Heydər Əliyev dühası Azərbaycanın dövlət müstəqilliyini əbədiləşdirdi

 

Sovet İttifaqı dövründə müttəfiq respublikaların xarici ölkələrlə birbaşa əlaqələr qurmaq imkanı demək olar ki, yox dərəcəsində idi. Qüdrətli şəxsiyyət Heydər Əliyev belə çətin bir şəraitdə Azərbaycanın beynəlxalq aləmə inteqrasiyası üçün bütün imkanlardan istifadə edirdi.

 

 

Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi 1969-1982-ci illərdə həyata keçirdiyi bütün tədbirlər gələcək müstəqil Azərbaycanın formalaşdırılması üçün hesablanmışdı. Ulu öndər Azərbaycana yeni dövlət idarəçiliyi fəlsəfəsi, mədəniyyəti gətirməklə müstəqil Azərbaycanın möhkəm özüllər üzərində qurulmasını təmin etdi.

 

 

Ümummilli lider Heydər Əliyevin ölkəmiz və xalqımız qarşısında xidmətləri olduqca böyükdür. Dövlət müstəqilliyimizin qorunub saxlanılması, möhkəmləndirilməsi ulu öndərin tarix boyu unudulmayan xidmətlərindəndir. Heydər Əliyev Ulu Tanrının bizə bəxş etdiyi əvəzedilməz lider və xalqın xilaskarıdır.

 

1969-cu ildə Heydər Əliyev respublikaya rəhbərliyə başlayanda Azərbaycanda vəziyyət son dərəcə ağır idi. Heydər Əliyev hakimiyyətə gəldikdən dərhal sonra qarşıya qoyduğu əsas məsələlərdən biri siyasi rəhbərlik daxilində yekdillik, azərbaycanlılar arasında milli birlik, xalqla hakimiyyət arasında uçurumu aradan qaldırıb vəhdət yaratmaq oldu.

Ulu öndər respublikamıza rəhbərliyə gəldikdən sonra hakimiyyət strukturlarına əsasən, azərbaycanlıları yerləşdirdi. Azərbaycan elitasını birləşdirərək respublikanı tərəqqiyə doğru aparmağa başladı. Heydər Əliyev müxtəlif sahələr, xüsusən gələcək dövlət müstəqilliyi üçün lazım olan peşəkar kadrları hazırlamaq istiqamətində bütün imkanlarından istifadə etdi. Müdrik şəxsiyyət respublikada elm və təhsilin, mədəniyyət və incəsənətin, səhiyyənin inkişafına xüsusi qayğı göstərdi, Azərbaycanda mədəni-maarif, elm, səhiyyə, ictimai iaşə və sosial xidmət obyektlərinin geniş şəbəkəsi yaradıldı. Ümummilli lider deyirdi ki, xalqın elmi, mədəni səviyyəsinin yüksəldilməsində maarif və mədəniyyət ocaqlarının rolu böyükdür. Mədəni yüksəlişə daim böyük qayğı və diqqət göstərən respublika lideri bu sahədə təqdirəlayiq işlər görmüşdür. Bəzi faktları diqqətə çatdırmaq istərdim. Əgər Heydər Əliyev Azərbaycan KP MK-nın birinci katibi seçilənə qədər Azərbaycanda 2853 kütləvi kitabxana, 1985 klub, 38 muzey, 1903 kinoqurğu vardısa, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edildiyi 1982-ci ildə isə artıq həmin göstəricilər müvafiq surətdə 4008, 301 və 2317-yə çatmışdı. Bu illər ərzində Azərbaycanda 445,2 min şagird yeri olan 849 ümumtəhsil məktəbi, çoxlu məktəbəqədər müəssisə, xəstəxanalar, ambulatoriya-poliklinika, mədəniyyət evləri, klublar, kinoteatrlar, ticarət və ictimai-iaşə müəssisələri, mehmanxanalar, digər sosial obyektlər tikilib istifadəyə verilmişdi. Təhsilin inkişafı, milli kadrların, əsasən azərbaycanlı mütəxəssislərin hazırlanması işinin təşkili bu dövrdə demək olar ki, tamamilə yeni səviyyəyə çatdırılmışdı.

Azərbaycanda yeni-yeni ali məktəblər açılırdı. Bakıda Cəmşid Naxçıvanski adına hərbi məktəbin açılması ulu öndər Heydər Əliyevin xalqın sabahı naminə böyük uzaqgörənliklə həyata keçirdiyi siyasətin real bəhrəsi idi. Çünki o illərdə azərbaycanlı hərbçilərin hazırlanması yalnız sovet ordusu tərkibində mümkün idi. Lakin bu da problemlərsiz deyildi. Çünki azərbaycanlılar sovet ordusu sıralarında tank, raket, aviasiya və digər hərbi-texniki sahələrdə deyil, əsasən tikinti batalyonlarında xidmətə çağırılırdılar. Azərbaycanlılara olan münasibətin yaxşılaşdırılmasına, Moskvanı şübhələndirməmək şərti ilə milli hərbi kadrların hazırlanması üçün baza yaradılmasına, dövlətin hərb sistemində azərbaycanlıların irəli çəkilməsinə, yüksək rütbələr verilməsinə və vəzifələrdə yerləşdirilməsinə ehtiyac duyulurdu. Bu məqsədin həyata keçirilməsi isə böyük məharət və siyasi uzaqgörənlik, müdriklik tələb edirdi. O dövrdə orta məktəblərdə hərbi hazırlıq fənni tədris edilməyə başlandı, hərbi kadrların hazırlanmasına, hərbçilərə, hərbi vətənpərvərlik tərbiyəsinə diqqət artırıldı. Cəmşid Naxçıvanski adına hərbi məktəbin açılması ilə Azərbaycanda milli hərbçi kadrların yetişdirilməsinin əsası qoyuldu. Bu məktəbin yaranmasının böyük tarixi əhəmiyyəti var idi. İlk növbədə azərbaycanlıların hərb elminə olan marağı artır, peşəkar hərbçilərin sistemli hazırlanması üçün fəaliyyətin əsası qoyulurdu. Hərbi məktəbin açılmasından sonra həyata keçirilən tədbirlər deyilənləri aydın şəkildə təsdiq edirdi. Bundan sonra Azərbaycanda gənclərin hərbi xidmətə , hərb elminə olan marağı sahəsində əsaslı dönüş yarandı. Hərbi məktəbə daxil olmaq istəyənlərin sayı getdikcə çoxaldı və milli hərbçilərin yetişdirilməsi sahəsində böyük irəliləyiş oldu.

Sovet İttifaqı dövründə müttəfiq respublikaların xarici ölkələrlə birbaşa əlaqələr qurmaq imkanı demək olar ki, yox dərəcəsində idi. Qüdrətli şəxsiyyət Heydər Əliyev belə çətin bir şəraitdə Azərbaycanın beynəlxalq aləmə inteqrasiyası üçün bütün imkanlardan istifadə edirdi. Bu sahədə Azərbaycan rəhbərinin fəaliyyəti əsasən aşağıdakı istiqamətlərdə həyata keçirilirdi. Azərbaycanın mərkəz vəsitəsilə həyata keçirilən beynəlxalq iqtisadi əlaqələri genişləndirildi; Azərbaycan beynəlxalq və ümumittifaq elmi, mədəni və siyasi tədbirlərin keçirildiyi mərkəzə çevrilməyə başladı; xarici ölkələrdə işləməyə göndərilən ixtisaslı azərbaycanlıların sayı artırıldı; beynəlxalq mədəni əlaqələr genişləndirildi; Azərbaycan üçün diplomat kadrların hazırlanmasına xüsusi diqqət yetirildi. Azərbaycanın beynəlxalq əlaqələrinin yaxşılaşdırılması istiqamətində rəsmi qərarların qəbul edilməsi də respublikamızın beynəlxalq aləmdə tanınmasında böyük rol oynadı.

Ümumiyyətlə, Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi 1969-1982-ci illərdə həyata keçirdiyi bütün tədbirlər sanki gələcək müstəqil Azərbaycanın formalaşdırılması üçün hesablanmışdı. Ulu öndər Azərbaycana yeni dövlət idarəçiliyi fəlsəfəsi, mədəniyyəti gətirməklə müstəqil Azərbaycanın möhkəm özüllər üzərində qurulmasını təmin etdi.

1993-cü ildə Azərbaycanda ictimai-siyasi vəziyyətin son dərəcə ağır olduğu bir vaxtda xalq yenə də böyük ümidlərlə öz xilaskarına - Heydər Əliyevə müraciət etdi. Heydər Əliyev dövlət rəhbərliyində olmadığı vaxtda ölkəyə rəhbərlik edən şəxslərin yeritdikləri müxtəlif yanlış siyasətlərin qanlı nəticələrinin şahidi olmuşdu. Əlbəttə ki, Azərbaycan xalqı yaxın keçmişinin acı dərslərindən nəticə çıxarmışdı. Xalqın tarixi yaddaşı bir daha belə səhvlərə yol verilməsinə imkan verə bilməzdi. Odur ki, ziyalılar ulu öndərə müraciət ünvanlayaraq onu ölkəyə rəhbərlik etməsinə razılıq verməsini təkidlə xahiş edirdilər. Ziyalıların müraciətində deyilirdi: "...Möhtərəm Heydər bəy! İndiki vəziyyətdə bu çətin, məsuliyyətli işi respublikada öz öhdəsinə götürməyə qadir yeganə şəxs Sizsiniz!" Bu, bütün Azərbaycan xalqının istəyi, arzusu idi.

Ulu Tanrı ikinci dəfə Heydər Əliyevi yenidən Azərbaycana xilaskar kimi yetirdi.

1993-cü ilin iyunundan başlayaraq ölkədə bütün sahələr üzrə inkişafın əsası qoyuldu. Azərbaycanın müstəqillik tarixində yeni mərhələ başlandı. Heydər Əliyev ölkəyə rəhbərliyə başlayan kimi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində çoxşaxəli və çoxtərəfli danışıqlara başladı. Günahsız insanların həlak olmasının, daxildə özbaşınalıq edən qeyri-qanuni silahlı qruplaşmaların qarşısının alınması üçün ciddi tədbirlər həyata keçirildi. O zaman ölkədəki ictimai-siyasi vəziyyət, xalqın mənəvi durumu elə bir həddə çatmışdı ki, fəal döyüş əməliyyatları yolu ilə müvəffəqiyyət qazanmaq imkanları tükənmişdi. Vahid komandanlıq altında nizami ordu yaratmaq, hazırlıqlı zabit heyəti korpusu yaratmaq, bir sözlə, həqiqi ordu quruculuğu ilə məşğul olmaq üçün vaxt lazım idi. Qarşıda duran vəzifələrin mürəkkəbliyi, cəbhə bölgələrində istər hərbi, istərsə ictimai, istərsə də mənəvi durumun ağırlığı, eləcə də diplomatik danışıqların ilk mərhələsinin məntiqi nəticəsi 1994-cü ilin mayın 12-də Ermənistanla atəşkəs razılığı imzalanması zərurəti doğururdu. Atəşkəsin tarixi əhəmiyyəti onda idi ki, yaranmış imkandan istifadə edən ulu öndər ölkəmizin qarşılaşdığı əsas problemlərin aradan qaldırılmasına nail oldu. 1994-cü il sentyabrın 20-də "Əsrin müqaviləsi" Azərbaycan Respublikasının siyasi, iqtisadiinformasiya blokadası şəraitində olduğu bir vaxtda imzalandı. Həmin dövrdə Azərbaycan haqqında dünyada təsəvvür ya ümumiyyətlə yox idi, yaxud da ki, respublikamız barəsində yalnız mənfi rəy formalaşmışdı. Heydər Əliyev belə bir gərgin şəraitdə dünyanın qüdrətli dövlətlərini təmsil edən 11 neft şirkəti ilə "Əsrin müqaviləsi"ni imzalamağa müvəffəq oldu. Azərbaycan üçün həyati əhəmiyyətli bu müqavilə həm respublikanın daxilində sabitliyin bərqərar olunması, həm də xarici siyasətdə uğurların əldə edilməsində müstəsna rol oynadı.

Ulu öndərin xalqımız qarşısında müstəsna xidmətlərindən biri də 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilmiş müstəqil Azərbaycanın Konstitusiyasıdır. Həmin gün həm də müstəqil Azərbaycan parlamentinə çoxpartiyalılıq əsasında və tam demokratik şəraitdə keçirilmiş ilk seçkilər günü kimi tarixə düşmüşdür. Xalqımızın milli sərvəti olan ana dilimizin inkişafına daim qayğı göstərilməsi haqlı olaraq Heydər Əliyevin böyük tarixi xidmətlərindən sayılır.

Heydər Əliyevin apardığı uğurlu daxilixarici siyasət sayəsində Azərbaycanda davamlı sabitlik yaradılmış, ölkədə demokratiyafikir azadlığı bərqərar olmuş, iqtisadiyyat inkişaf etmiş, xalqın həyat səviyyəsi daim yüksəlmişdir.

Heydər Əliyev siyasi xəttinin qüdrətini yüksək qiymətləndirən Azərbaycan xalqı geniş dünyagörüşünə malik, yüksək intellektli İlham Əliyevin bu siyasəti ləyaqətlə yerinə yetirəcəyinə əminliyini ifadə etdi. Ulu öndər 2003-cü il oktyabrın 1-də xalqa müraciətində bəyan etmişdir: "...O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir... İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm".

Bu gün Azərbaycan xalqı möhtərəm Prezidentimiz İlham Əliyevin Heydər Əliyev siyasətinin prinsiplərinə əsaslanaraq ölkəmizin xoşbəxt gələcəyi, iqtisadiyyatın inkişafı, müstəqil dövlətimizin dünya birliyinə inteqrasiyası, beynəlxalq aləmdə mövqelərinin getdikcə möhkəmləndirilməsi naminə böyük, əzəmətli quruculuq, abadlıq işlərinə ustalıqla rəhbərlik etməsinin şahididir. Dövlət başçımızın həyata keçirdiyi uğurlu daxilixarici siyasət ölkəmizi beynəlxalq aləmdə demokratik, sülhsevər və iqtisadi cəhətdən inkişaf etmiş dövlət kimi tanıdıb. Möhtərəm Prezidentimizin rəhbərliyi ilə liberal iqtisadi islahatlar davam etdirilmiş, bu sahədə qəbul olunan qanunvericilik aktları beynəlxalq standartlara uyğunlaşdırılmışdır. Artıq Azərbaycan özünü tam təmin edən ölkəyə çevrilmişdir. Son 8 ildə Azərbaycan iqtisadiyyatı 3 dəfə, dövlət büdcəsi 20 dəfəyə yaxın artmış, 41,5 milyard dollar həcmində valyuta ehtiyatı toplanmışdır. Müqayisə üçün deyim ki, 2003-cü ildə dövlət büdcəsi 1,2 milyard dollar, 2011-ci ildə isə 21 milyard dollar olmuşdur. 2003-cü ilə kimi Azərbaycan iqtisadiyyatına 20 milyard dollar investisiya qoyulduğu halda, son 8 ildə yaradılmış sərmayələr 100 milyard dolları keçmişdir.

Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının, həmçinin digər layihələrin qarşıya qoyduğu vəzifələrin uğurla icra olunması paytaxtregionlar arasında fərqin aradan qaldırılması sahəsində ciddi irəliləyiş əldə edilmiş, bölgələrin siması dəyişmiş, müasirləşmiş, bütün ölkədə əsaslı yenidənqurma işləri həyata keçirilmişdir. Sosial sahənin inkişafı, əhalinin rifah halının yüksəldilməsi möhtərəm Prezidentimizin diqqət mərkəzində saxladığı prioritet məsələlərdəndir. Bu gün Azərbaycanda orta pensiyanın səviyyəsi 190, orta maaşın səviyyəsi isə 450 dollardır. Ölkədə 113 min ailənin, 500 mindən artıq insanın ünvanlı sosial yardım alması iqtisadiyyatımızın qüdrətli olmasından xəbər verir. İşsizliyin səviyyəsi 5,5 faizə endirilmişdir. Son 8 ildə yoxsulluq şəraitində yaşayanların sayı 49 faizdən 9,1 faizə enmişdir.

Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş xarici siyasət kursu Prezident İlham Əliyev tərəfindən müasir dövrün reallıqları nəzərə alınmaqla uğurla davam etdirilir. Azərbaycan Cənubi Qafqazın iqtisadi, intellektualinformasiya mərkəzinə çevrilmiş, regionun aparıcı ölkəsi statusunu qazanmışdır.

Müstəqilliyimizin 20 illik tarixində xarici siyasət sahəsində ən uğurlu qələbələrdən biri bu ilin oktyabrında Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi olmuşdur. Dünyanın 155 ölkəsinin bu seçkidə Azərbaycanı dəstəkləməsi ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artmasından xəbər verir.

Ulu öndərin siyasi kursunun möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilməsi Azərbaycanı dünyanın inkişaf etmiş demokratik ölkələrindən birinə çevirib.

 

Mirkazım KAZIMOV

 

Xalq qəzeti.- 2011.- 18 dekabr.- S. 3.