Turizm İnstitutu ilə Almaniyanın Yade Universiteti arasında əməkdaşlıq əlaqələri genişlənir

 

Azərbaycan Turizm İnstitutunda Almaniyanın Yade Universitetinin nümayəndə heyəti ilə görüş keçirilmişdir. Toplantı adıçəkilən universitetlərin ölkəmizin qərb bölgəsində həyata keçirdiyi "Turizmdə geoinformasiya sistemlərinin tətbiqi və regional turizmin inkişafı" layihəsinin müzakirəsinə həsr olunmuşdu.

Tədbirdə həmçinin Yade Universiteti ilə institutun qarşılıqlı tələbə mübadiləsi məsələsi də müzakirə edilmişdir. Görüşdə Yade Universitetinin vitse-prezidenti Uve Vaythöner, beynəlxalq şöbənin müdiri Andrea Men, universitetin Geodez Araşdırmalar Mərkəzinin rəhbəri Smit Filip, elmi işçilər Vibbelman və Zorkovski, Azərbaycan Turizm İnstitutunun rektoru Cəfər Cəfərov, prorektoru Eldar Aslanov, dekan Nəsib Nəsibli və layihənin koordinatorları iştirak etmişlər. Andrea Men Azərbaycanın Gədəbəy bölgəsində belə bir layihənin həyata keçirilməsində Almaniya tərəfinin maraqlı olduğunu bildirmişdir. Onun sözlərinə görə, bu layihənin reallaşdırılması Almaniyadan olan turistlərin Azərbaycana güclü axınına səbəb olacaqdır.

Uve Vaythöner Turizm İnstitutunun az vaxt içərisində böyük uğurlar əldə etdiyini bildirmiş və sonrakı mərhələlərdə bu ali təhsil ocağı ilə daha geniş əməkdaşlıq niyyətində olduqlarını demişdir. ATİ-nin rektoru Cəfər Cəfərov Yade Universiteti ilə rəhbərlik etdiyi ali təhsil ocağı arasında tələbə mübadiləsi məsələsinə toxunmuşdur. Rektor bildirmişdir ki, ATİ-nin rəhbərliyi də öz növbəsində Yade Universiteti ilə əməkdaşlıqda maraqlıdır. Qeyd edək ki, 5 gün davam edəcək səfər çərçivəsində almaniyalı qonaqlar Azərbaycanda bir sıra görüşlər keçirəcəklər. Onların "Siemens"in Azərbaycan nümayəndəliyinin rəhbəri Samir Axundov, Almaniyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Herbert Kölle, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Kadastr ofisinin rəhbəri Nazim İsmayılov və digər səlahiyyətli şəxslərlə görüşü nəzərdə tutulmuşdur.

 

 

Z. BƏŞİRQIZI

 

Xalq qəzeti.- 2011.- 7 aprel.- S. 7.