Uşaqlar dunyamızın işığıdır

 

Nəsimi rayonunda 1 İyun - Uşaqları Beynəlxalq Müdafiə Günü münasibətilə tədbir olmuşdur. Nəsimi Rayon İcra Hakimiyyəti Gənclər və İdman İdarəsinin təşkil etdikləri bu maraqlı tədbir Vaqif prospekti ilə S.Vurğun küçəsinin kəsişməsində yerləşən parkda keçirildi. Rayondakı körpələr evi - uşaq bağçalarında tərbiyə alan uşaqların asfalt üzərində çəkdikləri rəsmlərin müsabiqəsi oldu. Böyük fantaziya və istedaddan xəbər verən işlər hamıda maraq doğurdu. Qaliblərə hədiyələr təqdim edildi.

Tədbirdə azyaşlıların əl işlərindən ibarət sərgi nümayiş olundu. F.Köçərli adına Respublika Uşaq Kitabxanasının təşkil etdiyi kitab sərgisi öz tərtibatı və rəngarəngliyi ilə diqqəti cəlb edirdi. Sərgidə "Heydər Əliyev və uşaqlar", "Mən fəxr edirəm ki, azərbaycanlıyam !", "Müstəqilliyimiz əbədidir, dönməzdir", "Yeddi rəngli kəmərim", "Təbiət bizim evimizdir", "Hüquqlarımızı öyrənək və qoruyaq", "Mənim nağıllı dünyam" və digər mövzularda xüsusi stendlər qurulmuşdu.

Tədbir iştirakçılarına "Göy qurşağı" jurnalı təqdim olundu. Burada müxtəlif nəşriyyatların sərgi - satışları da təşkil edilmişdi və tamaşaçılar bəyəndikləri kitabları əldə edə bilirdilər. Azyaşlılar arasında "Nağıllarımızı bilirsinizmi ?" mövzusunda viktorina keçirildi və qaliblər mükafatlandırıldı.

Yüksək səviyyədə təşkil edilmiş tədbir konsert proqrammı ilə davam etdi, uşaqlar şeir, nəğmə, rəqslər ifa etdilər.

 

 

Ayaz HƏMİDOĞLU

 

Xalq qəzeti.- 2011.- 2 iyun.- S. 6.