Azərbaycanda dəmir filizi yataqları bazasında metallurgiya kompleksi yaradılır

 

Uca dağlar qoynunda salınmış Daşkəsən şəhərinin 60 yaşı tamam oldu. Ötən əsrin ortalarında həmin şəhərin inşası ətrafdakı dəmir, kobalt, alunit və digər faydalı qazıntılarla zəngin yataqları mənimsəmək, dağ-mədən işçiləri üçün müvafiq sosial-məişət şəraiti və yaşayış üçün zəruri infrastruktur yaratmaqla Zaqafqaziyada metallurgiyanın xammal bazasının əsasını qoymaq məqsədi daşıyırdı.

Şəhərin tikintisi burada Azərbaycan Dağ-Mədən Filizsaflaşdırma Kombinatının yaradılması ilə paralel aparıldı. 1944-cü ildə həmin müəssisənin özülü qoyuldu. 1954-cü ildə isə burada dəmir filizinin zənginləşdirilməsinə və dəmir konsentratı istehsalına başlanıldı.

Əslində respublikamızın şimal-qərb bölgəsinin dağlıq ərazilərində bu faydalı qazıntıların olması hələ xeyli əvvəl çoxlarına bəlli idi. Almaniyanın “Siemens” şirkətinin XIX əsrdə Azərbaycanda kobalt və mis yataqlarının istismarına başlaması göstərir ki, bu bölgənin faydalı qazıntı yataqlarının işlənməsinə xarici ölkələrdə də maraq göstərənlər olmuşdur.

Lakin dağ-mədən sənayesinin əsl inkişafı Azərbaycan Filizsaflaşdırma Kombinatının təməli qoyulduqdan sonra başlanmışdır. Hələ İkinci Dünya müharibəsi başa çatmamış geniş tikinti meydanını xatırladan bu yerdə çətin relyefə baxmayaraq, dəmir və avtomobil yolları çəkildi, körpülər salındı, çoxmərtəbəli binalar ucaldıldı, şəhər üçün zəruri xidmət obyektləri, dağ-mədən sənayesi texnologiyasının tələblərinə uyğun nəhəng sex və qurğular, habelə filizsaflaşdırma fabriki inşa edildi. Döyüşən orduya çağırılan minlərlə gənc müəssisənin tikintisinə səfərbər olundu.

Bu müəssisənin tikilməsi və işləməsi Gəncədə və digər rayonlarda sənayenin yaradılmasına, inkişafına təkan verdi.

Bütün bunlar 55-60 il əvvəl baş vermişdir. Ötən illər ərzində yataqlarda filizüstüaçma və filizçıxarma işlərinin həcmi getdikcə artmış, saflaşdırıcı fabrikdə yeni, daha mütərəqqi texnika və texnologiya tətbiq edilmiş, istehsal olunan konsentratda dəmirin miqdarı xeyli artmışdır. Beləliklə, 2500-ə qədər işçisi olan, ildə 1 milyon tondan çox dəmir konsentratı və 80-ci illərdə hər il 900 min tona qədər bentonit gili istehsal edən Azərbaycan Filizsaflaşdırma Kombinatı keçmiş SSRİ məkanında qara metallurgiya sənayesinin ən qabaqcıl müəssisələrindən birinə çevrilmişdi.

Azərbaycan ikinci dəfə dövlət müstəqilliyi əldə etdikdən sonra öz təbii sərvətlərinin əsl sahibi olmuşdur. Təbiətin yurdumuza səxavətlə bəxş etdiyi bu sərvətlərdən indi necə istifadə olunur? Yeni bazar iqtisadiyyatı şəraitində, azad sahibkarlığın inkişaf etdiyi bir vaxtda dağ-mədən sənayesindən, o cümlədən filizlə zəngin yataqların işlənilməsindən yüksək səmərə əldə edə bilirikmi? Bu suallarla uzun illər həmin müəssisədə müxtəlif vəzifələrdə işləmiş, 1975-1984-cü və 1993-1995-ci illərdə Azərbaycan Dağ-Mədən Filizsaflaşdırma Kombinatına rəhbərlik etmiş, ixtisasca dağ-mədən sənayesi üzrə mühəndis-mexanik olan, müstəqil ekspert Uğur Həsənova müraciət etdik. Onunla müsahibəni oxuculara təqdim edirik:

 

— Bu gün təbii sərvətlərimizdən dövlətimizin və xalqımızın mənafeyinə uyğun istifadə etmək üçün hər cür imkanımız var. Nə istehsal etmək və onu haralara göndərmək barədə özümüz qərar veririk. Dağ-mədən sənayesində də işlər bu prinsiplər əsasında aparılır.

Azərbaycan Dağ-Mədən Filizsaflaşdırma Kombinatının qarşısında qoyulmuş vəzifə ölkəmizin metallurgiya kompleksini kifayət qədər zənginləşdirilmiş dəmir konsentratı ilə fasiləsiz təmin etməkdən ibarətdir. Respublikamızın sənayesinə və tikinti sahəsinə ildə 1 milyon tondan çox polad məmulatlar tələb olunur. Bu məmulatların 30-35 faizini yerli müəssisələr qara metal qırıntılarını əritməklə, kiçik sexlər isə qızdırıb yaymaqla təmin edir. Son üç ildə Azərbaycanda dəmir qırıntılarından polad məmulatları istehsal edən irili-xırdalı müəssisələrin ümumi istehsal gücü 700 min tona çatmışdır.

Dəmir qırıntılarının ehtiyatı isə ilbəil azalır. Hazırda qara metal qırıntısı çatışmadığına görə bu müəssisələrdə bəzən boşdayanmalara yol verilir, onlar istehsal gücünün təqribən 50 faizi səviyyəsində işləyirlər. Buraxdıqları polad məmulatlarının keyfiyyəti də arzu olunan səviyyədə deyil. Kiçik müəssisələrin mənşəyi məlum olmayan metal qırıntılarını qızdırıb yayma yolu ilə istehsal etdikləri polad məmulatlarının keyfiyyətindən isə danışmağa dəyməz.

İkinci tərəfdən, metal qırıntılarından yüksək keyfiyyətli polad almaq çox çətindir, həm də baha başa gəldiyinə görə səmərəli hesab edilmir. Eyni zamanda, bu gün qara metal qırıntısı səmərəli işlədilmir. Ondan milli sərvət və strateji xammal kimi istifadə etməyin vaxtı çatmışdır. Mövcud problemləri aradan qaldırmaq üçün respublikamızda yeni metallurgiya kompleksi yaratmaq nəzərdə tutulur və bununla bağlı layihə həyata keçirilməkdədir.

2006-cı ilin iyun ayında Azərbaycan Prezidenti cənab İlham Əliyev Daşkəsəndə olarkən keçirdiyi görüşlərdə respublikamızda dağ-mədən sənayesinin vahid metallurgiya kompleksi daxilində inkişaf etdirilməsinin zəruriliyini nəzərə alaraq həmin layihə ilə bağlı öz mülahizələrini bildirmiş, müəyyən tapşırıqlar vermişdir.

— Dövlət başçısının həmin səfərindən 3 il yarım vaxt keçir. Ötən müddətdə metallurgiya kompleksi yaradılması sahəsində hansı dəyişikliklər müşahidə olunur?

— Həqiqət naminə deməliyəm ki, Daşkəsəndə yaxşı mənada dəyişikliklər çoxdur. Xüsusilə tikinti- abadlaşdırma sahəsində çoxlu işlər aparılır, şəhər həyatı ilə bağlı problemlər həllini tapır,infrastruktur yeniləşir. Mübaliğəsiz demək olar ki, Daşkəsən şəhəri bu gün öz relyefi və görünüşü ilə ilk baxışda Avropanın dağlıq regionlarındakı şəhərləri xatırladır.

Mətbuatda bildirildiyi kimi, tikilməkdə olan metallurgiya kompleksi ildə 5 milyon ton filiz çıxarmaq, hər il 1 milyon ton polad istehsal etmək məqsədi daşıyır. Bunun üçün Daşkəsəndə tərkibi 65-67 faizə qədər saflaşmış dəmir konsentratı istehsal edən filizçıxarma və saflaşdırma kompleksi yaradılmalıdır. Bundan əlavə, Gəncədə okatış istehsal edən qurğu, 92-95 faizli məsaməli dəmir hazırlayan istehsal sahəsi və poladəritmə zavodu tikilməlidir.

Bu dörd müəssisədən sonuncu üçünü istənilən istehsal gücündə və qısa müddətdə tikib istifadəyə vermək olar. Lakin əsas xammal bazası olan Daşkəsən filizçıxarma və saflaşdırma kompleksi yaradılması isə uzun vaxt tələb edən prosesdir. Mövcud infrastrukturun gücü və Daşkəsən yataqlarının relyefi bu işin qısa müddətdə görülməsini çətinləşdirir. Ona görə də mən bir mütəxəssis kimi hesab edirəm ki, filizüstüaçma və filizsaflaşdırma zamanı alınan tullantıların yerləşdirilməsi, su təminatı sistemində və tunel təsərrüfatında əsaslı yenidənqurma işləri ön plana çəkilməlidir. Narahatlıq doğuran odur ki, xeyli vəsait, səy və vaxt tələb edən bu problemlərin həllinə bugünədək başlanılmayıbdır. Bir sözlə, əsas diqqət filizçıxarma kompleksinin yaradılmasına yönəldilməlidir.

Layihədə nəzərdə tutulan ildə sabit olaraq 5 milyon ton filiz çıxarılması, zənnimcə, inandırıcı görünmür.

Azərbaycan mütəxəssisləri Daşkəsən filizi əsasında daha optimal metallurgiya kompleksi yaradılması üçün ilkin alternativ texniki-iqtisadi əsaslanma hazırlamışlar. Qara metallurgiya sənayesinin son nailiyyətlərinə əsaslanan və yerli şəraiti nəzərə alan bu layihə respublikamıza daha çox iqtisadi səmərə verə bilər, xeyli dövlət vəsaitinə qənaət etməyə imkan yaradar.

Daşkəsən dəmir filizi əsasında yaradılacaq metallurgiya kompleksinin gələcəkdə fasiləsiz olaraq rentabelli və ahəngdar işləməsinə bu prosesə daxil olan hər bir istehsalat sahəsində zəruri texniki-təşkilati tədbirləri yüksək səviyyədə həyata keçirməklə, müasir idarəetmə üsullarını səriştəli tətbiq etməklə nail olmaq mümkündür. Rəqabətə davamlı, region qiymətləri ilə müqayisədə sərfəli polad məmulatların istehsalına yalnız bu yolla nail olmaq mümkündür.

 

 

Mahir QABİLOĞLU

 

Xalq qəzeti.- 2010.- 13 yanvar.- S. 4.