Azərbaycan IX Beynəlxalq Türk Dili Olimpiadasında ən fəal ölkə oldu

 

Xəbər verdiyimiz kimi, iyunun 15-dən 30-dək Türkiyədə IX Beynəlxalq Türk Dili Olimpiadası keçirilmişdir. 130 ölkədən 1000-dək məktəblinin iştirak etdiyi yarışma qardaş ölkədə ümumxalq şənliyinə çevrilmişdir. Olimpiada iştirakçıları yarışma bitdikdən sonra Türkiyənin 33 bölgəsində türk dilinin şərəfinə düzənlənən şənliklərdə parlaq çıxışları ilə yüz minlərlə insanı heyran qoymuşlar.

İyunun 29-da İstanbul Böyükşəhər Bələdiyyəsinin Sinan Ərdəm idman sarayında təşkil etdiyi yekun təntənədə olimpiada qalibləri şəhər ictimaiyyətinin təmsilçilərinin, türkdilli ölkələrdən dəvət olunmuş ziyalıların və jurnalistlərin qarşısında əlvan proqramla çıxış etmişlər.İyunun 30-da isə İstanbulda Türkiyə Cümhuriyyətinin Baş naziri Rəcəb Tayyib Ərdoğanın, dövlət və hökumət rəsmilərinin, şəhər rəhbərliyinin iştirakı ilə IX Beynəlxalq Türk Dili Olimpiadasının təntənəli bağlanışı olmuşdur. Baş nazir yarışma qaliblərini təbrik etmiş, türk dilinin gözəlliyini və əzəmətini hər il dünyaya nümayiş etdirən bu tədbirin təşkilatçılarına təşəkkürünü bildirmişdir.

 

***

 

İllərdən bəri Azərbaycan məktəblilərinin beynəlxalq yarışmalarda uğurlu iştirakını təmin edən "Çağ" Öyrətim MMM beynəlxalq türk dili olimpiadalarının da fəal təşkilatçılarından biridir. İyulun 1-də burada keçirilən mətbuat konfransında qurumun prezidenti Ənvər Özərən bildirdi ki, Azərbaycan ilk ildən bu beynəlxalq yarışmada uğurla çıxış edir. İştirakçı ölkələrin sayı 8 ildə 17-dən 130-a çatmışdır. Bu, dünyada türk dilinə, türkdilli xalqların mədəniyyətinə artan marağın göstəricisidir. Builki olimpiada böyük türk şairi Yunis Əmrənin "Gəlin tanış olaq" misrasının çağırışı altında keçirilirdi. Bir ayadək davam edən yarışma və onunla bağlı tədbirlərdə Azərbaycan əvvəlki illərdə olduğu kimi yenə özünü sivil bir ölkə kimi təqdim edə bildi. Bizim uşaqlar yarışmada ən çox medal qazanan komanda kimi çıxış etdilər.

Ənvər Özərən qalibləri təbrik etdi, ölkə məktəblilərinə bilik və bacarıq yarışmalarında yeni uğurlar arzuladı. O vurğuladı ki, bizim üçün növbəti olimpiadaya hazırlıq bu gündən başlanır.

"Çağ"ın Azərbaycan-Türkiyə Özəl Liseyləri Baş İdarəsinin rəisi Arif Gömləksiz olimpiada tədbirləri, orada ölkəmizin istedadlı yeniyetmələrinin iştirakı barədə ətraflı məlumat verdi. O bildirdi ki, yarışmanın 15 nominasiyasında iştirak edən balaca soydaşlarımız 90-dək medaldan 21-ni qazanmaqla beynəlxalq yarışmanın ən fəal komandası adını qazanmışlar. Azərbaycan həm də bu yarışma çevrəsində özünü ən yaxşı tanıdan ölkə olmuşdur. Ankaradakı başlanğıc və İstanbuldakı bağlanış tədbirlərindən əlavə, komandamız Türkiyənin 4 vilayətində - İzmirdə, Antalyada, Qaniantəpədə və Ərzurumda kütləvi auditoriyalarda çıxışlar etmişdir. İzmirdə onların göstərdiyi proqrama 80 mindən çox tamaşaçı baxmışdır.

Ötənilki olimpiadada 18, builkində 21 medal qazanan məktəblilərimiz bu vaxtadək beynəlxalq türk dili yarışmalarında 22 qızıl, 39 gümüş, 17 bürünc olmaqla - 78 medal qazanmışlar. Bu, Azərbaycan məktəblilərinin qardaş Türkiyəyə, onun ortaq dəyərlər daşıyan mədəniyyətinə hədsiz maraq və sevgisinin parlaq göstəricisidir. Bu olimpiadaya hazırlığın ölkədaxili turu da hər il Azərbaycan dilinə sevgi, türk qardaşlığına dərin ehtiram ruhunda keçir, çox sayda məktəblini və ziyalını öz çevrəsinə qatır. Türkiyədə keçirilən yekun tur isə Azərbaycanı tanıtmaq, Vətənə böyük uğurla qayıtmaq ənənəsi ilə seçilir.

Sonda jurnalistlərin sualları cavablandırıldı. Ankarada və İstanbulda keçirilən tədbirlərdə iştiraklarına və komandamızın uğurlu çıxışlarına informasiya dəstəyinə görə media təmsilçilərinə razılıq ifadə olundu.

 

 

Tahir AYDINOĞLU,

İstanbul-Bakı

 

Xalq qəzeti.- 2011.- 3 iyul.- S. 7.