Sabirabadda ulu öndər Heydər Əliyevin Azərbaycanın rəhbəri seçilməsinin 42 illiyi ilə bağlı tədbir keçirildi

 

Sabirabadda ümummilli lider Heydər Əliyevin respublikamızda siyasi hakimiyyətə gəlməsinin 42 illiyinə həsr olunmuş toplantı keçirildi. Tədbir iştirakçıları ulu öndərin abidəsi önünə tər güllər düzdükdən sonra Heydər Əliyev Mərkəzində dahi rəhbərin keçdiyi şərəfli həyat yolu ilə bir daha tanış oldular.

Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı, YAP Siyasi Şurasının üzvü Nazim İsmayılov çıxış edərək 42 il bundan əvvəl Azərbaycan tarixində əlamətdar bir hadisənin baş verdiyini vurğuladı. Həmin vaxt Azərbaycandakı vəziyyəti səciyyələndirən faktları və rəqəmləri xatırladan icra başçısı bildirdi ki, respublikamız keçmiş Sovetlər İttifaqında ən geridə qalan respublikalardan hesab olunurdu. 1969-cu il iyulun 14-də Heydər Əliyevin Azərbaycan Respublikası KP MK-nın birinci katibi seçilməsi ilə respublikamızın və xalqımızın tarixində yeni səhifə açıldı. Azərbaycanın adını şərəfləndirməyi, onu inkişaf etmiş sənaye respublikasına çevirməyi, xalqımızın siyasi, elmi, mədəni və mənəvi potensialını üzə çıxarmağı fəaliyyətinin başlıca prinsipi elan edən ümummilli liderin nəhəng təşkilatçılıq qabiliyyəti və istedadı sayəsində qısa müddətdə bütün sahələrdə misilsiz tərəqqi başlandı. Nəticədə Azərbaycan nəinki geriliyin daşını ata bildi, hətta keçmiş İttifaqda birincilər sırasına çıxdı. Bu, ulu öndər Heydər Əliyev dühasının bəhrəsi idi. Ötən əsrin 90-cı illərinin əvvəllərində ölkəmiz milli müstəqilliyini yenidən itirmək təhlükəsi ilə üzləşəndə də dahi şəxsiyyət siyasi səhnəyə qayıdaraq gənc respublikamızı məhv olmaq təhlükəsindən qurtarmışdır.

Natiq Prezident İlham Əliyevin rəhbərliyi altında gerçəkləşən bugünkü uğurlardan da danışdı. Bütün bu nailiyyətlərin kökündə təməli 42 il bundan əvvəl qoyulmuş inkişaf və quruculuq xəttinin dayandığını bildirdi.

 

 

Səməd HÜSEYNOĞLU

 

Xalq qəzeti.- 2011.- 15 iyul.- S. 6.