Xarici qüvvələrin Azərbaycanın daxili işlərinə qarışması yolverilməz və qəbuledilməzdir

 

Bu tendensiyanın Asiya və Afrikada bir çox ölkələri 20-30 il geriyə atması danılmaz faktdır

 

Azərbaycanın sürətli sosial-iqtisadi inkişafı, bütün göstəricilər üzrə regionda və dünyada öncül yerlərdə qərar tutması, xüsusən, cəmiyyətin daha da demokratikləşdirilməsi istiqamətində postsovet ölkələrinin heç birində müşahidə edilməyən addımların atılması dünyanın müxtəlif künc-bucaqlarında baş girləyən anti-Azərbaycan qüvvələri hədsiz dərəcədə narahat edir.

 

Bu qüvvələr öncə xaricdəki bəzi qeyri-hökumət təşkilatlarının hazırladığı müxtəlif hesabatlarda Ermənistanın Azərbaycandan öndə olduğunu göstərən cədvəllər tərtib edilməsinə nail olurdular. Halbuki, BMT, Dünya Bankı və əksər nüfuzlu beynəlxalq təşkilatlar Azərbaycanın inkişafının nəinki postsovet məkanının ən geridə qalmış ölkəsi olan Ermənistan üçün, hətta, regionun bütün ölkələri üçün əlçatmaz olduğunu dönə-dönə qeyd ediblər.

Qaragüruhçu beynəlxalq şəbəkənin Azərbaycana qarşı törətdiyi bəd əməllər silsiləsinin ikinci mərhələsi Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar prosesində ikili standartlara daha böyük rəvac verilməsinin reallaşdırılması. Bu standartlar dünya birliyinin gözü qabağında, utanmadan, açıq şəkildə Ermənistana tərəfkeşlik etmək səviyyəsində reallaşdırılır. Düşmən qüvvələrin anti-Azərbaycan təbliğatının növbəti mərhələsi isə artıq ölkəmizin daxili işlərinə qarışılması kimi iyrənc bir səviyyəyə çatdırılıb.

Söhbət ondan gedir ki, Prezident İlham Əliyevin hərtərəfli düşünülmüş siyasəti nəticəsində Azərbaycan heç zaman görünməyən bir səviyyədə inkişaf mərhələsinə çatmışdır. Ölkənin iqtisadi imkanları, hərbi potensialı və xalqın öz iqtidarına olan inamı Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində rəsmi Bakının işğalçı dövlətdən qat-qat üstünlüyünü təmin edir. Bu müstəvi Azərbaycanın dostlarını və müttəfiqlərini sevindirsə də, bədxahlarımızın yuxusuna haram qatır. Ona görə də Azərbaycanın geriləməsi ilə nəticələnəcək iyrənc variantlar düşünülür, çirkin ssenarilər yazılır. Həmin ssenarilərin mühüm tərkib hissələrindən biri isə ölkənin daxili işlərinə müdaxilə edilməsi kimi qəbuledilməz bir tendensiyadır.

Çox təəssüf ki, dünya diplomatiya təcrübəsində böyük uğurları, xidmətləri olmuş ölkələrin Azərbaycandakı səfirlikləri də bu çirkin oyunlara qatılır. Azərbaycan Avropa İttifaqına üzv olan ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsində məhz Avropaya sərf edən şəkildə - əlbəttə, öz milli maraqlarının qorunması şərtiylə iştirak edir. Avropa İttifaqına üzv olan ölkələrin Azərbaycandakı səfirləri isə bölgədə ara qarışdırmaq, xaos, anarxiya yaratamaq istəyən qüvvələrin əlində oyuncağa çevrilmiş müxalifətin ayağına gedir.

Absurddur. Əgər Azərbaycanda 1990-93-cü illərin xaos və özbaşınalığı qayıdarsa, Avropa nə qazanacaq? Əlbəttə, heç nə, əksinə itirəcək. Bəs elə isə bu məxfi görüşlər və qaragüruhçu qüvvələrin dəstəklənməsi hardan qaynaqlanır? Əlbəttə, yuxarıda qeyd etdiyimiz kimi Azərbaycanın möhtəşəm inkişafının qarşısını almaq istəyindən. Əgər Azərbaycan zəifləyərsə, onda rəsmi Bakı dünyanı idarə edən qüvvələrin ikili standartlarını lənətləyən bəyanatlardan əl çəkəcək, Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində göstərdiyimiz qətiyyət öləziyəcək, regionun bütün iqtisadi layihələrində söz sahibi olan Azərbaycan artıq indiki kimi danışa bilməyəcək və sairə. Yəni, bütün bunların bir məqsədi var - Ermənistanın dəyirmanına su tökmək. Çox təəssüf ki, saxta qafa ilə işləyən bəzi müxalifət "siyasətçiləri" gün kimi aydın olan bu məqsədi dərk etmir və ya dərk etmək istəmirlər. Çox təəssüf.

Aprelin 12-də Nazirlər Kabinetinin 2011-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında yekun nitqi söyləyən Azərbaycan Prezidenti İlham Əliyev ölkənin neft-qaz sektorunda gedən işlər barədə söz açarkən deyir: "Bu ilin birinci rübündə Avropa İttifaqı ilə Azərbaycan arasında "Cənub" qaz dəhlizi üzrə bəyannamə imzalanmışdır. Bu bəyannamə hər iki tərəfin maraqlarını təmin edir. Bəyannamədə Azərbaycan Avropa istehlakçıları üçün təchizatçı və kömək edən kimi göstərilir. Bu bəyannamənin çox böyük mənası vardır... Hazırda müxtəlif ölkələrlə ikitərəfli danışıqlar gedir və əlbəttə, Avropa İttifaqı ilə Azərbaycan arasındakı əlaqələr, imzalanmış sənədlər bu məsələnin həlli üçün mühüm addım olacaqdır".

Fikrimizcə, Azərbaycanın səmimi, dostcasına atdığı addımlar barədə söylənilən bu fikirlərdən sonra heç kəsdə bizim Avropa İttifaqı ilə əməkdaşlığımızın yüksək səviyyəsinə zərrə qədər olsa şəkk, şübhə qalmayacaq. Amma... Məsələ heç də belə deyil.

Avropa İttifaqının hazırladığı və aprelin 7-də ATƏT-in Daimi Şurasında səsləndirilmiş "Azərbaycanda fundamental azadlıqlarla bağlı vəziyyətə dair" bəyanatdan məlum olur ki, Avropa İttifaqı Azərbaycanla əməkdaşlıqda səmimi deyil. Qurumun Azərbaycandakı nümayəndəliyinin başçısı Roman Kobia aprelin 11-də Azərbaycan Xarici İşlər Nazirliyinə dəvət edilmiş və ona Azərbaycan hökumətinin Avropa İttifaqına etirazını bildirən sənəd təqdim olunmuşdur. Cənab Kobiaya bildirilmişdir ki, Avropa İttifaqının adı çəkilən bəyanatı qeyri-obyektiv, yanlış məlumatlar əsasında tərtib olunub, yerlərdə olan reallıqları əks etdirmir və qərəzli səciyyə daşıyır. Həmin bəyanat Azərbaycan - Avropa İttifaqı münasibətlərinin mövcud ruhuna ziddir və qəbuledilməzdir.

Çox təəssüf ki, belə bir qeyri-səmimi münasibəti Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirindən də gördük. Uzun müddət Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçi rolunu oynayan Minsk qrupunun amerikalı həmsədri olmuş cənab Mətyu Brayza təcavüzkarın öz adıyla çağırması üçün faktiki olaraq heç bir addım atmadığını unudaraq Azərbaycanın daxili işlərinə müdaxilə edir, bizə demokratiya dərsi verir. Halbuki, onun və təmsil etdiyi ölkənin himayəsində olan Ermənistanda bütövlükdə parlament gülləbaran ediləndə ABŞ-da heç kəs demokratiyanın pozulmasından narahat olmamışdı. Bir milyon azərbaycanlının qaçqın və məcburi köçkün kimi ağır həyat sürməsi ilə barışan cənab Brayzanı hansısa bir və ya iki azərbaycanlının taleyi niyə bu qədər narahat edir? Bu məntiqin səmimiyyətinə kim inanar?

Yeri gəlmişkən, Nazirlər Kabinetinin yuxarıda qeyd etdiyimiz iclasında Prezident İlham Əliyev haqlı olaraq böyük narahatlıqla qeyd etmişdir: "Beynəlxalq hüquq normaları tam şəkildə təmin edilməlidir. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi qeyd-şərtsiz icra edilməlidir. Necə ki, Liviya ilə bağlı BMT Təhlükəsizlik Şurasının qətnamələri bir neçə saatdan sonra icra edilməyə başlamışdır... Bu ədalətsizlikdir, bu, ikili standartlardır və bu ayrı-seçkiliyi heç bir səbəblə izah etmək mümkün deyildir". İllərdən bəri Mətyü Brayzanın gözü qabağında olan bu problem, nədənsə, cənab diplomatı narahat etmir. Amma onu Azərbaycanda kiminsə taleyi bərk qayğılandırmır. Yetər, cənablar. Hər şeyi öz adıyla çağırmağın vaxtıdır.

Liviyadan söz düşmüşkən, Azərbaycan müxalifətinin bilməli olduğu bəzi məqamları yada salaq. Erməni politoloq Aram Karapetyan sevincək halda yazır ki, Liviya nefti koalisiya qüvvələrinin əlinə keçəndən sonra Azərbaycanın ABŞ və Avropa üçün olan əhəmiyyəti azalacaq. Onun soydaşı olan Ruben Qalstyan isə Aramın çox tez sevindiyini dilə gətirir: "Liviya hələ 25-30 il özünə gələ bilməyəcək". Yəni xarici müdaxilənin istənilən ölkəni 20-30 il geriyə atması on illərdən bəri "sınaqdan çıxmış" təcrübədir. Çox təəssüf ki, Azərbaycan müxalifəti də ölkəmizin təxminən elə o qədər geriləməsini istəyir.

 

 

İttifaq MİRZƏBƏYLİ

 

Xalq qəzeti.- 2011.- 14 aprel.- S. 4.