Nərimanov rayonunda akademik Zərifə Əliyevanın doğum günü qeyd olunmuşdur

 

Görkəmli oftalmoloq alim, bənzərsis ziyalı, qayğıkeş insan Zərifə Əliyevanın anadan olmasının 88-ci ildönümü tamam olur. Bu münasibətlə ölkəmizin hər yerində Azərbaycan səhiyyəsinə misilsiz töhfələr vermiş, respublikamızin ictimai- siyasi həyatında fəal rol oynamış Zərifə Əliyevanın doğum günü böyük təntənə ilə qeyd edilir, onun parlaq, nurlu xatirəsı ehtiramla anılır.

 

Dünən paytaxtın Nərimanov rayonunda akademik Zərifə Əliyevanın adını daşıyan uşaq bağçasında keçirilən tədbir də görkəmli elm və ictimai-siyasi xadim, müasir Azərbaycan qadınları üçün, sözün əsl mənasında, ideal sayılan Zərifə xanımın əziz, nurlu xatirəsinə olan ehtiramın, sonsuz məhəbbətin parlaq təcəssümü idi.

Akademik Zərifə Əliyeva adına uşaq bağçasının müdiri Sevinc Mustafayeva tədbiri giriş sözü ilə açaraq iştirakçıları salamladı, onları bu əlamətdar gün münasibətilə təbrik etdi. Qeyd olundu ki, Zərifə xanım Əliyeva qədirbilən xalqımızın, onu yaxınlardan tanıyanların, qohum və doğmalarının yaddaşında görkəmli ziyalı, elm xadimi, gözəl insan, vəfalı ömür-gün yoldaşı, qayğıkeş ana, bənzərsiz vətəndaş kimi qalmışdır. Ömrünü insanların sağlamlığının qorunmasına həsr etmiş bu nəcib xanım, həm də körpələri, balacaları sonsuz məhəbbətlə sevir, onları Tanrının ən müqəddəs payı hesab edirdi. Məhz bütün bu keyfiyyətlərinə görədir ki, Zərifə xanım hər zaman hamı tərəfindən sevilir, əziz xatirəsi ehtiramla yad olunur.

Sonra Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev çıxış edərək Azərbaycan elminə, səhiyyəsinə misilsiz töhfələr vermiş tanınmış oftalmoloq alimin, cəmiyyətimiz üçün layiqli vətəndaş, görkəmli ictimai-siyasi xadim yetişdirən bir ananın doğum gününü təqvimin ən əlamətdar günlərindən biri kimi dəyərləndirdi. Natiq bugünkü tədbirin akdemik Zərifə Əliyevanın adını daşıyan bağçada qeyd edilməsinin heç də təsadüfi olmadığını diqqətə çatdıraraq bildirdi ki, bütün şüurlu ömrünü insanların sağlamlığının qorunmasına, neçə-neçə xəstəyə dünya işığı bəxş etmiş Zərifə xanım gələcəyimiz olan uşaqları bir ana kimi sevir, onlara xüsusi qayğı və nəvazişlə yanaşırdı. Natiq, həmçinin körpə fidanların təlim-tərbiyəsinin keşiyində duran bu bağçanın yaradıcısı və təşəbbüskarı olan Heydər Əliyev Fonduna, onun prezidenti Mehriban xanım Əliyevaya dərin təşəkkürünü bildirdi. Burada təlim-tərbiyənin yüksək səviyyədə təşkil olunmasının ümummilli lider Heydər Əliyevin təhsilə, gələcəyimiz olan uşaqlara göstərdiyi qayğı və diqqətin parlaq təzahürü kimi dəyərləndirdi, bağçada təlim- tərbiyə alan uşaqların gələcəkdə ölkəmiz, cəmiyyətimiz üçün layiqli vətəndaş kimi yetişəcəyinə əminliyini ifadə etdi.

Qeyd olundu ki, görkəmli ictimai-siyasi xadim Əziz Əliyevin ailəsində doğulub boya-başa çatmış Zərifə xanım nəsillərə örnək olan bir ömür yaşadı. Bu gün ömür-gün yoldaşı, ulu öndər Heydər Əliyevin memarı və qurucusu olduğu müstəqil Azərbaycanın inkişaf edib çiçəkləndiyinə, cəmiyyətimizə layiqli vətəndaş kimi böyüdüb boya-başa çatdırdığı övladı, möhtərəm Prezidentimiz İlham Əliyevin ölkəmizə layiqincə rəhbərlik etdiyinə görə Zərifə xanımın ruhu şaddır.

Azərbaycan səhiyyəsinin inkişafına misilsiz töhfələr vermiş akdemik Zərifə Əliyevanın elmi və ictimai-siyasi fəaliyyətindən söhbət açan A. Fərzəliyev bu bacarıqlı alimin, tanınmış oftalmoloqun insanların sağlamlıqlarının qorunması üçün yorulmaq bilmədən çalışdığını vurğuladı. Ötən əsrin 70-ci illərində istifadəyə verilmiş Bakı Məişət Kondisionerləri Zavodunda çalışan əməkçilərin sağlamlıqlarının qorunmasına misilsiz töhfələr vermiş xüsusi laboratoriyanın yaradılmasında Zərifə Əliyevanın müstəsna rol oynadığını diqqətə çatdırdı.

Tədbirdə iştirak edən Azərbaycan Müəllimlər İnstitutunun rektoru, Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı tanınmış oftalmoloq alim, bənzərsiz insan, sədaqətli ömür-gün yoldaşı, gözəl, mehriban ana Zərifə xanım Əliyevanın nəsillərə örnək olan ömür yolunun bəzi məqamlarından söhbət açdı. Natiq qeyd etdi ki, Zərifə xanım xalqımızın yetişdirdiyi elə şəxsiyyətlərdən olub ki, o, təkcə elmi fəaliyyəti ilə deyil, bütün mənəvi keyfiyyətləri, nəcib xüsusiyyətlərinə görə də hər zaman sevilir. Çünki yüksək əxlaqi və mənəvi dəyərlərə malik bir ailədə göz açmış Zərifə xanım işıqlı bir ömür yaşadığı kimi insanlara da nur bəxş etdi, onlara diqqət və qayğısını heç zaman əsirgəmədi. O, ümummilli liderimiz Heydər Əliyevin ömür-gün yoldaşı kimi şərəfli bir missiyanı yerinə yetirməklə yanaşı, hər zaman onun sadiq məsləkdaşı olub, gözəl, qayğıkeş bir ana kimi cəmiyyətimiz üçün layiqli övladlar yetişdirib. A.Naxçıvanlı gözəl, nəcib xüsusiyyətləri ilə yaddaşlarda əbədi qalacaq Zərifə xanım Əliyevanın humanist, nəcib əməllərinin hazırda bu ocağın, bu ailənin gəlini olan Mehriban xanım Əliyeva tərəfindən layiqincə davam etdirildiyini diqqətə çatdırdı.

Akademik Zərifə Əliyeva adına uşaq bağçasının tərbiyəçilərinin və balaca fidanların hazırladıqları ədəbi-bədii kompozisiya iştirakçılarda xoş ovqat yaratdı, tədbiri daha təsirli və yaddaqlan etdi.

Sonda tədbir iştirakçıları bağçada təlim-tərbiyə alan uşaqların çəkdikləri rəsmlərdən və digər əl işləri nümunələrindən ibarət sərgiyə baxdılar.

 

 

Mirbağır YAQUBZADƏ

 

Xalq qəzeti.- 2011.- 29 aprel.- S. 7.