İsveçrədə Azərbaycan mədəniyyəti günləri ötən ilin uğurlu hadisələrindən oldu

 

Azərbaycan mədəniyyətinin beynəlxalq aləmə inteqrasiyası istiqamətində son illər məhsuldar iş aparılır. Ötən il Bakının İslam Mədəniyyətinin Paytaxtı elan edilməsi bu sahədə çox uğurlu nailiyyət idi. 2009-cu ilin oktyabr ayında İsveçrədə keçirilən Azərbaycan mədəniyyəti günləri də xüsusi qeyd olunmalıdır. Ötən ilin oktyabr ayından dekabrın sonlarına qədər İsveçrənin müxtəlif şəhərlərində keçirilən bu tədbirlər milli-mənəvi dəyərlərimizin təbliğində əhəmiyyətli rol oynadı.

 

Oktyabrın 19-da İsveçrənin paytaxtı Berndə Azərbaycan mədəniyyəti günlərinin rəsmi açılışı olmuşdur. Mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev və xanımı, İsveçrə Prezidenti Hans-Rudolf Merts və xanımı iştirak etmişlər.

Mərasimdən əvvəl iştirakçılara ölkəmiz haqqında məlumat verilmişdir. Bildirilmişdir ki, Azərbaycan qədim tarixə, gözəl təbiətə, zəngin mədəniyyətə malik ölkədir. Qərb ilə Şərqin qovuşuğunda yerləşən Azərbaycan özündə kifayət qədər milli və modern ənənələri birləşdirir. Azərbaycan dünyada məşhur olan muğamın, Şərqdə dahi şair Məhəmməd Füzulinin “Leyli və Məcnun” əsərinə yazılmış ilk operanın vətənidir.

İsveçrə Prezidenti Hans-Rudolf Merts çıxışında bildirdi ki, ölkələrimiz arasında oxşarlıq çoxdur. Azərbaycan ilə İsveçrə həm mədəniyyət, həm də sabit siyasi vəziyyət baxımından bir-birinə çox oxşayır. Azərbaycan ilə İsveçrə bütün sahələrdə yaxşı əməkdaşlıq qurub və bu əlaqələrdə mədəniyyət sahəsi xüsusi əhəmiyyət kəsb edir. İsveçrə Prezidenti Azərbaycan mədəniyyəti günlərinin keçirilməsini bu sahədə əməkdaşlığın yaxşı göstəricisi olduğunu bildirdi.

Azərbaycan Prezidenti İlham Əliyev yüksək qonaqpərvərliyə görə təşəkkür edərək, bildirdi ki, Azərbaycan Prezidentinin İsveçrəyə ilk rəsmi səfəri uğurla keçir. “Biz müxtəlif sahələrdə əlaqələrimizi intensivləşdiririk”, – deyən Azərbaycan Prezidenti qarşılıqlı səfərlərin əhəmiyyətini vurğulamışdır.

Cənab İlham Əliyev bildirmişdir ki, biz bir-birimizə real tərəfdaş kimi baxırıq və ikitərəfli layihələr bizi daha sıx bağlayacaqdır. Dövlətimizin başçısı qeyd etdi ki, bir-birimizi daha yaxından tanımağın ən yaxşı yolu mədəniyyətdir. Azərbaycanın qədim tarixi, zəngin mədəniyyəti, yüksək milli dəyərləri vardır və biz onları qoruyub saxlayırıq. Azərbaycan iqtisadi inkişafına görə dünyada lider ölkələrdəndir. Prezident İlham Əliyev ümidvar olduğunu bildirmişdir ki, İsveçrədə Azərbaycan mədəniyyəti günləri ölkələrimizin daha da yaxınlaşmasına geniş imkan verəcəkdir.

Sonra Azərbaycan mədəniyyəti günlərinin açılış mərasimində Azərbaycanın tanınmış incəsənət xadimlərinin, musiqiçilərinin ifasında rəngarəng musiqi çələngindən ibarət kompozisiya alqışlarla qarşılanmışdır.

Konsertdə səsləndirilən maraqlı musiqi nömrələri Azərbaycan mədəniyyətinin zənginliyini, dövlətimizin incəsənətin, mədəniyyətin inkişafına göstərdiyi diqqət və qayğısını bir daha nümayiş etdirmişdir. Xüsusilə son illər dövlət səviyyəsində və Heydər Əliyev Fondu tərəfindən milli musiqimizə, bütövlükdə mədəniyyətimizə göstərilən dəstək Azərbaycan musiqi mədəniyyətinin dünyada daha yaxından tanınmasına geniş imkanlar açmışdır.

Oktyabr ayında daha bir neçə tədbir keçirilmişdir. Belə ki, oktyabrın 25-də Bazel şəhərindəki Musiqi Akademiyasında Azərbaycanın xalq artisti, Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə (piano) və İvan Monigetti (violençel), eləcə də akademiyanın musiqi qrupu çıxış etmişlər.

Bu şəhərdə yerləşən Tinquely muzeyində keçirilən tədbir də Azərbaycan musiqisi və kino sənətinin təbliğinə həsr olunmuşdur. Caz ifaçısı Salman Qəmbərovun solo konserti dinləyicilər tərəfindən maraqla qarşılanmışdır. Salman Qəmbərovun (piano) Fəxrəddin Dadaşovun (kamança) müşayiəti ilə səssiz filmimiz olan “Lətif” filmi nümayiş etdirilmişdir. Bu tədbir noyabrın 1, 2 və 3-ü tarixlərində müvafiq olaraq İsveçrənin Uster, Sürix və Khur şəhərlərində də təkrar olunmuşdur.

Noyabrın 1-də keçirilmiş tədbirlər daha yaddaqalan və maraqlı olmuşdur. Lörraxda (Bazel şəhəri ilə sərhədi olan Almaniyanın ərazisi) H.Dieter və A.Yedreyko El-Sayedin udda müşayiəti ilə Nizami Gəncəvinin alman dilinə tərcümə edilmiş “Leyli və Məcnun” əsərinin müxtəlif hissələrini oxumuşlar.

Azərbaycan mədəniyyətinin bütün sahələrinin, milli-mənəvi dəyərlərimizin isveçrəlilərə nümayiş etdirilməsində yaxından iştirak etmiş BMT-nin Cenevrədəki ofisi yanındakı nümayəndəliyinin rəhbəri Elçin Əmirbəyov Prezident İlham Əliyevin bu ölkəyə ilk rəsmi səfəri və “Azərbaycan fəsli” adı altında keçirilən mədəniyyət günlərinin açılış mərasimində iştirakı ilə bağlı nüfuzlu Swissinfo agentliyinə geniş müsahibə vermiş, müsahibə Fransa mətbuatında da çap olunmuşdur. Müsahibədə qeyd olunur ki, Azərbaycan İsveçrə ilə əməkdaşlığa xüsusi önəm verir.

Bu ölkədə keçirilən tədbirlərin hər birində bu barədə ətraflı söhbət açılmışdır. Məsələn, elə Bazel şəhərində Azərbaycan xalçalarının sərgisi zamanı da bu barədə danışılmışdır.

Sərginin açılışı zamanı Azərbaycanda uzun müddət yaşamış və milli musiqimizə yiyələnmiş fransalı musiqiçi Mark Loopuyt (Lion şəhərindən) Azərbaycan haqqında danışmış və sonra udda mahnılar ifa etmişdir. Onun həyat yoldaşı xanım Mirrelle Bakıda öyrəndiyi xalçatoxuma sənətini nümayiş etdirmişdir. Orada azərbaycanlı xalçaçılar – Ədibə Musayeva və Hicran Səfərova maraqlananlar üçün toxuculuq üzrə ustad dərsləri keçmişlər.

İsveçrədə keçirilən maraqlı tədbirlərdən biri də 43-cü Montrö Beynəlxalq Caz Festivalının Solo Piano müsabiqəsinin qalibi İsfar Rzayev – Sarabskinin konsertləri olmuşdur. Bazel və Uster şəhərlərində təşkil olunan bu konsertlərə isveçrəlilər böyük maraqla tamaşa etmişlər. Bundan başqa Bazeldə Salman Qəmbərovun (piano) və Fəridə Məmmədovanın konsertləri də maraqlı olmuşdur.

Əhəmiyyətli tədbirlərdən danışarkən Bazel və Sürix şəhərlərində Azərbaycanın HOST hip-hop qrupunun konsertlərini də qeyd etmək lazımdır. Konsert zamanı Sürixdə qrup üzvləri “Xocalıya ədalət” beynəlxalq kompaniyaya dəstək olaraq aksiya da keçirmişlər.

Bazel şəhərində və Sürixdə Qurban Səidin “Əli və Nino” romanının qiraəti də maraqla qarşılanmışdır.

Almaniyalı yazıçı İnqo Petzin Azərbaycana səfəri haqqında nəşr edilmiş kitabının təqdimatı tədbir iştirakçılarının böyük marağına səbəb olmuş, orada Azərbaycan haqqında ətraflı məlumat verilmişdir.

Noyabrın 5-də Bern şəhərində Rəna Əfəndinin fotosərgisi keçirilmiş və sərgidə Azərbaycanımızın gözəl təbiətini, tarixi abidələrini əks etdirən onlarla fotoşəkil nümayiş etdirilmişdir. Noyabrın 20-də isə bəstəkar Firəngiz Əlizadənin Usterdə keçirilən konsertinə yüzlərlə tamaşaçı toplaşmışdır. Sonradan Firəngiz xanım Bazel və Bern şəhərlərində də konsertlər vermişdir. Murad Adıgözəlzadənin və Gülşən Ənnağıyevanın solo konsertləri isə Bazeldə və Berndə təşkil olunmuşdur.

Maraqlı tədbirlər sırasında Bern şəhərində Boris Barnetin “Mavi dəniz qoynunda” filminə keçirilən baxış proqramını da aid etmək olar. Film sonradan Bazel şəhərində bir neçə gün nümayiş etdirilmişdir.

Bern və Bazel şəhərlərində Sevda Ələkbərzadənin konsertləri də isveçrəlilər tərəfindən maraqla qarşılanmışdır.

Xan Şuşinski adına Ağdam muğam məktəbinin “Qarabağ bülbülləri” ansamblının Bern və Cenevrə şəhərlərində keçirilən konsertləri də dinləyicilərdə xoş təəssürat oyatmışdır. Bu tədbirlərdə fransalı Mark Loopuyt Azərbaycanın milli muğamı, “Qarabağ bülbülləri”, Ağdam muğam məktəbi, eləcə də Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Ermənistan tərəfindən işğal olunduğu barədə ətraflı məlumat vermişdir.

İsveçrədə Azərbaycan Dövlət Pantomim və Bakı Marionet teatrlarının çıxışları da böyük maraq doğurmuşdur.

Azərbaycanın xalq artisti Alim Qasımovun Sürix şəhərindəki konserti isə tamaşaçıları əsl mənada heyrətləndirmişdir. Dekabrın 2-də isə Cenevrədə Şirvan aşıqlarının konserti olmuşdur.

Nəhayət, dekabrın 4-də Dornaxda (Solothurn kontonunun ərazisi) Azərbaycan mədəniyyət günlərinin bağlanışı oldu. Tədbirdə “Culturescapes” təşkilatının rəhbəri və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Teatr sektorunun müdiri Naidə İsmayılzadə çıxış etmişlər. Sonra Bəxtiyar Xanızadənin quruluşunda “Leyli və Məcnun” pantomim tamaşası göstərilmişdir.

Ümumiyyətlə, İsveçrədə keçirilən Azərbaycan mədəniyyəti günləri ölkələrimiz arasında mədəni əlaqələrin inkişafında yeni mərhələ oldu.

 

 

Mehdi MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.- 2010.- 29 yanvar.- S. 7.