Yaradıcı ziyalılarımız Rusiyadakı Azərbaycan diasporunun həyatında mühüm rol oynayırlar

 

Moskva şəhərində fəaliyyət göstərən "Şəhriyar" Ədəbi-Mədəni Cəmiyyətinin sədr müavini, şairə Könül Ordubadlı Rusiya Federasiyası Yazıçılar Birliyinin üzvü kimi dost ölkədəki Azərbaycan diasporunun mədəni həyatında çoxsaylı tədbirlərin müəllifinə çevrilib. Son dövrlər xaricdə fəaliyyət göstərən Azərbaycan diasporunun tərkib hissəsi olan Rusiya azərbaycanlıları daha da təşkilatlanmış, mütəşəkkil qüvvəyə çevrilmişlər. Azərbaycan icmaları arasında əlaqələrin möhkəmlənməsi isə haqq səsimizin dünyaya çatdırılması, həmvətənlərimizin hüquq və azadlıqlarının müdafiəsi istiqamətində bir sıra əhəmiyyətli uğurlar əldə olunmasına rəvac vermişdir.

 

Şübhəsiz, bütün bu uğurların əsasında insan amili dayanır. Diasporun təşkilatlanma prosesində və onun genişmiqyaslı fəaliyyətində yüksək intelktual səviyyəyə malik həmvətənlərimizin iştirakı nailyyətlərimizin davamlı xarakter almasında müstəsna rol oynayır. Həmin həmvətənlərimizdən biri də Azərbaycanda dərc olunan bir sıra şeir kitablarının müəllifi kimi tanıdığımız Könül Ordubadlıdır.

Könül xanım Naxçıvanın Muxtar Respublikasının Ordubad rayonunun Dəstə kəndində dünyaya göz açıb. Milli-mənəvi dəyərlərimizə böyük hörmət bəsləyən, bu dəyərləri daim əziz tutan Könül xanımın ana dilimizdə ərsəyə gətirdiyi şeir kitablarında Vətən sevgisi, çiçəklənən, inkişaf edən müstəqil Azərbaycana olan rəğbəti həmişə ön planda olub. Ana yurda məhəbbət onun fəaliyyətində də özünü göstərib. Bu yaxınlarda qonşu ölkənin internet saytlarından öyrəndik ki, Könül xanım Rusiya Federasiyası Yazıçılar Birliyinə üzv seçilib. Xanım şairə hazırda üç kitabın müəllifidir. Bunlar 2006-cı ildə oxuculara təqdim edilən "Mən sevgi məhbusuyam" adlı şeir çələngi və ardıcıl olaraq 2007-2008-ci illərdə işıq üzü görən "Bir daha ağlamaram" povesti ilə "Sənə göz yaşımdan damla vermərəm" şeir kitablarıdır. Könül xanım bu yaxınlarda daha üç kitabı ilə oxucuların görüşünə gələcək. "Gecikdim sevginə", "Bizi ayıran Araz" romanları və "Qayıtma ömrümə" şeir külliyatı isə gələn ilin mart ayında işıq üzü görəcəkdir.

Yaradıcılıqla bağlı təşkilatlarla da sıx əlaqə saxlayan Könül xanım 2007-ci ildə Azərbaycan Yazıçılar Birliyinə, bu il isə Beynəlxalq Yazıçı və Publisistlər Assosiyasiyasına, eyni zamanda, Rusiya Yazıçılar Birliyinə üzv seçilib. Həmin təşkilatlara üzv seçilməyi şairənin kitablarının Avropada tərcümə olunaraq yayılmasında və şeirlərinin, romanlarının Qərb ölkələrindəki müxtəlif ədəbi-bədii jurnallarda dərc edilməsinə geniş imkanlar açmışdır. Ötən günlərdə Latviyanın paytaxtı Riqada dərc olunan "Nostoyaşiye Vremya" jurnalında Könül xanımın şeirləri tərcümə edilərək oxuculara çatdırılmışdır. Bu il noyabrın 23-də isə "Buta Plaza"da keçirilən tədbirdə şairə xanım Azərbaycan ədəbiyyatının Rusiyada təbliğinə görə ilin mükafatına layiq görülmüşdür.

Rusiyada yaşayan bir sıra həmyerlilərimiz kimi Könül xanım da Azərbaycanın ən böyük dərdi olan Qarabağ probleminə biganə qalmamışdır. O, həqəqətlərin Rusiya ictimaiyyətinə çatdırılması işində yaxından iştirak edir. Vətənpərvər həmyerlimiz Könül Ordubadlının ədəbiyyat sahəsində qazandığı uğurlar, o cümlədən Beynəlxalq Yazıçı və Publisistlər Assosiyasiyası, Rusiya Yazıçılar Birliyi kimi nüfuzlu yaradıcı təşkilatlara üzv seçilməsi bizisevindirir. Azərbaycanlıların müxtəlif sahələrdə olduğu kimi, Rusiyanın ədəbiyyat elitasında da təmsilçiliklərinin artması haqq işimizin müdafiəsində öz rolunu oynaya bilər. Buna görə də dünyanın harasında olursa-olsun bir azərbaycanlının qazandığı uğur xalqımızın, millətimizin yüksəlişinə, dünya sivilizasiyasında layiqli yer tutmasına xidmət edir.

 

Rauf KƏNGƏRLİ

 

Xalq qəzeti.- 2011.- 15 dekabr.- S. 5.