərilmişdi. İlk növbədə ədəbi gedişatda yaranan problemin haradan yarandığına diqqət yetirmək lazımdır. Əgər kök tapılmayıbsa, ədəbi tənqidçilər deyə bilməz ki, ədəbiyyatın bu günki günündən baş açırıq. Bununla belə ədəbi tənqidin potensialının olduğu da mənə gün kimi aydındır. O mənada ki, qələm işlədən tənqidçilər var. Yeri gəldikcə sözlərini də deyirlər. Şəxsən mən belə tənqidçilər sırasında Rüstəm Kamalın, Cavanşir Yusiflinin adını çəkə bilərəm. Onlar ədəbiyyat haqqında köklü fikir söyləyən tənqidçilərdir. Mən özüm gündəlik ədəbi prosesdə o qədər də aktiv deyiləm. Ancaq "Tənqid.net" jurnal buraxıram. Qeyd elədiyim köklü problemləri orada işıqlandırıq ki, əbədiyyatımızın dərdi nədir?".

Tənqidçi deyir ki, əgər onun haqqında tənqidi fikirlər səslənibsə, bu, elə ədəbi tənqidin xidmətidir:

"Əgər kiminsə bizim məqaləmizlə bağlı razılaşmadığı məqamlar varsa və bunu mətbuata söyləyirsə, bunun özü ədəbiyyata bir xidmətdir. Ədəbiyyatın irəli getməsini şərtləndirir".

 

"Kolleqalarıma... hörmətim yoxdur"

 

Haqqında tənqidi fikir səsləndirilənlərdən biri - Əsəd Cahangir isə deyir ki, Azərbaycanda ümumiyyətlə tənqidçi yoxdur: "Şəxsən mən müasir ədəbi tənqidin vəziyyətini çox pis qiymətləndirirəm. Azərbaycanda bu gün tənqidçi adını daşıya biləcək normal qələm sahibi görmürəm. Rusiyanın, Türkiyənin jurnalları ilə tanış olur, internet saytlarına girəndə, müəyyən materiallarla tanış olanda adam özünə tənqidçi deməyə utanır. Həm intelektual, həm də mənəvi baxımdan biz çox geridə qalırıq. Tənqidçinin cəsarətli və obyektiv olması əsas şərtdir, ancaq təəssüf ki, bizdə məhz bu amillər çatışmır. Diletantlar indiki qarşıqlıqdan istifadə edib özlərini tənqidçi kimi qələmə verirlər. Ədəbi tənqidçilik əslində çox çətindir. Çünki ədəbi tənqidçi həm şair, həm nasir, həm dramaturq, həm filosof, həm də cəngavər olmalıdır. Bu keyfiyyətlərin bircəciyinə də nail olmayan adam gəlir, deyir ki, mən tənqidçiyəm. Guya professional sayılan təndiqçilərin də bəzən intellekti, bəzən istedadı, bəzən də cəsarəti çatışmır ki, onları tənqidçi adlandırasan. Tənqidçilərin əksəriyyətinin xarakterində dəstəbazlıq, yerlibazlıq, dostbazlıq, qohumbazlıq dərin kök salıb. Bundan başqa tənqidçilərdə çox pis bir meyl duyuram. Onlarda yazıçını, şairi özünə tabe etmək meyli güclənib. Kiminsə haqqında bir yazı yazmaqla onun boynuna minnət qoymuş kimi özlərini aparırlar. Halbuki kiminsə əsəri haqqında nəsə yazmaq tənqidçinin borcudur. Görürsən ki, istedadlı bir insan çox gözəl bir əsər yazdığı halda belə onun haqqında ən yaxşı halda susurlar. Yaxşı əsəri pisləmək kimi hallara da rast gəlinir. Bu mənada mənim kolleqalarıma yaradıcılıq baxımından hörmətim yoxdur".

Əsəd Cahangirin Pərvizin ittihamlarına reaksiyası da kifayət qədər sərt oldu: "Mən "Öləngi"ni 2000-ci ildə oxumuşdum. 2000-ci ildən keçən doqquz il ərzində hələ bir insan deməmişdi ki, Azərbaycanda Pərviz adlı bir yazıçı var və o "Öləngi"ni çox zəif yazıb. Mən bəlkə də yeganə adamam ki, belə bir zəif roman var cümləsini işlətmişəm. Birinci növbədə buna görə Pərviz mənə minətdar olmalıdır. İkincisi mənim o yazımdan sonra Pərvizin adı xeyli aktuallaşıb. Mənim yazım icmal xarakterli bir yazı olub və təxminən yarım səhifə yer Pərvizə ayırılıb. İndi mən təəccüblənirəm ki, yarım səhifə yazı necə böyük təsir malik olub, ilahi... İki ildi ki, Pərviz internet saytlarında, müxtəlif müsahibələrində, münasibət ifadə elədiyi sorğulara cavablarında dəfələrlə bu məsələnin üzərinə qayıdır. Hətta mən şübhələnirəm ki, Pərviz məni tənqiddən özü üçün reklam kimi istifadə edir. Mən əslində onu başa düşürəm. Çünki bir yazıçı kimi onun adını çəkən yoxdur".     

 

 

Ağa Cəfərli

 

Xalq Cəbhəsi.- 2010.- 13 yanvar.- S.10.