Oksana YABLONSKAYA: "Heydər Əliyev Fondunun köməyi olmasa, biz belə möhtəşəm musiqi bayramını paytaxtdan kənarda keçirə bilmərik"

 

Heydər Əliyev Fondunun təşkil etdiyi Qəbələ III Beynəlxalq musiqi festivalı çərçivəsində keçirilən pianoçuların II beynəlxalq müsabiqəsinin münsiflər heyətinin rəhbəri, amerikalı pianoçu, BMT yanında Beynəlxalq İncəsənət Akademiyasının fəxri akademiki, ABŞ-dakı Culian Musiqi Akademiyasının professoru Oksana Yablonskaya müsahibəsində demişdir ki, bu müsabiqə əvvəlkindən daha möhtəşəm təşkil edilmişdir. Artıq birinci tura yekun vurulmuş, yaxşı nəticələr əldə edilmişdir.

Ümid edirəm ki, ikinci tur daha maraqlı keçəcəkdir. Bacarıqlı gənclər sırasından ən istedadlısını seçmək çətinləşir. Qalibə yüksək mükafat veriləcək və ona görə də gənclər daha həvəslə çıxış edirlər.

Heydər Əliyev Fondunun köməyi olmadan biz belə bir piano müsabiqəsini və musiqi festivalını paytaxtdan kənarda yüksək səviyyədə keçirə bilmərik. Qəbələnin gözəl təbiəti, buradakı beşulduzlu mehmanxanalar kompleksi, yaradılmış şərait, qonaqpərvər insanlar və yüksək xidmət musiqi ilə vəhdət təşkil edir. Münsiflər heyətinin 11 ölkədən olan üzvləri, müsabiqədə iştirak edən 9 ölkənin 15 iştirakçısı adından Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevaya minnətdarlıq edirik.

 

 

Xalq qəzeti.- 2011.- 19 iyul.- S. 3.