"İrəli" gəncləri irəli aparır

 

Yeni ideyalar, fərqli fikirlər, coşub-daşan enerji və fəal həyat tərzi... Bütün bunlar cəmiyyətin bugünü və sabahı olan gənclərin önəmli cəhətlərindəndir. Daim axtarışda olan gənclərin bilik və qabiliyyətlərinin, istedadlarının üzə çıxması, reallaşması cəmiyyətdəki şəraitdən də çox asılıdır. Təsadüfi deyil ki, Azərbaycan dövlətinin gənclər siyasətinə önəm verməsi onların fəallığının artırılması, hərtərəfli mütəxəssis kimi yetişmələri üçün əlverişli şərait yaradır.

Bunun nəticəsidir ki, ölkəmizdə gənclər siyasətini həyata keçirən ayrıca qurum-Gənclər və İdman Nazirliyi fəaliyyət göstərir. Gənclər təşkilatları isə gənclərin maarifləndirilməsi, fəallığının artırılması istiqamətində işlər görməkdədir. Məramına, gənclərin təşəbbüskarlıq qabiliyyətini dəyərləndirdiyinə və bir sıra cəhətlərinə görə "İrəli" İctimai Birliyi gənclərin diqqətini daha çox cəlb edir. Gənclər Günü ərəfəsində "İrəli"çilərin fəaliyyəti, qayğı və məşğuliyyəti ilə daha yaxından tanış olduq. Təşkilatın bu yaxınlarda yeni ofislə təmin edilməsi, eləcə də fəaliyyət istiqamətlərindəki müsbət dəyişiklik gənclərin ürəyincədir. Onlar öz maraq və istəklərinə uyğun mərkəzlərlə əməkdaşlıq edir, ən əsası öz ideyalarını reallaşdırmağa çalışırlar. Qazanılan uğur isə tək fərdlərin deyil, həm də təşkilatın bütövlükdə uğuruna çevrilir. Müxtəlif otaqlarda qızğın fikir mübadiləsi və müzakirələrin getməsi tələbələrin imtahanlardan sonra asudə vaxtlarını səmərəli keçirməsini göstərirdi.

"İrəli" İctimai Birliyinin rəhbəri, Milli Məclisin deputatı Ceyhun Osmanlı bildirdi ki, 12 mindən çox üzvü olan təşkilat peşəkarlarla gənclər arasında körpü rolunu oynayır, onların fəallığının artırılması, bilik və dünyagörüşünün formalaşmasına çalışır. Bu gün Azərbaycan gəncləri istər öz savadına, dünyagörüşünə, istərsə də imkanlarına görə 15-20 il əvvəlki gənclikdən fərqlənir. Müasir gənclər müstəqil ölkədə yaşamaqla yanaşı, dünyaya inteqrasiya, qabaqcıl texnologiya və biliklərin öyrənilməsi, ən əsası təşkilatlanma baxımından daha böyük imkan və potensiala malikdir. Azərbaycan gənclərinin təşkilatlanmasında isə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1996-cı ildə keçirilmiş ölkə gənclərinin I Forumu mühüm rol oynadı: "Forum gənclərin fəaliyyət tarixində silinməz iz buraxdı. Ulu öndər bu təşəbbüslə cəmiyyətin əsası olan gənclərə diqqətini və güvənini göstərdi. Onun tarixi çıxışı gənclərin öz qabiliyyət və potensiallarına olan inamını daha da artırdı. Gənclər gələcəkdə müxtəlif strukturlarda çalışarkən üzərlərinə düşən vəzifənin məsuliyyətini anladılar. Bu forum və ondan sonra keçirilən silsilə görüş və tədbirlər gənclərin fəaliyyətinin düzgün istiqamətlənməsində mühüm rol oynadı. Bu gün fəxr edirik ki, müstəqil bir dövlətdə yaşayırıq,"-deyə birlik sədri əlavə etdi. Dünyada gedən qloballaşma prosesi və informasiya resurslarının artması gənclərin təşkilatlanmasına da öz müsbət təsirini göstərməkdədir. Buna nümunə kimi C.Osmanlı yeni nəsil gənclər hərəkatının meydana gəlməsi ilə onların daha çox internetdə virtual aləmdə şəbəkə şəklində fəaliyyətinin faydasını vurğuladı. Söhbətimiz daha sonra dövlətin gənclər siyasətinin onların gündəlik həyat və fəaliyyətinə necə təsir etməsinə gəlib çıxdı. Dünyada çox az sayda ölkənin gənclər siyasətini həyata keçirən ayrıca dövlət strukturu var. Bu baxımdan da dövlətimizin bu sahəyə diqqət göstərməsi və Prezident İlham Əliyevin "Xaricdə təhsil" Dövlət Proqramını təsdiq etməsi gəncliyimizin gələcək inkişafına yönələn addım sayılır. Təşkilat rəhbəri bildirdi ki, bu proqram insan kapitalına olan ardıcıl yatırım hesab edilə bilər. "Gənclərimizin inkişaf etmiş ölkələrə təhsil üçün göndərilmələri yeni nəsil mühəndis, həkim, və digər sahələr üzrə mütəxəssislərin yetişməsinə öz töhfəsini verməkdədir. Ölkəmizdə müxtəlif sahələr üzrə inkişaf getdikcə, o sahənin mütəxəssislərinə ehtiyac yaranır. Bu baxımdan dövlət siyasətinin əhəmiyyəti böyükdür. Təşkilat olaraq məqsədimiz insan kapitalının formalaşdırılması ilə bağlı dövlətin yürütdüyü bu siyasətə dəstək olmaq, gənclərin təşəbbüskarlığını artırmaq, onların cəmiyyətdə hərtərəfli vətəndaş kimi yetişməsinə yardım etməkdir. Sevinirəm ki, "İrəli" gənclərin təşəbbüslərinə əsaslanan model yarada bilib."

"İrəli" İctimai Birliyinin həyata keçirdiyi layihələrin təşəbbüskarı və həyata keçirəni gənclərdir. Onlar ideya təklif edir, müzakirə aparır, ən sonda qəbul etdikləri planla onu həyata keçirirlər. Dərsdənkənar bu işlər gənclərin dünyagörüşlərinin formalaşmasında mühüm rol oynayır, onlara idarəçilik qabiliyyətinə yiyələnməkdə əvəzolunmaz təcrübə qazandırır. Gənclər qazandıqları uğur və biliklərlə kifayətlənməyib, günü-gündən təkmilləşməyi, irəli getməyi qarşılarına məqsəd qoyurlar. Bütün bunlar onların cəmiyyətdə hərtərəfli vətəndaş kimi formalaşmasında öz müsbət təsirini göstərir. Birlik rəhbərinin fikrincə, uğurun bir sirri var: "Hesab edirəm ki, gənclər həyatın mahiyyətini düzgün anlasalar, geniş dünyagörüş və bilik əldə etsələr, cəmiyyətin hərəkətverici qüvvəsinə çevrilə bilərlər. Cəmiyyətin inkişafı fərdlərin inkişafından asılıdır."

Keçən il "İrəli"çilərin həyatında müxtəlif maraqlı layihələrlə yadda qalıb. Onlar arasında İnformasiya Texnologiyaları Akademiyası, Media Akademiyası, Yay və Qış universitetləri, Ermənistanın işğal etdiyi rayonlarla bağlı sayt-bloqların yaradılması, tarix həvəskarları üçün Azərbaycan, rus dillərində kitablarla zəngin saytın istifadəyə verilməsi və s. buna nümunə ola bilər. "İrəli"çilər keçən il İnformasiya Texnologiyaları Akademiyası layihəsi çərçivəsində ölkənin 56 rayonunda gənclərə informasiya texnologiyaları sahəsində bilik və bacarıqlarının artırılması üçün təlim keçiblər. Bu layihədən regionlarda yaşayan gənc müəllimlər də yararlanıb. Keçən ilin digər diqqətçəkən layihələrindən biri Media Akademiyası oldu. Layihədə məqsəd mediaya marağı olan gənclərin, gənc jurnalistlərin təcrübələrinin artırılması, bu sahənin özəlliklərinin onlara mediada tanınan simaların vasitəsi ilə çatdırılması idi. Tanınmış jurnalistlərin iştirakçılarla fikir mübadiləsi, eləcə də onlarla öz təcrübələrini bölüşməsi gənclərdə böyük marağa səbəb olmuşdu. Hazırda akademiyanın ilk məzunlarının işlə təmin olunması məsələsi həyata keçirilir. Teatr klubunun Azərbaycan bayrağına həsr etdiyi ilk musiqili pantomimo tamaşası da maraqla qarşılanıb. Biznes klub layihəsinin iştirakçıları isə sahibkarlığın mahiyyətini, fəaliyyət mexanizmini öyrənmiş, peşəkar ekspertlərlə görüşlərində bu barədə daha ətraflı məlumat toplamışlar. Gənclər tərəfindən maraqla qarşılanan Yay və Qış universitetlərinin təşkili artıq ənənə halını alıb. Təşkilatın meneceri Nəzakət Əliyeva "İrəli"nin yeni ofisi və fəaliyyət istiqaməti ilə daha yaxından tanışlığa bələdçilik etdi. Təşkilat nəzdində fəaliyyət göstərən mərkəzlərin işi ilə tanış olduq. "İrəli"nin kitabxanasında minlərlə kitab toplanıb. Burada təşkilat üzvləri asudə vaxtlarında müxtəlif dillərdə olan kitabları oxuya bilərlər. Tədqiqatlar mərkəzi elmə marağı olan gəncləri öz ətrafında birləşdirir, onların müxtəlif sahələrdə araşdırma aparmalarına şərait yaradır. Azərbaycan tarixini daha dərindən bilməyə can atan gənclərə tarix mərkəzi öz dəstəyini göstərir. Yeri gəlmişkən, keçən il mərkəz tariximizlə bağlı www.history.az saytını gənclərə təqdim edib. Burda 6 ay ərzində 10 mindən çox kitab elektron variantda istifadəçilərə verilib. Mərkəzə daxil olanda kompyuter önündə çalışan qızları gördük. "Üzvlərimiz tariximizlə bağlı dəyərli kitabların elektron variantını hazırlamağa davam edir. Saytımız gün keçdikcə daha da zənginləşir. Kitabların yüklənilmə reytinqinin günü-gündən yüksəlməsi artmaqda olan tələbatı göstərir. Bu açığı, bizi çox sevindirir."-deyə N.Əliyeva əlavə edir. Müasir gəncliyi əcnəbi dil bilmədən təsəvvür etmək qeyri-mümkündür. Odur ki, xarici dillər mərkəzi gənclərin əcnəbi dil bilgilərinin artırılmasına kömək edir. Gənclər burada ingilis, rus, fransız, ərəb dillərini öyrənirlər. Bu da onların əcnəbi yaşıdları ilə və beynəlxalq tədbirlərdə sərbəst ünsiyyət yaratmalarında mühüm rol oynayır. Hüquq mərkəzi tələbə və gəncləri hüquq institutlarının iş fəaliyyəti ilə daha yaxından tanış edir, onların həmin qurumlara ekskursiyalarını təşkil edir. Bundan başqa, mərkəz gənclərə hüquqi yardım edir, onlara bu sahə üzrə kitabların əldə edilməsində də köməklik göstərir.

"İrəli"nin üzvləri arasında dizayn işlərinə maraq göstərən, foto və videonun sirlərini öyrənməyə can atan tələbələr də az deyil. Onlar müasir texnologiya ilə təchiz edilmiş "İrəli prodakşn"da sosial reklam və kiçikmetrajlı həvəskar filmlər hazırlayırlar. Fotoya həvəsi olanlar isə fotoaparatı çiyninə alıb, şəhərin küçələrində rastlaşdıqları maraqlı və qeyri-adi mənzərələri yaddaşa köçürürlər. Dəhliz boyu divardan asılmış silsilə fotolar diqqətimizi çəkir, Azərbaycanın füsunkar bölgələrinin, xüsusən Dağlıq Qarabağın təbiətinin, unikal mədəni abidələrinin təsvirlərinə baxdıqca, istər-istəməz, tarix və mədəni irsimizin nə qədər zəngin olduğuna əmin oluruq. Bu gün informasiya texnologiyalarının sürətlə inkişafı elektron mediaya da təsirsiz ötüşmür. Artıq internet televiziya və radioların fəaliyyəti bu sahədə yeni mərhələyə keçidin sübutudur. İnternet istifadəçilərinin çoxunun gənc olmasını nəzərə alan "İrəli" keçən il "İradio" adlı internet radionu istifadəyə verib. Radionun özəlliyi burda yayımlanan proqramların müəlliflərinin gənclər olmasıdır. Studiyaya daxil olanda canlı efirdə olan gənclər və studiya rəhbəri, istedadlı qələm sahibi İlhamə Novruzova bizi təbəssümlə qarşıladı. Bu o demək idi ki, qısa zaman kəsiyində özünə auditoriya toplayan radio öz missiyasını uğurla davam etdirir. "Onlayn müəllim","Forumaniya", "Relax" verilişləri dinləyicilər tərəfindən maraqla qarşılanır. Bu il də "İrəli" gənclərin maraq dairələrinə uyğun bir çox fərqli layihələr reallaşdırmağı planlaşdırır. Təlim Akademiyası layihəsində 200-ə yaxın mövzu üzrə həmin sahənin mütəxəssisləri gənclərin biliklərini artıracaq. Gənclərin xidmət sahələri ilə bağlı bilik və təcrübələrinin artırılması üçün servis məktəbi fəaliyyətə başlayacaq. Siyasətə maraq göstərən gənclər üçün isə başqa layihə həyata keçiriləcək.

Təşkilatın fəaliyyəti ölkə daxili ilə məhdudlaşmır, o həm də bir çox xarici təşkilatlarla əməkdaşlıq edir. Altmışa yaxın təşkilatla ikitərəfli əlaqələr var. 2010-cu ildə "İrəli"nin üç beynəlxalq quruma (YEU, Earth Charter) üzv qəbul edilməsi beynəlxalq əməkdaşlığın daha da genişləndirilməsi baxımından real imkanlar açır. Fəal "İrəli"çilərin bir sıra nüfuzlu beynəlxalq tədbirlərdə iştirak etmələri gənclərimizin dünyagörüşlərinin formalaşmasına, dünyanın müxtəlif ölkələrindən olan yaşıdları ilə təcrübə mübadiləsi aparmalarına öz təsirini göstərir.

15 il əvvəl fevralın 2-nin Gənclər Günü elan edilməsi müstəqil dövlətimizin Azərbaycan gəncliyinə olan diqqət və ehtiramının göstəricisidir. "İrəli"nin rəhbəri Ceyhun Osmanlı bayram münasibətilə gənclərimizə arzu və istəklərini çatdırdı: "Bütün Azərbaycan gənclərini təbrik edirəm, onların daim mübariz, məqsədyönlü olmalarını, öz ideyalarını ardıcıl həyata keçirmələrini arzulayıram. Azərbaycan bir sıra önəmli təşəbbüslərin reallaşdığı ölkədir. Arzu edirəm ki, gənclər onlar üçün yaradılmış imkanlardan yetərincə yararlansınlar."

 

 

Əfsanə BAYRAMQIZI

 

Xalq qəzeti.- 2011.- 6 fevral.- S. 5.