Dissertasiyalar: mülahizələr, müzakirələr, müdafiələr

 

Beynəlxalq Mühəndislik Akademiyasının akademiki, texnika elmləri doktoru, professor Məmmədkərim Quliyev görkəmli alim və fəal ziyalıdır. Onun elmi məqalələri yeddi dildə - Azərbaycan, rus, ingilis, fransız, macar, alman və ispan dillərində dünyanın demək olar ki, bütün qitələrində çap edilmişdir. Məmmədkərim müəllimin monoqrafiyaları Bakı və Moskva şəhərlərində nəşr olunmuşdur. M.Quliyevin əldə etdiyi elmi nəticələrə Moskvanın Nauka, Nedra və digər nəşriyyatlarında çap edilmiş kitablarda çoxlu istinadlar vardır. O, elm və incəsənətlə əlaqədar dövri mətbuatda çap edilmiş çoxlu məqalələrin müəllifidir. Məmmədkərim müəllimin ziyalılığı haqqında dünya şöhrətli rəssam Tahir Salahov, dahi bəstəkar Tofiq Quliyev, akademik Ziya Bünyadov və başqaları dövri mətbuatda məqalələrlə çıxış etmişlər. Akademik Hacıbəy Sultanov onun yaradıcılığından bəhs edən Görkəmli alim, fəal ziyalı adlı monoqrafiya yazmışdır. Məmmədkərim Quliyevin elmi, mühəndis və zabit kadrlarının hazırlanmasında xidmətləri böyükdür. O, uzun illərdir ki, texnika elmləri doktoru və fizika-riyaziyyat elmləri doktoru alimlik dərəcələri almaq üçün təşkil edilmiş müdafiə şurasının üzvüdür və dəfələrlə namizədlik dissertasiyalarının müdafiəsi zamanı elmi şuranın iclaslarına sədrlik etmişdir. Aşağıda M.Quliyevin dissertasiyalar ilə əlaqədar bəzi mülahizələri təqdim edilir.

 

* * *

 

Elm insan fəaliyyətinin çox çətin sahələrindən biridir və xalqa, dövlətə nüfuz gətirən amillərdən sayılır. Əsl elm fədailəri bütün ömürlərini elmə, onun inkişaf etdirilməsinə sərf edirlər. Elmi yaradıcılıqla uzun müddət məşğul olan insanlar elmi əsərlər yazır, onları müvafiq mətbuat orqanlarında, kitablarda və jurnallarda çap etdirirlər. Sonra isə alimlik dərəcəsi almaq üçün çap etdirdikləri elmi nəticələr əsasında dissertasiya yazır və onu müdafiə edirlər. Dissertasiya müdafiəsi uğurla nəticələndikdən sonra müvafiq sənədlər Ali Attestasiya Komissiyasına göndərilir və orada iddiaçılara elmlər namizədi və ya elmlər doktoru alimlik dərəcəsini təsdiq edən diplom verilir.

Bütün bu mürəkkəb prosesi aydın təsəvvür etmək üçün dissertasiyanın mahiyyəti ilə əlaqədar bəzi mülahizələrin açıqlanması məsələlərinin, təqdim edilən elmi nəticələrin müzakirə edilməsi qaydalarının, eləcə də müdafiə prosesinin aparılmasının ardıcıllığının şərh edilməsinə ehtiyac vardır.

İlk növbədə dissertasiyanın mahiyyəti ilə əlaqədar bəzi mülahizələri nəzərdən keçirək.

Müvafiq sənədlərdə dissertasiyanın tərifi verilməsə də, onun müəllifin açıq, bəzi hallarda isə necə deyərlər, qapalı müdafiə üçün irəli sürdüyü elmi müddəaların və nəticələrin məcmusunu əhatə edən elmi iş, eləcə də dissertasiyanın müəllifin elmə şəxsən verdiyi töhfə olduğu göstərilir. Qeyd etmək lazımdır ki, müəllifin əldə etdiyi elmi nəticələr mütləq çap etdirilməli, elmi ictimaiyyət həmin nəticələrlə tanış olmaq imkanına malik olmalıdır. Adətən, elmi nəticələrin həmmüəllifsiz, yəni yalnız bir müəllif tərəfindən dərc edildiyi əsərlərə daha çox üstünlük verilir. Belə yanaşma heç də dərin əsaslandırma tələb etmir, çünki vəzifə səlahiyyətlərindən istifadə edən bəzi rəhbər işçilər əsərin əsl müəllifinə süni surətdə qoşulmaq yolu ilə öz əsərlərinin sayını xeyli artırmaq imkanı əldə edirlər. Bu da həmin, necə deyərlər, elm xadimləri üçün dissertasiya müdafiə etmək, fəxri adlar almaq yolunda geniş imkanlar açır. Dissertasyia ilə əlaqədar prosesdə müəllifin əsərlərinin sayının kifayətləndirici olması məsələlərinə də xüsusi diqqət yetirilməlidir. Burada müasir həyatımız üçün səciyyəvi olan çox mühüm bir amilə də toxunmaq yerinə düşərdi.

Qeyd etmək lazımdır ki, müstəqillik əldə etdiyimizdən sonra nəşriyyatların sayı xeyli artmış və kitablar, elmi məqalələr çap etdirmək işi nisbətən asanlaşmışdır. Əvvəllər, tanınmış alimlər çox mühüm elmi nəticələr əldə etdikdən sonra kitab, monoqrafiya yazmaq qərarına gələrdilər. Elə hallar da olurdu ki, tanınmış alimlərdən bəziləri hətta böyük nəticələr əldə etdiklərinə baxmayaraq, kitab yazmağa cəhd göstərmirdilər, çünki buna həddindən artıq məsuliyyətli iş kimi baxırdılar. Məsələn, dünya şöhrətli alimlər vardır ki, onların müəllifi olduğu kitablar çox azdır, demək olar ki, yox dərəcəsindədir. Belə alimlər kimi, Amerikada yaşayan bakılı alim Lütvi Zadəni, kimya elminin inkişafında müstəsna xidmətləri olan böyük alim Yusif Məmmədəliyevi və başqalarını göstərmək olar. İndi isə kitab yazmaq işi xeyli sadələşmiş, necə deyərlər, dəb şəklini almışdır. Kitablarının sayı elmi məqalələrinin sayından çox olan elm xadimlərinə təsadüf edilir. Hətta bəzi elmi idarələrdə vaxtaşırı kitab yazmayan nüfuzlu alim üçün belə fəaliyyət qüsurlu sayılır. Hazırda elmi dərəcəsi, ümumiyyətlə, dərin savadı olmayanlar çoxlu kitabların müəllifidirlər. Qeyri-dövlət nəşriyyatlarında çap edilən həmin kitablar üçün müvafiq tələblər irəli sürülmür, formalizmə geniş yol açılır, adları rəyçi kimi göstərilənlər çox vaxt öz rəylərindən, necə deyərlər, xəbərsiz olurlar. Belə kitabların müəllifləri adətən, həmin istiqamətdə çox mühüm elmi nəticələri olan alimlərin kitablarına, məqalələrinə heç istinad da etmirlər, özlərini birinci kimi qələmə verməyə çalışırlar. Bu tip kitabların dərs vəsaiti kimi təqdim edilməsi halları daha acınacaqlı nəticələrə gətirib çıxarır. Ona görə də tələbələrə ilk növbədə müvafiq istiqamətdə yazılmış və çap olunma tarixindən asılı olmayaraq, klassik ədəbiyyat tövsiyə oluna bilər.

Əlbəttə, çoxlu elmi kitabların müəllifi olmaq heç də qəbahət deyildir. Lakin bu nailiyyət yüksək səviyyəli alimliyin, gərgin əməyin və əsl məhsuldarlığın nəticəsində əldə edilməlidir. Azərbaycanda belə alimlər az olmamışdır və indi də vardır. Məsələn, görkəmli alim, professor Zəki Kazımzadənin elektrotexnika sahəsində keçən əsrin ortalarında yazdığı fundamental kitablar indi də mütəxəssislər və tələbələr tərəfindən geniş istifadə edilir.

Bütün bunları nəzərə alaraq, dissertasiya işində təqdim olunmuş ədəbiyyatın siyahısı lazımi səviyyədə araşdırılmalıdır. Başqa sözlə desək, kitabın dəyərlilik, müəllifin isə səlahiyyətlilik dərəcəsini düzgün müəyyənləşdirmək üçün istifadə olunmuş ədəbiyyatın siyahısına, xüsusilə də kitabın müəllifinə istinad edilən əsərlərə lazımi diqqət yetirilməlidir. Həmin hissədə müəllifin əsərlərinin sayının yox dərəcəsində olması və ya nüfuzu olmayan nəşriyyatlarda çap olunması bu məsələlərə aydınlıq gətirən amillərdəndir. Yeri gəlmişkən qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyevin 2008-ci il 5 iyun tarixli fərmanı ilə dissertasiya müdafiə edən şəxsin əsərlərinin sayı müəyyənləşdirilmişdir. Həmin fərmana görə iddiaçıların namizədlik dissetrasiyalarının nəticələrinə dair ən azı beş, o cümlədən xarici ölkələrdə nəşr olunan nüfuzlu jurnallarda bir, doktorluq dissertasiyasının nəticələrinə dair isə ən azı iyirmi, o cümlədən xarici ölkələrin nüfuzlu jurnallarında humanitar və ictimai elmlər üzrə üç, təbiət elmləri üzrə isə altı məqaləsi dərc edilməlidir.

Dissertasiya işi hazır olduqdan sonra bəzi mərhələləri keçərək cilidlənmiş şəkildə müdafiə şurasının nəzdində fəaliyyət göstərən elmi seminara müzakirə olunmaq üçün təqdim edilir. Bu proses bəzən ilkin müdafiə adlanır. Seminarda müzakirə zamanı adətən, vaxt məhdudiyyəti qoyulmur. Belə hallarda seminar sədrinin, iddiaçının, eləcə də seminar iştirakçılarının mülahizələri əsas götürülür. Müzakirə zamanı dissertasiyanın avtoreferatında göstərilmiş ədəbiyyatın siyahısına diqqət yetirilməsi də çox vacib məsələdir. Ədəbiyyatın siyahısını nəzərdən keçirəndə heç də iddiaçının əsərlərinin sayının çox olmasına aludə olmaq lazım deyildir. Bu halda Ali Attestasiya Komissiyasının qərarı rəhbər tutulmalıdır. Əsas diqqət həmin əsərlərin hansı nəşriyyatlarda çap edilməsinə, onların hansı nüfuzlu alimlər tərəfindən nəşr edilməyə tövsiyə olunmasına yönəldilməlidir. Müzakirə zamanı iş üzrə qabaqcadan müəyyən edilmiş mütəxəssislərin - kuratorların yazılı şəkildə təqdim olunan rəyi dinlənilir, iddiaçının əldə etdiyi elmi yeniliklər dərindən araşdırılır, təhlil edilir, məsələnin qoyuluşunun korrekt olmasına xüsusi diqqət yetirilir, problemin reallığa yaxınlıq dərəcəsi müəyyənləşdirilir.

Müzakirə prosesindəki rəydə, dissertasiyada şərh olunan elmi nəticələrin alınmasında müəllifin konkret şəxsi iştirakı, tədqiqat nəticələrinin dürüstlük dərəcəsi, onların yeniliyi, elmi və praktiki əhəmiyyəti, müəllif tərəfindən dərc olunmuş işlərdə dissetasiya materiallarının əks etdirilmə səviyyəsi göstərilməlidir.

Dissertasiyanın nəzərdə tutulmuş ixtisasa uyğun gəlməsi, müəllifin dərc etdirdiyi işlərin dissertasiyanın materiallarında əks etdirilmə dərəcəsi də müzakirə prosesində açıqlanmalıdır. Lakin bütün bu amillərlə kifayətlənmək olmaz, yeniliyin təsdiqlənməsi məsələsi də aşkarlanmalıdır. Məsələn, fərz edək ki, neft yataqlarının işlənməsi ilə əlaqədar olan bir mürəkkəb prosesi tədqiq etmək lazımdır. Dəqiq analitik metodların tətbiqi ilə real şəraiti əks etdirən hallar üçün belə məsələlərin həlli hər zaman mümkün olmur. Bu məqsədlə yeni modelləşdirmə metodu təklif olunur və həmin metodun tətbiqi ilə konkret nəticələr hasil edilir. Bu hələ kifayətləndirici amil deyildir. Modelləşdirmənin tətbiqi ilə əldə edilmiş nəticələr digər bir metodun, məsələn, təqribi analitik metoddan istifadə etməklə alınmış nəticələrlə müqayisə edilməlidir. Başqa sözlə, modelləşdirmənin nəticələri təqribi metodun tətbiqi ilə hasil edilmiş nəticələrlə təsdiqlənməlidir. Yalnız bu halda dissertasiyada təqdim edilmiş elmi yeniliyin doğruluğu heç bir şübhə yaratmaz.

Bütün bu mülahizələrdən sonra dissertasiyaya tərif vermək olar. Həmin tərif aşağıdakı kimi ola bilər: bir müəllif tərəfindən təqdim edilən, elmdə yeniliyi, onun təsdiqlənməsini əks etdirən daxili vəhdətə malik müəyyən həcmli əsər dissertasiya adlanır.

Müdafiə prosesi iclasda yetərsayın yoxlanması ilə başlayır. Yetərsayın olması müəyyənləşdirildikdən sonra iddiaçı haqqında müvafiq məlumatlar şura üzvlərinin nəzərinə çatdırılır və dissertasiya işinin əsas müddəaları haqqında məruzə etmək üçün müdafiə edən şəxsə söz verilir. İddiaçı məruzə ilə əlaqədar verilən sualları cavablandırdıqdan sonra onun elmi rəhbəri çıxış edərək, məruzədə qaranlıq qalan məqamlara aydınlıq gətirir və onun müəllifini müxtəlif aspektlərdən səciyyələndirir. İddiaçının daxil olan rəylərdə göstərilən iradlara cavabından sonra dissertasiya işi üzrə rəsmi opponentlərin çıxışları başlayır.

Qeyd etmək lazımdır ki, opponetlərin mülahizələri müdafiə prosesinin ən məsuliyyətli məqamlarından sayılır. Doktorluq dissertasiyası üzrə ixtisaslaşdırılmış şura tərəfindən müxtəlif təşkilatların əməkdaşlarından ibarət olan üç nəfər elmlər doktoru rəsmi opponent təyin edilir. Namizədlik dissertasiyasının müdafiəsi zamanı iki nəfər rəsmi opponent iştirak edir ki, bunlardan biri mütləq elmlər doktoru olmalıdır, digəri isə elmlər namizədi də ola bilər. İddiaçıya alimlik dərəcəsi verilməsi barədə ixtisaslaşdırılmış şura tərəfindən vəsatət qaldırmaq üçün ədalətli qərar qəbul edilməsi məhz opponentlərin dissertasiyanı araşdırma dərəcəsindən və onların təqdim etdiyi rəyin yüksək səviyyədə hazırlanmasından asılıdır. Heç şübhəsiz ki, opponentin rəyində mövzunun aktuallığı, dissertasiya işində irəli sürülən əsas müddəaların, nəticələrin, yeniliyin dürüstlüyü və avtoreferatın məzmununun dissertasiyada təqdim olunan müddəalara uyğun olması faktı da öz əksini tapmalıdır. Opponent dissertasiyanın təqdim olunan ixtisasa uyğunluğu ilə əlaqədar olan məsələlərə isə xüsusi diqqət yetirməlidir.

Bəzi hallarda opponent dissertasiyada yeniliyin olmamasını, təqdim edilən nəticələrin lazımi səviyyədə təsdiqlənmədiyini, onun tərtibi ilə əlaqədar səhvlər və pozuntular olduğunu aşkar edərsə, rəydə alimlik dərəcəsi verməyin qeyri-mümkünlüyü tutarlı faktlarla əsaslandırılmalıdır.

Dissertasiyanın müdafiəsi üzrə müzakirələr qurtardıqdan sonra elmi şura gizli səsvermə keçirir. Bu məqsədlə təşkil edilmiş hesablama komissiyasının protokolu şura üzvlərinin sadə səs çoxluğu ilə təsdiq edilir.

Dissertasiyanın müdafiəsi haqqında müsbət qərar qəbul edildikdən sonra elmi şura müdafiə ilə əlaqədar materialları Ali Attestasiya Komissiyasına göndərir. Həmin komissiyada göndərilmiş materiallar yüksək səviyyədə araşdırıldıqdan sonra müdafiə etmiş şəxsə müvafiq alimlik dərəcəsini təsdiq edən diplom verilir.

Qeyd etmək lazımdır ki, Azərbaycan Milli Elmlər Akademiyası Kibernetika İnstitutunun nəzdində AMEA-nın müxbir üzvü, millət vəkili Asəf Hacıyevin sədrliyi ilə fəaliyyət göstərən və bu sətirlərin müəllifinin üzvü olduğu doktorluq və namizədlik dissertasiyaları üzrə birləşmiş müdafiə şurası yuxarıda qeyd etdiyimiz bütün mülahizə və meyarları əldə rəhbər tutaraq, müzakirə və müdafiələr prosesində mövcud olan müvafiq qaydalara ciddi riayət edir.

 

 

Məmmədkərim QULİYEV,

Beynəlxalq Mühəndislik Akademiyasının

akademiki, texnika elmləri doktoru, professor,

akademik Yusif MƏMMƏDƏLİYEV mükafatı laureatı

 

Xalq qəzeti.- 2010.- 28 yanvar.- S. 6.