Səbail rayonu ilin birinci rübündə

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2011-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafın yekunlarına həsr olunmuş geniş iclasındakı nitqindən irəli gələn vəzifələr Səbail Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə keçirilən iclasında ətraflı müzakirə olunmuşdur.

 

İclası giriş sözü ilə açan Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov hesabat dövründə Səbail rayonunda görülən işlərdən danışaraq qeyd etmişdir ki, 2011-ci ilin ilk üç ayı ərzində rayonun sənaye müəssisələri 5.068,7 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5,5 faiz çox sənaye məhsulu istehsal etmişdir. Nəqliyyat müəssisələri 151,3 milyon manatlıq və ya 41,1 faiz çox, rabitə müəssisələri 190,7 milyon manatlıq və ya 9,5 faiz çox xidmətlər göstərmişdir.

Bütün maliyyə mənbələri hesabına 468,3 milyon manat məbləğində investisiyalardan istifadə edilmişdir ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 12,7 faiz çoxdur.

İlin əvvəlindən əhaliyə 129,8 milyon manatlıq istehlak malları satılmış və pullu xidmətlər göstərilmişdir. Bu, keçən illə müqayisədə 12,2 faiz yüksəkdir. Pərakəndə əmtəə dövriyyəsi keçən ilin müvafiq dövrü ilə müqayisədə 17,7 faiz artaraq 62,2 milyon manata, pullu xidmətlərin həcmi isə 6,8 faiz artaraq 67,6 milyon manata çatmışdır. Rayonda çalışan işçilərin sayı 88668 nəfər, orta aylıq əmək haqqının məğləği isə 851,4 manat olmuş, 33,9 faiz yüksəlmişdir. 255 yeni iş yeri açılmışdır ki, bunlardan hamısı daimidir. Ümumilikdə 2003-cü ilin noyabrından 2011-ci ilin aprel ayının 1-dək 33439 iş yeri açılmışdır ki, bunlardan 32571-i daimidir.

Cari ilin əvvəlindən rayonda yerləşən bir sıra müxtəlif təyinatlı obyektlərin inşası, təmir-yenidənqurulması işləri müvəffəqiyyətlə davam etdirilmişdir. Bu ilin birinci rübündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə "Bakıelektrikşəbəkə" ASC-nin Mərkəzi Dispetçer Xidmətinin və yeni inşa olunmuş 6 yarımstansiyanın açılışı olmuşdur. "Badamdar", "Dağüstüpark" və "İçərişəhər" yarımstansiyaları Səbail rayonunun ərazisindədir.

Hazırda Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi üçün yeni binanın, Badamdar qəsəbəsində MTN-nin yeni hospitalının, "Üç qüllə", "Four Seasons", "Mariott" və "Hilton" kimi beşulduzlu mehmanxanalarının, 6 saylı məktəbin yeni binasının, Oksford məktəbi üçün yeni tədris korpusunun, Azneft meydanında, Bülbül prospektində, Neftçilər prospektində 4 yeni yeraltı keçidin tikintisi gedir. Dövlət Musiqili Komediya Teatrının və Mahnı Teatrının, Səadət Sarayının binalarının, Azərbaycan Dövlət İqtisad Universitetinin İstiqlaliyyət küçəsi 6 ünvandakı binasının əsaslı təmiri aparılır. Bakı Bulvarının genişləndirilməsi proqramı çərçivəsində həyata keçirilən yenidənqurma işləri davam etdirilir.

Bakı şəhərinin və eləcə də Səbail rayonunun su təchizatının yaxşılaşdırılması məqsədi ilə Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində 2 yeni su anbarı tikilmişdir. Səbail Rayon Enerji Təchizatı və Satış İdarəsinin yeni binası istifadəyə verilmişdir. Polis İdarəsinin 8-ci Polis bölməsinin inzibati binası əsaslı təmir olunmuşdur. Mətbuat prospekti, 2 ünvanda xeyir-şər yeri tikilmişdir. Mərkəzdə yaşayış binalarının fasadlarının üzlənməsi və səkilərə dekorativ daş döşənməsi işləri davam etdirilir. Bayıl yaşayış sahəsindəki qəzalı vəziyyətdə olan 3 saylı uşaq musiqi məktəbinin sökülərək yenidən tikilməsinə başlanmışdır.

Rayon icra hakimiyyəti tərəfindən hazırlanmış "Abad həyət" layihəsi əsasında Badamdar qəsəbəsində T.Məmmədov küçəsi, 14 ünvandakı həyət əsaslı təmir olunub istifadəyə verilmişdir. Tofiq Məmmədov və Məktəbli küçələrində yeni istirahət guşələri yaradılmışdır. Qəsəbədaxili yollara asfalt çəkilməsi işləri aparılır. Badamdar qəsəbəsindəki Heydər Əliyev parkında təmir-yenidənqurma aparılması üçün layihə sənədləri hazırlanmışdır. Ümummilli liderin parkda qoyulacaq büstünün hazırlanması başa çatmaq üzrədir. RİH-nin səyləri nəticəsində Qafur Məmmədov adına parkda və 39 saylı uşaq bağçasında əsaslı təmir aparılır. Salyan yolu 32 ünvanda piyadalar üçün yol keçidi tikilir, Xanlar küçəsi 2 ünvanda yeni park salınır.

20-ci yaşayış sahəsində Dövlət Neft Şirkəti "Neftçi" İdman-Sağlamlıq Mərkəzinin "Bibiheybət" stadionunda əsaslı yenidənqurma və burada AFFA tərəfindən 3 min nəfərlik yeni stadionun tikintisi davam edir.

Toplantıda bildirilmişdir ki, təsərrüfat xidmətləri tərəfindən bir sıra işlər həyata keçirilmişdir. Mənzil Kommunal Təsərrüfatı Birliyi bir sıra binalara gedən istilik xətlərində, 5 binanın dam örtüyündə təmir işləri aparmış, su və kanalizasiya xətlərini dəyişdirmişdir. Mərkəzdəki bir sıra binaların fasadı təmir olunmuş, rəngləmə işləri görülmüşdür. Sakinlərin elektrik enerjisi, təbii qaz, içməli su ilə təminatının yaxşılaşdırılması üçün bir sıra tədbirlər həyata keçilmiş, bu istiqamətlərdə narazılığa səbəb ola bilən hallara yol verilməmişdir.

Müşavirədə rayonun sosial-mədəni həyatında baş vermiş mühüm hadisələrdən də söz açılmış, bildirilmişdir ki, yazın gəlişi ilə bağlı rayon ərazisində aparılan abadlıq və yaşıllaşdırma işlərinin həcmi daha da artmışdır. Bayıl yamağında keçirilən iməciliklərdə 5000 yeni ağac əkilmiş, 2500 ağaca qulluq göstərilmişdir. İməciliklər rayonun qəsəbələrində və yaşayış sahələrində də keçirilmişdir.

İclasda əldə olunmuş nailiyyətlələ yanaşı, həllini gözləyən problemlər, çatışmamazlıqlar və onların aradan qaldırılması yolları, nəzərdə tutulan abadlıq işləri və vətəndaşların müraciətləri ilə bağlı görülən işlər də müzakirə olunmuşdur.

 

 

R.TAHİR

 

Xalq qəzeti.- 2011.- 19 aprel.- S. 5.