Zənginliyə, tərəqqiyə və yüksək rifah cəmiyyətinə doğru...

 

"Azərbaycan 2020: gələcəyə baxış'' inkişaf konsepsiyası Azərbaycanın yüksək gəlirlərə və zəngin insan kapitalına malik ölkəyə çevrilməsini təmin edəcək.

 

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müəyyənləşdirdiyi fundamental dövlətçilik ənənələrini möhkəmləndirən və yeni dövrün reallıqlarına uyğun inkişaf etdirən Prezident İlham Əliyev ölkədə demokratik cəmiyyət quruculuğunun, siyasi və iqtisadi islahatların dönməzliyinin təmin edilməsi, yeni islahatlar kursunun həyata keçirilməsi sahəsində davamlı tədbirlərə imza atmışdır. Cənab İlham Əliyev respublikamızda yeni dövrün inkişaf qanunauyğunluqları nəzərə alınmaqla çevik, özünəməxsus, modern bir idarəetmə platforması formalaşdırmışdır.

 

Azərbaycanın siyasi lideri tərəfindən idarəçilik fəlsəfəsinin yeni komponentləri yaradılmaqla dövlət aparatı sistemində ən mükəmməl və demokratik meyarlara əsaslanan unikal bir idarəetmə formulu müəyyənləşdirilmişdir. 2003-cü il Azərbaycan iqtisadiyyatında yeniləşmə mərhələsi və keyfiyyət dəyişikliklərinin başlanğıc tarixidir. Bu mərhələ respublikamızın siyasi və iqtisadi həyatında tamamilə yeni proseslərin baş verdiyi bir tarixi dövrdür. Dövlət başçısı İlham Əliyev Azərbaycanın müstəqil siyasi kursunu, iqtisadi doktrinasını yeni dövrdə ən mükəmməl şəkildə inkişaf etdirən ictimai xadim, siyasi lider kimi diqqəti cəlb edir.

İqtisadiyyatda yeni idarəetmə fəlsəfəsi...

Yeni lider 2003-cü ildən etibarən Azərbaycanın həm daxili, həm də xarici siyasətində idarəetmənin yeni elementlərini yaratdı. Prezident İlham Əliyev yeni inkişaf erasının tələblərinə uyğun olaraq respublikamızın tərəqqisi və zənginləşməsi üçün islahatlar kursunun konturlarını müəyyənləşdirdi və onun miqyasının daha da genişlənməsinə təkan verən prinsipial addımlar atdı.Bu, Azərbaycanın milli dövlətçiliyinin möhkəmlənməsini təmin etməklə bərabər, bölgə ölkələrinin geniş əməkdaşlıq vektorlarının mühüm prinsiplərini özündə ehtiva edir.

Hər bir ölkənin inkişafı, sosial tərəqqisi onun hərtərəfli iqtisadi təhlükəsizliyini təmin edən və inkişaf meyarlarının konturlarını göstərən milli konsepsiyasının hazırlanması ilə sıx bağlıdır.

Prezident İlham Əliyev ən yeni tarixin qarşıya qoyduğu siyasi-sosial sifarişlərin yerinə yetirilməsi üçün kompleks tədbirlər proqramının müəllifi kimi siyasi-iqtisadi sabitliyin möhkəmlənməsinə baza yaradıb. Dövlət başçısı iqtisadi inkişafın əsas təkanverici faktoru kimi siyasi və ictimai sabitliyin gücləndirilməsini vacib sayırdı.

İlham Əliyev Azərbaycanda milli ideya platformasını ən dərin təməllər üzərində inkişaf etdirərək ölkənin sosial-iqtisadi, siyasi-hüquqi proqressiyasının yüksək xətt üzrə irəliləyişini sürətləndirib. Dövlət başçısının ən yeni tarixin qlobal təsirlər və regional proseslər məcrasında mahir və peşəkar siyasi lider kimi çevik qərarları ölkəmizin milli-ideoloji bazisini gücləndirib. Hazırda Azərbaycanın milli-ideoloji konstruksiyasının əsas şaxələri milli inkişafın çoxvektorlu trayektoriyalarını müəyyən edir, güclü vətəndaş cəmiyyətinin inkişafına impuls verir, milli həmrəylik və sıx vətəndaş birliyini möhkəmləndirir, sosial bərabərliyin altqatlarına güclü baza yaradır, eyni zamanda, zəngin gələcəyin və tərəqqinin konturlarının müəyyənləşməsində bilavasitə töhfəverici komponentə çevrilir.

İlham Əliyevin həyata keçirdiyi tədbirlər nəticəsində Azərbaycanın keçid iqtisadiyyatı artıq arxada qalıb. Yeni inkişaf mərhələsi isə Azərbaycanın iqtisadi modelinin tətbiq olunması fonunda başlayıb. Davamlı, dinamik inkişaf məntiqinə əsaslanan bu modelin strateji istiqamətləri tamamilə liberal bazar münasibətlərinə əsaslanır. Bu model sosialyönümlü iqtisadi sistemin və milli iqtisadiyyatın formalaşdırılması, ölkədə mövcud təbii-iqtisadi, texniki-istehsal və elmi-texniki potensialın fəal surətdə təsərrüfat dövriyyəsinə cəlb olunması, milli iqtisadiyyatın dünya təsərrüfat sisteminə səmərəli şəkildə inteqrasiyasından ibarətdir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, liberal iqtisadiyyatın təmin olunması ölkəmizin dünya birliyinə sıx inteqrasiyasını dərinləşdirir: "Biz tam şəkildə bazar iqtisadiyyatına keçmişik. Azərbaycan iqtisadiyyatı liberal iqtisadiyyatdır, müstəqil, dayanıqlı, öz resurslarına güvənən, dünya birliyinə sürətlə inteqrasiya edən iqtisadiyyatdır''.

İlham Əliyevin prezidentliyinin ikinci beşilliyi - XXI əsrin ilk onilliyinin sonu dünya iqtisadi sistemində yeni meyillərin meydana çıxması və ölkələrin milli inkişafında bir sıra təmayüllərin nəzərə çarpması ilə diqqəti cəlb etdi. Qlobal böhranın dərinləşərək ölkələrin iqtisadiyyatının motivasiya olunması yönündə zəruri tələblər qoyması və postböhran dövrünə hazırlıq siqnalları sosioiqtisadi metodologiyanın dəyişməsini də ehtiva edən əsas şərtlərdən sayıla bilərdi.

İslahatların sosial formulu insan amilinə xidmət edir...

İlham Əliyev dövlət başçısı kimi fəaliyyətinin birinci beş ilində nəzərdə tutulmuş islahatlar proqramındakı tədbirlərin, verdiyi vədlərin vaxtından əvvəl həyata keçirilməsinə nail oldu. Bu, həm də Prezidentin siyasi-iqtisadi idarəetmə sisteminin bütün komponentlərinə dərindən bələdliliyinin təsdiqidir.

İlham Əliyevin birinci prezidentlik dövrü Azərbaycan iqtisadiyyatının ən sürətli inkişaf mərhələsi hesab olunur. Bu beşillikdə Azərbaycan tarixə iqtisadi cəhətdən dinamik inkişaf etmiş ölkə kimi daxil olmuşdur. Həmin dövr ərzində iqtisadiyyatın inkişafı 2,6 dəfə, sənaye potensialı 2,5 dəfə artmışdır. Yoxsulluğun səviyyəsi 3-4 dəfə aşağı düşmüş, büdcə xərcləri 10 dəfədən çox yüksəlmişdir. Eyni zamanda, növbəti beşillik üçün yeni iqtisadi meyarlar müəyyən olunmuş, qarşıdakı mərhələdə inkişafın sürətlənməsini təmin edəcək möhkəm zəmin yaradılmışdır.

Cənab İlham Əliyevin ikinci prezidentlik dövrü iqtisadiyyatın strukturunun daha da təkmilləşməsi, idarəetmə texnologiyasının innovativ mərhələyə keçməsilə xarakterizə olunur. Xatırladaq ki, həmin mərhələdə milli inkişaf modeli iqtisadi mahiyyətinə görə, həm də sosiallığı ilə seçilir. Yəni bu modelin alt qatı birbaşa sosialyönümlü liberal iqtisadiyyata bağlıdır. Bu siyasət ictimai münasibətlərin sosial ədalət ruhunda dəyişdirilməsinə, gəlirlərin bərabərləşdirilməsinə, insanlar arasında maddi bölgülərin istehlakında bərabərsizliyin aradan qaldırılmasına və son nəticədə sosial rifahın yüksəldilməsinə hesablanmışdır. Bu, eyni zamanda, dövlətin iqtisadi gücünün artımı əsasında yeni demokratik cəmiyyətin qurulmasına kömək edir. Sosial-iqtisadi islahatlar makroiqtisadi dinamizmi möhkəmləndirməklə yanaşı, iqtisadiyyatın strukturundakı keyfiyyət dəyişikliyinə də səbəb olmuş, modernləşməni sürətləndirmişdir.

Yeni inkişaf erasını yaşayan Azərbaycan hazırda idarəetmə sistemini ən müasir innovasiyalara uyğun qurmaqdadır. Son illər bütün dünyada olduğu kimi, ölkəmizdə də dövlət hakimiyyəti orqanları tərəfindən irimiqyaslı informasiya-kommunikasiya texnologiyalarının tətbiqinə keçilib. Burada əsas məqsəd dövlət idarəçiliyinin keyfiyyətinin yüksəldilməsinə tələbatın artmasıdır.

Bu gün Azərbaycanda elektron formada dövlət xidmətlərinin göstərilməsinə xüsusi önəm verilir. Əhəmiyyətli investisiyalar da məhz bu istiqamətdə cəmləşmişdir. Təhsil, telekommunikasiya, səhiyyə, nəqliyyat və digər sahələrdə artıq bəzi informasiya sistemləri yaradılmışdır.

Azərbaycanda bu il "Elektron Azərbaycan" Dövlət Proqramının qəbul edilməsi dövlət idarəetmə sisteminin tam yeni innovasiyalara uyğunlaşdırılmasına, kreativ iqtisadi yeniliklərin tətbiqinin sürətləndirilməsinə geniş imkanlar açmışdır. Həmin proqramın icrası telekommunikasiya, poçt infrastrukturu və xidmətlərin inkişafına, dövlət və yerli idarəetmə orqanlarında İKT-nin tətbiqinə, informasiya cəmiyyətinə keçid üçün şəraitin yaradılmasına, ixrac və rəqabətədavamlılıq potensialının gücləndirilməsinə müsbət təsir göstərəcəkdir.

Dövlətin ən zəngin resursları onun milli sərvətləri ilə yanaşı, elmi kəşfləri, elmi innovasiyaları hesab olunur. Milli sərvət o vaxt ölkənin inkişafının, iqtisadiyyatının hərəkətverici qüvvəsi sayılır ki, onun altqatı intellektual mülkiyyətə, milli elmi idraka, insan kapitalına söykənərək inkişaf edir. Azərbaycanın ümumi strateji inkişaf doktrinası da məhz bu mühüm tezisin təşəkkül tapmasında özünün real təcəssümünü nümayiş etdirməkdədir. Cənab İlham Əliyev də dünya iqtisadiyyatının inkişafının əsas meyarları kimi modern kəşflərin, ixtiraların, innovasiyaların, kreativ iqtisadi strategiyanın tətbiqinin genişlənməsinə xüsusi əhəmiyyət verir. Dinamik inkişafın, sürətlə reallaşan layihələrin də məhz altbazisi fenomenal insan kəşfləri, ideyaları ilə əlaqədardır. Müasir sənaye iqtisadiyyatının inkişafını, onun ideya və platformasını biliklərə əsaslanan iqtisadi tədqiqatlar təşkil edir. Cənab İlham Əliyev zəngin sərvətlərin insan zənginliyinə, kapitalın intellektual mülkiyyətə transformasiyasını reallaşdırmaqla strateji bir ideyanın - insan kapitalı fondunun yaradılmasını təmin etmişdir.

Dünya iqtisadiyyatında Azərbaycan modeli...

XXI əsrin ilk onilliyini Azərbaycan üçün siyasi, sosial-iqtisadi sahələrdə tamamilə yeni bir inkişaf mərhələsi kimi qiymətləndirmək olar. Yola saldığımız onillik Azərbaycanın iqtisadiyyat tarixində intibah dövrü kimi yadda qalmışdır. Son on ilin nəticələrinə görə, ölkə iqtisadiyyatı dünya təcrübəsində çox az rast gəlinən bir kəmiyyət və keyfiyyət inkişafına nail olmuşdur. Faktlara diqqət yetirək. Ötən 10 il ərzində iqtisadiyyata 100 milyard dollara yaxın investisiya yönəldilmişdir. Qeyri-neft sektoru 2,8 dəfə artmışdır. Son beş ildə ÜDM-də qeyri-neft sektorunun payı 40,7 faizdən 44,7 faizə yüksəlmiş, neft sektorunun payı isə 53,8 faizdən 48,5 faizə qədər azalmışdır.

Bu davamlı inkişaf makroiqtisadi sabitlik şəraitində əldə edilmişdir - orta illik inflyasiya 7 faiz, manatın məzənnəsinin orta illik dəyişməsi tempi isə 1 faiz ətrafında olmuşdur. Belə bir mühitdə ölkənin maliyyə sektorunun əsas göstəriciləri 15-20 dəfə artmışdır. Bu, postkeçid dövründə ən pozitiv bir mənzərə sayıla bilər və yeni onilliyin kifayət qədər uğurlu başlanğıcı üçün böyük stimulyaradıcı amildir.

Dünya iqtisadiyyatının dialektikasına və mövcud meyillərə rəğmən tam əsaslı bir arqumentlə çıxış etmək mümkündür ki, qloballaşmanın dərinləşdiyi dünyada öz milli iqtisadiyyatını beynəlxalq iqtisadi təsirlərdən qorumaq və xarici bazarlarda baş verən mənfi tendensiyalara dözümlülük nümayiş etdirmək hər ölkəyə nəsib olmur. Sonuncu qlobal maliyyə böhranı göstərdi ki, dünya iqtisadiyyatında baş verən proseslər bir-biri ilə sıx ticari-iqtisadi münasibətlərə malik dövlətlərin əksəriyyətini maliyyə bazarındakı sarsıntılarından sığortalamayıb. Azərbaycanın son illərdə, xüsusilə də böhranın dərinləşdiyi son bir ildə həyata keçirdiyi siyasət inkişafın dinamikasına baza yaratmaqla, digər ölkələr üçün də örnək ola biləcək qədər uğurlu və mükəmməldir.

Azərbaycan həyata keçirdiyi inkişaf ssenarisi və böhran zamanı iqtisadi manevrləri ilə sübut etdi ki, artıq o, keçid iqtisadiyyatına malik ölkə yox, dünya dövlətləri içərisində böyük inkişaf yolu keçmiş dövlətdir. Çünki keçid iqtisadiyyatını yaşayan ölkə heç vaxt qlobal resessiyaları bu qədər məharətlə dəf edə bilməzdi. Prezident İlham Əliyevin bəyan etdiyi kimi, ölkəmizin yüksək iqtisadi inkişafı keçid dövrünün arxada qalmasını şərtləndirir: "Azərbaycan iqtisadi cəhətdən artıq oturuşmuş dövlət kimi tanınır. Mən hesab edirəm ki, biz artıq iqtisadi sahədə keçid dövrünü başa vurmuşuq. Həm də nəzərə alaq ki, dünyanın aparıcı maliyyə qurumları Azərbaycanda aparılan islahatları çox yüksək qiymətləndirir. Müxtəlif hesablamalara görə, Azərbaycan postsovet məkanında iqtisadi islahatlar və iqtisadi inkişaf baxımından birinci yerdədir. Mən hesab edirəm ki, artıq bu sahədə keçid dövrü başa çatıbdır''.

2010-cu ildən sonrakı dövrdə ölkəmizin makroiqtisadi mənzərəsi qətiyyətlə onu deməyə əsas verir ki, Azərbaycan iqtisadiyyatı struktur baxımından tamamilə keçid uzaqdadır və modernləşmə mərhələsinə qədəm qoymuşdur. Təbii ki, keçid iqtisadiyyatından yeni modernləşmə erasına daxil olmaq milli iqtisadi inkişafın yeni modelinin hazırlanması və tətbiqi sayəsində baş vermişdir. Azərbaycan MDB-də mükəmməl iqtisadi model hazırlayan novator ölkə kimi səciyyələndirilə bilər. İqtisadi modelin uğurla nəticələnməsi həm də dövlətin siyasi qətiyyətindən, onun güclü iradəsindən asılıdır. Azərbaycanın dövlət başçısının həm novatorluğu, həm də qətiyyəti bu mənada iqtisadi modelin yüksək effektiv nəticələrə səbəb olmasının birbaşa real məntiqi nəticəsi kimi çıxış edir. Həmin dövrdə dünyada müxtəlif siyasi qütblərin, ideologiyaların, sivilizasiyaların qarşı-qarşıya gəldiyi, ənənəvi, modern və postmodern dünyagörüşü və simvollarının toqquşduğu bir zamanda Azərbaycanın siyasi liderinin qətiyyət və əzmkarlığını heyrətamiz və təqdirolunacaq hal kimi qəbul etmək olar.

Ölkəmizin milli iqtisadi inkişaf modeli vahid iqtisadi siyasət strategiyasının fundamental prinsiplərinə əsaslanır. Azərbaycanın iqtisadi modeli sosialyönümlü olmaqla, pozitiv iqtisadi və investisiyatutumlu mahiyyətinə görə fərqlənir. Respublikamız heç bir ölkənin inkişaf konsepsiyasını təkrarlamayan, özünəməxsus inkişaf yollarını və metodlarını müəyyənləşdirən, milli mənafeləri daha üstün tutan, dövlət-vətəndaş münasibətlərinin ən yüksək formada inkişafını tənzimləyən, sosial tərəqqini və yüksək rifahı təmin edən milli iqtisadi modelin sahibidir.

Keçid iqtisadiyyatının sonu, innovativ iqtisadiyyatın milli formulu...

XXI əsrin ikinci onilliyində Azərbaycanın yeni iqtisadi siyasətini müəyyənləşdirən, yeni istiqamətlər açan milli inkişaf konsepsiyasının əsas məqsədi ölkəni irəliyə aparmaqdan, cəmiyyətin daha da inkişafı üçün geniş imkanlar yaratmaqdan ibarətdir. Modernləşmənin iqtisadi bazisini formalaşdıran Azərbaycan suveren dövlət kimi, artıq yeni tarixi və iqtisadi şəraitdə iqtisadiyyatın inkişafını sürətləndirir, prinsipial baxımdan yeni olan iqtisadi sərbəstliyə, dünya təsərrüfat sisteminə inteqrasiya etməyə yönəlmiş iqtisadiyyat qurur.

Azərbaycan modernləşmənin həyata keçirilməsində çox maraqlıdır. Bu halda həmin proses fəal sosial qrupların maksimum sayda nümayəndələrini əhatə edəcəkdir. İnnovasiya modernləşməsi tipologiya baxımından inkişafın təkamül yoluna yaxındır, bu isə ölkədə keyfiyyət dəyişiklikləri üçün mühüm stimul deməkdir. Azərbaycan dövləti yeni çağırışlara cavab verən müasir iqtisadiyyatı inkişaf etdirməklə, postindustrial cəmiyyətə keçidi reallaşdırmaqla sosioiqtisadi mühitdə, dinamik inkişaf mərhələsində güclü mövqeyə sahib olmağa qadirdir.

Milli inkişaf modeli ilə gələcəyə doğru irəliləyən Azərbaycanın qarşısında yeni onilliyin meyarlarına uyğun zəruri addımların atılması kimi mühüm vəzifələr durur. Yeni onillik XXI əsrin ilk onilliyinin sürətli inkişaf mərhələsinin məntiqi davamı kimi bir sıra ssenariləri də meydana çıxarmışdır. Artıq bu gün dünya birliyi üçün təsdiq olunmuş bir meyar da mövcuddur ki, Azərbaycan inkişaf etmiş ölkə kimi qlobal proseslərə inteqrasiyanı gücləndirərək öz mövqeyini möhkəmləndirir. 2000-2010-cu illər ərzində ən yüksək artım templəri nümayiş etdirən və mütərəqqi islahatları həyata keçirən Azərbaycan bir çox region ölkələrinə örnək olacaq konsepsiyanın müəllifidir. Bu qiymətləndirmə metodologiyası əsl real makroiqtisadiyyatın dərin təhlilinə əsaslanır və heç bir tərəddüd etmədən Azərbaycanın inkişafının dünya üçün qəbul olunduğunu təsdiqləyir. İqtisadiyyatın modernləşdirilməsi üçün təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi, bazar iqtisadiyyatının başlıca tələblərindən olan özəlləşdirmə siyasətinin aparılması, sahibkarlıq sektorunun və azad biznesin inkişafını stimullaşdıran proqramların icrası, özəl bölmənin iqtisadiyyatda aparıcı mövqeyinin təmin edilməsi, orta təbəqənin formalaşması üçün dövlətin geniş imkanlar yaratması ötən 10 ilin əsas makroiqtisadi uğurları sayıla bilər.

XXI əsrin birinci onilliyində Azərbaycanda real iqtisadi artım dörd dəfə yüksəlmişdir. İxracın həcmi 15 dəfədən çox, dövlət büdcəsi 15 dəfəyə qədər, investisiya xərcləri 96 dəfə, bank aktivləri 15 dəfə artmışdır. Bu dövrdə yoxsulluq səviyyəsi 6 dəfəyə qədər azalmışdır. Ölkəmizdə həyata keçirilən islahatlar artıq tam yeni meyarlar kəsb edir. Respublikamızda güclü siyasi və iqtisadi sabitlik mühiti fonunda islahatların aparılması üçün vahid texnokrat institut formalaşmışdır.

Yeni əsrin yeni onilliyinə inkişaf meyarları ilə daxil olan ölkəmizin qarşısında mühüm vəzifələr durur. Həmin vəzifələr Azərbaycanda qeyri-neft sektorunun iqtisadiyyatda dominantlığını və çoxşaxəli iqtisadiyyatın davamlılığını təmin etməkdən, innovasiyaların tətbiqi dairəsini genişləndirməkdən ibarətdir.

Ümumdünya reallıqları yaxın gələcək üçün yetkin bir iqtisadi konsepsiyanın ortaya çıxacağını ehtiva edir. Fundamental mahiyyətinə görə, sosial və iqtisadi novatorluğun nümunəsi sayıla biləcək bu konsepsiyanın müəllifi Azərbaycan olacaq. İqtisadi idarəetmənin Azərbaycan nəzəriyyəsinin formalaşması yaxın onilliyyin əsas zəruri hadisələrindən biri sayılacaq. Respublikamız dünyanın iqtisadi praktikası üçün nadir nailiyyətlərə yol açan bir sosial-iqtisadi mühit formalaşdıracaq.

Yeni onilliyin inkişaf platforması...

Prezident İlham Əliyevin müəllifi olduğu "Azərbaycan 2020: gələcəyə baxış'' inkişaf konsepsiyası yeni dövrün sosial-iqtisadi və makroinkişaf çağırışlarının reallaşması üçün fundamental baza sənədi hesab oluna bilər. Azərbaycanın qarşıdakı sosial-iqtisadi inkişaf platforması və makroiqtisadi ssenarisi innovativ iqtisadiyyata keçidi uğurla başa çatdırmaqdan ibarətdir. İnkişaf konsepsiyası yeni onilliyin sosial-iqtisadi, ictimai-siyasi, elmi-mədəni, humanitar sektorlarında həyata keçirilməsi hədəf seçilən tədbirlərin müəyyənləşdirilməsini nəzərdə tutur. Qarşıdakı dövrün ssenarisi çox nikbin və daha irəliyə baxmaq üçün stimulvericidir. Azərbaycan bir çox parametrlər üzrə öz mütərəqqi idarəetmə formullarının tətbiqinə hazırlaşır. Dünyada orta gəlirli ölkə statusuna malik olmaqla Azərbaycan iqtisadi sıçrayışları, maliyyə zənginliyi, yüksək sosial inkişaf indikatorları ilə yeni milli modelin tətbiqinə hazırlaşır.

Hazırda iqtisadi siyasətin başlıca mahiyyəti yaxın illərdə respublikamızın "orta gəlirli ölkələr'' şkalasındakı daha pozitiv indikatorlara çatmasından ibarətdir. Məlumdur ki, "orta gəlirli ölkələr'' qrupunun daha yüksək şkalası var və burada adambaşına düşən milli məhsulun həcminin 17-18 min dollara çatdırılması əsas meyardır. Ölkəmizdə hazırda hər nəfərə düşən ÜDM-in həcmi təxminən səkkiz min dollar təşkil edir. Yəni ölkəmizin iqtisadiyyatının artım tempini iki dəfə artırmaqla buna nail olmaq mümkündür. ÜDM-in həcmi təxminən 70-75 milyard manat təşkil etməli, dövlət büdcəsinin gəlirləri isə 20-22 milyard manata bərabər olmalıdır. Mövcud inkişaf meyilləri və sosial-iqtisadi proqnozlar Azərbaycanın yaxın onillikdə bütün bu strateji hədəflərə çatmasına tamamilə əsaslı zəmin yaradır. İllik iqtisadi artımın təxminən 6-7 faiz olması, maliyyə və makroiqtisadi sabitliyin indiki templə saxlanması, valyuta ehtiyatlarının il ərzində 5-10 milyard manat artması və digər makro amillər Azərbaycanın "orta gəlirli ölkələr'' qrupunun daha yüksək şkalasına çatmasına baza yaradır.

Qarşıdakı illərin sosial-iqtisadi proqnozları və yeni inkişaf ssenariləri ölkəmizdə inkişaf meyillərinin ardıcıl şəkildə davam edəcəyindən xəbər verir. Nüfuzlu beynəlxalq maliyyə institutunun proqnozlarına görə, bölgədə zəngin neft ölkələrindən olan Azərbaycanın valyuta ehtiyatları qarşıdakı beş ildə əhəmiyyətli dərəcədə artaraq 100 milyard dollara çatacaq. Bununla yanaşı, qeyri-neft sektorunda artım ÜDM-də 40-45 faiz yer tutmaqla maliyyə imkanlarının daha da yaxşılaşmasına təkan verəcək. ÜDM-in həcminin 2011-ci ildə 40,2 milyard manat, 2014-cü ildə isə 53 milyard manatdan çox olacağı gözlənilir. Gələn il qeyri-neft sektorunda 7,2 faizlik artım nəzərdə tutulur. Əhalinin gəlirləri artacaq, sosial rifah halı daha da yaxşılaşacaqdır. 2011-ci ildə orta aylıq əməkhaqqı 379 manat, 2014-cü ildə 551 manat olacaq.

Milli gəlirin dünya ölkələri üzrə bölgüsünə görə, Azərbaycan 181 ölkə arasında 91-ci yerdən 56-cı yerə yüksələcək. Bu isə Azərbaycanın Avropa İttifaqı ölkələri, Şimali Amerika və Asiyanın inkişaf etmiş dövlətləri, həmçinin Yaxın Şərqin əsas neft hasilatçıları, xüsusilə də OPEK ölkələri ilə eyni səviyyədə olmasına imkan verəcək. Bütün bu makromeyillər indistruial cəmiyyətə, sosial iqtisadiyyata malik qüdrətli Azərbaycanın gücünü daha da artıracaq.

Azərbaycan iqtisadiyyatının postneft dövründə daha keyfiyyətli və yüksək artım indikatorları ilə müşayiət olunması, sosial infrastrukturun keyfiyyətcə dəyişməsi və modernləşməsi, innovativ iqtisadiyyatın bütün komponentləri ilə makroiqtisadi sferalarda tam oturuşması ölkəmizin inkişafını təmin edəcək.

 

Aydın HÜSEYNOV, iqtisadçı

 

Xalq qəzeti.- 2011.- 23 dekabr.- S. 7.