Həmkarımızın xatirəsinə

 

Azərbaycan ictimaiyyətinə, çoxsaylı jurnalistlər ordusuna ağır itki üz vermişdir. Tanınmış ictimai xadim, milli mətbuatımızın təşkilatçılarından və cəfakeşlərindən biri, görkəmli ziyalı, xeyirxah insan Cahangir Həsənəli oğlu Əliyev ömrünün 79-cu ilində dünyasını dəyişmişdir.

 

Cahangir Əliyev 1931-ci il mayın 5-də Qərbi Azərbaycanın Ağbaba mahalında Amasiya rayonunun Düzkənd kəndində anadan olmuşdur. Azərbaycan Pedaqoji İnstitutunu bitirdikdən sonra əmək fəaliyyətinə Düzkənd məktəbində müəllim kimi başlamışdır. İctimai işlərdə fəal iştirakı diqqətdən yayınmamış, 1952-54-cü illərdə rayon komsomol komitəsinin ikinci, sonra isə birinci katibi işləmişdir. 1956-1962-ci illərdə Amasiya rayonunda çıxan Kolxozçu tribunası qəzetinin redaktoru vəzifəsinə irəli çəkilmiş, rayon partiya komitəsinin büro üzvü seçilmişdir. 1962-64-cü illərdə Bakı Ali Partiya Məktəbində oxuyub ali siyasi təhsil aldıqdan sonra rayonlararası Şirak qəzetinin redaktor müavini, daha sonra Amasiya Rayon Partiya Komitəsində təbliğat təşviqat şöbəsinin müdiri vəzifəsində işləmişdir.

1965-ci ildə Amasiya Rayon Soveti İcraiyyə Komitəsinin sədri təyin olunmuşdur. Dörd il bu vəzifədə işlədikdən sonra onu Ermənistan KP MK-nın təbliğat və təşviqat şöbəsinə məsul işə irəli çəkmişlər. 1974-cü ilin dekabrında Cahangir Əliyev Amasiya Rayon Partiya Komitəsinin birinci katibi seçilmişdir. Səkkiz ilə yaxın həmin vəzifədə çalışdığı dövrdə o, əhalisinin 85 faizdən çoxunu azərbaycanlıların təşkil etdiyi bu ucqar dağlıq rayonda iqtisadiyyatın inkişafı, mədəni-quruculuq işlərinin genişlənməsi, yeni-yeni təhsil ocaqlarının tikilməsi, əhaliyə səhiyyə xidmətinin yaxşılaşdırılması istiqamətində çox böyük işlər görmüşdür. C.Əliyevin təşəbbüskarlığı, təşkilatçılıq qabiliyyəti, idarəetmə bacarığı əhali və respublika rəhbərliyi tərəfindən yüksək qiymətləndirilmişdir. O, IX-X çağırış (1975-1985-ci illər) respublika Ali Sovetinə deputat seçilmiş, Ermənistan Ali Soveti Rəyasət Heyəti sədrinin müavini (1982-85-ci illər), respublika KP MK üzvü olmuşdur.

1981-ci ildə C.Əliyev Ermənistan KP MK, Ali Soveti Rəyasət Heyəti Nazirlər Sovetinin orqanı olan Sovet Ermənistanı qəzetinin baş redaktoru təyin edilmişdir. Ermənistanda Azərbaycan dilində respublika səviyyəsində nəşr olunan bu yeganə qəzet Cahangir müəllimin redaktorluğu dövründə daha məzmunlu oxunaqlı olmuş, həm peşəkarlıq, həm milli varlığımızın ən önəmli məsələlərini gündəmə gətirməsi ilə oxucu auditoriyasını genişləndirmişdir. Tale elə gətirmişdir ki, Cahangir müəllimin ömrünün son 25 ili doğma Azərbaycanla, xalqımızın tarixinin çox məsuliyyətli, sevincli kədərli günləri ilə bağlı olmuşdur. 1985-ci ildən Bakıya köçən C.Əliyev əvvəlcə Azərbaycan KP MK aparatında, mətbuat bölməsində işləmiş, 1991-ci ildən isə Xalq qəzetində çalışmışdır.

Ölkəmiz dövlət müstəqilliyi qazandıqdan sonra qəzetin yeni cəmiyyətdə öz yüksək mövqeyini qoruyub saxlamasında Cahangir müəllim öz biliyini zəngin təcrübəsini əsirgəməmişdir. Bu müddətdə o, Azərbaycan jurnalistikasının sayılıb-seçilən ağsaqqallarından biri kimi, yeni nəsil jurnalistlərin yetişdirilməsi işinə öz töhfəsini vermişdir. Dağlıq Qarabağ münaqişəsi başlayan gündən Cahangir müəllim erməni fitnəkarlığının ifşa edilməsində, onların xalqımıza qarşı zaman-zaman törətdikləri soyqrımı faciələrin açılıb geniş ictimaiyyətə çatdırılmasında fəallıq göstərmişdir. Bütün bunlar Cahangir Əliyevə cəmiyyətdə böyük nüfuz, dərin ehtiram qazandırmışdır. Cahangir Əliyev çoxillik səmərəli xidmətlərinə görə bir sıra orden medallara layiq görülmüşdür.

Gözəl insan, böyük vətəndaş, tanınmış ictimai-siyasi xadim Cahangir Həsənəli oğlu Əliyevin əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.

 

 

Xalq qəzetinin kollektivi

 

Xalq qəzeti.- 2010.- 16 yanvar.- S. 6.