Ağstafa: hər sahədə inkişaf var

 

Cari ilin birinci rübünün sosial-iqtisadi inkişaf dinamikası Ağstafa rayonunun timsalında müsbət artımdan xəbər verir

 

"Azərbaycan Respublikasının 2011-ci il Dövlət büdcəsi haqqında" Azərbaycan Respublikasının qanununa müvafiq olaraq rayonun 2011-ci il büdcəsi mədaxil üzrə 15 milyon 148 min 137 manat, mərkəzləşdirilmiş xərclərdən ayrılan vəsait 11 milyon 872 min 137 manat, gəlirlər 3 milyon 276 min manat təsdiq olunmuşdur. 2010-cu ilə nisbətən 2011-ci ildə büdcə xərcləri 10,2 faiz, gəlirlər 1,6 faiz çox təsdiq olunmuşdur. Cəlirlər xərclərin 21,6 faizini təşkil edir.

 

2011-ci ilin yanvar-mart ayları ərzində yerli gəlirlər üzrə proqnoz 694 min 510 manata qarşı 743 min 732 manat və ya 107,1 faiz yerinə yetirilmişdir. Gəlirlər 2010-cu ilin müvafiq dövrü ilə nisbətən 449 min 505 manat, əməyin ödənişi xərcləri 440 min 273 manat, ümumdövlət xidməti xərcləri 32 min 59 manat çox icra olunmuşdur.

2011-ci ilin birinci rübü ərzində rayon üzrə ümumi məhsul buraxılışının həcmi 13 milyon 486 min manat olmuşdur ki , bu keçən ilin eyni dövrü ilə müqayisədə 2 milyon 722 min manat və ya 25,3 faiz çoxdur. Ümumi məhsul buraxılışının tərkibində sənaye məhsulunun həcmi 1 milyon 162 min manat, əvvəlki ilə nisbətən 56,9 min manat, yaxud 5,2 faiz çox, kənd təsərrüfatı məhsulları istehsalının həcmi 4 milyon 161 min manat, əvvəlki ilə nisbətən 257 min manat və ya 6,6 faiz çox, əsas kapitala yönəldilən investisiyaların həcmi 1 milyon 465 min manat, əvvəlki ilə nisbətən 3,2 dəfə çox, nəqliyyat xidməti 589 min manat, rabitə xidməti 94 min manat, ticarət 56 milyon 13 min manat təşkil edir. Rüb ərzində əhaliyə göstərilən pullu xidmətlərin həcmi 5 milyon 830 min manat olmuşdur ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 1 milyon 31 min manat və ya 21,5 faiz çoxdur. Rayon üzrə orta aylıq nominal əmək haqqı 164 manat 91 qəpik olmuşdur.

2011-ci ilin yanvar-mart ayları ərzində rayon ərazisində fəaliyyət göstərən banklar və bank olmayan kredit təşkilatları tərəfindən rayon əhalisinə 1 milyon 628 min manat kreditlər verilmişdir. Banklar tərəfindən əhalidən cəlb edilmiş əmanətlər 90 min (AZN) manat və 3 min ABŞ dolları həcmində olmuşdur.

2011-ci ilin birinci rübü ərzində rayonun sosial-iqtisadi inkişafı istiqamətində idarə, müəssisə və təşkilatlarla, eləcə də sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərlə sıx əməkdaşlıq edilmiş, onların fəaliyyətinə lazımi köməklik göstərilmiş, yeni iş yerlərinin yaradılması istiqamətində iş aparılmışdır.

Azərbaycan Respublikası Prezidentinin 14 aprel 2009-cu il tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrası Ağstafa rayonunda tədbirlər planına uyğun həyata keçirilir. Görülmüş tədbirlər nəticəsində Ağstafa rayonunda bir çox sosial obyektlər istifadəyə verilmişdir. Ağstafa üzrə 2011-ci ilin birinci rübü ərzində həyata keçirilmiş bir sıra tədbirlər nəticəsində rayonda 145 nəfər işlə təmin olunmuşdur. Rayon üzrə işlə təmin olunanların 84,5 faizi daimi işlərdə işləyənlərdir.

2011-ci il mart ayının 31-nə kimi Ağstafa rayonunda 149 hektar qarğıdalı, 138 hektar kartof, 87 hektar tərəvəz, 463 hektar cari il yoncası, 71 hektar günəbaxan, 46 hektar bostan, cəmi 948 hektar yazlıq bitkilər əkilmişdir. Ötən ilin eyni vaxtı ilə müqayisədə 2011-ci ildə 164 hektar yazlıq bitkilər artıq əkilmişdir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 16 noyabr tarixli və 2008-ci il 13 iyun tarixli qərarına əsasən "Buğda və çəltik istehsalçılarının maddi marağının artırılması və buğda və çəltik istehsalının stimullaşdırılması məqsədi ilə dövlət büdcəsinin vəsaiti hesabına yardım verilməsi qaydaları"na uyğun olaraq 2359 istehsalçıya 293 min 757 manat hesablanaraq 2011-ci ilin mart ayında verilmişdir.

Ağstafa Paylayıcı Elektrik şəbəkəsi cari ilin birinci rübündə əhaliyə ötürülən enerji dəyərinin 98,4 faiz, qaz istismar idarəsi isə 86,5 faiz toplanmasını təşkil etmişdir.

Hazırda Aşağı Göyçəli, Qırılı və Dağ Kəsəmən kəndlərinin qazlaşdırılması layihəsinə başlanılmış və cari ildə quraşdırma işlərinin başlanılması nəzərdə tutulmuşdur.

Ağstafa çayının sol sahil 7 yaşayış məntəqəsinin, o cümlədən Kür çayının sol sahil yaşayış məntəqələrinin növbəti illərdə qazlaşdırılması üçün aidiyyəti üzrə müraciətlər olunmuşdur. Kəndlərin qazlaşdırılması məsələləri prioritet məsələ daşıyır.

Cari ilin birinci rübündə Ağstafa şəhərində tikinti-quruculuq və abadlıq işləri davamlı aparılmış, nəzərdə tutulmuş tədbirlər icra edilmişdir.

Ağstafa şəhərində Vergilər Terminalının tikintisi başa çatdırılaraq istifadəyə verilmiş, statistika idarəsinin binasında son tamamlanma işləri aparılır. Bundan başqa, Qarabağ əlilləri və şəhid ailələri üçün 3 fərdi yaşayış evi və 16 mənzilli yaşayış binası tikilib istifadəyə verilmiş, Ağstafa şəhəri Mehdi Mustafayev və Səməd Vurğun parklarında yenidənqurma işlərinə, doğum evinin qarşısında abadlıq işlərinə başlanılmışdır. Ağstafa "Aqroservis" kompleksinin və yüksək vitaminli yem və alkopol istehsalı zavodunun tikintisi davam etdirilir. "Ağstafasüd" kompleksinin tikintisi üçün hazırlıq işləri aparılır.

Ölkə Prezidenti çıxışında qəzalı məktəblərin tikintisinə və kəndarası yolların təmirinə toxunaraq bildirmişdir ki, iki mindən artıq məktəb tikilib istifadəyə verilmişdir. Əlavə korpuslar tikilmişdir. Ancaq qəzalı məktəblər hələ də kifayət qədərdir. Azərbaycanda pis vəziyyətdə məktəb olmamalıdır. Biz ən bərbad vəziyyətdə olan yolları da bərpa etməli və əslində, yenidən qurmalıyıq.

Bununla əlaqədar rayon icra hakimiyyəti tərəfindən Azərbaycanın qəzalı vəziyyətdə olan məktəb binaları müəyyənləşdirilmiş və cari ildə Tatlı və Düzqışlaq kəndlərində yeni məktəb binalarının tikintisinə başlanılacaqdır. Hazırda şəhər 4 saylı körpələr evinin tikintisi Heydər Əliyev Fondu tərəfindən davam etdirilir və yaxın zamanlarda istifadəyə veriləcəkdir. Ağstafa - Böyük Kəsik - Sadıqlı avtomobil yolunun, Poylu - Düzqışlaq-Qazax avtomobil yolunun əsaslı təmiri işlərinin cari ildə həyata keçirilməsinə nail olunmuşdur. Kəndarası və kənddaxili yolların xırlanması işi də aparılmışdır. Belə ki, Xılxına, Qarahəsənli, Sadıqlı, Qıraq Kəsəmən, Köhnəqışlaq və Xılxına-Düzqışlaq kənd arası yollar əsaslı təmir olunaraq xırlanmışdır.

Rayonda "Ekologiya ili" başa çatsa da ağac əkilməsi və yaşıllıqların salınması işi davam etdirilmişdir.

Ölkə Prezidenti tərəfindən 2011-ci ilin "Turizm ili" elan edilməsi ilə əlaqədar rayonun turizm imkanları öyrənilmişdir. Belə ki, rayon ərazisində mövcud olan tarixi mədəniyyət abidələrinin bərpası məqsədilə Mədənivvət və Turizm Nazirliyinə müraciət olunmuşdur. Müraciət nəticəsiz qalmamışdır. Qıraq Kəsəmən kəndində yerləşən qalada, İsrafil ağanın evində və "Keşinçidağ" Dövlət Qoruğunda bərpa və yenidənqurma işlərinin 2011-2012-ci illərdə aparılması nəzərdə tutulmuşdur.

Hesabat yığıncağında belə bir fikir vurğulanmışdır ki, dinamik inkişaf yüksək nizam-intizam, təşəbbüskarlıq, fəallıq nəticəsində mümkündür. Bu baxımdan son illər Ağstafada müsbət təcrübə əldə olunmuşdur. Bu təcrübədən hamı yararlanmalıdır.

 

 

Hamlet QASIMOV

 

Xalq qəzeti.- 2011.-3 iyun.- S. 6.