Həsən bəy Zərdabi mükafatı təqdim edildi

 

Milli mətbuatımızın 136-cı ildönümü ilə əlaqədar keçirilən tədbirlərin davam etməsi cəmiyyətimizin "dördüncü haktmiyyətə" olan münasibətinin təzahüru kimi qiymətləndirilir. Azərbaycan Jurnalistlər Birliyinin "Xalq Mətbuat Mərkəzi"ində keçirdiyi təqdimat mərasimi də bu mövzulu tədbirlərin ən dəyərlilərindən biri idi. Çünki ölkənin aparıcı kütləvi informasiya vasitələrinin təmsilçilərindən 7 nəfəri həmin gün Həsən bəy Zərdabi mükafatı ilə təltif olundu.

Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı çıxış edərək mətbuatın cəmiyyət həyatında oynadığı roldan söz açdı, qloballaşan dünyada mətbuatın gündən-günə daha ön sıralara çıxdığını vurğuladı. Birlik sədri qeyd etdi ki, Azərbaycan jurnalistləri həmin prosesin fəal iştirakçılarıdır. Bu gün mükafatlandırılan qələm yoldaşlarımız isə çoxminli həmkarlarımız arasından seçilmiş ən layiqli mətbuat təmsilçiləridir.

Sonra Elçin Şıxlı yeni laureatları KİV təmsilçilərinə təqdim etdi və qaliblərə diplomlar verildi. "Gəncənin səsi" qəzetinin baş redaktoru Rəfiqə Sadıqova, "İctimai Televiziyanın "Ortaq məxrəc" verilişinin aparıcısı Vəsilə Zeynalova, "1 News.az" internet saytının təsisçisi Teymur Rzayev, "Xalq qəzeti"nin bölgə müxbiri İlqar Həsənov, jurnalist kadrların hazırlanamasında xüsusi xidmətləri olan professor Tofiq Yusifov, ANS teleşirkətinin əməkdaşı Ayaz Nizamioğlu və Media Hüququ İnstitutunun rəhbəri Rəşid Hacılı 2011-ci ilin Həsən bəy Zərdabi mükafatının laureatı oldular.

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, qocaman jurnalist Oqtay Cəfərov, professor Qulu Məhərrəmli, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcidoğlu, eləcə də mətbuatla bağlı qeyri-hökumət təşkilatlarının rəhbərləri çıxış edərək bu tədbirin əhəmiyyətindən söz açdılar, laureatları təbrik etdilər. Qaliblər adından çıxış edən İlqar Həsənov qeyd etdi ki, Həsən bəy Zərdabi mükafatı qələm sahibləri üçün ən ali mükafatdır. Ən ali mükafatın laureatlarının seçilməsi zamanı ən ali hissin, ədalət hissinin gözlənilməsi isə mətbuata böyük nüfuz, jurnalistikaya hörmət qazandırır.

 

 

İttifaq MİRZƏBƏYLİ

 

Xalq qəzeti.- 2011.- 27 iyul.- S. 6.