Samux: Yüksəlişdə hamının zəhmət payı var

 

Samux Rayon İcra Hakimiyyətində keçirdiyimiz "dəyirmi masa"da çıxış edənlər dönə-dönə bu fikri vurğuladılar ki, hərə öz işinə vicdanla yanaşsa, vicdanla işləsə, neqativ hallar, o cümlədən korrupsiya və rüşvətxorluq halları öz-özünə aradan qalxacaq.

 

Son illər Samuxun dinamik inkişafı haqqında çox yazmışıq. Kimin yolu Gəncədən cəmi 5-6 kilometr aralıda yerləşən Samuxa düşürsə, heyrətini gizlədə bilmir, istər-istəməz "halal olsun" kəlməsini dilinə gətirir. Təbii ki, rayon rəhbərliyindən başlamış sıravi sakinə kimi bu işlərdə, bu yüksəlişdə hamının zəhmət payı var. Amma rayon icra hakimiyyətinin başçısı Vilyam Hacıyev bütün bunlarla yanaşı, ölkə Prezidenti İlham Əliyevin regionlara, o cümlədən Samuxa xüsusi diqqət və qayğısını ön plana çəkir:

- Cənab Prezidentimizin son illər iki dəfə Samuxda olması, bir sıra obyektlərin açılışında iştirak etməsi bizi hədsiz ruhlandırıb deyir, - çalışırıq ki, etimadı doğruldaq. Dəstək, qayğı olmasaydı, biz bu gün öz rayonumuzdan ağızdolusu danışa bilməzdik. Amma hələ görüləsi işlərimiz çoxdur. Gərək daha məsuliyyətli olaq, bu günün işini sabaha qoymayaq, adamların sosial problemləri ilə daha yaxından məşğul olaq.

Doğrudan da, 2011-ci ilin birinci rübünün yekunlarının təhlili göstərir ki, əvvəlki illərdə olduğu kimi, cari ildə də Samux rayonunun iqtisadiyyatında yüksək nəticələr əldə olunacaqdır. Rayonda "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrası uğurla davam etdirilir. Rüb ərzində ümumi məhsul buraxılışı 13,8 milyon manat olmuşdur ki, bu da 2010-cu ilin birinci rübündəkindən 24,7 faiz çoxdur. Ümumi məhsul buraxılışının həcmində qeyri-dövlət sektorunun payı 95,3 faiz təşkil etmişdir. Cari ilin ilk rübündə ötən ilin müvafiq dövrü ilə müqayisədə sənaye istehsalı 16,3 faiz artaraq 2,1 milyon manat, kənd təsərrüfatı məhsullarının istehsalı 31,5 faiz artaraq 4,7 milyon manat, pərakəndə əmtəə dövriyyəsi 15 faiz artaraq 12,8 milyon manat, əhaliyə göstərilən pullu xidmətlərin həcmi 16,2 faiz artaraq 3,3 milyon manat, əhalinin gəlirləri 4,7 faiz artaraq 11,1 milyon manat olmuşdur.

Aztəminatlı ailələrin sosial müdafiəsini təmin etmək məqsədilə hazırda rayon üzrə 661 ailəyə ünvanlı sosial yardım təyin olunmuşdur ki, bu da 3075 nəfərin sosial müdafiəsi deməkdir. Bir ailəyə ödənilən orta məbləğ 113,5 manat təşkil etmişdir.

Əhalinin məşğulluğu daim diqqət mərkəzində saxlanılır və hesabat dövründə 414 yeni iş yeri yaradılmışdır ki, onlardan da 216-sı daimi, 78-i müvəqqəti, 120-si isə mövsümi iş yerləridir. Ümumilikdə birinci Dövlət Proqramının icrasına başlanılandan bu günə qədər rayonda 13960 yeni iş yeri yaradılmışdır.

İqtisadiyyatın inkişafında əldə olunan nailiyyətlər rayonda genişmiqyaslı tikinti-quruculuq işlərinin aparılmasına böyük stimul verir. Rübün əvvəlindən rayon ərazisində, xüsusilə onun mərkəzində geniş tikinti-quruculuq və abadlıq işlərinə başlanmış və bu işlər bu gün də uğurla davam etdirilir. Şəhərin giriş hissəsində inşa edilən Dövlət Bayrağı meydanında və rayon icra hakimiyyətinin yeni inşa edilən inzibati binasında işlər tam başa çatdırılmışdır. Hər iki obyekt ölkə başçısının iştirakı ilə istifadəyə verilmişdir. Rayon polis şöbəsinin yeni inzibati binası isə daxili işlər naziri Ramil Usubovun iştirakı ilə istifadəyə verilmişdir.

Rüb ərzində Heydər Əliyev prospektində, Arif Nəbiyev küçəsində və Çobanabdallı-Lək-Əlibayramlı yolunda geniş abadlıq işləri aparılmış, divarlar, yaşayış binalarının dam örtükləri təmir edilmiş və rənglənmişdir. Yolların kənarında 3 mindən çox həmişəyaşıl və dekorativ ağac və gül kolları əkilmişdir. 28 May küçəsinin qalan hissəsinə və Mehdi Hüseynzadə küçəsinə 1200 metr yeni asfalt örtüyü salınmışdır. Şəhərin digər küçələrində də yenidənqurma işlərinə hazırlıq görülür.

Respublika əhəmiyyətli Gəncə - Samux yolunda, habelə Lək, Qarayeri, İnstitut yollarında təmir işləri aparılmış, yolların xətlənməsi işləri görülmüşdür. Samux şəhər - Poylu, Yenikənd - Qırmızı Samux istiqamətində avtomobil yolarında cari təmir işləri həyata keçirilmişdir. Qəsəbə və kəndlərdə daxili yollarda təmir-bərpa işlərinin aparılmasına start verilmişdir.

Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə Dövlət Proqramına uyğun olaraq 36 mənzilli 4 mərtəbəli yaşayış binasının tikintisinə başlanmış və burada işlər sürətlə davam etdirilir. Milli Təhlükəsizlik Nazirliyinin rayon şöbəsinin, rayon məhkəməsinin, prokurorluğun inzibati binalarının inşası üzrə hazırlıq işləri görülür.

Rayonun Lək kəndi ərazisində inşa edilən regional əhəmiyyətli 500 kilovoltluq yarımstansiyanın tikintisində və "Universal NAA" MMC nəzdində yeni istehsal sahələrinin yaradılmasında işlər tam başa çatmış və hər iki obyekt ölkə Prezidenti tərəfindən işə salınmışdır. Sərkar kəndi ərazisində fəaliyyət göstərən quşçuluq fabriki nəzdində broyler sexi fəaliyyətə başlamışdır. Bu müəssisələrdə 133 yeni iş yeri açılmışdır.

Rayon iqtisadiyyatının əsasını aqrar sahə təşkil edir. 2011-ci ilin məhsulu üçün 11507 hektar sahədə şum qaldırılmış, 9919 hektar sahədə payızlıq taxıl səpini aparılmışdır. Aparılmış taxıl səpininin 5785 hektarı buğda, 3624 hektarı dən üçün arpa, 510 hektarı isə xəsil olmuşdur.

Yazlıq bitkilərin səpini 1362 hektar sahədə aparılmışdır. Bundan 269 hektarı çoxillik otlar, 224 hektarı kartof, 372 hektarı tərəvəz, 9 hektarı yazlıq buğda, 488 hektar sahədə isə günəbaxan əkilmişdir.

Dövlət Proqramına uyğun olaraq, rayonda üzümçülük və meyvəçilik də sürətlə inkişaf edir. Hazırda 1115 hektar üzüm bağı, 1084 hektar meyvə bağı mövcuddur. Mövcud bağlardan 736 hektarı bar verən sahədir. Üzümçülüyü və meyvəçiliyi inkişaf etdirmək üçün hazırda rayonun Poylu və Qarabağlı kəndlərində 150 hektar plantaj aparılaraq 90 hektara yaxın üzüm, 30 hektar isə meyvə əkilmişdir. Burada işlər davam etdirilməklə şərab zavodunun tikintisi nəzərdə tutulur.

Əhalinin təbii qazla təminatının yaxşılaşdırılması istiqamətində müəyyən işlər görülmüşdür. Hazırda rayonun 35 yaşayış məntəqəsindən 27-si, yəni keçmiş sovetlər birliyi dövründə təbii qaz alan bütün yaşayış məntəqələri "mavi yanacaq"la təmin olunmuşdur. Bu gün rayonda 11725 abonent təbii qazdan istifadə edir ki, bu da 2003-cü ildəkindən təxminən 3 dəfə çoxdur.

Bəs rayonda neqativ hallara qarşı mübarizə necə aparılır?

 

Hidayət ƏHMƏDOV, rayon təhsil şöbəsinin müdiri:

- Təhsil Nazirliyində, rayon icra hakimiyyətində bu məsələlər çox ciddi müzakirə olunmuş, konkret vəzifələr müəyyənləşdirilmişdir. Rayon icra hakimiyyətinin başçısı Vilyam Hacıyev tez-tez məktəblərdə olur, işimizlə maraqlanır, konkret köməkliklər göstərir. Buraxılış imtahanlarına nəzarət, şəffaflığa nail olmaq, nizam-intizamın möhkəmləndirilməsi və sair məsələlər bir vəzifə kimi qarşımızda qoyulmuşdur. Samuxun ümumtəhsil məktəblərində 1227 nəfər pedaqoji işçi çalışır. Əmək haqları xeyli vaxtdır ki, bankomatlar vasitəsilə həyata keçirilir. Şöbədə nağd pul əməliyyatı aparılmır.

İl ərzində şöbəyə 103 müraciət daxil olmuş, onların hamısı araşdırılmış, müvafiq tədbirlər görülmüşdür. Bu tədris ili ərzində yuxarı orqanların, o cümlədən Təhsil Nazirliyinin "Qaynar xətt"inə bir dənə də olsun şikayət daxil olmamışdır. Yalnız 4 halda işədüzəlmə ilə bağlı müraciət olmuş, onlar araşdırılmış və əsassız olduğu müəyyənləşdirilmişdir.

Bütün bunlara baxmayaraq, biz işimizi daha aşkarlıq və şəffaflıq üzərində qurmağa səy göstəririk.

 

Qəmbər SADIXOV, Samux rayonu üzrə maliyyə şöbəsinin rəisi:

- Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Korrupsiyaya qarşı mübarizə və şəffaflığın artırılması ilə bağlı əlavə tədbirlər haqqında" sərəncamından və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin maliyyə sistemində korrupsiyaya qarşı mübarizə sahəsində görülən işlər və bu işlərin səmərəliliyinin daha da artırılması haqqında kollegiya qərarından irəli gələn vəzifələrin həyata keçirilməsi üçün Samux rayonu üzrə maliyyə şöbəsinin kollektivi konkret tədbirlər planı hazırlamışdır. Belə ki, əvvəlki illərdə təlimata uyğun olaraq sifarişçi təşkilatın sənədləri əməliyyat aparılması üçün 5 otaqdan keçməli idi. 2011-ci ilin yanvar ayından isə "bir pəncərə" sistemi yaradılmış, sifarişçilərin digər işçilərlə təmaslarının qarşısı alınmışdır. Bununla da yarana biləcək rüşvətxorluğun, sifarişçilərin işində süründürülməçilik hallarının qarşısı birdəfəlik alınmışdır.

Mən deyərdim ki, Samux bəlkə də yeganə rayondur ki, təlimata əsasən əmək haqları və digər xərclər vaxtlı-vaxtında ödənilir. Bu da Maliyyə Nazirliyi rəhbərliyinin rayona diqqətinin nəticəsidir. Təsadüfi deyildir ki, Samux rayonu üzrə maliyyə şöbəsinə 2010-cu və 2011-ci ilin birinci rübündə sifarişçi təşkilatlardan və vətəndaşlardan şikayət daxil olmamışdır. Kollektiv rüşvətxorluğa qarşı mübarizə tədbirlərini gələcəkdə də davam etdirəcək.

 

Gülağa BAĞIROV, rayon suvarma sistemləri idarəsinin rəisi:

- İdarə rayonun 22780 hektar suvarılan torpaqlarına xidmət göstərir. Balansımızda 451 ədəd subartezian quyusu və 25 ədəd nasos stansiyası vardır. Bundan əlavə, idarənin balansına uzunluğu 65,5 kilometr olan və öz axını ilə axan təsərrüfatlararası və 661 kilometr təsərrüfatdaxili kanal daxildir.

Subartezian quyularında 2010-cu il və 2011-ci ilin birinci rübü ərzində 422 nasos təmir olunmuş, 52 ədəd elektrik avadanlığı, 32 ədəd quyuda isə güc transformatorları təmir edilmişdir.

Çaylardan gələn sel sularından maksimum istifadə olunub. Gələn güclü selin qarşısının alınması üçün əlavə işlər görülmüş, Gəncə və Qabırrı çaylarında, Qannı qobuda əlavə sahilbərkitmə işləri görülmüş, sel sularının qarşısı alınmış, dambalar bərkidilmişdir. Bunun da nəticəsində təbii fəlakətlə bağlı əhali və əkin sahələrinə ziyan dəyməmişdir.

2010-cu il və 2011-ci ilin I rübü ərzində maşın və mexanizmlərin saxlanması üçün ehtiyat hissələri və avadanlıqlar alınmış və təmir olunmuşdur. Meliorasiya və Su Təsərrüfatı ASC tərəfindən idarəyə yeni ekskovatorlar verilmişdir. Ötən müddətdə Yenikənd və Qırmızı Samux nasos stansiyaları əsaslı təmir olunmuşdur.

 

İlham HƏSƏNOV, rayon mərkəzi xəstəxanasının baş həkimi:

- Ötən müddətdə Səhiyyə Nazirliyində fəaliyyət göstərən "qaynar xəttə" 4 nəfər müraciət etmişdir. Müraciətlərdən biri növbəsiz hemodializ prosedurunun təşkili, ikisi dərman preparatları ilə təmin edilməsi, biri isə xəstə uşağının təcili tibbi yardım avtomobili ilə Bakı şəhərinə göndərilməsilə əlaqədar olmuşdur. Bundan başqa, Samux MPX-nə 2010-cu il və 2011-ci ilin I rübü ərzində 89 nəfərin 107 müxtəlif səpkili müraciəti olmuş, bütün hallarda vətəndaşların tələbləri təmin edilmişdir. Müvafiq dövrdə 6 nəfər şəxs işlə təmin olunmaq üçün növbəyə yazılmış, 9 nəfər şəxs xəstələrinin Bakı şəhərinə aparılması üçün təcili tibbi yardım avtomobilləri ilə təmin edilmişdir.

Səhiyyə Nazirliyinin 30 mart 2011-ci il tarixli "Əhalinin müraciətlərinə baxılması işinin təkmilləşdirilməsi barədə, 41 saylı əmrinin tələblərinə müvafiq olaraq tibbi yardımın göstərilməsilə bağlı yaranan müxtəlif problemlərin yerində araşdırılması məqsədilə nazirliyin mütəxəssisləri yerlərə ezam olunmuşlar. Qeyd etmək istəyirik ki, həkimlərin və digər tibb işçilərinin işə qəbulu məhz bu əmrin tələblərinə müvafiq həyata keçirilir.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Azərbaycan Respublikasının əhalisinə zəmanətli tibbi yardımın təmin edilməsi" barədə 141 saylı əmrinə əsasən bütün tibb müəssisələrində əhaliyə göstərilən zəmanətli tibbi xidmət, müayinələr və 60 adda dərman preparatları, 23 adda tibbi ləvazimat və köməkçi materiallarla müalicə pulsuz olaraq aparılır. Göstərilən dərman preparatları və sarğı materiallarının, həmçinin tibbi ləvazimat və köməkçi materiallarının adlı siyahısı xəstəxananın müxtəlif şöbələrində, elan guşəsində asılmışdır.

...Çıxış edənlər müxtəlif sahələrə rəhbərlik edən şəxslərdir. Lakin onları yalnız bir məqsəd birləşdirir: Samuxun adını uca tutmaq!

 

 

Hamlet QASIMOV

 

Xalq qəzeti.- 2011.- 5 iyun.- S. 6.