...Pəncərədə işıq yanır

 

...Dostları onun ulu babası Mirmustafa xanın adını daşıyan küçədəki evinə gələndə bir qayda olaraq sol tərəfdəki pəncərənin şüşəsini yavaşca döyəcləyirlər. Hər dəfə də içəridən aydın, işıqlı bir səs eşidilir: "Gəldim, gəldim". Bir dəqiqə sonra o, ahıl yaşına uyuşmayan cəldliklə qapıya çıxır və qonaqlarını evə dəvət edir.

Bölgənin tanınmış şairi, Lənkəran Dövlət Universitetinin dosenti, əməkdar müəllim Mirhaşım Talışlının evində kimlər olmayıb!..

Azərbaycanın görkəmli alimlərindən akademik Feyzulla Qasımzadə, professorlar Seyfəddin Qəndilov, Əjdər Ağayev, Bəxtiyar Vahabzadə, Qabil, Əlyar Səfərli, Nəriman Həsənzadə, Hüseyn Abbaszadə, Seyfulla Əsədllayev, Adil Babayev, İmamverdi Əbilov, Həkim Qəni, Hacı Mail - saymaqla qurtaran deyil. 6 kitabın, 3 metodik vəsaitin, 200-dən artıq elmi məqalənin müəllifi olan 85 yaşlı müdrik insanın zəngin kitabxanası var. Mirhaşım müəllim 19-cu əsrin ikinci yarısında Lənkəranda mövcud olmuş "Fövcül-füsəha" şairlər məclisinin tədqiqatçısı (namizədlik dissertasiyası bu mövzuda olub) və hazırkı rəhbəridir. Onun kitabxanasında Mirmustafa xandan yadigar qalan və hər bir ayəsi qızıl suyu ilə yazılmış müqəddəs "Qurani-Kərim" də məhəbbətlə qorunub saxlanır.

Ulu öndər Heydər Əliyevin Lənkərana səfəri zamanı o, unudulmaz dahi şəxsiyyətin qarşısında şeir söyləməsini iftixarla xatırlayır:

 

Sənin qüdrətinə söz demək üçün

Sözə ilahidən qüdrət gərəkdir.

Xalqın pənahısan, ümidgahısan,

Bunu dərk etməyə fitrət gərəkdir.

 

Ümummilli lider həmin görüşdə qocaman alimin xidmətlərini xüsusi qeyd etmişdir: "Lənkəranın həmişə böyük, yüksək ziyalı insanları olubdur... Bizim dostumuz, Lənkəranın ən böyük ziyalılarından biri Mirhaşım Talışlının oxuduğu şeir məni çox heyran etdi. Nə qədər zəkalı bir insandır, nə qədər Azərbaycana sədaqətli bir insandır. Mən sizə təşəkkür edirəm". Dövlətimizin başçısı İlham Əliyevin sərəncamı ilə Azərbaycan ədəbiyyatında xidmətləri olan Mirhaşım Talışlı Prezident təqaüdünə layiq görülüb.

Bu günlərdə Lənkəran Dövlət Universitetində düzənlənən tədbir ağsaqqal alim, müəllim və şairin elmi, pedaqoji və ədəbi yaradıcılığına həsr olunmuşdu. Tədbiri universitetin rektoru, fizika-riyaziyyat elmləri doktoru, əməkdar elm xadimi, professor Asəf İsgəndərov açaraq qocaman elm-sənət cəfakeşinin yüksək ziyalı keyfiyyətlərini dəyərləndirdi və ona təbriklərini çatdırdı.

Universitetin əməkdaşı, Azərbaycan Yazıçılar Birliyinin üzvü Etibar Əhədov M.Talışlının örnək həyat və yaradıcılığı haqqında məruzə etdi. Alimlər, şairlər, daim pərvanə kimi başına dolanan dostları ona ən xoş arzularını bildirdilər. Qeyd olundu ki, böyük bir nəslin layiqli təmsilçisi olan Mirhaşım müəllimin üç cildlik seçilmiş əsərləri, "Lənkəran", "Xatirəmdə yaşayanlar" və sair kitabları, klassiklərdən Mirzə İsmayıl Qasirin, Səidəli bəy Kazımbəyovun, Mücrimin, Usta Hüseynqulu Dübəndiduzun, habelə görkəmli yazıçı-ədib Mircəlal Paşayevin ədəbi irsinə həsr etdiyi oçerklər onun necə dərin bilikli və istedadlı qələm sahibi olduğunu sübut edir. O, hazırda "Lənkəran: ensiklopedik məlumat" kitabı üçün tarixi əhəmiyyətli materiallar toplamaqdadır.

Əsl təvazökarlıq nümunəsi olan Mirhaşım müəllimə hədiyyələr veriləndə o, məclis iştirakçılarına minnətdarlıq edərək dedi ki, ömrünün sonuna kimi qələmi ilə xalqa xidmət edəcək, bildiklərini gənc nəslə öyrətməkdən daim zövq alacaq.

...Lənkəran şəhərində, Mirmustafa xan küçəsindəki bir evin pəncərəsində həmişə işıq yanır. Həmin evdə "Müsafir" təxəllüsü ilə yazıb-yaradan bir şair, alim və pedaqoq yaşayır. İşığından hər kəsə pay düşür.

 

 

Əli NƏCƏFXANLI

 

Xalq qəzeti.- 2011.- 17 aprel.- S. 7.