Biz müstəqil Azərbaycan dövlətinin uğurları ilə qürur duyuruq

 

Sərlövhəyə çıxardığımız bu sözlər bəlkə də Dünya Azərbaycanlılarının III qurultayında tədbir iştirakçılarının dilindən ən çox səslənən sözlər idi. Bu günlərdə dünyanın müxtəlif ölkələrindən Azərbaycan paytaxtına təşrif buyurmuş soydaşlarımız, çoxsaylı qonaqlar bu mötəbər tədbirin yüksək səviyyədə təşkilindən, qurultayda hökm sürən yüksək vətənpərvərlik ruhundan ürəkdolusu söz açırdılar. Əməkdaşımız qurultay iştirakçılarının bir qismi ilə görüşərək onların fikir və düşüncələrini qeydə almışdır.

 

Yuri Koçubey, Ukrayna XİN-in yanında Diplomatiya Akademiyasının professoru:

- Dünya Azərbaycanlılarının III qurultayı yüksək səviyyədə təşkil olunub. Mənə ən çox təsir edən Azərbaycan Prezidenti cənab İlham Əliyevin qurultayın əvvəlindəki çox maraqlı və dərin məzmunlu nitqi oldu. Dövlət başçısı haqlı olaraq qeyd etdi ki, müstəqil Azərbaycanın beynəlxalq aləmdəki aşkar uğurlarında diasporun əhəmiyyətli payı var. Görünən budur ki, bu gün Azərbaycan diasporu vahid mərkəzdən çıxış edir. Dövlətiniz Azərbaycan diasporunun təşkilatlanması və səmərəli fəaliyyət göstərməsi üçün çox çalışır. Cənab İlham Əliyevin nitqindən bu həqiqəti özüm üçün yəqin etdim.

Mən Sovet İttifaqından ayrılandan sonra müstəqilliyini elan etmiş Ukrayna Respublikasının Fransanın paytaxtı Parisdə ilk fövqəladə və səlahiyyətli səfiri olmuşam. Yaxşı bilirəm ki, diplomatiya işi nə qədər məsuliyyətli və bir o qədər də faydalı bir fəaliyyətdir. Diplomatlar həqiqətən öz dövlətlərinin əcnəbi ölkələrdə elçiləridir. Yaxşı diplomat öz ölkəsi, dövləti barədə müsbət rəy yarada bilir. Əslində, bu, onun müqəddəs borcudur. Düşünürəm ki, Azərbaycan diplomatları milli diasporun fəalları ilə əlbir çalışaraq gələcəkdə də çox faydalı işlər görəcəklər.

Məndən bir təcrübəli diplomat olaraq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan işlərə şəxsi münasibət bildirməyimi xahiş edirsiniz. Bu problemin ədalətli həllinə inanıram. Ukrayna Respublikası problemin beynəlxalq hüquq normaları çərçivəsində, sülh yolu ilə, xüsusi vurğulamaq istəyirəm, Azərbaycanın ərazi bütövlüyünü qorumaq şərti ilə həllinə tərəfdardır. Bütün münaqişələr gec-tez öz həllini tapır. Dağlıq Qarabağ münaqişəsinin də öz ədalətli həllini tapacağına şübhə etmirəm. Azərbaycanın ən böyük sərvəti onun mehriban, xeyirxah, ailəsinə, dövlətinə qəlbən bağlı zəhmətsevər xalqıdır. Mənim Ukraynadakı dostlarım arasında azərbaycanlılar çoxdur. Bakıya gəlişimdən, qurultayda iştirak etməyimdən çox məmnunam. Azərbaycanın həmişə xoş sorağını eşitmək arzusundayam. Paytaxt Bakı çox tərəqqi edən bir gözəl şəhər kimi yaddaşımda həkk olundu. Bilirəm ki, Azərbaycanın çox qədim və zəngin tarixi var. Şəhərinizi gəzib onun tarixi yerləri ilə tanış olmaq arzusundayam.

 

Ayaz Məmmədov, Rusiya Federasiyasının Krasnoyarsk şəhərindəki "Azəri" icmasının sədri:

- Mən Krasnoyarsk şəhərinə 1987-ci ildə getmişəm. 1990-cı ildə bu şəhərdə yaşayan 7 tələbə dostum ilə birlikdə "Azəri" icmasını təşkil etmişik. Bu illər ərzində bizim təşkilatımız həmvətənlərimiz arasında böyük hörmət qazanaraq xeyli güclənib. Biz Krasnoyarskdə yerli hökumət və vətəndaş cəmiyyəti qurumları ilə də sıx əlaqələr saxlayırıq. Çalışırıq ki, ölkəmiz barədə hər kəsdə müsbət imic formalaşdıraq. Yeri gəlmişkən, Krasnoyarskda "Azəri" adında qəzet nəşr edirik. Qəzetdə Azərbaycanın tarixi, mədəniyyəti, müstəqil dövlətimizin bugünkü uğurları barədə geniş məlumatlar veririk. Krasnoyarskda azərbaycanlı uşaqlardan təşkil olunmuş "Odlar yurdu" adlı rəqs ansamblı da uğurla fəaliyyət göstərir. Deməliyəm ki, bu ansambl şəhərdə artıq böyük şöhrət qazanıb. Onun konsertlərində hər dəfə 150-200 gənc rəqqas iştirak edir. Bu yaxınlarda ansamblın üzvləri Türkiyənin Amasiya şəhərində keçirilən beynəlxalq festivalda böyük uğurla iştirak ediblər.

Dünya Azərbaycanlılarının III Qurultayında iştirak etdiyimə görə çox sevinirəm. Mən 10 il əvvəl Dünya Azərbaycanlılarının I qurultayında da iştirak etmişdim. O vaxt dünya şöhrətli siyasətçi Heydər Əliyevin qurultaydakı parlaq tarixi nitqini dinləmək mənə nəsib olmuşdur. O kövrək və həyəcanlı anları heç vaxt unutmuram. Sevinirəm ki, Heydər Əliyevin Azərbaycan xalqının əbədi xoşbəxtliyinə xidmət edən siyasi xəttini ulu öndərin layiqli davamçısı cənab İlham Əliyev böyük uğurla davam etdirir. Buna ən böyük sübut bugünkü çiçəklənən, demokratik Azərbaycandır. Biz hər yerdə müstəqil Azərbaycan dövlətinin uğurları ilə qürur duyuruq, dövlətimizə güvənirik.

Azərbaycan bizim hər birimizin anasıdır. Xalqımızın, dövlətimizin son illərdəki uğurları bizə qol-qanad verir. Mən Azərbaycanın dilbər guşəsi olan Astaranın Ərçivan kəndindənəm. Doğma kəndim üçün, necə deyərlər, indi burnumun ucu göynəyir. Qurultay başa çatan kimi, bir neçə günlüyə də olsa, kəndimizə gedəcəyəm. Krasnoyarska qayıdandan sonra isə Azərbaycan üçün bundan sonra daha çox işlər görməli olduğumu düşünürəm. Fikrimcə, Dünya Azərbaycanlılarının III Qurultayı diasporun hər bir üzvünə Vətənimizin tərəqqisi və güclənməsi naminə daha səfərbər olmaq, böyük uğurlar qazanmaq mesajı verib. Biz, dünya azərbaycanlıları harada yaşamağımızdan asılı olmayaraq buna hazırıq.

 

Nevzat Gündöy, Almaniyada yaşayan türk iş adamı:

- Mənə dünya azərbaycanlılarının bütün üç qurultayında iştirak etmək nəsib olub. Yəni 2001-ci ildə də burada olmuşam, o zaman dünya miqyaslı dahi siyasətçi Heydər Əliyev Azərbaycanın başqanı idi, birinci qurultayda onun çox parlaq nitqini dinləmişəm. 2006-cı ildə keçirilən ikinci qurultaya da dəvətli olmuşam. Bu gün də azərbaycanlı qardaşlarımın arasındayam. Bu faktı ona görə xüsusi qeyd edirəm ki, son 10 ildə Azərbaycan böyük sürətlə inkişaf yolu keçibdir. Bu barədə bu gün mən dostlarıma da danışmışam.

Bəli, bu 10 ildə Azərbaycan inanılmaz, əfsanəvi bir inkişaf yolu keçibdir. 10 il bundan qabaq Bakıya gələndə hava limanından şəhərin mərkəzinə çatana kimi avtobusumuz dəfələrlə çala-çuxura düşürdü, yollar çox pis gündə idi, indi bu yol Avropanın ən yaxşı yolları səviyyəsindədir, bəlkə də üstündür. Buna əsl tərəqqi deyirlər. Bir dost, qardaş olaraq mən məmnun oldum. Dəyişən təkcə yollar deyil. Son illər doğma Bakı nə qədər gözəlləşib, inkişaf edibdir. Adam onu vəsf etməyə söz tapmaqda aciz qalır. Mən Azərbaycan yetkililərini, şəxsən dövlət başçısı İlham Əliyev cənablarını belə bir sürətli tərəqqiyə imza atdıqları üçün ürəkdən təbrik edirəm.

Biz Avropanın mərkəzi sayılan Almaniyada azərbaycanlı diasporun nümayəndələri, bütün azərbaycanlı qardaşlarımızla çox sıx əlaqələr qurmuşuq. Biz fərq qoymuruq, eyni problemlərin həllinə çalışır, eyni sevinci, eyni qayğıları paylaşırıq. Azərbaycan Prezidenti İlham Əliyev çox gözəl deyib ki, bir millətin iki diasporu ola bilməz. Axı, güc birlikdədir. Birgə çalışmaqla biz uğurlarımızı artıra bilirik. Bəli, birgə səylərimiz yaxşı nəticələr verir.

İndi Almaniya parlamentində, işgüzar, mədəni dairələrində, mediasında çoxlu dəyərli dostlarımız var. Biz onlara demirik ki, bizi tərifləyin, deyirik ki, həqiqətin tərəfində durun. Öz növbəmizdə onların həqiqəti tam araşdırmaları üçün lazımi materialları təqdim edirik. Həqiqət isə bizim tərəfimizdədir. Almanlar başa düşürlər ki, ermənilər yalançı soyqırımı iddiaları ilə türk xalqlarına böhtan atırlar. Ermənilərə qarşı tarixdə heç bir millət soyqırımı keçirməyib. Amma ermənilər Xocalıda günahsız insanlara qarşı, uşaq, qadın, ahıl demədən dəhşətli vəhşiliklər törədiblər.

Mən Azərbaycanı Türkiyəni sevdiyim qədər sevirəm. Burada özümü doğma Vətənimdəki qədər xoşbəxt hiss edirəm. Hər bir azərbaycanlının Türkiyə sevdalısı olduğunu da bilirəm. Türklər üçün də Azərbaycan müqəddəs isimdir. Bizi heç bir qüvvə bir-birimizdən ayıra bilməz. Məni sevindirən həm də odur ki, bu gün Azərbaycan dövləti, onun uğurlu lideri regionda azad, müstəqil siyasət yürüdür, ölkə iqtisadi cəhətdən güclənir, əhalinin rifahı yaxşılaşır. Çalışmaq lazımdır ki, bu uğurlar daha da artsın. Biz dostlar buna yalnız şad olarıq. İnşallah, belə də olacaqdır!

 

Tahir Hüseynov, Qazaxıstanda yaşayan iş adamı:

- Mən Şəmkir rayonunun Təzəkənd kəndindənəm. 23 ildir ki, Qazaxıstanda yaşayıram. Ali təhsilliyəm. Bu gün Vətənə gəldiyim üçün, belə bir mötəbər qurultayda iştirak etdiyim üçün özümü xoşbəxt sanıram.

Qazaxıstanda kifayət qədər böyük Azərbaycan diasporu var. Mən Qazaxıstanın şimalındakı Petropavlovsk şəhərində yaşayıram. Burada milli adət-ənənələrimizi yaşatmağa çalışırıq. Azərbaycanın uğurları barədə eşidəndə çox sevinirəm. Petropavlovsk şəhərində yaşayan bütün azərbaycanlılar bütün dövlət bayramlarımızı yüksək səviyyədə qeyd edirlər. Vətəndən uzaqlarda doğma yerlər çox şirin olur, tez-tez doğma kəndim yuxuma girir. Altı ildir ki, Şəmkirdə olmamışam. Qurultay başa çatan kimi, doğma rayonumuza gedəcəyəm. Eşitmişəm ki, son illər Azərbaycanın bütün bölgələri, o cümlədən Şəmkir inkişaf edibdir. Yaxşı xəbərlər quş qanadlı olur. Azərbaycanın son illərdəki uğurları barədə hər dəfə eşidəndə qəlbim dağa dönür. Qazaxıstana qayıdanda burada gördüklərim barədə həmvətənlərimizə ürəkdolusu danışacağam. Bilirəm ki, çox sevinəcəklər. Arzum budur ki, Azərbaycan daim tərəqqi yolunda olsun. Bu millətin bir oğlu kimi, mən də əlimdən gələni etməyə daim hazıram.

Azərbaycan Prezidenti cənab İlham Əliyev Dünya Azərbaycanlılarının III Qurultayındakı parlaq nitqini ulu öndər Heydər Əliyevin unudulmaz sözləri ilə bitirdi: "Biz hamımız fəxr etməliyik ki, biz azərbaycanlıyıq". Sonda Vətəndən uzaqlarda, Rusiyada yaşayan bir azərbaycanlı olaraq bu gün müstəqil Azərbaycan dövlətinin uğurları ilə böyük qürur duyduğumu vurğulamaq istəyirəm. Bu yurdun, torpağın şanını, şöhrətini artırmaq üçün hər birimiz çalışmalıyıq. Bu, bizim vətəndaşlıq borcumuzdur!

 

 

Məsaim ABDULLAYEV

 

Xalq qəzeti.- 2011.- 7 iyul.- S. 4.