"Əfsanələr Paytaxtı"ndan təəssüratlar

 

Qədim və əsrlərin salnaməsini özündə yaşadan bu diyar tarixdə bir sıra önəmli hadisələrin şahidi olub. Əmir Teymur qışı burda keçirib. Yer altından yüksək temperaturla qaynayan isti Xaltan suyu vaxtilə buradan keçən Səfəvi hökmdarı Şah Abbasqoşununun xoşuna gəlib və onun əmriylə burda iki hamam tikilib. Xəzər dənizindən başlayan, buradan keçərək Gürcüstana doğru uzanan Gilgilçay istehkamı - səddi o dövrün müdafiə taktikası olmaqla yanaşı, həm də özündə bir sıra sirləri daşıyır. Buranın qədim ənənələrə dayanan xalıları Peterburqda xalça sərgisində birinci yerə layiq görülüb. Bir vaxtlar Azərbaycanın məşhur və istedadlı şairi Xaqani Şirvani bu şəhərdə həbs həyatı yaşayıb, məşhur "Həbsiyyə" şeirlərini də burada zindanda yazıb.

 

Zaman keçdikcə əfsanə və rəvayətlərə çevrilən bu tarixi gerçəkliklər bu gün "Əfsanələr Paytaxtı" elan edilən Şabranın sirlərlə dolu tarixidir və bura gələnləri heyran edir.

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təsdiq etdiyi "2010-2014-cü illər üçün Xalq yaradıcılığı Paytaxtları" Proqramına əsasən diyarşünaslıq, folklor və sənətkarlıq nominasiyaları üzrə ölkəmizin şəhər və rayonlarından daxil olmuş təkliflər, müvafiq namizəd şəhərlərin tarixi ənənələri, mədəniyyət infrastrukturunun vəziyyəti nəzərə alınaraq, bu il üçün qədim Şabran şəhəri "Əfsanələr Paytaxtı" elan edilib.

Layihənin məqsədi qədim və zəngin Azərbaycanın qeyri-maddi mədəni irsinin müasir tələblərə cavab verə biləcək formada qorunması, bərpası və istifadəsini təşkil etmək və tanıtmaqdan ibarətdir.

Şabranda il boyu bununla bağlı silsilə tədbirlər keçirilmişdir. Rayon sənətkarlarının milli-mənəvi dəyərlərini özündə əks etdirən qədim sənət nümunələrindən ibarət tətbiqi sənət sərgisi təşkil edilmişdir. Sərgidə milli alətlə, toxumalar, rəsm əsərləri, oymalar, balıqqulağı və muncuqlardan hazırlanmış sənət əsərləri sərgiyə gələnlərin marağına səbəb olmuşdur. Nümayiş edilən "Pirəbədil", "Qollu Çiçi", "Ursiyət" və s. çeşnili xalçaları bu qədim el sənətinin bu gün də yaşadılmasından xəbər verir. Həmçinin il boyu rayonun "Çıraqqala", "Zurnaçılar" və "Xınayaxdı" folklor xalq kollektivləri də rəgarəng musiqi nömrələri ilə sərgi iştirakçılarına xoş günlər yaşatmışlar.

Şabran Rayon Tarix Diyarşünaslıq muzeyi "açıq qapı günləri" keçirmiş, rayon ziyalılarının iştirakı ilə elmi-praktik konfransa ev sahibliyi etmişdir.

Keçirilən tədbirlər arasında "Ümummilli liderimiz Heydər Əliyev Şabranda" adlı elmi-praktik konfrans və eyniadlı fotosərgi, xalq kollektivlərinin çıxışları, "Yeni söz karvanı"adlı poeziya axşamı və Mədəniyyətşünaslıq üzrə Elmi Metodiki Mərkəzin və Şabran Rayon Mədəniyyət və Turizm şöbəsinin təşkilatçılığı ilə keçirilən dəyirmi masa da yaddaqalan olub.

Yolumuz Şabranadır. Odur ki, biz jurnalistlər də Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı və təşəbbüsü ilə "Əfsanələr Paytaxtı"-nın ədəbi-mədəni mühiti, ecazkarlığı ilə daha yaxından tanış olmaq üçün buraya yollandıq. Yol boyu nazirliyin mətbuat xidmətinin rəhbəri, tanınmış jurnalistbir sıra mədəniyyət verilişlərinin müəllifi Zöhrə Əliyeva, Nazirliyin şöbə müdiri Fikrət Babayev və həmkarlarımızla səfər proqramını müzakirə etdik. "Mənim üçün də Şabranın tarixi-mədəni abidələri, müəssisələri maraqlıdır. Ümidvaram ki, birgə maraqlı bir gün keçirəcəyik, "Əfsanələr paytaxtı"nda sizi çox məkanlar valeh edəcək"-deyə Zöhrə Əliyeva bildirir.

Bir neçə saatdan sonra Şabrana çatdıq. İlk olaraq Heydər Əliyev Mərkəzinin qonağı olduq. Mərkəzin həyətində səliqə-sahman göz oxşayırdı. Elə bu mənzərəyə bir neçə dəqiqə tamaşa etdikdən sonra bizi səmimiyyətlə qarşılayan rayon icra hakimiyyətinin başçısı Novruz Novruzov qonaqları konfrans zalına dəvət etdi.

İl boyu görülən işlər, son illər rayonun ictimai, mədəni həyatında baş verən yenilik inkişafdan bəhs etdi. Bildirdi ki, qədim yaşayış məskəni olan rayon öz maddi-mədəni abidələri, tarixi ənənələri ilə "Əfsanələr Paytaxtı" adını doğrultmağa çalışmışdır. Onun sözlərinə görə, rayonda bir sıra mədəni obyektlər yenidən təmir edilib istifadəyə verilib. Uşaq yaradıcılıq mərkəzi, Mədəniyyət sarayı, kitab evi, tarix diyarşünaslıq muzeyi s. əhalinin mədəni səviyyəsinin yüksəlməsinə xidmət edir. Novruz müəllim söhbət zamanı Şabranın turizm potensialı barədə ətraflı məlumat verdi:

- Ötən əsrin əvvəllərindən Şabranda arxeoloji tədqiqatlara başlanılıb zəngin eksponatlar üzə çıxıb. Müstəqillikdən sonra Arxeologiya İnstitutunun bölgədə apardığı tədqiqatlar zamanı Şabran şəhərinin qalıqları tapılıb. 2003-cü ildə isə Prezident İlham Əliyevin sərəncamı ilə Şabran dövlət qoruğu yaradıldı. Bütün bunlar turizmin daha da inkişaf etdirilməsi baxımından mühüm önəm daşıyır. Hazırda bölgədə ekoloji tarixi turizmin inkişafı üçün turizm marşrutları xəritələri proqramlar hazırlanır. Çıraqqalanın bərpası üçün lazım olan vəsaitin ayrılması məqsədilə hökumətə müraciət edilməsi planlaşdırılır.

Turizm Sağlamlıq Mərkəzi tikiləcək. Bölgədə ekstremal turizmin inkişafı üçün şərait var. Bunun üzərində işləyirik. Yüksək standartlara cavab verən müasir texnologiyalarla təchiz edilmiş Heydər Əliyev Mərkəzi gənclərin asudə vaxtının təşkili üçün geniş imkanlara malikdir. Bu gün Şabran "Əfsanələr Paytaxtı" olmaqdan qürur duyur, Prezident İlham Əliyevin ölkənin bütün regionlarına, o cümlədən Şabrana göstərdiyi qayğısı nəticəsində rayonun daha da çiçəklənməsi üçün əlimizdən gələni edirik.

Maraqlı söhbətdən sonra icra hakimiyyətinin şöbə müdiri Əhməd Səmədov bizi şəhərin bir sıra vacib mədəniyyət obyektləri ilə tanış etdi. İlk yollandığımız yer "Pirəbədil Xalça" MMC oldu. Müəssisəyə girərkən Şabran xanımları başında idi. Müəssisənin direktoru Məleykə Xəlilova Şabranın qədim xalça ənənələrini olduğunu söylədi. Bildirdi ki, Pirəbədil Zeybə xalçaları öz orijinallığına naxışlarına görə bu gün göz oxşayır. Öyrəndik ki, "Şabran: Əfsanələr Paytaxtı" münasibəti ilə xalça da toxunub.

Yüksək təmirdən çıxmış uşaq yaradıcılıq mərkəzində isə uşaqlar həm əylənir, həm müxtəlif uşaq nəşrləri ilə tanış olur, nağıl dinləyirlər. Mərkəz informasiya texnologiyaları kompyuter şəbəkəsi ilə təmin edilib. Mərkəz yaxınlığındakı kitab evində isə Azərbaycan xarici ədəbiyyatla bağlı hər cür kitaba rast gəlmək olar. Kitab evi yeni nəşrlərlə oxucuların tanış olmasına imkan verir.

Maraqlı eksponatlarıyla diqqət çəkən Tarix Diyarşünaslıq Muzeyində 3205 eksponat qorunur. Arxeoloji qazıntılar zamanı tapılan bu nümunələr arasında qızılın əyarını ölçən məhək daşı daha çox diqqəti cəlb edirdi. Muzeydə həmçinin ulu öndər Heydər Əliyevin Şabrana səfərlərini əks etdirən guşə də var.

Yenicə tikilmiş Poeziya evini də ziyarət etdik. Burada ədəbi tədbirlər və diskusiyalar keçirmək üçün şərait var. Tanınmış ədiblərin portretləriylə bəzədilmiş Poeziya evi insanı sanki keçmişə aparır. Evin qarşısında ucaldılmış ustad Xaqani Şirvaninin nəhəng heykəli ətrafa keşik çəkirdi.

Son baş çəkdiyimiz məkan yol boyu haqqında maraqla danışdığımız Şabran şəhər divarının qalıqları oldu. İlkin orta əsrlərə aid arxeoloji tapıntılar öz unikallığına, tikiliş tərzinə görə o dövrün memarlıq tikinti metodlarından xəbər verir. Burada eşitdiyimiz ən diqqətçəkən faktlardan biri Xaqani Şirvaninin yatdığı zindan haqqında oldu. Zindanın təxmini yerini göstərən tarix müəllimi Ə. Hüseynov söylədi ki, bu dar məkanın heç bir qapı və pəncərəsi olmayıb. Məhbuslar bacadan içəri atılıb. Onun sözlərinə görə, Şabranda tədqiqatlar davam etdirilərsə, bölgənin tarixinə aid daha çox maraqlı nümunələr ortaya çıxa bilər.

Həqiqətən də, üzərində gəzdiyimiz hər bir daş, torpaq özündə keçmişimizi, tariximizi yaşadır. Keçmişi öyrənmək üçün torpaq arasında əsrlərdir gizlənən canlı tarixi oxumaq kifayətdir.

Axşam çağıdır, bir günlük Şabran səfərimizi yekunlaşdırırıq. Gün tez keçsə də, "Əfsanələr Paytaxtı"ndan zəngin təəssüratlarla ayrılırıq. Hələlik, əfsanəvi şəhər. Gələn görüşlərədək!

 

Əfsanə BAYRAMQIZI, Mehdi MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.- 2011.- 18 dekabr.- S. 7.