Binəqədidə görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi anılmışdır

 

Görkəmli alim, akademik Zərifə xanım Əliyevanın xatirə günü ilə əlaqədar Binəqədi Rayon İcra Hakimiyyətinin keçirdiyi silsilə tədbirlər davam edir.

Dünən isə RİH və rayon ictimaiyyətinin nümayəndələri 6-cı mikrorayonda yerləşən Zərifə Əliyeva parkında görkəmli alimin büstü önünə gül dəstələri düzmüş, xatirəsini yad etmişlər. Rayon icra hakimiyyətinin başçısı A.Qocayev akademik Zərifə Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətlərindən danışmışdır. O demişdir ki, Zərifə xanım Əliyevanın zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin tarixinə parlaq səhifələr kimi yazılmışdır.

Görkəmli alimin həyat və fəaliyyətindən söz açan natiq demişdir ki, Zərifə xanım Əliyeva müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ömrünü Vətəninin və xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyətin, ümummilli lider Heydər Əliyevin həm vəfalı ömür-gün yoldaşı, həm də sədaqətli dostu, etibarlı silahdaşı olmuşdur. Vaxtilə Əziz Əliyevin ailəsində görüb-götürdükləri ölkənin birinci şəxsinin xanımı olduğu zamanlarda köməyinə çatmışdır. Zərifə Əliyeva məşhur alim, istedadlı insan, sədaqətli ömür yoldaşı və qayğıkeş ana idi.

Tədbir YAP Binəqədi rayon təşkilatının qadınlar və rayon ağbirçəklər şuralarının birgə toplantısı ilə davam etdirilmişdir. Çıxış edənlər alimin yüksək insani keyfiyyətlərindən danışmışlar. Bildirilmişdir ki, Zərifə xanım Əliyeva ləyaqətli, humanist, xeyirxah, mehriban insan olmuşdur. Peşəsində qazandığı uğurlar da bu xüsusiyyətləri ilə bağlıdır.

Tədbirdə Milli Məclisin deputatlarından M.Musayev və R. Cəbrayılov iştirak etmişlər.

 

 

Vaqif BAYRAMOV

 

Xalq qəzeti.- 2011.- 29 aprel.- S. 6.