Azərbaycan ərazilərində yaradılan "erməni vilayəti"

 

Erməni millətçiləri uzun illərdir ki, "Böyük Ermənistan" dövləti yaratmaq xülyası ilə dəridən-qabıqdan çıxır, bir sıra iri dövlətlərə yarınır və bununla da arzularına çatmaq istəyirlər. Məlumdur ki, erməni dövləti IV əsrdə tarix səhnəsindən silinmiş, 387-ci ildə Ermənistan İran və Bizans arasında bölüşdürülmüşdür. 428-ci ildə isə İran erməni çarlığının varlığına son qoyulmuşdur. XI-XIV əsrlərdə isə ancaq Türkiyə ərazisində Kilikiya erməni çarlığı mövcud olmuşdur. XX əsrin əvvəllərinədək faktiki erməni dövləti olmamışdır. Onlar müxtəlif dövlətlərin tərkibində yaşamışlar. Ermənilər XVIII əsrdən başlayaraq Azərbaycan ərazisində erməni dövlətinin yaradılmasına cəhdlər göstərmişlər. Rusiya ermənilərin bu niyyətlərini dəstəkləmiş və onları öz fəaliyyətlərinə istiqamətləndirmişdir. Hələ I Pyotrun dövründən başlayaraq Rusiya regionda başlıca rəqibləri olan Osmanlı və Səfəvi imperiyalarını daxilindən zəiflətmək üçün erməni kartından istifadə etmişdir. II Yekaterina da bu siyasətin gerçəkləşdirilməsində ermənilərdən bir alət kimi faydalanmağa çalışmışdır.

 

XIX əsrin əvvəllərindən başlayaraq Cənubi Qafqazın işğalı Rusiya imperiyasının işğalçılıq siyasətində mühüm yer tuturdu. 1813-cü ilə qədər Şimali Azərbaycanın bir sıra xanlıqları Rusiya tərəfindən tutuldu. Sonrakı müharibələr zamanı Azərbaycan dövlətləri olan Naxçıvan (1827, iyun) və İrəvan (1827, oktyabr) xanlıqlarının ərazisi işğal olundu.

Naxçıvan xanlığı Rusiya tərəfindən, əsasən dinc yolla ələ keçirildi. Lakin çar hökuməti Qarabağ, Şəki və Şirvan xanlıqlarından fərqli olaraq, Naxçıvan xanlığı ilə müqavilə imzalamadı. Bununla birgə, Rusiya imperiyası tərkibində Naxçıvan xanlığına müəyyən imtiyazlar verildi. Naxçıvan və Ordubadın ələ keçirilməsində Kalbalı xanın oğlanları Ehsan xan və Şıxəli bəyin xidməti nəzərə alınaraq onlar həmin torpaqlara naib təyin edildi. İrəvan xanlığı süqut etdikdən sonra xanlıq üsuli-idarəsi dərhal ləğv olundu. Qeyd etməliyik ki, Gəncə xanlığı istisna olmaqla Gülüstan müqaviləsinə kimi işğal olunmuş Azərbaycan xanlıqları ərazisində xanlıq üsul-idarəsi dərhal ləğv edilməmişdi. Xanlığın ləğv edilməsi bir tərəfdən bu üsuli-idarənin saxlanmasının təhlükəli nəticələr verə biləcəyi ilə, digər tərəfdən də İrəvan xanlığının ərazisində etnik tərkibin dəyişdirilməsi planları ilə bağlı idi.

İrəvan qalasının işğalından cəmi bir neçə gün sonra, hələ müharibə başa çatmamış, Qafqazda hərbi əməliyyat aparan rus qoşunlarının baş komandanı İ.F.Paskeviç 1827-ci il oktyabr ayının 6-da İrəvan Müvəqqəti İdarəetmə Komitəsi təşkil etdi. Bu komitə üç üzvdən ibarət idi: general-leytenant Krasovski (sədr), İrəvan qalasının komendantı, podpolkovnik Borodin və bir də erməni yepiskopu Nerses Aştaraketsi. Xanlıq ərazisində azərbaycanlı əhalinin mütləq çox olmasına baxmayaraq, Müvəqqəti İdarəetmə Komitəsinin tərkibinə azərbaycanlıların nümayəndəsi salınmamışdı. Müvəqqəti İdarəetmə Komitəsi aşağıdakı vəzifələri yerinə yetirməli idi:

1.Xanlıq ərazisində idarəetmə işlərinin həyata keçirilməsi və həmin ərazidə Rusiyanın mənafeyinə uyğun gələn qayda-qanunların bərqərar edilməsi;

2.Xanlığın sərhədlərinin, İrəvan və Sərdarabad qalalarının mühafizəsinin və bu ərazidə yerləşən rus qoşunlarının təminat və təchizat məsələlərinin həll edilməsi;

3.Xanlıq ərazisində təhlükəsizliyin təmin edilməsi, qarovul xidmətinin təşkili üçün erməni əhalidən piyada və süvari drujinalarının təşkil edilməsi;

4.Gürcüstanla işlək əlaqələrin təmin edilməsi və həmin əlaqələrin Dilican və Aparandan keçməklə yaradılması;

5.Gürcüstanla ticarət əlaqələrinin bərpa edilməsi, xanlıq ərazisində pambıqçılığın inkişaf etdirilməsi və mədənlərdə duz hasilinin artırılması;

6.İrəvan xanının bütün əmlakının siyahıya alınması və onun dövlətin xeyrinə müsadirə olunması.

Naxçıvan və Ordubadda Ehsan xan və Şıxəli bəy naib kimi fəaliyyət göstərirdi və onlara rus məmurlarından pristavlar təyin edilmişdi. Bütün idarəetmə məsələləri onların qarşılıqlı razılığı əsasında həll edilməli idi.

Naxçıvan və İrəvan xanlıqlarının işğalı və Rusiyaya ilhaq edilməsi ermənilərin Azərbaycan torpaqları hesabına erməni dövləti yaratmaq arzusuna yeni təkan verdi. Onlar Rusiyaya bağlı erməni inzibati-ərazi vahidi yaradılmasını istəyirdilər. Hətta bu barədə əslən erməni olan X.Y.Lazarev çar I Nikolaya layihə də təklif etmişdi. Lakin belə bir qurumun yaradılması Rusiyanın maraqlarına uyğun deyildi. Rusiya İrəvan xanlığı ərazisində elə bir ərazi-idarəetmə vahidinin yaradılmasını məqsədəuyğun hesab edirdi ki, o Rusiyanın mənafeyinə uyğun gəlsin. Rusiya əraziyə erməniləri köçürsə də, bu ərazilərin idarəsinin ermənilərə tapşırılmasını məqsədəuyğun hesab etmirdi.

Türkmənçay müqaviləsi bağlandıqdan sonra İrəvan və Naxçıvan xanlıqlarının idarəçiliyi dəyişdirildi. Çar I Nikolayın 1828-ci il martın 21-də verdiyi fərman ilə İrəvan və Naxçıvan xanlıqları əsasında "Erməni vilayəti" yaradıldı. Həmin fərmanda deyilirdi: "İranda bağlanan traktata uyğun olaraq İrandan Rusiyaya birləşdirilmiş İrəvan və Naxçıvan xanlıqları bundan sonra bütün işlərdə "erməni vilayəti" adlandırılsın və o, bizim titula daxil edilsin. Bu vilayətin quruluşu və onun idarə edilməsi qaydaları haqqında hökumət öz vaxtında lazımi göstərişlər alacaqdır".

"Erməni vilayəti" İrəvan və Naxçıvan xanlıqlarının ərazisi əsasında yaradılan müvəqqəti inzibati-idarəetmə vahidi idi. Bu fərmanın imzalanması ilə əvvəlcə yaradılmış İrəvan Müvəqqəti İdarəetmə Komitəsi ləğv edildi. "Erməni vilayəti" heç də erməni dövləti deyildi. Lakin bu tarixi Azərbaycan torpaqlarında İrəvan və Naxçıvan xanlıqlarının ərazisində yaradılacaq gələcək Ermənistanın təməli idi. Çar hökuməti tarixi Azərbaycan torpaqları əsasında "Erməni vilayəti" yaratması ilə I Pyotrdan başlayaraq ermənipərəst siyasətin həyata keçirildiyini təsdiq edirdi.

Əlahiddə Qafqaz korpusunun komandiri, general-adyutant Paskeviçlə Krasovski arasında ziddiyyətlər yarandı. Nerses Aştaraketsinin fırıldaqları və azərbaycanlılara qarşı qəddarlıqları üzə çıxdı. Ona görə də 1828-ci ilin aprelində Krasovski İrəvanı tərk etdi. Arxiyepiskop Nerses isə Rusiyanın maraqlarını əks etdirməyən bir ruhani kimi qiymətləndirildi və tezliklə onun zərərli bir adam kimi "erməni vilayəti"ndən sürgün edilməsi məqsədəuyğun hesab edildi. Bunun üçün bir bəhanə də tapıldı. Paskeviç onu Bessarabiyadakı erməni yeparxiyasının rəhbəri vəzifəsinə göndərilməsinə nail oldu.

"Erməni vilayəti" inzibati planda iki qəza və bir dairədən ibarət idi. İrəvan və Naxçıvan qəzaları və Ordubad dairəsi. Qəza rəhbərləri kimi Ehsan xan və Şıxəli bəy öz vəzifələrində saxlanılmışdı. Ermənilər isə güman edirdilər ki, Rusiya qoşunlarının vilayətə gəlməsi ilə hər şey onların dediyi kimi olacaq, azərbaycanlı bəylər və xanlar qarşısında olan borclarını daha yerinə yetirməyəcəklər. Qəzalar rayonlara bölünürdü. Rayonların rəhbərliyində mirablar, məliklər, ağalar saxlanıldı. Vilayət idarəsinin rəisi vəzifəsinə A.Çavçavadze təyin edildi. İdarənin üzvlüyünə iki rus hərbiçisi, erməni və azərbaycanlılardan ibarət imtiyazlı təbəqənin nümayəndələri daxil idi. Vilayətin idarəçiliyi, polis, məhkəmə orqanları, maliyyə təsərrüfatı rus hərbiçilərinin, mülki məmurların əlində idi.

1830-cu ildən "Erməni vilayəti"nin idarəsi əslən erməni olan D.O.Bebutova (Bebutyan) həvalə edildi. D.Bebutov fəaliyyətinin ilk dövründən burada ermənilərin mövqelərini gücləndirməyə başladı. Azərbaycanlı xanlara, bəylərə, ağalara qarşı güclü bir təqib kampaniyası başladı, idarəetmə metodunda dəyişiklik edildi. D.Bebutovun təkbaşına rəisliyi gücləndirildi, əvvəllər mövcud olan məşvərətçi orqanlar ləğv edildi.

Ermənilərin təkidi ilə vilayətin yeni statusunun möhkəmləndirilməsi naminə onun gerbi də qəbul olundu. Ermənilərin təkidi ilə qəbul olunmuş bu gerbdə həmin ərazilərin türklərlə bağlılığını xatırladan bir əlamət yox idi. Gerbin aşağı hissəsində Ağrı dağının şəkli çəkilmişdi. Onun fonunda tac və Eçmiədzin (Üçmüəzzin) monastırı, gerbin yuxarı hissəsində isə Rusiya taxt-tacının emblemi olan ikibaşlı qartal təsvir edilmişdi. Gerb Rusiya çarı tərəfindən 1833-cü il fevral ayının 27-də təsdiq olundu.

Çar hökuməti 1833-cü il iyunun 23-də "erməni vilayəti"nin idarəsinin quruluşu haqqında Əsasnamə qəbul etdi. İrəvan vilayətinin inzibati-ərazi bölgüsündə dəyişiklik edildi. Əyalət dörd dairəyə - İrəvan, Şərur, Sürməli və Sərdarabada bölündü. Dairələr də mahallardan ibarət idi. Naxçıvan əyaləti və Ordubad dairəsi əvvəlki inzibati-ərazi bölgüsündə qalırdı. Bu Əsasnamə Naxçıvan əyaləti və Ordubad dairəsində polis idarə sistemini olduğu kimi saxladı. Polismeyster təyin olunan Ehsan xan və Şıxəli bəy bilavasitə "erməni vilayəti" rəisinə tabe idi. Məhkəmə sistemində dəyişiklik edildi. Naxçıvan əyalət məhkəməsi yaradıldı.

1836-cı ildə "Rusiyanın erməni kilsəsinin idarə edilməsi haqqında Əsasnamə" qəbul edildi. Əsasnamə erməni ruhanilərinin siyasi hüquqlarını konkret çərçivəyə salırdı və onlara dövlət işlərinə qarışmağı qadağan edirdi. Rusiya ərazisində yaşayan ermənilər yeparxiyada birləşməli idilər. Əsasnaməyə əsasən, Qarabağdakı katolikosluq ləğv olunur və Eçmiədzinin bir yeparxiyasına çevrilirdi. Ermənilər Qarabağ katolikosluğunun müstəqilliyinə son qoydular. Qarabağ yeparxiyası Rusiya ərazisində yaradılan 7 erməni yeparxiyasından birinə çevrildi və tamamilə erməni kilsəsindən asılı vəziyyətə düşdü.

Çar Rusiyasının və onun işğalçılıq siyasətinə xidmət edən ermənilərin Azərbaycan torpaqları olan İrəvan və Naxçıvan əyalətlərini "erməni vilayəti" kimi qələmə verməsini təkzibedilməz tarixi faktlar rədd edir. Çünki çar Rusiyasının erməniləri İran və Türkiyədən həmin ərazilərə kütləvi surətdə köçürməsindən əvvəl, sonradan "erməni vilayəti" adlandırılan ərazinin əhalisi 107224 nəfər idi. Əhalinin 76,5 faizini azərbaycanlılar, 24,5 faizini ermənilər təşkil edirdi. Azərbaycanlıların əhalinin etnik tərkibində bu cür üstünlüyü təşkil etməsi həmin torpaqların tarixi Azərbaycan ərazisi olduğunu təsdiq edir.

Rusiya - İran (1826-28) və Rusiya - Türkiyə (1828-29) müharibələri dövründə və müharibədən sonra İran və Türkiyədən ermənilərin kütləvi surətdə bu yerlərə köçürülüb gətirilməsinə baxmayaraq, çar hakimiyyət orqanları "erməni vilayəti" ərazisində demoqrafik vəziyyəti birdən-birə dəyişdirə bilmədi. İrəvan və Naxçıvan xanlıqlarının işğalını həyata keçirmiş rus generalı Paskeviç, hətta ermənilərin köçürülüb gətirilməsindən sonra belə, İrəvan bölgəsi əhalisinin dörddə üç hissəsinin Azərbaycan türkləri olduğunu etiraf edirdi. Fransız mənşəli rus tədqiqatçısı U.Şopen Paskeviçin tapşırığı ilə 1829-32-ci illərdə "erməni vilayəti"ndə kameral siyahıyaalma keçirmişdir. Burada kəndlərin və əhalinin sayı göstərilmişdir. "Erməni vilayəti"ndə olan 1125 kəndin 1111-də ancaq Azərbaycan türkləri yaşayırdı. Müharibə nəticəsində vilayətin ərazisində 359 kənd, o cümlədən 310 kənd İrəvan əyalətində, 42 kənd Naxçıvan əyalətində, 6 kənd Ordubad dairəsində xaraba qalmış, əhalisi didərgin düşmüşdü.

U.Şopenin kameral təsvirinin nəticəsinə görə, burada 164450 nəfər əhali qeydə alınmışdı. Onlardan 81749 nəfər azərbaycanlılar, 25151 nəfər köçürülməyədək burada yaşayan ermənilərdir. Müharibədən sonra buraya İrandan 35560 nəfər, Türkiyədən isə 21666 nəfər erməni köçürülmüşdü.

Tanınmış rus tədqiqatçısı N.Şavrov ermənilərin Cənubi Qafqaza köçürülməsi prosesini və köçürülüb gətirilmiş ermənilərin sayını araşdırdıqdan sonra 1911-ci ildə yazırdı: "Hazırda Cənubi Qafqazda yaşayan 1 milyon 300 min erməninin 1 milyondan çoxu bu diyarın yerli əhalisi deyil. Onları bura biz köçürüb gətirmişik".

"Erməni vilayəti"nin əyalət və dairələrində gəlmə ermənilərin artımı və yerli azərbaycanlıların çar təzyiqinə davam gətirməyərək İran və Türkiyə ərazilərinə köçməsi nəticəsində əhalinin etnik tərkibindəki fərq ermənilərin xeyrinə dəyişirdi. Məsələn, "erməni vilayəti"ndə Türkmənçay müqaviləsinə qədər 22,5 min erməni yaşayırdısa, sonrakı iki il ərzində onların sayı az qala üç dəfə artdı və 64, 5 min nəfərə çatdırıldı. Naxçıvan əyalətində ermənilərin sayı 2,1 min nəfərdən 1,7 min nəfərə, Ordubad dairəsində isə 1,8 min nəfərdən 3,3 min nəfərə çatdırıldı. İrəvan əyalətinin 119 kəndinə, Naxçıvan əyalətinin 61 kəndinə, Ordubad dairəsinin 11 kəndinə ermənilər köçürüldü. Nə qədər erməni köçürülsə də azərbaycanlılar əhalinin böyük əksəriyyətini təşkil edirdi.

Çar hökuməti Şimali Azərbaycanın işğalı zamanı erməni amilindən bir alət kimi istifadə etdi. Ermənilərin çar ordusuna göstərdiyi "xidmət" müqabilində onlara işğal olunmuş Azərbaycan torpaqlarında - İrəvan və Naxçıvan xanlıqlarının ərazilərində "erməni vilayəti" adlandırılan ərazini "bəxşiş" verdi. Bununla ermənilər çar Rusiyasının himayəsi və köməyi ilə Cənubi Qafqazda özlərinə ərazi bazası yaratdılar.

Çarizmin bu əyalətlərində, bütövlükdə Şimali Azərbaycanda yaratdığı inzibati-idarə sistemi əhali arasında ciddi narazılıq yaradırdı. Buna görə də çar hökuməti vəziyyəti stabilləşdirmək məqsədilə inzibati-idarə sahəsində islahatlar hazırlamağa başladı.

1837-ci ildə senator Qanın sədrliyi altında komisiya göndərildi. Ona yerlərdə müvafiq məlumatlar toplamaq və idarələr yaratmaq üçün lahiyə hazırlamaq göstərişi verilmişdi. Lakin komissiya diyarı öyrənmədən müəyyən təkliflər əsasında islahat lahiyəsini hazırladı. Çar I Nikolay 1840-ci il aprelin 10-da Zaqafqaziya diyarının idarəsi üçün təsisatlar adlı sənədi imzaladı. Çar hökuməti Cənubi Qafqazın işğalını və burada möhkəmlənməklə bağlı siyasətini həyata keçirdikdən sonra 1840-cı il 10 aprel qanunu ilə "erməni vilayəti"ni ləğv etdi. Cənubi Qafqazın ərazisi müəyyənləşdirildi və onun idarə edilməsi üçün Gürcüstan-İmeretiya quberniyası və Xəzər vilayəti yaradıldı. Quberniya və vilayət qəzalara, qəzalar sahələrə bölünürdü. İrəvan və Naxçıvan ərazisi çar Rusiyasının inzibati bölgüsünə əsasən "qəza" statusu ilə 1841-ci il yanvarın 1-də Gürcüstan-İmeretiya quberniyasının tərkibinə qatıldı. Ordubad vilayəti Naxçıvanla birlikdə Naxçıvan qəzasını əmələ gətirirdi. Naxçıvan qəzası Naxçıvan, Ordubad və Dərələyəz sahəsinə (nahiyəsinə) ayrılırdı.

1840-cı il 10 aprel qanunu yeni idarə sistemi yaratdı, yerli məmurlar vəzifələrindən kənarlaşdırıldı. Bu dəyişikliklər Naxçıvanda da tətbiq edildi, Ehsan xan və Şıxəli bəy vəzifəsindən çıxarıldı. Ehsan xan süvari dəstəsinin komandiri təyin olundu. Çarizmin Cənubi Qafqazın idarə edilməsi ilə bağlı həyata keçirdiyi islahat özünü doğrultmadı. Əhali bu idarəetmə formasından ciddi narazı idi. Ona görə də çar I Nikolayın göstərişi ilə Qafqazda canişinlik yaradıldı. 1846-cı il 14 dekabr fərmanı verildi. Bu fərmanla Cənubi Qafqazın inzibati-idarə sistemində dəyişiklik edildi. Dörd quberniya - Tiflis, Kutais, Şamaxı və Dərbənd - yaradıldı. İrəvan və Naxçıvan qəzalarının tərkibinə daxil olan Naxçıvan bölgəsi də Tiflis quberniyasına verildi. 1849-cu il iyunun 9-da isə İrəvan quberniyası yaradıldı. Quberniyanın təşkilində 5 qəza müəyyən edildi: İrəvan, Aleksandropol, Novobayazit, Naxçıvan və Ordubad. Naxçıvan qəzası Naxçıvan və Dərələyəz sahələrinə (məntəqələrinə) bölünmüşdü. Ordubad qəzası 1870-ci ildə isə Şərur sahəsi Naxçıvan qəzası ilə birləşdirildi. 1874-cü ildə Şərur-Dərələyəz və Sürməli qəzaları yaradıldı. Beləliklə, 1840-cı ildən yaradılan 1841-ci ildən tətbiq edilən quberniya və qəza inzibati-ərazi bölgüsü müxtəlif dəyişikliklərə məruz qalsa da 1917-ci ilə qədər qalmışdır.

Çar Rusiyası Qafqazı, eləcə də Cənubi Qafqazı işğal etmək üçün müəyyən yol və vasitələrdən istifadə etdi. Belə vasitələrdən biri də ermənilər idi. Çarizm ermənilərin "xidmətləri"ni qiymətləndirdi, onlara güzəştlər edildi, dövlətlərini yaratmaq üçün şərait yaratdı, lakin XIX əsrdə bunu reallaşdıra bilmədi. "Erməni vilayəti"ni yaratmaqla qondarma inzibati-ərazi vahidi formalaşdırdı. Bu isə gələcəkdə erməni dövlətinin yaradılmasına hesablanmış bir addım idi.

 

 

İsmayıl HACIYEV,

AMEA Naxçıvan bölməsinin sədri,

akademik

 

Xalq qəzeti.- 2011.- 3 aprel.-S. 5.