Tailandda keçirilən XXIII Beynəlxalq İnformatika Olimpiadasında Azərbaycan məktəbliləri də iştirak etmişlər

 

İlk dəfə 1989-cu ildə keçirilmiş Beynəlxalq İnformatika Olimpiadası dünya ölkələrində təhsilin və innovativ təhsil texnologiyalarının inkişafında mühüm rol oynayır. Azərbaycan 1994-cü ildən başlayaraq hər il bu olimpiadaya qatılır. 1996, 1997, 2004-cü illərdə Azərbaycan məktəbliləri bürünc, 2003-cü ildə isə gümüş medal qazanıblar.

 

XXIII Beynəlxalq İnformatika Olimpiadasında dünyanın 77 ölkəsindən 304 məktəbli iştirak edib. İştirakçı ölkələrin sayına görə Beynəlxalq İnformatika Olimpiadasını yalnız Riyaziyyat Olimpiadası ilə müqayisə etmək olar. Hazırda YUNESKO-nun himayəsi altında məktəblilər arasında informatika ilə yanaşı 12 elm sahəsi üzrə beynəlxalq olimpiadalar keçirilir.

Qeyd edək ki, Beynəlxalq İnformatika Olimpiadasının qaydalarına görə, hər bir komandanın tərkibində dörd məktəbli ola bilər. Əvvəlki illərdə olduğu kimi, bu il də komandamızın tərkibi müəyyənləşdirilərkən, informatika üzrə respublika olimpiadasının, proqramlaşdırma üzrə olimpiadanın, beynəlxalq səviyyəli onlayn olimpiadaların nəticələri, o cümlədən şagirdlərin yaşı nəzərə alınıb. Sonuncu meyarın mahiyyəti təxminən eyni göstəriciləri olan iki məktəblidən, daha aşağı sinifdə təhsil alan şagirdə üstünlük verilməsindən ibarətdir. Beləliklə, Tayland olimpiadasında ölkəmizi VIII-XI sinif şagirdlərindən ibarət komanda təmsil edib. Olimpiadada Azərbaycan komandasının üzvü Azad Salahlı bürünc medala layiq görülüb.

Azərbaycan məktəblilərinin olimpiadaya hazırlığı AMEA İnformasiya Texnologiyaları İnstitutunun (İTİ) Tədris-İnnovasiya Mərkəzinin nəzdində yaradılmış Olimpiya Mərkəzində aparılıb. Olimpiadaya hazırlıq dərsləri Azərbaycan Respublikası Prezidenti Administrasiyası, Təhsil Nazirliyi, AMEA İnformasiya Texnologiyaları İnstitutu və "İnfomas" ictimai birliyinin elmi-metodiki və təşkilati, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin maliyyə dəstəyi ilə İnformasiya Texnologiyaları İnstitutunun, Bakı Dövlət Universitetinin və digər ali təhsil müəssisələrinin aparıcı alim və mütəxəssisləri tərəfindən aparılıb. Komanda üzvlərinə "Kombinatorika", "Ehtimal nəzəriyyəsi", "Qraflar nəzəriyyəsi" və riyaziyyatın digər sahələri üzrə mühazirə və məşğələlər keçirilib. İyunun 1-dən iyulun 17-dək davam etmiş treninqlər Bakı Dövlət Universitetinin dosenti, Beynəlxalq İnformatika Olimpiadasında Azərbaycan komandasının rəhbəri Ramin Mahmudzadənin rəhbərliyi altında aparılıb.

 

 

M.MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.- 2011.- 6 avqust.- S. 5.