Sabirabadda oftalmoloq Zərifə xanım Əliyevanın yubileyi qeyd olunmuşdur

 

Aprelin 27-də Sabirabad rayon Mərkəzi Xəstəxanasında görkəmli alim, əməkdar elm xadimi, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 88-ci ildönümü ilə bağlı tədbir keçirilmişdir.

 

Xəstəxananın baş həkimi Əlifağa Nadirov məruzə etmişdir. Rayon icra hakimiyyətinin şöbə müdiri İlham Əsgərov, YAP rayon təşkilatının sədri Nadir Quliyev, GEM-in baş həkimi Yaqub Tağıyev, göz həkimi Elmira Əfəndiyeva, gənc həkim Xavər İsgəndərli və başqaları çıxış edərək bildirmişlər ki, tibb elmində böyük xidmətləri olan görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyeva Azərbaycanın XX əsrdə yetirdiyi ən tanınmış qadın alim və şəxsiyyətlərdən biridir. Alimin Azərbaycanda oftalmologiya elminin inkişafında müstəsna xidmətləri vardır.

Məruzə və çıxışlarda bildirilmişdir ki, Zərifə xanım vaxtilə Azərbaycanda geniş yayılmış traxomanın öyrənilməsi, habelə oftalmologiyanın müasir problemlərinə dair bir çox sanballı tədqiqatların, o cümlədən "Terapevtik oftalmologiya", "İridodiaqnostikanın əsasları" kimi nadir elmi əsərlərin müəlliflərindən biri, 12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 150-yə yaxın elmi işin, bir ixtira və 12 səmərələşdirici təklifin müəllifidir. Görkəmli alim Zərifə xanım Əliyeva yüksək ixtisaslı kadrların hazırlanmasına böyük əmək sərf etmişdir. Zərifə xanımın zəngin elmi irsi, tədqiqatları, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərləri bu gün də öz aktuallığını itirməmişdir.

 

 

Səməd HÜSEYNOĞLU

 

Xalq qəzeti.- 2011- 28 aprel.- S. 3.