"Olimpiya dünyası" 10 yaşını qeyd etdi

 

Bu xoş bir əlamətdir ki, Azərbaycanda idmanın və Olimpiya Hərəkatının təbliğinə və inkişafına yorulmadan öz töhfələrini verən Milli Olimpiya Komitəsinin qəzeti "Olimpiya dünyası"nın on illik yubileyi olimpiyaqabağı ilə təsadüf etmişdir. Tezliklə, cəmi bir aydan sonra isə qəzet olimpiya ili olan 2012-ci ilə qədəm qoyacaq. Bəri başdan onun yaradıcı heyətinə, bütün kollektivinə Londonda keçiriləcək XXX Yay Olimpiya Oyunularında Azərbaycan idmanı nümayəndələrinin qələbə və medallarının böyük sevincini yaşamağı arzulayaq.

 

"Olimpiya dünyası"nın 10 illik yubileyi ilə əlaqədar bir neçə gün əvvəl Bakı Şəhər Gənclər və İdman Baş İdarəsində, Azərbaycan Mətbuat Şurasında keçirilən tədbirlər "Avropa" otelində davam etdirildi. Sıralarında Olimpiya oyunları, dünyaAvropa çempionları, mötəbər beynəlxalq yarışların qalib və mükafatçıları, tanınmış mütəxəssislər, KİV təmsilçiləri olan idman ictimaiyyətinin nümayəndələri konsert proqramı ilə müşayiət edilən görüşdə yaxından ünsiyyətdə olmaq imkanı qazanmışdılar.

Tədbirin əvvəlində Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 23 noyabr 2011-ci il tarixli sərəncamı ilə Azərbaycan idmanının təbliğindəki xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif olunmuş "Olimpiya dünyası" qəzetinin əməkdaşları Səadət Hakıyevaya və Aslan Şirəliyevə toplaşanların alqışları altında medalları təqdim edib, onları yüksək mükafata layiq görülmələri münasibətilə təbrik etdi.

Milli Məclisin deputatı, MOK-un baş katibi, Azərbaycan Boks Federasiyasının vitse-prezidenti Ağacan Abiyev, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər İsayev, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının prezidenti Eldar İsmayılov və başqaları öz təbrik çıxışlarında "Olimpiya dünyası"nın on il ərzində keçdiyi şərəfli yoldan, onun Azərbaycanın idman mətbuatında tutduğu aparıcı mövqedən, ölkə idmanına və Olimpiya Hərəkatına verdiyi töhfələrdən söz açıb, qəzetin kollektivinə ən xoş arzularını bildirdilər.

Tədbirdə "Olimpiya dünyası" qəzetinin baş redaktoru, əməkdar jurnalist Murad Fərzəliyev bir sıra federasiyaların, idman təşkilatları və qurğularının nümayəndələrinə, habelə kütləvi informasiya vasitələri təmsilçilərinə qəzetin xatirə hədiyyələrini təqdim etdi.

 

Oqtay BAYRAMOV

 

Xalq qəzeti.- 2011.- 2 dekabr.- S. 8.