Dünya azərbaycanlıları Heydər Əliyev ideyalarına sədaqətlidir

 

Ölkəmizin ictimai-siyasi həyatında çox mühüm hadisə olan Dünya Azərbaycanlılarının III Qurultayından bir neçə gün keçməsinə baxmayaraq, onun doğurduğu əks-səda hələ də davam etməkdədir. Budəfəki qurultayın böyük əks-səda doğurmasının əsas səbəbi odur ki, keçən dövr ərzində diaspor təşkilatları daha da güclənmiş, mütəşəkkil bir qüvvəyə çevrilmiş, xaricdəki Azərbaycan icmaları arasında əlaqələr möhkəmlənmiş, haqq səsimizin duyurulması, həmvətənlərimizin hüquq və azadlıqlarının müdafiəsi istiqamətində bir sıra uğurlar əldə olunmuşdur. Bundan başqa, xaricdəki soydaşlarımıza və cəmiyyətlərimizə hər mənada dayaq olan Azərbaycan Respublikasında aparılan davamlı və ardıcıl sosial-iqtisadi islahatlar nəticəsində qeyd olunan sahələrdə ciddi nailiyyətlər əldə olunmuş, demokratik cəmiyyət formalaşmış, siyasi münasibətlər sistemi təkmilləşmiş, dövlət idarəçiliyində müasir metodların tədbiqi müsbət nəticələrini vermiş və bütün bunların fonunda beynəlxalq aləmdəki nüfuzumuz xeyli artmışdır. Belə olan halda, bizimlə bərabər bütün beynəlxalq ictimaiyyətin də Bakıda keçirilən qurultayı diqqət mərkəzində saxlaması təbiidir.

Azərbaycan diasporunun nümayəndələri isə daha da böyük uğurlar qazana biləcəklərindən əmindirlər. Bunun üçün Azərbaycan Prezidenti İlham Əliyevin qurultaydakı çıxışında qarşıya qoyulan vəzifələrin dəqiqliklə icra olunması kifayətdir. Novosibirskdə fəaliyyət göstərən Heydər Əliyev adına Beynəlxalq Azərbaycan Forumunun sədri Mirkazım Seyidov da bu fikirdədir. Onu da deyək ki, xarici ölkələrdə diaspor fəaliyyəti ilə uğurla məşğul olan bir sıra soydaşlarımızla bərabər Mirkazım Seyidov da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edilib. M. Seyidovla söhbətimizə başlayarkən o, əməyinin yüksək qiymətləndirdiyinə görə, dövlət başçısına sonsuz minnətdarlığımı bildirərək dedi:

- İnsanın əməyinə qiymət veriləndə bu, onu ruhlandırır və yeni-yeni uğurlar qazanmağa, nailiyyətlər əldə etməyə həvəsləndirir. Möhtərəm Prezidentimizin məni "Tərəqqi" medalı ilə təltif etməsi isə məsuliyyətimi daha da artırır və bundan sonra da milli birliyimiz, həmrəyliyimiz uğrunda, Heydər Əliyev ideyaları uğrunda fəaliyyətimə daha da inamla yanaşmağı tələb edir. Bu, mənə və mənimlə bərabər təltif olunan digər soydaşlarımıza Azərbaycan dövlətinin və onun başçısının ən böyük ərməğanı, töhfəsidir.

Əminəm ki, ümummilli liderimiz Heydər Əliyevin yolunun uğurla davam etdirilməsi bizi yeni-yeni nailiyyətlərə aparacaqdır. Bu yola sadiq olan möhtərəm Prezidentimiz İlham Əliyev də ulu öndərin azərbaycançılıq ideologiyasına daim sədaqətli olmuş, 50 milyonluq bir xalqın lideri kimi, həmişə dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıları bu ideologiya ətrafında birləşməyə səsləmişdir. O, Dünya Azərbaycanlılarının III Qurultayındakı çıxışında yenidən hər birimizi həmrəyliyə səsləməklə yanaşı, diasporumuzun gələcək fəaliyyətinin bütün hədəflərini də açıq şəkildə göstərdi. Bu çıxışdan sonra qurultayda iştirak edən nümayəndələr qəti şəkildə belə qərara gəldilər ki, Azərbaycan cəmiyyətlərinin bundan sonrakı inkişaf mərhələsi xarici ölkələrdə lobbilərimizi formalaşdırmağa istiqamətlənməlidir. Bunun üçün bəzi ölkələrdə fəaliyyət göstərən ayrı-ayrı diaspor təşkilatlarımız arasında olan həmrəyliyi, birliyi hamımız nümunə kimi qəbul etməliyik ki, bu məsələ öz həllini tam şəkildə tapsın.

Hər hansı bir ölkədə dispor təşkilatları çox olduğu halda, onların ictimai rəyə təsir imkanları az olarsa, onda gücü birləşdirmək, birlikdə hərəkət etmək və pərakəndəliyə son qoymaq lazımdır. Yəni az, ancaq güclü təşkilatların olması artıq dövrün tələbidir. Bunun üçün əgər bəzi cəmiyyətlər arasında ziddiyətlər, analışılmazlıqlar problemlər varsa da, onlar qısa zamanda aradan qaldırılmalıdır. Azərbaycan Prezidenti İlham Əliyev öz çıxışında qurultaya gələn xaricdəki cəmiyyətlərimizin nümayəndələrinə məhz birlik, həmrəylik mesajı verdi və "Gücümüz birliyimizdədir!"-dedi. Ölkəmizin rəhbəri çıxışında bəzi xarici ölkələrdəki cəmiyyətlərimizin səfirliklərimiz və konsulluqlarımız ilə əlaqələrinin zəif olmasından narahatlığını da ifadə etdi. Prezident tövsiyə etdi ki, belə narazılıqlar olduqda məsələ dərhal həll olunmalı, həmrəylik təmin edilməlidir. Mən belə hesab edirəm ki, dövlət başçısının bu tövsiyəsi istər xaricdəki diplomatik korpusumuza, istərsə də orada yaşayan hər bir azərbaycanlıya verilən xüsusi bir tapşırıq kimi qəbul olunmalıdır və qəbul olunur da. İnanıram ki, qısa zamanda bu sahədə mövcud olan bütün problemlər öz həllini tapacaq və hamımız bir nəfər kimi Azərbaycan naminə, müqəddəs məqsədlərimiz naminə, ümumi işin xeyrinə fəaliyyət göstərəcəyik.

Cənab Prezidentin çıxışında diqqətimi çəkən digər mühüm bir məqam isə dünyanın aparıcı dövlətlərinin mərkəzi şəhərlərində mədəniyyət evlərinin yaradılması məsələsidir. Belə məlum olur ki, həmin mədəniyyət evləri Azərbaycanın dövlət mülkiyyəti olacaq. Orada həm Azərbaycan mədəniyyət mərkəzləri fəaliyyət göstərəcək, həm də Azərbaycan ticarət evləri yaradılacaq. Bu, çox mühüm hadisədir. Çünki burada ardıcıl olaraq ölkəmizi təbliğ edən materialların yayılması, məhsullarımızın insanlara təqdim olunması, satılması bizim ən böyük uğurumuz ola bilər. Mən inanıram ki, bu mərkəzlər Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında müstəsna rol oynayacaqdır. Bu, hər bir Azərbaycan vətəndaşının, xaricdə yaşayan bütün soydaşlarımızın xeyrinədir, onların müdafiəsinə yönəlmiş bir addımdır, onların arxasında dayanan dövlətin gücünü, dövlət başçısının qayğısını göstərən amildir. Ticarət mərkəzləri də diaspora fəaliyyətlərinin maliyyələşdirilməsi baxımından çox faydalı ola bilər. Mən inanıram ki, qeyd olunan məsələlərin hamısı həyata keçiriləcəkdir. Azərbaycanın bu gün qazandığı iqtisadi güc də, sürətli iqtisadi inkişafı da buna imkan verir.

Sonda ürək sözlərimi bu fikirlərlə ümumiləşdirmək istəyirəm. Bütün dünya azərbaycanlıları olaraq bizim hər birimiz ayrı-ayrılıqda ümummilli liderimiz Heydər Əliyevə minnətdarıq. Çünki məhz onun səyləri, qətiyyəti, cəsarəti, uzaqgörənliyi, müdrikliyi sayəsində bu gün müstəqil, demokratik və qüdrətli Azərbaycan Respublikası mövcuddur. Ulu öndər ölkəmizin bütövlüyünü təmin etdi, torpaqlarımızın işğalının qarşısını aldı. Bununla bərabər Heydər Əliyev bizə elə bir ideologiya ərmağan etdi ki, bu ideologiya Azərbaycan var olduqca yaşayacaq, həmrəyliyimizi, birliyimizi təmin edəcəkdir. Həmin ideologiya azərbaycançılıqdır. Dünya Azərbaycanlılarının I Qurultayı da, sonuncusu da məhz bu ideoloji əsasa dayanır. Bu mənada hər bir azərbaycanlı ümummilli liderimiz Heydər Əliyev ideyalarının daşıyıcısı, təbliğatçısıdır. Ona görə də mən açıq ürəklə deyə bilərəm ki, harada azərbaycanlı varsa, hansı ölkədə azərbaycanlı yaşayırsa, orada Heydər Əliyevin ideyaları da yaşayacaqdır, nəsildən-nəsilə ötürüləcək, necə deyərlər, dünya azərbaycanlılarının mayakına çevriləcəkdir.

Mais Nuruyev, İtaliyada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Asossiasiyasının sədri, TÜRKSOY-un Milandakı təmsilçisi:

- Dünya Azərbaycanlılarının III Qurultayı çox möhtəşəm keçirildi. Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı məndə böyük ruh yüksəkliyi yaratdı. Onun hər bir sözü xaricdən gələn bütün azərbaycanlıların ürəyindən xəbər verirdi. Hamı gördü ki, dövlətimizin başçısı xaricdəki diasporumuzun həm uğurları, həm də problemləri barədə tam məlumatlıdır. Biz diaspor nümayəndələri dövlət rəsmiləri ilə çox maraqlı və faydalı görüşlər keçirdik. Tanış olmaq, yeni əlaqələr qurmaq baxımından da qurultay əhəmiyyətli oldu.

İnanıram ki, qurultayda qəbul olunan qərarlar böyük ruh yüksəkliyi ilə həyata keçiriləcək. Buna gündən-günə inkişaf edən, qüdrətlənən Azərbaycanın iqtisadi-siyasi gücüimkan verir. Cənab Prezident İlham Əliyev demişkən, biz müdafiədən hücum taktikasına keçəcəyik. Bunun üçün təbii ki, daha da güclənməli, daha sıx birləşməliyik. Çalışmalıyıq ki, ilk olaraq, fəaliyyət göstərdiyimiz hər bir ölkədə bizi etnik qrup kimi tanısınlar. Bunun üçün, necə deyərlər, say baxımından həmin ölkədə çox olmaq o qədər də əhəmiyyətli deyil. Önəmli olan fəaliyyətdir, işdir. Məsələn, elə ölkələr var ki, orada minlərlə hansısa ölkədən gəlmiş əcnəbi yaşayır, ancaq onlar etnik qrup kimi tanınmır. Elə də olur ki, yüz nəfərlik bir icma etnik qrup kimi tanınır. Bu, dediyim kimi, yalnız fəaliyyətlə, aktivliklə, təşkilatlanmaqla bağlı olan məsələdir.

İstərdim ki, bir az da öz fəaliyyətimizdən danışım. Bizim təşkilat İtaliyanın Milan şəhərində 2005-ci ildən fəaliyyət göstərir. Bildiyiniz kimi, Milan ölkənin, hətta Avropanın mədəniyyət mərkəzlərindən biri hesab olunur. Ona görə də orada keçirilən hər bir tədbir, İtaliya ictimaiyyəti ilə yanaşı Avropa ölkələrinin də diqqətini cəlb edir. Ermənilərin bəzi məqamlarda bu şəhərdə fəallaşmağa çalışması da bununla əlaqədardır.

İtaliyanın bu gözəl şəhərində tez-tez mədəniyyətimizlə bağlı tədbirlər keçiririk. Sonuncu tədbirimiz bu günlərdə oldu. Milanda rəssamlarımızın əsərlərinindən ibarət sərgi keçirdik. Mən burada bir daha şahid oldum ki, mədəniyyətdən, incəsənətdən daha gözəl təbliğat vasitəsi ola bilməz.

Milanda xarici ölkələrin diplomatik korpusları da aktiv fəaliyyət göstərirlər. Bu yaxınlarda orada bir tədbir keçirirdik. Həmin tədbirə şəhərdəki xarici ölkələrin diplomatlarını da dəvət etmişdik. Bu zaman maraqlı bir faktla qarşılaşdıq. Məlum oldu ki, Bolqarıstanın Milandakı baş konsulu Petrosyan soyadlı erməni imiş. Onun Azərbaycan və Türkiyə əleyhinə təbliğat apardığını gördükdə, heç təəcüblənmədim. Çünki ermənilər daim bizə düşmən kimi yanaşıb və hansı ölkədə, hansı vəzifədə olmasına baxmayaraq bu düşmənçiliyi üzə vurublar. Həmin "diplomat" da hər fürsətdə "məzlum" erməni xalqının çəkdiyi əziyyətlərdən söz açır, Osmanlı türklərinin bolqarlara da "divan" tutduğunu iddia edirdi. Biz onunla qarşılaşanda dərhal münasibətimizi bildirdikqeyd etdik ki, diplomat kimi siz, ancaq Bolqarıstanı təmsil etməli və onun milli maraqlarını qorumağa çalışmalısınız. Bundan əlavə Bolqarıstan dövlətinə də məktub ünvanladıq. Hələ cavab almasaq da, əminəm ki, nəticə olacaqdır. İnanıram ki, Bolqarıstan, onun milli maraqlarının əleyhinə addımlar atan erməniyə həddini bildirəcəkdir.

Milanda tez-tez Azərbaycan günləri də keçiririk. Bu məqsədlə Azərbaycandan füsunkar səsə malik olan qarabağlı övladlarımızı dəvət etmişdik. İtaliyadakı səfirimiz Vaqif Sadıqov və bir çox xarici diplomat da tədbirimizdə iştirak edirdi. Mənim yoldaşım Milanda bir musiqi məktəbinin direktorudur. O, öz məktəbinin xor qrupunu da tədbirə gətirmişdi. Möhtəşəm bir konsert proqramı baş tutdu. Lakin sonradan məlum oldu ki, erminilər tərəfindən öyrədilmiş bir qadın siyasətçi bizi saxtakarlıqda ittiham edir. O, iddia edirdi ki, guya, Qarabağ bizim yox, ermənilərin ata-baba yurdudur. Biz səfirliyimizin də dəstəyi ilə həm rəsmi məktubla, həm də şəxsi təşəbbüslərlə ona və ətrafındakı insanlara həqiqətləri çatdırdıq. O, həqiqəti biləndən sonra Azərbaycanın könüllü təbliğatçısına çevrildi. Məhz belə məqamlarda diasporun əhəmiyyəti daha yaxşı anlaşılır.

Çox istərdim ki, Azərbaycanın xaricdəki cəmiyyətləri, necə deyərlər, Azərbaycan Respublikasının inkişafı ilə ayaqlaşsınlar. Yəni bu inkişaf paralel şəkildə getsin. Çünki ölkəmizin Avropadakı, ümumiyyətlə, Qərbdəki nüfuzu bəlkə də heç vaxt bu qədər yüksəlməyib. Bu gün Avropada Azərbaycan deyəndə, əksəriyyət həm neft-qaz ölkəsi, həm də mədəniyyət məkanı kimi bizə böyük rəğbətini ifadə edir. Bu, bütün dünyadakı azərbaycanlıların uğurudur. Ancaq biz daha da böyük uğurlara layiq olan xalqın nümayəndələriyik.

 

 

Rauf ƏLİYEV

 

Xalq qəzeti.- 2011.- 10 iyul.- S. 2.