Azərbaycan Turizm İnstitutu Dünya Turizm Təşkilatına assosiativ üzv qəbul olunmuşdur

 

İyunun ikinci ongünlüyündə Kenyada BMT-nin Dünya Turizm Təşkilatı İcraedici Şurasının 19-cu Sessiyası keçirilmişdir. 3 gün davam edən tədbirin sonunda Azərbaycan Turizm İnstitutu bu qurumun assosiativ üzvü statusunda təsdiq olunmuşdur.

ATİ-nin rektoru, tarix elmləri doktoru, professor Cəfər Cəfərov institutun fəaliyyəti haqqında danışaraq ikinci məzun ilinə imza atdıqları bu ərəfədə rəhbərlik etdiyi təhsil müəssisəsinin belə bir mötəbər quruma üzv olmasını kollektiv üçün fəxarət duyulacaq hadisə kimi dəyərləndirdi. O, dedi:

- İnstitutun belə bir mötəbər təşkilata üzv qəbul edilməsinə çox sevinirik. Əslində, ATİ yarandığı gündən bu istiqamətdə müəyyən işlər görmüşdür.

Nəzərə alsaq ki, Dünya Turizm Təşkilatı peşəkar qurumların toplaşdığı təşkilatdır, o cümlədən buraya dünyanın bir sıra ölkələrində fəaliyyət göstərən universitetlər də üzvdür, elə bu səbəbdən təşkilatın tələblərinə layiqincə cavab vermək üçün bizim kollektivə bir neçə il lazım oldu. Altı ay əvvəl Dünya Turizm Təşkilatının nümayəndələri instituta qonaq gələndə biz təşkilata üzvlüklə bağlı müəyyən sənədləri hazırlayıb onlara təqdim etdik.

İyunun 28-də isə Dünya Turizm Təşkilatına üzv olmağımızla bağlı xəbər aldıq. Hazırda ATİ-nin kollektivi bu qurumun keyfiyyət sertifikatını almaq üçün ciddi hazırlıq işləri görür. Onu da qeyd edim ki, Azərbaycan Turizm İnstitutu ilə yanaşı, Bakı Turizm İnformasiya Mərkəzinin və Azərbaycan Turizm Assosiasiyasının da DTT tərəfindən təşkil olunan beynəlxalq tədbirlərdə, proqramlarda və bir sıra layihələrdə assosiativ üzv kimi Azərbaycanı təmsil etmək hüququ var.

 

 

Z.BƏŞİRQIZI

 

Xalq qəzeti.- 2011.- 2 iyul.- S. 8.