Azərbaycan milli mədəniyyəti dövlətin himayəsi ilə inkişaf edir, zənginləşir

 

Ötən əsrin 90-cı illərini xatırlayanlar yaxşı bilirlər ki, Azərbaycan mədəniyyəti artıq tənəzzül etməyə başlamışdı. Bu onunla xarakterizə olunurdu ki, ölkədə baş verən hərc-mərclik, bu sahənin problemlərini tamamilə unutdurmuşdu. SSRİ-nin dağılması mədəniyyətə ayrılan dövlət vəsaitinin kəsilməsinə səbəb olmuşdu. Beləliklə, maddi-mədəniyyət abidələri baxımsız qalmışdı, kitabxana və klublar istifadəsiz obyektlərə çevrilmişdi, kinoteatrlar boşalmışdı. Bir tərəfdən də işğal olunan torpaqlarımızın maddi-mədəniyyət nümunələri ermənilər tərəfindən darmadağın edilmişdi. Ölkənin görkəmli mədəniyyət xadimləri xarici dövlətlərə üz tuturdular.

 

Müstəqilliyimizin üçüncü ilində artıq başqa sahələrdə olduğu kimi, milli mədəniyyətimizin də dağılma, məhvolma təhlükəsi aradan qalxdı. Ulu öndərin hakimiyyətə gəlişi ilə milli-mənəvi dəyərlərimizin qorunmasına dövlət qayğısı artdı, ölkədə müstəqil mədəniyyət siyasəti formalaşmağa başladı. Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan mədəniyyətinin inkişafında yeni islahatların əsasını qoydu. Məlumdur ki, ulu öndər rəhbər fəaliyyəti dövründə sənətə və sənətkara həmişə layiqli qiymət vermişdir. Ulu öndərin ikinci dəfə hakimiyyətə gəlişindən sonra da mədəniyyət işçilərinin sosial vəziyyəti yaxşılaşdırıldı.

Prezident Heydər Əliyev azərbaycançılıq ideologiyasını müstəqil ölkənin əsas mənəvi dəyərləri hesab edirdi. Ulu öndər milli-mənəvi dəyərlərimizi və onun fərqlənən bütün atributlarını qorumaqla, Azərbaycanı inkişaf etmiş, xalqın maddi-mənəvi tələbatını təmin edə bilən, daxili həyatı sabit, milli-sosial birliyə qovuşan bir dövlət kimi yenidən qurdu. Heydər Əliyev üçün milli-mənəvi dəyərlərin qorunub saxlanması və inkişaf etdirilməsi başlıca sosial-mədəni məsələ idi. Bununla bağlı ulu öndər qeyd edirdi ki, bizim milli ideologiyamızın konsepsiyası tarixi keçmişimizi, milli-mədəni, dini ənənələrimizi əks etdirməli, bu dəyərlərin qorunub saxlanılmasına və inkişaf etdirilməsinə xidmət etməlidir.

Tarix boyu Azərbaycanın şan-şöhrətini bütün ellərə yaymış, dünyanın mədəniyyət xəzinəsinə öz dəyərli töhfələrini səxavətlə bəxş etmiş dahi sənətkarlarımızın təntənəli yubileylərinin keçirilməsi, xalqımızın musiqi, kino, teatr və ədəbiyyat bayramlarının, çoxsaylı festival və mərasimlərin təşkili, bütün bu tədbirlərdə şəxsən iştirak etməsi ölkə başçısı Heydər Əliyevin mədəniyyət adamlarına böyük diqqət və ehtiramının təcəssümü idi. Ömrünü sənətə həsr etmiş yaradıcı şəxslərin böyük bir qrupunun ötən dövrdə dövlət mükafatları ilə təltif olunması, onlara fərdi təqaüdlər verilməsi, yardımlar göstərilməsi Heydər Əliyevin mədəniyyətə qayğısının bariz nümunəsi idi. Müstəqil dövlətimizin sükanı başında duran Heydər Əliyev mədəniyyətimizin yalnız dünənini və bu gününü deyil, həmçinin sabahını da düşünürdü. Bir şəxsiyyət kimi fitri istedad sahibi olan Heydər Əliyev daim gənc istedadların tapılıb üzə çıxarılmasına böyük diqqət yetirir, onlara qayğı göstərir, sənət yollarında uğurlar qazanmaları üçün hər cür şərait yaradırdı.

Heydər Əliyevin əsl milli təəssübkeşliyi sayəsində Bakı az bir vaxtda təkcə Azərbaycanın deyil, bir məşhur yazıçının təbirincə desək, bütün Qafqazın mədəniyyət paytaxtına çevrilmişdir. Heydər Əliyev, hər şeydən əvvəl, əhalinin ən geniş kütlələrinin dünya incəsənətinin, musiqisinin ənənələri və ən yaxşı nümunələri ilə tanış olmaları üçün şərait yaradılmasına böyük diqqət yetirirdi. Onun nəzərində, "yüksək incəsənət ilə təmas insanı həmişə zənginləşdirir, yüksəldir,onu daha yaxşı və daha xoşbəxt edir".

Heydər Əliyevin mədəniyyət siyasətinin təzahürüdür ki, dünya şöhrətli sənət xadimləri tez-tez şəhərimizin qonağı olur, Azərbaycanın dünya mədəniyyətinə inteqrasiyası üçün əllərindən gələni məmnunluq hissi ilə edirlər. Mstislav Rostropoviçin Bakı konservatoriyasında vaxtaşırı "master klass" hazırlığı keçməyə razılıq verməsi də Heydər Əliyevin böyük nüfuzu, milli və ümumbəşəri mədəni dəyərlərin qorunub saxlanması sahəsində yorulmaz fəaliyyəti hesabına mümkün olmuşdu. Bundan başqa, Bakıya dəvət olunan xarici mədəniyyət ustaları xalqımızın zəngin mədəniyyətini dünyanın hər yerində təbliğ edir, mədəni sərhədlərimizi genişləndirir. Respublikamızın iqtisadi çətinliklərinə baxmayaraq, Heydər Əliyev ayrı-ayrı musiqi kollektivlərinin, mədəniyyət ocaqlarının fəaliyyəti üçün daim maddi imkanlar axtarırdı. Dövlət simfonik orkestri əməkdaşlarının, mədəniyyət xadimlərinin əmək haqlarının atırılması, Musiqili Komediya Teatrı binasının istifadəyə verilməsi, Milli Dram Teatrının əsaslı təmiri Heydər Əliyevin bu sahədə həyata keçirdiyi tədbirlərdəndir. Mədəniyyət və incəsənətin digər sahələrində çalışanların da əmək haqları 1994-cü ildən başlayaraq, bir neçə dəfə artırılmışdır. Ölkənin maddi rifahı artdıqca mədəniyyət xadimlərinə göstərilən dövlət qayğısı da yüksələn xətlə inkişaf edir. Azərbaycan mədəniyyətinin sabahı dünənindən daha parlaq olacaqdır. Heydər Əliyevin təşəbbüsü ilə bu sahədə görülmüş işlər zəngin mədəniyyətimizin sürətli inkişafının möhkəm təməlini qoyub.

Ulu öndər Heydər Əliyevin mədəniyyət sahəsində başladığı əhəmiyyətli islahatların bu gün həmin siyasətin ən layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən davamlı olaraq həyata keçirilməsi artıq öz müsbət nəticələrini verməkdədir. Müstəqil Azərbaycanın mədəniyyət siyasətində islami dəyərlərə yeni prizmadan baxış çağdaş ictimai düşüncənin formalaşmasında əhəmiyyətli rol oynayır. "Qloballaşan dünyada Azərbaycan Respublikası və azərbaycanlılar özünün maddi-mənəvi və intellektual potensialı ilə layiqli yer tutacaqlar", - deyən Prezident İlham Əliyev xalqın inkişafı, o cümlədən mədəni tərəqqisi yolunda dönməz mübariz olduğunu öz fəaliyyəti ilə daim hiss etdirməkdədir.

2006-cı ildə Mədəniyyət və Turizm Nazirliyinin strukturunda dəyişiklik edilməsi nəticəsində dövlətin mədəniyyət siyasətinin həyata keçirilməsi daha çevik xarakter aldı, bu sahədə islahatlar sürətləndi, dövlət proqramlarının reallaşması istiqamətində uğurlu addımlar atıldı. Ölkənin mədəniyyət siyasəti dövrün tələblərinə uyğunlaşdırıldı. İslahatların prioritet sahələri dəqiqləşdirildi. Bunlar mədəni və tarixi irsin mühafizəsi, yaradıcılığın dəstəklənməsi, milli kinematoqrafiyanın, kitab nəşrinin inkişafı məsələləridir. Bundan başqa, cəmiyyətin məlumatlandırılmasına yönəldilən və bununla da onun daha çox demokratikləşməsinə, həm də dünya birliyinə inteqrasiyasına rəvac verən kitabxana və muzey sistemlərinin köklü şəkildə modernləşdirilməsi, yenidən qurulması da dövlətin mədəniyyət siyasətində mühüm yer tutur. Hazırda mədəniyyətin elə bir sahəsi yoxdur ki, onun inkişafı ilə bağlı dövlət proqramı qəbul edilməsin.

Paytaxtımızda, region mərkəzlərində teatrlarımızın binaları təmir olunur, müasir üslubda yenidənqurma işləri aparılır. Gənc Tamaşaçılar Teatrı, Rus Dram Teatrı, Milli Akademik Dram Teatrı əsaslı təmirdən sonra yenidən öz qapılarını tamaşaçıların üzünə açmışdır. Artıq Azərbaycan Dövlət Musiqili Komediya Teatrı yeniləşdirilir. Dövlət Mahnı Teatrının da binasının təmir olunması üçün hazırlıqlar görülür.

Kino yaradıcılığı sahəsində də yeni proqram reallaşdırılmaqdadır. Dövlət sifarişi ilə çəkilən filmlərin sayı artmaqda davam edir. Filmlərimizin saxlanc yeri olan Dövlət Film Fondu üçün yeni binanın tikilməsi və onun müasir avadanlıqlarla təmin olunması mənəvi sərvətimiz olan filmlərimizin qorunması, bərpası və gələcək nəsillərə saxlanılmasında əhəmiyyətli rol oynayır.

Musiqi sahəsində nailiyyətlərimiz daha çox ürək açandır. Xüsusilə, Azərbaycan muğamının dünyada təbliği, ölkəmizdə muğamın inkişafına göstərilən qayğı bunu deməyə əsas verir. Bu sahədə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın xidmətləri xüsusi seçilir. Muğam festivalının keçirilməsi, gənc muğam ifaçılarının sənətə cəlb olunması, Bakıda Beynəlxalq Muğam Müsabiqəsinin keçirilməsi, eyni zamanda Dənizkənarı Parkda Muğam Mərkəzinin tikilib istifadəyə verilməsi bu sahədəki nailiyyətlərimizdəndir.

Muzeylərimiz, kitabxanalarımız yenidən qurulur. M.F.Axundov adına Milli Kitabxananın fəaliyyətində informasiya texnologiyalarının tətbiqi, elektron kataloqların yaradılması, mərkəzləşmiş kitabxana sistemlərinin müasir tələblərə uyğunlaşdırılması, onların latın qrafikalı əlifba ilə çap olunmuş əsərlərlə komplektləşdirilməsi işi sürətləndirilib. Dövlət İncəsənət Muzeyi, Nizami adına Azərbaycan Ədəbiyyatı Muzeyi, Tarix Muzeyi tamamilə yeni üslubda təmir olunub tamaşaçıların istifadəsinə verilmişdir. Hazırda Bakıda bir neçə ev muzeyi təmirdən sonra öz qapılarını tamaşaçıların üzünə açmışdır. Bir neçə ev muzeyi isə yaxın vaxtlarda təmir olunacaq. Azərbaycan Xalça Muzeyi üçün yeni bina inşa edilməkdədir. Özünəməxsus üslubda inşa edilən bu muzey orijinal memarlıq üslubuna görə diqqəti cəlb edir.

2008-ci ildə Heydər Əliyev Fondunun dəstəyi ilə Qala kəndində açıq səmada yaradılan Arxeoloji-Etnoqrafik Muzey Kompleksi də mədəniyyət tariximizdə yeni hadisədir. Azərbaycan tarixinin qədimliyini təsdiqləyən və yaşadan Qobustanın, İçərişəhərin, Azərbaycan muğamının, aşıq sənətinin və xalçasının YUNESKO-nun qeyri-maddi irs siyahısına daxil edilməsi də çox önəmli nailiyyətdir. Son illər abidələrimizin qorunması və bərpası istiqamətində Mədəniyyət və Turizm Nazirliyinin həyata keçirdiyi tədbirlər də diqqətəlayiqdir. Müxtəlif qalalarımızın, günbəz və qəbirüstü abidələrin, tarixi binaların, məscidlərin qorunub gələcək nəsillərə çatdırılması yönündə ardıcıl işlər görülür.

Azərbaycan Şərqlə Qərbin qovuşağında yerləşdiyindən bizim ölkənin mədəniyyəti hər iki tərəfin mədəniyyətinin elementlərini özündə birləşdirmişdir. Ona görə də Azərbaycan mədəniyyətinin dünyada qəbul edilməsi, xüsusilə Şərq və Qərb ölkələrinin bizim mdəniyyət və incəsənətimizə maraq göstərməsi təsadüfi deyil. Bugün Azərbaycan mədəniyyəti dünyaya yüksək sürətlə inteqrasiya etməkdədir.

YUNESKO-nun Azərbaycan mədəniyyətinə göstərdiyi qayğı, bu təşkilatın xətti ilə Azərbaycanın görkəmli ədəbiyyat və incəsənət xadimlərinin yubileylərinin keçirilməsi, təşkilatın baş katibinin Bakıya səfəri əlaqələrin getdikcə genişlənməsinin bariz nümunəsidir. Söz yox ki, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşkilatın xoşməramlı səfiri kimi fəallığı bu diqqət və etimadı daha da artırır.

Son illər Azərbaycanın İslam Konfransı Təşkilatı ilə mədəni əməkdaşlığı da genişlənməkdədir. Heydər Əliyev Fondunun təşəbbüsü, YUNESKO və İSESKO-nun dəstəyi ilə 2008-ci ildə Bakıda keçirilən "Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi" mövzusunda beynəlxalq forum ölkəmizin bu prosesdə fəal mövqe tutmasının nümunəsidir. Prezident İlham Əliyevin təşəbbüsü ilə 2011-ci ildə Bakıda Azərbaycan - Rusiya Humanitar Forumu keçiriləcək. 2007-ci ilin noyabrında Liviyanın paytaxtı Tripoli şəhərində İSESKO-ya üzv dövlətlərin mədəniyyət nazirlərinin beşinci konfransında qəbul edilmiş qətnaməyə uyğun olaraq, Bakı şəhərinin 2009-cu ildə "İslam Mədəniyyətinin Paytaxtı" elan edilməsi isə Azərbaycanın mədəni həyatında çox mühüm hadisəyə çevrildi.

Ölkəmizdə həyata keçirilən mədəniyyət siyasəti öz uğurlu nəticələrini verməkdədir. Prezident İlham Əliyevin xüsusi qayğısı nəticəsində milli mədəniyyətimiz sürətlə inkişaf edir, beynəlxalq aləmdə daha çox tanınır.

Təkcə bir faktı xatırladaq ki, İlham Əliyev hakimiyyətə gəldiyi vaxtdan mədəniyyətin inkişafına həsr olunmuş 200-dən çox sərəncam imzalamışdır. Göründüyü kimi, müstəqil Azərbaycan dövlətinin milli və bəşəri dəyərlərə söykənən mədəniyyətinin inkişafı yolunda çox uğurlu addımlar atılır. Bu inkişafın əsasını isə ulu öndərin yaratdığı strategiya təşkil edir.

 

 

M.MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.- 2011.- 21 avqust.- S. 3.