Qanunsuz aksiya radikal müxalifətin sosial bazasının olmadığını bir daha təsdiqlədi

 

Ölkəmizə düşmən kəsilən xarici qüvvələrlə eyni mövqedən çıxış edən dağıdıcı müxalifət bu dəfə də "məqsəd və məramına" sadiq qaldığını göstərdi. Mitinq üçün daha münasib yer ayrılmasına və bununla bərabər dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, aprelin 2-də qondarma İctimai Palata adlı qurum Bakı şəhərinin mərkəzində, əhalinin sıx olduğu və istirahət üçün nəzərdə tutulan yerlərdə mitinq keçirməyə cəhd göstərdi. Vətəndaşların ciddi etirazlarına səbəb olan bu hadisə ictimaiyyətdən güclü dəstək aldığını iddia edən radikal müxalifəti ifşa etdi. İnsanların etirazı ilə qarşılaşan 150-200 nəfərdən ibarət aksiyaçı dağıdıcılıq "ənənələrinə" sadiq qalaraq şəhərin mərkəzindəki bir sıra obyektlərə hücum etdilər.

"Xalq qəzeti" redaksiyasının da yerləşdiyi Bülbül prospektində etiraz şüarları səsləndirən bir qrup mağazaları daşa basdı, 25-ə yaxın avtomobili zədələdi, bir neçə obyektin şüşələrini sındırdı. Radikalların digər bir hədəfi isə Nəsimi heykəli yaxınlığındakı yeni tikili oldu. Onun da şüşələrini sındırmağa başlayan mitinqçilərin qarşısı polis tərəfindən alındı. Gələn məlumatlardan aydın oldu ki, dağıntılar təkcə bu ərazidə olmayıb. Lev Tolstoy küçəsi ilə Səməd Vurğun küçəsinin kəsişməsində "Bank Standard"ın və kompyuter mağazasının şüşələri İctimai Palatanın aksiyaya çağırdığı insanlar tərəfindən sındırılıb. Şahidlərin sözlərinə görə, şüşəni sındıranların buna əvvəldən hazırlaşdığı aydın hiss olunurdu. Çünki onlar ciblərində daş gətiribmişlər. Hətta bəziləri özləri ilə armatur da gətirib. Bundan polisə qarşı istifadə ediblər. Qısaca, aksiyaçılar hansı istiqamətə doğru hərəkət ediblərsə, burada obyektlərə daş və müxtəlif əşyalar atıblar. Bəzi mağazalara ciddi ziyan dəyib.

Bütün bunları görən sıravi vətəndaşlar, şəhərin mərkəzində obyektləri olan sahibkarlar radikal müxalifəti lənətləyir, onlara əsl nifrət yağdırırdılar. Sadə insanlar radikalların sabitliyi pozmaq və iğtişaşlar təşkil etmək cəhdlərini qəti şəkildə pisləyir və hüquq-mühafizə orqanlarının onlara qarşı sərt tədbirlər görməsinin zəruriliyini bildirirdilər. Şəhər sakinləri onların qanunazidd, antikonstitusion hərəkətlərini pisləyir, hətta polis işçilərini iğtişaş törədənlərə qarşı səbrli, mülayim mövqe tutmaqda təqsirləndirirdilər. Heç kəs radikalların kriminal ünsürləri öz ətraflarına yığaraq obyektlərin şüşələrini niyə sındırdıqlarını anlaya bilmirdi.

Xəbər agentliklərində yayılan bir məlumat isə daha çox diqqətimizi cəlb etdi. Çünki bu məlumatların "qəhrəmanları" həmkarlarımız idi. Deyilənə görə, aprelin 2-də bir qrup jurnalist Azadlıq prospekti 11-də aksiya keçirməyə cəhd göstərib. Onların "Azadlıq radiosu", "Azadlıq" və "Yeni Müsavat" qəzetlərinin jurnalistləri olduğu bildirilib. Bu barədə açıqlama verən Yeni Azərbaycan Partiyasının mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev deyib ki, jurnalist həmkarlarımız aksiya zamanı yoldan keçən vətəndaşlara da mane olub və onları təhqir ediblər: "Yoldan ötən vətəndaşları təhqir etmək jurnalist etikasına sığmır. Biz Azərbaycan jurnalistini belə görmək istəmirik".

YAP mətbuat xidmətinin rəhbəri sözlərinə onu da əlavə edib ki, aksiya iştirakçıları jurnalsitlər olduğundan polis onlara heç bir müdaxilə etməyib. Məsələyə münasibət bildirən "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu isə redaksiyasının əməkdaşlarının aksiya keçirməyə yox, aksiyanı işıqlandırmağa göndərdiyini, onların da öz vəzifələrinin öhdəsindən layiqincə gəldiyini deyib. Sözün düzünə nə deyə bilərik ki. Jurnalistlərin aksiyanı işıqlandırmaq yerinə, aksiyanın təşkilatçısı və iştirakçısı olmasından da görünür ki, həmkarlarımız "vəzifələrini" layiqincə yerinə yetiriblər. Bu, bir daha adıçəkilən mətbuat orqanlarının dağıdıcı müxalifətin ruporları olduğunu sübut edir. Belə olan halda, onların obyektivlikdən dəm vurmaları mümkündürmü? Əlbəttə, yox.

Ümumilikdə, aprelin 2-də Bakıda baş verənlər bir daha göstərdi ki, radikal müxalifətin heç bir sosial bazası, elektoratı yoxdur. Son aksiya onların son dərəcə miskin, səbatsız olduğunu açıq göstərdi. Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Mübariz Qurbanlı da məhz bu məqama diqqət çəkərək qeyd edib ki, radikal müxalifətin qeyri-qanuni, razılaşdırılmayan yerdə aksiya keçirmək cəhdi iflasa uğrayıb. Onun sözlərinə görə, aprelin 2-də aksiyaya cəhd edilməsi bir daha göstərib ki, Azərbaycan vətəndaşları, cəmiyyəti radikalizmə "yox" deyir: "Ona görə də bu gün keçirilən aksiyaya heç kim qatılmadı". Bu sözlərdə təkzibolunmaz reallıqlar vardır və bu həqiqətləri görən dağıdıcı müxalifətin liderlərinin mənliyi, qüruru olsa, bir də mitinq adı çəkməz, belə biabırçı iflasdan sonra bir daha ictimaiyyət qarşısına, mətbuat səhifələrinə çıxmazlar.

İctimaiyyətin radikal müxalifətin aksiyalarında iştirak etməməsinin əsaslı səbəbləri var. Çünki hamı bilir ki, onların gözünü hakimiyyət sevdası tutduğu üçün xalqı deyil, yalnız özlərini düşünürlər. Əslində, radikal müxalifət liderlərini heç vaxt Azərbaycanın demokratik və sosial-iqtisadi inkişafı, gənclərin gələcəyi düşündürməyib. Onları düşündürən yeganə şey hansı yolla olursa-olsun hakimiyyətə gəlməkdir. İnsanların qanına qəltan edilməsini, şəhərdə mağazaların, evlərin dağıdılmasını radikallar məqbul vasitə hesab edirlər. Yetər ki, hakimiyyəti zəbt edə bilsinlər. Bundan başqa, dağıdıcıların keçirdiyi demək olar ki, əksər aksiyalarda zərər görənlər sadə vətəndaşlar, ticarət obyektləri, hətta vətəndaşların maşınları olub.

Heç kəs 1998-ci ilin sentyabrında Bakının mərkəzində törədilən iğtişaşları unutmayıb. 2000-ci ilin noyabrında Şəkidə də eyni hadisələr təkararlanıb. Bunu törədənlər isə məlum düşərgənin - radikal müxalifətin üzvləri olublar. 2003-cü il oktyabrın 15-16-da baş verən hadisələri də əksəriyyətimiz çox yaxşı xatırlayırıq: radikal düşərgədən olan onlarca insan sanki, Bakıya və onun əhalisinə qarşı "hücuma" keçmişdilər. Dağıdıcılar öz xislətlərinə sadiq qalaraq Rabitə Nazirliyinin qapı-pəncərəsini çilik-çilik etdilər. Otaqları dağıtdılar. Mebelləri darmadağın etdilər. Azğınlaşmış ünsürlər polis maşınını yandırdılar. Onlar "bizdən olmayan hər kəs cinayətkardır və cəzalandırılmalıdır" - deyərək heç kəsə aman vermək istəmirdilər. Qarşılarına keçən hər şeyi dağıdırdılar. Hətta yolu keçən maşınların şüşələrini sındırır, sürücüləri döyür, sərnişinləri təhqir edirdilər.

Müxalifətin daim qanunsuz mitinq keçirmək cəhdlərinə münasibət bildirən daxili işlər naziri Ramil Usubov bu günlərdə verdiyi açıqlamada xüsusi vurğulayıb ki, vəzifəsindən, siyasi əqidəsindən asılı olmayaraq hər bir vətəndaş qanunlara hörmətlə yanaşmalıdır: "Vətəndaşlar cəmiyyətdə qarışıqlıq yaratmağa, Azərbaycanda daxili sabitliyi pozmağa çalışan, ölkəmizin inkişafını, güclənməsini istəməyən qüvvələrə müxalifətin köməklik göstərməsinə etiraz edir, dövlətdən belə halların qarşısını almağı tələb edirlər. Müxalifət liderləri gənclərin bir hissəsini aldadaraq onları qanunlara qarşı çıxmağa çağırırlar. Vətəndaşlar övladlarını, yaxınlarını belə hərəkətlərdən çəkindirməlidirlər. Biz imkan verə bilmərik ki, kimlərsə xalqın tam əksəriyyətinin demokratik cəmiyyətdə yaşamaq arzusuna problem yaratsın".

Təəssüf ki, öz tərəfdarlarını həmişə belə çirkin əməllərə yönəldən radikal müxalifətin liderləri özləri həmişə, necə deyərlər, yayda sərin, qışda isə isti otaqlarda gizlənir, hadisələri uzaqdan seyr edir, sanki insanların qarşıdurmasından zövq alırlar. Və hər halda aldatmağa nail olduqları tərəfdarlarına daxilən rişxənd edib gülürlər. 1990-cı il yanvarın 20-də, soyuq qış gecəsində Sovet ordusu Bakıya hücum edərkən, insanlar qətlə yetirilərkən, tankların tırtılları altında can verib ölərkən Müsavat başqanı İsa Qəmbərin və digərlərinin aradan çıxması buna misal ola bilməzmi? Əslində, heç uzağa da getməyə ehtiyac yoxdur. Dünənədək aprelin 2-də keçiriləcək qanunsuz aksiyada iştirak edəcəyini bəyan edən İctimai Palataya daxil olan partiyaların "liderləri" azsaylı tərəfdarlarını qızışdırıb küçələrə saldıqdan sonra özləri yenə də aksiyalarda iştirak etmədilər. Müsavat Partiyasından bildiriblər ki, guya "İsa Qəmbərə qarşı təxribat törədilməsi ehtimalı olub. Bu səbəbdən də o, aksiyaya qatılmayıb". Belə çıxır ki, başqan özünün qeydinə qalıb. Tərəfdarları isə ölsə də, yaralansa da, tutulsa da olar. Ta ki, başqanın canı sağ olsun.

AXCP sədri Əli Kərimli də aksiyaya qatılmayıb. Bu məqalənin qələmə alındığı saatlarda partiyadan belə bir anormal açıqlama yayıldı ki, Ə.Kərimlinin mitinqdə iştirak etməməsinin səbəbləri sonra açıqlanacaq. Görünən odur ki, hələ funksionerlər daha dramatik, insanları daha yaxşı aldatmaq üçün əsaslı səbəb tapa bilməyiblər. Digər partiyalar da - Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu, AMİP-in sədri Yusif Bağırzadə də azsaylı tərəfdarlarını meydanda tək qoyublar. Bu, insanları qırğına göndərərək qaçıb gizlənməyə bərabər əməldir. Söhbət radikal düşərgədən getdikdə isə burada qeyri-adi heç nə yoxdur. Çünki simasızlarda heç vaxt sima olmur.

Belə "liderlərin" toplaşdığı İctimai Palatanın heç bir gələcəyi yoxdur. Müxalifət elə əvvəlki müxalifətdir və bu illər ərzində heç nə dəyişməyib. Guya, birləşmək naminə biraraya gəlirlər. Aralarında müəyyən şərtlər əsasında sövdələşmələr olsa da, son anda üzərlərinə götürdükləri öhdəlikləri unudur, hər biri öz fərdi və korporativ maraqlarına üstünlük verirlər. Başqa sözlə desək, bir-birinə etimadsızlıq radikal müxalifətdə az qala qanunauyğunluq şəklini alıb. Müxalifət düşərgəsində olan və prosesləri obyektiv qiymətləndirməyə çalışanlar da İctimai Palatanın gələcəyi olmayan bir qurum olması fikri ilə tam razıdırlar. ADP sədri Sərdar Cəlaloğlu deyib ki, İctimai Palata perspektivsiz qondarma qurumdur: "O nə təşkilat, nə hərəkat, nə də başqa cür anlaşılan qurumdur. Bu qurum müxalifətin intellektual səviyyəsini nümayiş etdirməli idi. Cəmiyyət də, dünya da görməli idi ki, müxalifətdə düşünən başlar, gələcəyi görən, perspektivə işləyən insanlar var. Amma mitinqlərdə nəyi görürlər? İyirmi ildir ki, eyni metodla işləyirik. Halbuki müxalifətçiliyin yeni metod və üsullarına da əl atmalıyıq".

Radikal düşərgənin ən böyük səhvlərindən biri də xaricdəki bəzi ermənipərəst dairələrə bel bağlaması, onların dedikləri ilə oturub durmasıdır. ADP sədri Sərdar Cəlaloğlunun dediyi kimi, müxalifət "iyirmi ildir ki, eyni metodla" mübarizə aparmağa çalışır. Bunu özləri də dəfələrlə etiraf ediblər. Hələ 1992-ci ildə AXC-Müsavat cütlüyü hakimiyyətə gələndə açıq-aşkar dedilər ki, doqquz xarici ölkədən "xeyir-dua" alıblar. Yəni xarici himayədarları tərəfindən idarə olunduqlarını etiraf etdilər. Əli Kərimlinin qapı-qapı düşüb xarici ölkələrdə Azərbaycanın ünvanına böhtan yağdırdığı günlərdən də çox vaxt keçməyib.

Aprelin 2-də keçirmək istədikləri mitinqi də heç şübhəsiz ağaları ilə razılaşdırıblar. Şübhəsiz ki, xarici qüvvələr radikallardan ancaq öz mənafeləri naminə faydalanmağa çalışırlar. Milli Məclisin deputatı, Milli Dirçəliş Hərəkatının sədri Fərəc Quliyev də bildirib ki, özünü müxalifət hesab edən bəzi dairələr xarici qüvvələrin qurduğu oyunların oyunçusuna çevrilib milli maraqlara zidd addımlar atırlar: "Onlar aldıqları qrantlar hesabına fəaliyyətlərini qurur və ağalarına vaxtaşırı hesab verirlər. Bu gün ərəblər fəallaşıbsa, onda bu radikal dairələr ərəb çalması bağlayırlar, sabah şotlandlar mübarizəyə qalxarsa, belə çıxır ki, onlar şotland şalvarları geyinəcəklər. Bu insanlar indiyədək cəmiyyətə aydın bir platforma, fundamental ideya təqdim etməyiblər, biri-birilərinin qeybətini etmək, köhnə dostlarının qarasına danışmaqdan o tərəfə keçməyiblər. Ancaq şəxsi maraqlarını güdürlər, lazım gəldikdə isə bunun naminə hətta düşmənlə də ittifaqa gedirlər. Buna fakt kimi radikal müxalifətin xaricdəki ermənipərəst siyasi dairələrlə fəal əməkdaşlığını misal gətirmək olar. Bu insanlar uzun müddət tərəfdarlarını aldatmaqla məşğul olublar və yalan vədlər veriblər".

Həqiqətən də, bu adamlar həm iqtidarda, həm də müxalifətdə olduqları müddətdə bütün əməlləri ilə sübut etdilər ki, demokratiya, xalq, Vətən sözləri bunlar üçün siyasi dividend, maddi imkanlar qazanmaq üçün vasitədən başqa bir şey deyil. İqtidarda olarkən Gəncədə qardaş qanı tökməklə, ölkəni vətəndaş müharibəsiniə sürükləməklə öz çürük mənəviyyatlarını ifşa etdilər . Onlar bir illik hakimiyyətləri dövründə müstəqilliyimizə elə zərbələr vurdular ki, onun törətdiyi mənfi nəticələrin aradan qaldırılması üçün illərlə vaxt tələb olundu. Azərbaycanda ictimai-siyasi sabitliyin yüksək səviyyədə təmin olunduğu bir vaxtda isə xarici himayədarlarının göstərişi ilə yenidən hay-küy salmağa, qeyri-qanuni aksiyalar keçirməyə cəhd edirlər. Bu da təsadüfi deyil. Çünki həmin qaragüruhun üzv olduğu partiyalar yarandığı gündən bəri heç vaxt öz fəaliyyətlərində qanuna əsaslanmayıblar. Onlar demokratik sistemlərdəki müxalifətin üzərinə düşən vəzifələri yerinə yetirmək əvəzinə, daim qanunları pozmaqla məşğul olublar.

Bu gün bəzi dağıdıcı müxalifət rəhbərləri və onların partiyalarına üzv olan ayrı-ayrı şəxslər dəyəri 30-50 min dollar olan maşınlarda gəzirlər. Bunu görən istənilən şəxs düşünür ki, müxalifət nümayəndələri görəsən, bu bahalı maşınları hansı pulla alıblar. İstər-istəməz bu zaman müxalifət partiyalarının xaricdən, özü də türk dünyasına düşmənçilik mövqeyində dayanan dairələrdən maliyyələşdiyinə şübhə yeri qalmır. Təsadüfi deyil ki, hələ 2003-cü il dekabr ayında Türkiyə mətbuatında yayılan məlumatlarda bildirilirdi ki, ABŞ-dakı erməni lobbisi Azərbaycanda Prezident seçkilərində iştirak edən müxalifətçilərin "Bizim Azərbaycan" blokunu dəstəkləyir. Hətta həmin vaxtı bu bloka 21 milyon dollar ianə verildiyi də yayılan xəbərlər arasında idi. Deyilənə görə, bu pul onlara ona görə verilibmiş ki, bu blokun vasitəsilə ölkədə sabitlik pozulmalı, iğtişaşlar yolu ilə qanuni hakimiyyət devrilməli, ölkədə xaricdəki bosslarının maraqlarına qulluq edən oyuncaq rejim hakimiyyətə gəlməli imiş. Bu yaxınlarda isə mətbuatda belə bir məlumat yayılmışdı ki, xaricdəki həmin dairələr Azərbaycanda ictimai-siyasi sabitliyi pozmaq üçün radikal müxalifətə 40 milyon dollar ianə verib. Buradan da görünür ki, ermənilər 1990-cı illərin əvvəlində olduğu kimi, anarxiyanın hökm sürməsini və nəticədə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlarda ölkəmizin mövqeyinin zəifləməsi üçün radikal müxalifət timsalında özlərinə müttəfiq tapıblar və bu müttəfiqlik bu gün də davam edir.

Azərbaycanda ictimai-siyasi sabitliyin qorunması, möhkəmlənməsi bu məqsədi daşıyır ki, ölkəmiz dinc şəraitdə, sabitlik şəraitində inkişaf etsin. Çünki hamı bilir ki, ölkələr yalnız və yalnız sabitlik, əmin-amanlıq olduqda inkişaf edə bilər. Harada ki, xaos, anarxiya, hərc-mərclik, inamsızlıq var, o ölkələr heç vaxt uğur qazana bilməz. Ona görə də əlaqədar orqanlarımız ayıq-sayıqlığını itirməməli, mili təhlükəsizliyin təmin edilməsi, mili maraqların daxili və xarici təsirlərdən qorunması naminə fəaliyyətlərini daha da gücləndirməlidirlər. Qanunu pozan hər bir şəxs qanun qarşısında cavab verməlidir. Qanunun aliliyi hamımız üçün əsas olmalıdır. İnsanlar bilməlidirlər ki, dövlət cinayətkarlara qarşı amansız olacaq, qanunsuzluğa qarşı bütün gücüylə mübarizə aparacaq. Belə olmasa xalqımız rahat yaşaya bilməz, Azərbaycan sürətli inkişafını davam etdirə bilməz, əmin-amanlıq olmaz.

 

 

Rauf ƏLİYEV

 

Xalq qəzeti.- 2011.- 3 aprel.- S. 2.