17 fevral Qaradağlı faciəsinin 19-cu ildönümüdür.

 

Erməni vəhşiliyinin qanlı səhifəsi

 

1992-ci il fevralın 17-də Dağlıq Qarabağın erməni separatçıları Ermənistanın silahlı quldur dəstələrinin və 366-cı sovet alayının köməyi ilə Xocavənd rayonunun Qaradağlı kəndində dəhşətli soyqırım törətmişlər. Soydaşlarımız hər il faciə qurbanlarının xatirəsini dərin ehtiramla yad edirlər.

 

Bir zamanlar Qarabağda gələcək müsibətlərdən xəbərsiz, çal-çağırlı, barlı-bağatlı, dəfələrlə tarixin amansız acılarını mərdliklə dəf etmiş Qaradağlı adlı kənd vardı. Təbiət bu yerlərə bütün gözəlliklərini bəxş etdiyi kimi, tarix də bu kəndin adamlarını bütün sınaqlardan üzüağ çıxarmışdı. XX əsrdə ermənilər Qaradağlını beş dəfə - 1905, 1907, 1915, 1918 və 1992-ci illərdə dağıtmışlar.

Sovetlər dövründə də dinc dayanmayan ermənilər Dağlıq Qarabağda soydaşlarımızı sıxışdırır, milli münaqişəni daim qızışdırır, hətta terror törətməkdən belə çəkinmirdilər. 1967-ci ildə milli münaqişə yaratmaq üçün əslən Qaradağlı kəndindən olan 3 nəfərə böhtan ataraq həbs etdirən ermənilər məhkəmə prosesi zamanı, Xankəndində sovet əsgərlərinin gözü qarşısında bu adamların başlarını kəsib, üzərlərinə benzin töküb yandırmışdılar. Sonrakı illərdə də onlar bu düşmənçiliyi açıq-gizli davam etdirmişdilər.

1988-ci il 12 fevralda ermənilərin separatçılıq niyyətlərini açıq şəkildə bəyan etməsi ilə Qarabağ münaqişəsi başlandı. Hadisələrin ilk günlərindən Dağlıq Qarabağda yaşayan azərbycanlılar öz haqq səslərini ucaltsalar da heç bir nəticə vermədi. Münaqişə getdikcə genişləndi, qanlı xarakter aldı. Respublikanın o vaxtkı rəhbərliyinin qorxaqlığı, səriştəsizliyi və maymaqlığı ermənilərin daha da azğınlaşmasına gətirib çıxartdı. Kəndlər, şəhərlər yandırıldı, talan edildi.

Qarabağ münaqişəsində erməni vəhşiliyinin qurbanı olan bölgələrdən biri də Xocavənd rayonudur. Gec də olsa, 1991-ci il 26 noyabr tarixdə Dağlıq Qarabağ Muxtar Vilayəti ləğv ediləndə Martuni və Hadrut rayonlarının bazası əsasında Xocavənd rayonu yaradıldı. Lakin 1 il keçməmiş - 1992-ci il 2 oktyabr tarixdə Ermənistan silahlı birləşmələri rayonu işğal etdi. Erməni təcavüzü nəticəsində soydaşlarımızdan 145 nəfər qətlə yetirildi. Bu rayonun azərbaycanlı əhalisinin hər 50 nəfərindən biridir. 300 nəfərdən çox rayon sakini isə sağlamlığını itirmişdir. Hazırda rayon əhalisi məcburi köçkün kimi ölkənin 36 rayonunda məskunlaşmışdır.

Xocavəndin ən çox itki verən və böyük döyüş yolu keçən kəndlərindən biri Qaradağlıdır. Bütövlükdə 20-yə yaxın erməni kəndinin əhatəsində olan Qarabağlı kəndi Xankəndi yolunun üstündə yerləşirdi. 4 il quldurların bu yoldan gediş-gəlişi kəsilmişdi və onlar digər erməni kəndlərindən keçib getməli olurdular. Öz kəndlərini kənar kömək olmadan müdafiə edən qaradağlılar doğma obanın hər daşı, hər qayası uğrunda sonadək mübarizə apardılar.

Bu 4 ildə Qaradağlının başına nələr gəlmədi? Bu xronikanın dəhşətli səhifələri qan rəngindədir, unudulmazdır. 24 noyabr 1990-cı il tarixdə Xocavənd yolunda sərnişinlərindən biri Qaradağlı kəndindən, ikisi qonaq olan avtomobili ermənilər atəşə tutmuş, onların hər üçünü vəhşicəsinə qətlə yetirmiş, sinələrinə güllə ilə xaç şəkli çəkmişdilər. 9 yanvar 1991-ci il tarixdə bütünlüklə erməni məntəqələrinin əhatəsində olan kəndə gələn UAZ markalı avtomaşını erməni quldurları atəşə tutdular - Soltan Bayramov öldürüldü, 4 nəfər yaralandı. Nemət Səmədov və Əfqan Əzizov sonralar aldıqları yaralardan dünyalarını dəyişdilər. 8 mart 1991-ci ildə kəndin ətrafında Dəmir Hüseynov və Ələkbər Quliyev vəhşicəsinə qətlə yetirildi.

28 iyun 1991-ci il tarixdə "Vərəndəli" adlanan yerdə fermada erməni qurdurları 6 uşaq atası Tağıyev Bakir Qaçay oğlunu, 11 uşaq atası Məmmədov Tohid Cəlil oğlunu, 2 uşaq atası Şirinov İltifat Əjdər oğlunu, 8 övlad anası Şirinova Qaragöz Həbib qızını və övladları Hüseynova Səbiqa və Hüseynova Məxmər Məcid qızı ilə birlikdə qətlə yetirdilər.

Növbəti qanlı terror hadisəsi 1991-ci il 8 sentyabr tarixdə baş verdi. Ağdamdan Qaradağlıya gələn sərnişin avtobusu Xocavənd - Xankəndi yolunda pusquda durmuş erməni quldurları tərəfindən güclü atəşə tutuldu, 40 nəfərə yaxın adamdan 6-sı qadın olmaqla, 8 nəfər qətlə yetirildi. Həmin gün Quliyev Əloğlan Ələslan oğlu, Quliyev Gündüz Əlqəmə oğlu, Quliyeva Nazənin Rəşid qızı, Hüseynova Rahilə Şahmar qızı, Hüseynova Rəxşəndə Bayram qızı, Hüseynova Qənirə Həmid qızı, Hüseynova Gülzəndə Bəkir qızı və Babayeva Validə Həmid qızı şəhid oldular. Avtobusda olan kənd sakinlərindən Hüseynov Əvəz Mahmud oğlu, Hüseynov Zülümxan Miriş oğlu, Hüseynova Ürüzgar Pəsi qızı, Hüseynova Göyçək Həmid qızı və Əzizov İltifat Yelmar oğlu aldıqları ağır yaralardan sonradan vəfat etdilər. Yerdə qalan 21 kənd sakinindən 1 nəfəri qadın olmaqla, 7 nəfər müxtəlif ağırlıqlı güllə yaraları almışdılar.

Get-gedə daha da azğınlaşan ermənilər 8 yanvar 1992-ci il tarixdə Böyük Vətən müharibəsi iştirakçısı Qasım Əliyevi və 23 yaşlı Məzahir Gülverdiyevi qətlə yetirdilər. Hər iki şəhidin meyidi böyük çətinliklə vertolyot vasitəsilə kənddən çıxarıldı. Artıq Qaradağlının mühasirə halqası tam sıxılırdı. Xocavənd 19 noyabr 1991-ci ildə işğal edildi. Kəndə yaxın olan Malıbəyli 12 fevral 1992-ci il tarixdə yandırıldı. Hamıya aydın idi ki, növbəti hədəf Qaradağlıdır. Kənddə vəziyyət getdikcə çətinləşir, faciənin törədiləcəyi gün hər saat yaxınlaşırdı.

Fevral ayının 14-də Kənxurd, Qağarza, Ağkənd, Aşan, Müşkabad, Ninqi və digər erməni kəndləri istiqamətindən quldurlar xarici muzdluların və Xankəndində yerləşən sovet ordusunun 366-cı alayının texnikasından və canlı qüvvəsindən istifadə etməklə, əlaqəsi hər tərəfdən kəsilmiş, köməksiz qalmış Qaradağlıya sürətli hücuma keçdilər. Az miqdarda, adi silahları olan qaradağlılar düşmənlə qeyri-bərabər döyüşə girdilər.

Fevralın 14-də məktəb direktoru Zeynalov Nobil Əliş oğlu, Hüseynov Xanalı Həbib oğlu, Həsənov Altay Məhəmməd oğlu, Dadaşov Manaf İslam oğlu həlak oldular. Hüseynov Əsgər Səməd oğlu, Bayramov Rəşid Həşim oğlu, Rüstəmova Zivər Abdıhüseyn qızı isə səhərisi gün qətlə yetirildilər. 16-17 fevralda Bayramov Arif İbrahim oğlu, Dadaşov Eldar İsa oğlu, Hüseynov Şahmurad Abdıhüseyn oğlu, Hüseynov Dəmir Musa oğlu, məktəbli Hüseynov Fədail Zülfüqar oğlu, Kərimov Əliqismət Qara oğlu, Doluxanov Rəhim Möhkəmə oğlu şəhid oldular.

1992-ci il fevralın 17-də Qaradağlı kəndi qeyri-bərabər döyüşdə erməni silahlı quldur birləşmələri tərəfindən işğal olundu. İşğal zamanı 118 nəfər əsir götürüldü. Əksəriyyəti gənclər olmaqla, 33 nəfər kəndin yaxınlığında "Bəylik bağı" adlanan yerdə vəhşicəsinə güllələndi. Öldürülənləri və yaralıları təsərrüfat quyusuna tökərək üzərlərini torpaqla örtdülər. Bu hadisə həmin gün təsadüf nəticəsində sağ qalan Vidadi Hüseynovun gözləri qarşısında baş vermişdi. Ata-ananın, qardaşın gözləri qarşısında doğmaları güllələnmişdi.

Bunlar aşağıdakılardır:

Tağıyev Telman Tevon oğlu, Tağıyev Faiq Həsrət oğlu, Məmmədov Ədalət Şahmar oğlu, Məmmədov Məmməd Əmirxanoğlu, Məmmədov Ərəstun Ağalar oğlu, Hüseynov Föhruz Mahmud oğlu, Hüseynov İbiş Həbib oğlu (məktəbli), Quliyev Nəbi Mütəllim oğlu, Əliyev Xaliq Məhərrəm oğlu (məktəbli), Nağıyev Avtandil Xanlar oğlu (məktəbli), Hüseynov Niftalı Bakir oğlu, Rəhimov Məhi Surxay oğlu, Dadaşov Uğur Eldar oğlu (məktəbli), Vəliyev Mobil Mürsəl oğlu, Mustafayev Qərib Həsrət oğlu, Kazımov Nəsimi Kazım oğlu, Tağıyev Zahir Gülüm oğlu, Hüseynov Nahid Adil oğlu, Əzizov Alov Əfqar oğlu, Əzizov Atəş Əfqar oğlu, Mustafayev Talıb Yaqub oğlu və Quliyev Mirzəli Nüsrət oğlu.

Qaradağlı - Xankəndi yolu üzərində yerləşən erməni kəndlərində əsirlər maşınlardan düşürdülür və hamının gözü qarşısında güllələnirdi. Zəki bulağında Abbasov Səlvər İldırım oğlu və Bayramov Elmidar Rəşid oğlu qətlə yetirildi. Xəlilov Zahid Əyyub oğlu və Hüseynov Həbib Həmzə oğlu (ailəsindən 4 nəfər şəhid olub) erməni kəndi Cəmiyyətdə güllələndilər.

Girovluqda olarkən ermənilər tərəfindən əzab və işgəncələr verilərək amansızlıqla qətlə yetirilənlər: Hüseynov İmran Əhməd oğlu, Şirinov Böyükkişi Lələ oğlu, Tağıyev Kamil Sərdar oğlu, Vəliyev Fazil Cavad oğlu, Quliyev Əlaslan Nəriman oğlu, Hüseynov Şura Abdıhüseyn oğlu, Nəzərov Şura İbad oğlu və Quliyev Kamal Bəylər oğlu. Əliyev Vətən Əmirxan oğlunun (subay), Axundov Hafiz Elmaz oğlunun (subay), Dadaşov Mikayıl İslam oğlunun (subay), Hüseynov Əbülfət Mehman oğlunun (subay) və Vəliyev Füzuli Cavad oğlunun (ailəli) taleləri naməlum qaldı.

Kazımov Səlim Kazım oğlu, Tağıyev Elsevər Teyyub oğlu (məktəbli), Süleymanov Elçin Möhübbət oğlu, Əzizov İltifat Yelmar oğlu müxtəlif dövrlərdə şəhid olmuşlar. Əsir götürülənlərdən 50 nəfəri Xankəndi və Əsgəranda 2 aydan artıq əsirlikdə saxlanılmış, azad olunduqdan sonra 18-i aldıqları sağalmaz yaralardan müxtəlif vaxtlarda vəfat etmişlər. Sağ qalan 32 nəfər isə Qaradağlı faciəsinin dəhşətlərini xatirələrində, yaralarını ürəklərində sızıldaya-sızıldaya yaşadırlar.

Dörd il ərzində hər gün Qaradağlı kəndi ermənilərin hücumuna məruz qalmış, hər gün bir qanlı hadisə törədilmişdi. 1992-ci il 17 fevralda Qaradağlı kəndinin işğalı zamanı 118 nəfər əsir götürülmüş, 33 nəfər yerindəcə güllələnmişdi.

Əsir götürülənlərdən 68 nəfəri öldürülmüş, 50 nəfəri böyük çətinliklərlə əsirlikdən azad edilmişdir. Əsirlikdə saxlanılanlarla vəhşicəsinə, vandalizm hərəkətləri ilə davranılması, başlarının kəsilməsi, diri-diri basdırılması, dişlərinin çıxarılması, ac-susuz saxlanılması, döyülərək öldürülməsi insanlığa qarşı misilsiz cinayət hadisəsi idi. Kənddə 2 ailənin hər birindən 4 nəfər, 6 ailədən 2 və 3 nəfər öldürülmüşdür. 43 ailə öz başçısını itirmiş, 1 ailədən hər iki valideyn qətlə yetirilmiş, 146 uşaq yetim qalmışdır. Qaradağlı kəndində 91 nəfər - kənd sakinlərinin hər 10 nəfərindən biri qətlə yetirilmişdir. Öldürülənlərdən 21 nəfəri ahıl və qocalar, 10 nəfəri qadın, 8 nəfəri məktəbli olmuşdur.

İşğal nəticəsində kənddə 200 yaşayış evi, 1 mədəniyyət evi, 320 yerlik orta məktəb, 25 çarpayılıq xəstəxana binası və çoxlu sayda digər sosial obyektlər dağıdılmışdır.

Dağlıq Qarabağda baş vermiş qanlı hadisələr zamanı şəhid olmuş həmvətənlərimizin əziz xatirəsinə ehtiram əlaməti olaraq 1993-cü ildən Qaradağlı faciəsinin ildönümü günlərində kənd şəhidlərinin xatirəsinə həsr olunmuş mərasimlər, tədbirlər keçirilir. Respublikanın müxtəlif şəhər və rayonlarında məskunlaşmış rayon sakinlərinin və şəhid ailələrinin iştirakı ilə Yeni Xocavənd qəsəbəsində şəhidlərin xatirəsinə ucaldılmış abidə önündə faciə qurbanları dərin hüznlə yad edilir.

Erməni silahlı birləşmələrinin Xocavənd rayonunun Qaradağlı kəndində törətmiş olduqları soyqırım qurbanlarının xatirəsinə həsr olunmuş "Soyqırım - Qaradağlı" filminin bu gün Bakı şəhərində, "Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin binasında təqdimat mərasimi keçiriləcək. Mərasimə respublika ictimaiyyətinin, diplomatik korpusun və beynəlxalq təşkilatların nümayəndələri də qatılacaqdır. Təqdimat mərasimindən əvvəl Şəhidlər Xiyabanı ziyarət olunacaq, şəhidlərin məzarı üzərinə tər güllər qoyulacaq.

Dağlıq Qarabağ münaqişəsində erməni vandallarının törətdikləri soyqırım və dağıntılar xalqımızın qan yaddaşına əbədi yazılaraq hər bir azərbaycanlını haqq savaşına səsləyir, bundan sonrakı tariximizdə ayıq-sayıq və əyilməz olmağa hazırlayır.

 

 

Tahir AYDINOĞLU

 

Xalq qəzeti.- 2011.- 17 fevral.- S. 8.