20 Yanvar faciəsinə aparan hadisələrin XRONOLOGİYASI

 

1987

 

18 oktyabr İrəvan şəhərinin ekoloji cəhətdən çirklənməsinə etiraz bəhanəsilə təşkil edilmiş mitinq zamanı Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) Ermənistana birləşdirilməsi haqqında çağırışlar edilmiş və imza toplanmışdır.

19 oktyabr Heydər Əliyev 1987-ci ilin oktyabrında erməni lobbisinin təzyiqi ilə keçmiş Sov.İKP MK-nın Siyasi Bürosunun üzvlüyündən və SSRİ Nazirlər Soveti sədrinin 1-ci müavini vəzifəsindən uzaqlaşdırılmışdır.

18 noyabr Sov.İKP MK-nın baş katibi Mixail Qorbaçovun iqtisadi məsələlər üzrə müşaviri Abel Aqanbekyan Parisdə “L’Humanite” qəzetinə verdiyi müsahibəsində DQMV-nin Ermənistana birləşdirilməsinin iqtisadi cəhətdən daha sərfəli olmasını və bu məsələ üzərində xüsusi komissiyanın işlədiyini bəyan etmişdi.

1 dekabr Dağlıq Qarabağ ermənilərinin təmsilçiləri muxtar vilayətin Azərbaycanın tərkibindən çıxarılıb Ermənistanın tərkibinə verilməsi haqqında hazırlanmış müraciəti Sov. İKP MK-ya təqdim etmişlər.

1988

8 yanvar Dağlıq Qarabağın erməni icmasının nümayəndələri muxtar vilayətin Azərbaycanın tərkibindən çıxarılıb Ermənistanın tərkibinə verilməsi haqqında hazırlanmış daha bir müraciəti və toplanmış imzaları SSRİ Ali Soveti sədrinin müavini P.Demiçevə təqdim etmişlər.

25 yanvar Ermənilərin azərbaycanlı yaşayış məntəqələrinə basqınları nəticəsində Ermənistan SSR-in Qafan və Meğri rayonlarından ilk yüzlərlə azərbaycanlı qaçqınlar Azərbaycana gəlmişdir.

8 fevral Xankəndində DQMV-nin Azərbaycan SSR-dən Ermənistan SSR-in tərkibinə verilməsi tələbi ilə yeni imza toplanması kampaniyasına başlanmışdır.

12 fevral DQMV-də gizli fəaliyyət göstərən separatçı “Krunk” (“Durna”) təşkilatının təşkilatçılığı ilə DQMV-nin Ermənistana birləşdirilməsi tələbi ilə Xankəndidə ilk mitinq keçirilmişdir.

18 fevral Kremldəki erməni lobbisinin ən fəal təmsilçisi Georgi Şahnazarov Sov. İKP MK-nın baş katibi M.Qorbaçovun köməkçisi təyin edilmişdir.

Azərbaycan KP MK-nın ikinci katibi V.Konovalov DQMV Partiya Komitəsinin büro iclasında iştirak etmiş və mitinqlərin “Krunk” un rəhbərləri tərəfindən təşkil edildiyini bildirmiş, onların həbs edilməsi məsələsini qaldırmışdır.

Zor tətbiqi nəticəsində Ermənistanı tərk etmiş azərbaycanlı qaçqınların sayı 4 min nəfərə çatmışdır.

19 fevral DQMV Partiya Komitəsinin geniş büro iclasında mitinqlərin keçirilməsinə səbəb kimi Azərbaycan tərəfindən yaradılan sosial-iqtisadi problemlər göstərilmişdir. Büronun qərarını Moskvaya göndərmək və oradan nümayəndə heyəti çağırmaq qərara alınmışdır.

İrəvanda anti-türk çağırışları səsləndirilən mitinq keçirilmişdir. “Ermənistanı türklərdən təmizləməli!”, “Ermənistanda ancaq ermənilər yaşamalıdır!” millətçi şüarlar irəli sürülmüşdür.

20 fevral Xankəndində Vilayət Xalq Deputatları Sovetinin növbədənkənar sessiyası keçirilmiş, muxtar vilayətin Azərbaycan SSR-in tərkibindən çıxarılıb Ermənistan SSR-in tərkibinə daxil edilməsi haqqında qəbul edilmiş qərara anlaşıqlı yanaşılması üçün Azərbaycan və Ermənistan Ali Sovetlərinin Rəyasət Heyətlərinə müraciət edilmiş, bu məsələnin müsbət həlli üçün SSRİ Ali Soveti qarşısında vəsatət qaldırılmışdır.

21 fevral Sov.İKP MK-nın Siyasi Bürosu Dağlıq Qarabağda vəziyyətlə bağlı məsələ müzakirə etmiş, Azərbaycan və Ermənistan kommunist partiyaları mərkəzi komitələrinə vəziyyəti normallaşdırmaq tapşırılmışdır.

Ermənilər İrəvanda qalmış son məscidi də dağıtmışlar.

22-23 fevral “DQMV Azərbaycanın ayrılmaz tərkib hissəsidir” şüarları ilə Bakıda və Sumqayıtda ilk mitinqlər keçirilmişdir.

22 fevral Sov.İKP MK katibi G.Razumovski Xankəndidə vilayət partiya fəallarının yığıncağında mövcud milli-ərazi quruluşunu dəyişdirmək məqsədini güdən tələblərin millətlərarası münasibətlərə ziyan vurduğunu, əgər ciddi tədbirlər görülməsə ağır nəticələrə gətirib çıxaracağını demişdir.

23 fevral Dağlıq Qarabağ Muxtar Vilayət Partiya Komitəsinin plenumu Boris Gevotkovu Vilayət Partiya Komitəsinin birinci katibi vəzifəsindən azad etmiş, həmin vəzifəyə qatı millətçi Henrix Poğosyan seçilmişdir.

24 fevral Bakıda və İrəvanda keçirilən respublika partiya fəallarının yığıncaqlarında Dağlıq Qarabağ məsələsi müzakirə edilmişdir.

Ermənilər Əsgəran rayonunda Bəxtiyar Quliyev və Əli Hacıyev adlı iki gənci qətlə yetirdikdən sonra Ağdam rayonunu sakinləri ilə Əsgəran sakinləri arasında Xankəndi-Ağdam yolunda qarşıdurma olmuş, 19 nəfər yaralanmışdır.

İrəvanda fəaliyyət göstərən və DQMV-də erməni separatizminin qızışdırılmasında təhrikçi rol oynayan “Qarabağ” komitəsinin rəhbərləri Silva Kaputikyan və Zori Balayan Moskvada Sov.İKP MK Siyasi Bürosunun üzvü, Sov.İKP MK-nın katibi Aleksandr Yakovlevlə üç saata yaxın danışıq aparmışlar.

23 fevral Etnik təmizləmə siyasəti həyata keçirmək məqsədilə ermənilər Qafan rayonunun azərbaycanlılar yaşayan kəndlərinə kütləvi basqınlar təşkil etmişlər.

25 fevral Kremldəki erməni lobbisinin başçısı, baş katibin köməkçisi Karen Şahnazarovun və Sov.İKP MK-nın katibi Aleksandr Yakovlevin müşayiəti ilə Sov.İKP MK-nın baş katibi M.Qorbaçov S.Kaputikyanı və Z.Balayanı qəbul etmişdir. Saatyarım müddətdə onlar M.Qorbaçova saxta xəritələr və tarixi arayışlar təqdim etmiş, onu DQMV-nin Azərbaycanın tərkibində qalmasının mümkünsüzlüyünə inandırmağa çalışmışlar.

Sov.İKP MK-nın katibi V.Dolgixin Ermənistan televiziyası ilə çıxış edərək Dağlıq Qarabağ məsələsinə Kremldə kompleks şəklində baxılacağı barədə söylədikləri erməni separatçılarını daha da ruhlandırmışdır.

26 fevral Sov.İKP MK-nın baş katibi M.S.Qorbaçov Azərbaycan və Ermənistan xalqlarına və zəhmətkeşlərinə televiziya ilə müraciət etmişdir.

Sov. İKP MK-nın beynəlxalq əlaqələr şöbəsi müdirinin birinci müavini Karen Brutens Bakıda olarkən İttifaq respublikaları arasında sərhədlərin dəyişdirilməsinin yolverilməzliyindən danışmışdır.

27 fevral Sov. İKP MK-nın beynəlxalq əlaqələr şöbəsi müdirinin birinci müavini Karen Brutens Xankəndinə gələrək erməni separatçılarının rəhbərləri ilə tam məxfi görüş keçirərək onları təlimatlandırmışdır.

Xankəndində bütün müəssisələr işini dayandırmışdır. “Bizə nə su, nə çörək, ancaq anamız Ermənistan lazımdır!”, “Azərbaycanla - heç vaxt!” şüarları altında şəhərdə mitinq keçirilmişdir.

28 fevral Dağlıq Qarabağda və Ermənistanda azərbaycanlılara qarşı edilən zorakılıqlara etiraz əlaməti olaraq keçirilən mitinqdən sonra erməni ekstremistlərinin bilavasitə iştirakı ilə Sumqayıtda kütləvi iğtişaşlar törədilmişdir. 26 erməni, 6 azərbaycanlı qətlə yetirilmişdir. İstintaqla müəyyən edilmişdir ki, iğtişaşların təşkilatçılarından biri milliyyətcə erməni Eduard Qriqoryan olmuşdur. İstintaq müəyyən etmişdir ki, iğtişaşlar zamanı E.Qriqoryan daha çox qəddarlıq edərək 5 ermənini qətlə yetirmişdir.

1 mart Sumqayıtda baş verən iğtişaşlardan sonra şəhəri tərk edən ermənilərin bir qismi Xankəndinə gəlmişlər.

2 mart Azərbaycanlı qaçqınlarının yeni dalğası başlanmışdır. Ermənistanın kəndlərindən qovulmuş bir çox ailələr Azərbaycanın Zəngilan və ona qonşu rayonlarına gəlmişlər.

2 mart Xankəndində Sumqayıtda öldürülən ermənilərə əvvəlcədən hazırlanmış abidə qoyulmuşdur.

6 mart Dağlıq Qarabağ Muxtar Vilayət Partiya Komitəsinin geniş büro iclasında DQMV-nin adının dəyişdirilərək Dağlıq Qarabağ Erməni Muxtar Vilayəti adlandırmaq qərara alınmış və onun təsdiqi üçün Sov.İKP MK-ya müraciət edilmişdi.

9 mart Sov.İKP MK-da keçirilən müşavirədə hər iki respublikanın partiya rəhbərlərinin məlumatları dinlənilmişdir.

10 mart Ermənistanın Zəngibasar (Masis) rayonunun Mehmandar kəndinə ermənilər basqın etmiş, 5 nəfəri qətlə yetirmişlər.

17 mart Azərbaycan KP Dağlıq Qarabağ Vilayət Komitəsinin plenumu DQMV-nin Ermənistana birləşdirilməsi haqqında məsələ müzakirə etmişdir.

22 mart Martın 21-də “Pravda” qəzetində dərc olunmuş “Emosiya və zəka (Gmoüii i razum)” məqaləsindən narazı qalan ermənilər Xankəndində tətillərə başlamışlar.

23 mart SSRİ Ali Soveti Rəyasət Heyətinin iclasında Dağlıq Qarabağda, Azərbaycan SSR-də və Ermənistan SSR-də vəziyyətlə bağlı məsələ müzakirə edilmişdir. Qəbul edilmiş qətnamədə qeyd edilirdi ki, milli-ərazi quruluşunun hakimiyyət orqanlarına təzyiq vasitəsilə dəyişdirilməsinə cəhdlərin edilməsi yolverilməzdir.

24 mart Sov.İKP.MK və SSRİ Nazirlər Soveti “1988-1995-ci illərdə Azərbaycan SSR-in DQMV-nin sosial-iqtisadi inkişafını sürətləndirmək tədbirləri haqqında” birgə qərar qəbul etmişdir.

Xalqlar arasında nifaq salmaq işində təqsirləndirilən separatçı “Krunk” təşkilatının fəaliyyəti Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin qərarı ilə qadağan edilmişdir. Həmin gün Xankəndi şəhər İcraiyyə Komitəsi “Krunk” təşkilatını rəsmi olaraq Dağlıq Qarabağı Ermənistana birləşdirici komitə kimi tanımışdır.

8 aprel Ermənilərin Zəngibasar (Masis) rayonunun Sarvanlar kəndinə basqını nəticəsində üç nəfər kənd sakini ağır bədən xəsarəti almışdır.

24 aprel Xankəndi şəhər İcraiyyə Komitəsinin qərarı ilə ilk dəfə olaraq uydurma “erməni soyqırımı”nı anma mərasimi keçirilmişdir.

Mayın 1-ci ongünlüyü Ermənistandan yenə min nəfər azərbaycanlı qaçqın gəlmişdir.

3 may Erməni separatçıları DQMV-nin Tuğ kəndində Ermənistan SSR-in bayrağını qaldıraraq iğtişaşlar törətmişlər.

11 may Ermənilər Vedi (Ararat) rayonunun Şirazlı kəndinə hücum etmiş, iki nəfər qətlə yetirilmiş, onlarla nəfər yaralanmış, evlər yandırılmışdır. Əhali Sovet-Türkiyə sərhədinə çəkilərək çadırlarda yaşamaq məcburiyyətində qalmışdır.

Ermənilərin İrəvandakı M.F.Axundov adına orta məktəbə və C.Cabbarlı adına İrəvan Azərbaycan Dövlət Dram Teatrına basqınlarından sonra həmin müəssisələr öz fəaliyyətlərini dayandırmışlar.

DQMV Vilayət Prokurorluğuna azərbaycanlı müavinin təyin edilməsinə etiraz olaraq Xankəndində mitinq keçirilmişdir.

13 may Ermənilər Xankəndində azərbaycanlıların yaşadıqları məhəllələrə hücum etmişlər. 6 nəfər yaralanmışdır.

16 may Xankəndindəki Pedaqoji İnstitutun azərbaycanlı tələbələrini erməni tələbə və müəllimlər instituta buraxmamışlar. Bu hadisə iyunun 6-da da təkrarlanmışdır.

18 may Bakıdakı “Azadlıq” meydanında (keçmiş V.İ.Lenin adına meydan) azərbaycanlıların Ermənistandan qovulmasına etiraz əlaməti olaraq mitinq keçirilmişdir.

21 may Ermənipərəst mövqe nümayiş etdirən Kremlin tövsiyəsi ilə Əbdürrəhman Vəzirov Azərbaycan KP MK-nın birinci katibi seçilmişdir.

Sov.İKP MK-nın katibi Y.Liqaçov DQMV-nin Ermənistana birləşdirilməsinin yolverilməz olduğunu bildirmişdir.

DQMV Xalq Deputatları Sovetinin sessiyasında SSRİ Ali Sovetinə Ermənistan SSR Ali Sovetinin qərarını müdafiə etmək və DQMV-nin müvəqqəti olaraq Azərbaycanın tərkibindən çıxarmaq haqqında müraciət qəbul olunmuşdur.

22 may Sov.İKP MK-nın katibi Y.K.Liqaçevin Bakıda olarkən guya DQMV məsələsinin həlli olunduğu və bir daha müzakirə olunmayacağı barədə fikir söyləməsinə etiraz olaraq Xankəndində üçüncü tətil dalğası başlanmışdır.

İyunun 1-ci ongünlüyü Azərbaycanı bir daha qaçqın dalğası bürümüşdür. Bir neçə gün ərzində Ermənistandan 2 min nəfər gəlmişdir. DQMV-də azərbaycanlılar iş yerlərinə buraxılmamışlar. Onlardan vilayəti tərk etmək tələb olunmuşdur.

11 iyun Bakının “Vorovski” adlanan qəsəbəsində Krasnodardan gəlmiş erməni terrorçusu Aleksandr Aqabekyan milis serjantı Fazil İsmayılovu odlu silahla qətlə yetirmişdir.

14 iyun Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına görə, respublikaya daha 4 min qaçqın gəlmişdir.

15 iyun Ermənistan SSR Ali Soveti DQMV Xalq Deputatları Sovetinin DQMV-nin Azərbaycan SSR-nin tərkibindən çıxıb Ermənistan SSR-in tərkibinə qəbul edilməsi xahişi ilə bağlı müraciətinə müsbət cavab vermək haqqında qərar qəbul etmişdir.

17 iyun Azərbaycan SSR Ali Soveti Ermənistan SSR Ali Sovetinin 15 iyun tarixli qərarının qəbuledilməzliyi haqqında qərar qəbul etmişdir.

19-20 iyun Ermənilər Zəngibasar (Masis) rayonunun Zəhmət, Zəngilər, Dəmirçi, Dostluq, Nizami, Sarvanlar kəndlərinə hücumlar etmiş, əhali Sovet-Türkiyə sərhədinə sığınmağa məcbur olmuşdur.

İyunun üçüncü ongünlüyü Ermənistandakı mürəkkəb vəziyyət yeni qaçqın axınına səbəb olmuşdur. Onlar çadır şəhərciklərində yerləşdirilirlər.

4 iyul DQMV İcraiyyə Komitəsi Ermənistandan gələn azərbaycanlı qaçqınların Şuşada və onun ətraf kəndlərində yerləşdirilmələrini qadağan edən qərar qəbul etmişdir.

9 iyul Azərbaycan KP MK-nın birinci katibi Ə.Vəzirovun tapşırığı ilə Şuşada və DQMV-nin digər məntəqələrində məskunlaşmış azərbaycanlı qaçqınlar muxtar respublika ərazisindən çıxarılaraq digər rayonlara göndərilmişlər.

12 iyul DQMV Xalq Deputatları Sovetinin sessiyası muxtar vilayətin Azərbaycan SSR-in tərkibindən çıxması haqqında qərar qəbul etmişdir.

13 iyul Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti DQMV Xalq Deputatları Soveti sessiyasının 12 iyul 1988-ci il tarixli qərarını qeyri-qanuni hesab etmişdir.

18 iyul SSRİ Ali Sovetinin Rəyasət Heyəti geniş iclasında “Ermənistan SSR və Azərbaycan SSR Ali Sovetlərinin Dağlıq Qarabağ barəsində qərarları haqqında” məsələni müzakirə etmiş, mövcud sərhədlərin və milli-ərazi bölgüsünün dəyişdirilməsini qeyri-mümkün hesab etmişdir.

 

 

(ardı növbəti sayımızda)

 

Nazim MUSTAFA,

AMEA Tarix İnstitutunun elmi işçisi

 

Xalq qəzeti.- 2010.- 16 yanvar.- S. 5.