Azərbaycan Xalq Cümhuriyyəti və demokratik dəyərlər

 

Müasır Azərbaycan dövlətçiliyinin beşiyi başında dayanmış Cümhuriyyət dövrünü öyrənmək yalnız tarixi deyil, eləcə də siyasi-mənəvi əhəmiyyət kəsb edir. 1991-ci il oktyabrın 18-də qəbul olunmuş "Azərbaycan Respublikasının Dövlət Müstəqililyi haqqında Konstitusiya Aktı"nda təsbit olunmuş siyasi qiymət - "1920-ci il aprelin 27-28-də XI Qırmızı Ordunun Azərbaycana təcavüzü, respublika ərazisini zəbt etməsi, beynəlxalq hüququn subyekti olan Azərbaycan Xalq Cümhuriyyətini devirməsi Rusiyanın müstəqil Azərbaycanı işğal etməsi hesab edilsin"- ifadəsi tarixə 70 il mövcud olmuş baxış tərzinin dəyişdirilməsinə çağırış idi. Azərbaycan Cümhuriyyətinin atributlarının bərpasından başlayaraq hüquqi dövlət quruculuğunu hədəf seçən Azərbaycan xalq hakimiyyəti idarəçiliyinin milli tarixi köklərinə söykənərək çağdaş prinsiplər üzərində dövlət qurmağa başladı.

 

Azərbaycanın milli-azadlıq mücadiləsinin ideologiyasını rəmzi ehtiva edən üçrəngli bayraq 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul olundu. 1990-cı il noyabrın 29-da "Azərbaycan SSR-in adının və dövlət bayrağının dəyişdirilməsi haqqında" fərman verildi. Dövlət bayrağına dair Azərbaycan Respublikasının Konstitusiyasında xüsusi bənd vardır. Azərbaycan Xalq Cümhuriyyətinin digər dövlət rəmzləri ilə bağlı həmin dövrdə tədbirlər görülmüş, 1919-cu ilin martında dövlət gerbi və möhürü haqqında müsabiqə elan olunmuşdu. Müxtəlif təkliflər, layihələr olsa da, qısamüddətli hakimiyyət rəsmi qaydada həmin rəmzləri təsdiq edə bilməmişdi. Azərbaycanın işğala məruz qalması ilə Cümhuriyyətin devrilməsi bu sahədəki işləri yarımçıq qoydu. Yenə də Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra əvvəlki nümunələrə üz tutuldu. Cümhuriyyətin təkmilləşdirilmiş gerb layihəsinin əsasnaməsi təsdiq edildi. 1993-cü il 23 fevral tarixli əsasnamədə dövlət gerbinin təsviri şərh edilmişdir. Cümhuriyyət dövrünün "Azərbaycan marşı" (Ü.Hacıbəyli) bəstəkar Aydın Əzimov tərəfindən aranjeman edilmiş və Milli Məclis tərəfindən Dövlət himni kimi qəbul olunmuşdur. Dövlət himni haqqında əsasnamə 1993-cü il martın 2-də təsdiq edilmişdir. Cümhuriyyət ənənələrinə sahib çıxan Azərbaycan hakimiyyəti dövlət rəmzlərinə yüksək dəyər verərək rəsmi qərarlar qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev 1998-ci il martın 13-də "Azərbaycan Respublikasının dövlət atributlarının təbliği işinin gücləndirilməsi haqqında" sərəncam imzalamışdır.

Cümhuriyyət hakimiyyətinin qarşısında dayanan ilk başlıca vəzifə Bakının azad edilməsi, Azərbaycanın ərazisinin öz hakimiyyəti altında birləşdirilməsi idi. Bunun üçün isə milli ordunun yaradılması zərurətə çevrildi.

İlk gündən silahlı qüvvələrin təşkilinə başlayan Azərbaycan hökuməti 1918-ci il iyunun 26-da qərar qəbul etdi və Müsəlman Korpusu Əlahiddə Azərbaycan Korpusu adlandırıldı.

Hazırda həmin gün respublikamızın ümumxalq bayramlarından biri kimi qeyd olunur. Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 may tarixli fərmanı ilə iyunun 26-sı - Azərbaycan Milli Ordusunun yaranma günü təsis edilmişdir. Fərmana əsasən qeyri-iş günü olmaqla iyunun 26-sı Azərbaycan Respublikası Silahlı Qüvvələri günü elan olunmuşdur.

Milli orduya səfərbərlik keçirildi. Ölkənin ərazi bütövlüyünün təmin edilməsi, müdafiənin təşkili məsələlərinə dövlət səviyyəsində ciddi diqqət yetirildi. Azərbaycan ordusu milli dəyərlərə söykənərək qurulurdu. Türk dili (Azərbaycan dili) orduda da dövlət dili kimi qəbul edildi. 1919-cu il yanvarın 11-dən milli üslubda hazırlanmış yeni hərbi geyim formasına keçildi. Milli hərbi kadrların hazırlanması məqsədilə hərbiyyə məktəbi, istehkamçılar məktəbi, hərbi dəmiryolçular məktəbi və hərbi feldşer məktəbi açılmışdı. XX yüzilin sonunda müstəqilliyini bərpa etmiş Azərbaycan dövləti yenidən milli ordu quruculuğu prosesinə başladı. 70 il öncə olduğu kimi, yenə də Azərbaycan dövləti erməni təcavüzü ilə üz-üzə qalmışdı. Erməni iddialarını dəf edərkən Cümhuriyyət dövrünün diplomatik, hərbi fəaliyyəti nəzərə alınır, tarixi təcrübədən çıxış edilirdi. Həmçinin, Qafqaz İslam Ordusunun xilaskar rolu xatırlanır, 1918-ci ildə Bakı uğrundakı qanlı döyüşlərdə şəhid olmuş türk hərbçilərinin xatirəsi əbədiləşdirilirdi. Belə ki, Azərbaycanın və Türkiyənin dövlət rəhbərlərinin qarşılıqlı razılaşması əsasında Bakıdakı Şəhidlər Xiyabanında xatirə abidəsinin ucaldılması qərara alınmış, 1999-cu il iyunun 24-də abidənin tikintisinə başlanmış, 2000-ci il aprelin 9-da açılış mərasimində Azərbaycan və Türkiyə respublikalarının prezidentləri Heydər Əliyev və Süleyman Dəmirəl iştirak etmişlər. Bakının azad edilməsi günü - sentyabrın 15-də, həmçinin digər tarixi günlərlə yanaşı, gündəlik ziyarət yerinə çevrilmiş xatirə abidəsi Türk-Azərbaycan Şəhidlərinin qardaşlıq abidəsi sayılır. Məhz 1918-ci ildə Qafqaz müsəlmanlarını, azərbaycanlıları fiziki məhv olmaq təhlükəsindən xilas etməyə gəlmiş Türkiyə hərbçilərinin yardımı sayəsində nicat tapan əhali həmin ilin kütləvi qətliamlarını unuda bilməzdi. Həmin qırğınları Azərbaycan xalqının milli yaddaşında yenidən bərpa edib, növbəti təcavüzlər qarşısında daha ayıq, qətiyyətli, mübariz olmaqdan ötrü respublika Prezidenti Heydər Əliyevin 1998-ci il 26 mart tarixli fərmanına əsasən martın 31-i Azərbaycanlıların Soyqırımı Günü elan olunmuşdur. Məhz 80 il sonra 1918-ci il müsəlman-azərbaycanlı qırğınlarına siyasi qiymət verməklə dövlət rəhbərliyi həmin qırğınların soyqırımı mahiyyəti daşıdığını rəsmiləşdirdi.

Hələ Cümhuriyyət dövründə ermənilər tərəfindən azərbaycanlıların həyatına və əmlaklarına qarşı törədilmiş cinayətləri təhqiq etmək üçün Fövqəladə Təhqiqat Komissiyası yaradılmışdı. 1918-ci il iyulun 15-dən 1920-ci ilin aprelinədək fəaliyyət göstərmiş bu təhqiqat komissiyası Paris sülh konfransına göndərilən nümayəndə heyəti üçün əşyayi-dəlil kimi 36 cilddən ibarət ilkin təhqiqat materialı və 95 ədəd fotoşəkil hazırlamışdı. Toplanmış materiallar 36 cild və 3500 vərəqdən ibarət olmuş, 128 məruzə və qərar layihəsi hazırlanmış, 194 nəfər erməninin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında məsələ qaldırılmışdı. Azərbaycanın müstəqilliyi Paris sülh konfransında de-fakto tanınanda Parlament həmin il fevralın 9-da amnistiya haqqında qərar qəbul etdi və milli ədavət zəminində qaldırılmış cinayət işlərinə xitam verdi. Lakin Azərbaycan xalqının "əfvi" müqabilində ermənilər hər tarixi fürsətdə qanlı əməllərindən əl çəkmədi. Azərbaycan xalqına qarşı törədilmiş kütləvi soyqırımı cinayətlərini sübut edən təkzibolunmaz ilk mənbə kimi, Fövqəladə Təhqiqat Komissiyasının materialları mühüm əhəmiyyət kəsb edir. Həmin materialların nəşri yönündə də ciddi nəticələr əldə edilmişdir.

Cümhuriyyətin mədəni quruculuq tədbirləri də milli dövlətin möhkəmlənməsinə xidmət edirdi. Zaqafqaziya müəllimlər seminariyasının Azərbaycan bölməsi Qazağa köçürüldü. Qazax müəllimlər seminariyası Azərbaycanda ibtidai məktəblər üçün müəllimlər hazırlayan ilk tədris ocağı oldu. 1919-cu ildə hökumət məktəblərin, kursların, universitetin açılması yönündə ardıcıl əməli işlər reallaşdıra bilmişdir. Həmin ilin aprelində latın əlifbasına keçməklə bağlı xüsusi komissiya yaradılmışdı. Cümhuriyyət tarixinin ən parlaq səhifələrindən biri Bakı şəhərində Universitetin açılması oldu.

Bu gün Azərbaycanın aparıcı ali məktəbi olan Bakı Dövlət Universiteti milli təhsil konsepsiyasının həyata keçirilməsində mühüm rol oynayır, beynəlxalq əlaqələri də getdikcə genişlənir. Dövlət idarəçiliyinin, xalq təsərrüfatının, elmin, təhsilin, mədəniyyətin müxtəlif sahələrində uğurla çalışan çoxsaylı yüksək ixtisaslı kadrlar hazırlamış BDU məzunları sırasında dünya şöhrətli şəxsiyyətlər də vardır. Onlardan biri də "Mən çox xoşbəxtəm ki, Bakı Dövlət Universitetinin məzunuyam"- deyən ulu öndər Heydər Əliyevdir. Universitetin Böyük Elmi Şurası 1994-cü ildə Heydər Əliyevə Bakı Dövlət Universitetinin Fəxri doktoru adını vermişdir. O, Bakı Dövlət Universitetini "Azərbaycan xalqının milli sərvəti" adlandırırdı.

BDU-nun 80 illik, 90 illik yubileyləri beynəlxalq səviyyədə qeyd olunmuşdur. Müstəqil Azərbaycan dövlətinin ilk ali məktəbinə 90 il öncə deyildiyi kimi, "istiqbalı - milliyyəmizi təminedici bir məbəd, elm nəzərilə" baxmalıyıq.

Cümhuriyyət dövrünün digər bir yadigarı Azərbaycan Teleqraf Agentliyidir. Bu qurum Müstəqil dövlətin müstəqil informasiya orqanı olaraq 1919-cu il martın 3-də hökumət qərarı ilə yaradılmışdır. Hökumət 1920-ci il fevralın 2-də Azərbaycan Teleqraf Agentliyinin yaradılması (AzərTAc) haqqında yeni qərar qəbul etmişdi.

AzərTAc 1920-ci il martın 1-dən Nazirlər Şurası yanında müstəqil quruma çevrilmişdi. Sovet dövründə İttifaqın Teleqraf Agentliyinin tərkibinə daxil idi. Dövlət müstəqilliyinin bərpasından sonra qurumun tarixi adı özünə qaytarılmışdır. Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 3 mart tarixli fərmanı ilə ənənəvi adı saxlanılmış, Nazirlər Kabineti yanında Dövlət Teleqraf Agentliyinə, 2000-ci il 17 yanvar tarixli fərmanla müstəqil Azərbaycan Dövlət Teleqraf Agentliyinə çevrilmişdir. Sovet hakimiyyəti illərində müxtəlif adlar altında fəaliyyət göstərmiş olsa da, Cümhuriyyət dönəmində yaradılmış Teleqraf Agentliyi zəminindən başlayaraq inkişaf etmişdir. Bugünkü "AzərTAc" məhz 1919-cu ildə bünövrəsi qoyulmuş agentlikdir. 2010-cu ildə 90 illiyini qeyd etmək üçün AzərTAc-ın nəinki mənəvi, həm də hüquqi əsası vardı.

Cümhuriyyətin bütün müsəlman Şərqində, türk aləmində ilk dəfə məhz Azərbaycan xalqı tərəfindən yaradılması artıq dünya miqyaslı hadisə sayıla bilər. Bu cahanşumul hadisənin də hər il ümumxalq bayramı səviyyəsində keçirilməsinin tarixi əhəmiyyəti şəksizdir.

Azərbaycan Cümhuriyyəti sadəcə, deklarativ məzmunda bəyan edilmiş dövlət olmamışdır. "İstiqlal bəyannaməsi"ndə əksini tapmış prinsiplərə, dəyərlərə bütün fəaliyyəti boyu əməl etməyə, sadiq qalmağa səy göstərmişdir. Bütün dövlətçilik atributlarına malik, parlamenti, hökuməti, ordusu olan suveren bir dövlətə çevrilə bilmişdi. Milli dövlətçilik ənənələrimizin bərpasında mühüm rol oynamış Azərbaycan Cümhuriyyətinin elan edildiyi 28 may günü 1992-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə "Respublika günü" kimi dövlət bayramı səviyyəsinə qaldırıldı. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin hakimiyyəti dövründə Azərbaycan Cümhuriyyətinin, Cümhuriyyət xadimlərinin fəaliyyətinə yüksək qiymət verilmişdir. Prezident öz çıxışlarında, fərman və sərəncamlarında Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğunu dəfələrlə qeyd etmişdir. Onun 1998-ci il 30 yanvar tarixli sərəncamı ilə AXC-nin 80 illiyi bütün ölkədə geniş qeyd olunmuşdur: Ulu öndər demişdir: "Azərbaycan Xalq Cümhuriyyəti gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay fəaliyyət göstərsə də, sonrakı nəsillərin yaddaşında xalqımızın tarixinin ən parlaq səhifələrindən biri kimi həmişə qalacaqdır. O, demokratik dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, səhiyyə, hərbi quruculuq sahələrində atdığı mühüm addımları başa çatdıra bilməsə də, onun qısa müddətdə həyata keçirdiyi tədbirlər xalqımızın tarixində silinməz iz buraxmış, milli dövlətçilik ənənələrimizin bərpası işində böyük rol oynamışdır. Ən əsası odur ki, Azərbaycan Xalq Cümhuriyyəti az yaşasa da, xalqımızda azadlıq, müstəqillik fikirlərini daha da gücləndirmiş oldu". Prezident Azərbaycan Xalq Cümhuriyyətinin 85-ci ildönümü münasibətilə imzaladığı sərəncamla (2003, 1 fevral) Azərbaycan xalqının dövlətçilik tarixində mühüm yer tutduğunu nəzərə alaraq, Bakı şəhərində Cümhuriyyətə abidə ucaldılması haqqında göstəriş vermişdir. Onun təşəbbüsü ilə Cümhuriyyət tarixinə dair arxiv sənədləri və fundamental nəşrlər işıq üzü görmüşdür. 2003-cü ilin mart-may aylarında Bakıda Azərbaycan Cümhuriyyətinin 85 illiyinə həsr olunmuş beynəlxalq elmi-sessiya keçirilmişdir.

2004-2005-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası respublika Prezidenti İlham Əliyevin "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" 12 yanvar 2004-cü il tarixli sərəncamı ilə iki cilddə nəşr olunmuş və ölkə kitabxanalarına hədiyyə edilmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik tariximizdəki roluna yüksək qiymət vermişdir:"Azərbaycan Xalq Cümhuriyyətinin yaranması tariximizdə çox əlamətdar və önəmli hadisə idi. İlk dəfə müsəlman aləmində demokratik respublika yaranırdı, Azərbaycan xalqı müstəqilliyə qovuşurdu. Ölkəmiz dünya birliyinə üzv olurdu. Bu, çox əlamətdar hadisə idi". Həqiqətən də, Azərbaycanın dövlətçilik tarixində ilk dəfə olaraq respublikamız beynəlxalq səviyyədə rəsmi şəkildə, müstəqil beynəlxalq subyekt kimi tanınırdı. Bu nailiyyəti əldə etmək uğrunda Cümhuriyyət hakimiyyəti ardıcıl, məqsədyönlü siyasət yeritmişdir. Belə ki, Azərbaycan Cümhuriyyəti yarandığı gündən fəal xarici siyasət yeritməyə başladı. "Osmanlı imperator hökuməti ilə Azərbaycan Cümhuriyyəti arasında dostluq müqaviləsi" Azərbaycan hökumətinin imzaladığı ilk dövlətlərarası müqavilə idi. Avropa ölkələri ilə diplomatik əlaqələr yaratmaq məqsədilə 1918-ci il avqustun 3-də Əlimərdan bəy Topçubaşov fövqəladə elçi və səlahiyyətli nazir kimi İstanbula göndərildi. Həmin il dekabrın 28-də hökumətin təqdimatı ilə Paris sülh konfransına göndəriləcək nümayəndə heyətinə də Ə.M.Topçubaşov rəhbərlik edirdi. 1919-cu il mayın 2-də ABŞ Prezidenti V.Vilsonun təşəbbüsü ilə Azərbaycan məsələsi ilk dəfə Paris konfransının Dördlər Şurasının iclasında müzakirə edildi. Keçmiş Rusiya imperiyasının hüdudlarında yaranmış yeni respublikaların taleyində hiss ediləcək dönüş Böyük Britaniyanın baş naziri Lloyd Corcun 1919-cu ilin noyabrında İngiltərə parlamentinin icmalar palatasındakı çıxışı ilə başladı. Lloyd Corcun çıxışında aydın hiss edilirdi ki, o, Azərbaycanın istiqlaliyyətinin tanınmasına və ona yardım göstərilməsinə tərəfdardır. Böyük Britaniyanın təşəbbüsü ilə 1920-ci il yanvarın 10-da Paris sülh konfransı Ali Şurasının sessiyası çağırıldı. Səhəri gün, yanvarın 11-də müttəfiqlərin Ali Şurası İngiltərənin xarici işlər naziri Corc Kerzonun təklifi ilə qərar qəbul etdi. "Müttəfiqlər və Birlik ölkələri, Azərbaycan hökumətini de- fakto səviyyəsində tanıyırlar".

Azərbaycan istiqlaliyyətinin beynəlxalq sülh konfransı tərəfindən tanınması ilə gənc dövlətin diplomatik əlaqələri genişləndi. Belçika, İsveçrə, Hollandiya, Çexiya, Slovakiya, Finlandiya və digər dövlətlər Bakıda öz konsulluqlarını açdılar. 1920-ci il martın 20-də İran Azərbaycan Cümhuriyyətini de-yure tanıdı. Qısa müddətdə Azərbaycanın Tehranda səfirliyi, Təbrizdə baş konsulluğu, Rəştdə, Ənzəlidə, Məşhəddə vitse-konsulluğu, Xoy və Əhərdə konsul-agentlikləri yaradıldı. Azərbaycan Parlamenti Böyük Britaniya, Fransa, İtaliya, Amerika Birləşmiş Ştatları, İsveçrə Respublikası, Polşa, Almaniya və Rusiyada diplomatik nümayəndəliklər təsis olunması haqqında qanun qəbul etdi. Azərbaycanda İngiltərənin, Belçikanın, Yunanıstanın, Gürcüstanın, Ermənistanın, Danimarkanın, İtaliyanın, Litvanın, İranın, Polşanın, ABŞ-ın, Ukraynanın, Finlandiyanın, Fransanın, İsveçrənin və İsveçin nümayəndəlikləri fəaliyyətə başlamışdı.

Müstəqilliyi böyük dövlətlər tərəfindən tanınmış Azərbaycan Xalq Cümhuriyyətinin beynəlxalq münasibətlər sistemində iştirakı Sovet Rusiyasının birbaşa hərbi müdaxiləsi ilə sona çatdı. Milli dövlət süqut etsə də, milli məfkurə, milli dövlətçilik duyğuları qəlblərdən silinmədi. Milli yaddaş məhv olmadı. Dünyanın siyasi arenasında Azərbaycan varlığını rəsmiləşdirmək, Azərbaycan dövlətçiliyini bərpa etmək, islam aləmində sivil dövlət qurmaq, demokratik prinsiplərə söykənmək, vətəndaş hüquq və azadlıqlarını təmin etmək kimi təməl addımlar, 1918-ci ilin 28 mayında "Azərbaycan" adının siyasi məna kəsb etməsi, bəyan etdiyi sərhədlər (kiçildilmiş olaraq) daxilində mövcudluğu, Azərbaycan dövlətini, müstəqil olmasa da, yaşamağa qadir etdi. XX yüzilin sonlarında Azərbaycan dövləti yenidən istiqlala qovuşdu, Cümhuriyyət ənənələrinə sadiqliyini bəyan etdi.

Cümhuriyyətin bəyan edildiyi günün "Respublika günü" kimi qeyd olunmasından başlayaraq digər mühüm tarixi hadisələrin əbədiləşməsi yönündə tədbirlər görüldü. Cümhuriyyət xadimlərinin adlarının milli yaddaşda bərpası dövrü başlandı. Çoxsaylı yazılarda, çıxışlarda, verilişlərdə adları xatırladılan Cümhuriyyət xadimlərinin həyat yolu, fəaliyyəti tanıdıldı. Ədəbi-bədii irsin daşıyıcıları Cümhuriyyət "intibahı"nın milli-mənəvi ideoloji dayaqları olmuş yazıçılar, şairlər, sənət sahibləri uzun illər sonra ictimai-siyasi status kəsb edirdi. Onların yazıları yenidən nəşr edilir, səsləndirilirdi. Əsası Cümhuriyyət dövründə qoyulmuş idarəetmə sahələri üzrə peşə bayramı günləri təsis edilir, təsisat tarixi Cümhuriyyət dövrünün müvafiq ilkin təməl addımları əsasında rəsmiləşdirilirdi. Azərbaycan dövlətçiliyində varislik prinsipinin təntənəsi kimi milli yaddaşın bərpası prosesi gedirdi. Dövlət səviyyəsində qeyd olunan ildönümü tədbirləri, respublika rəhbərliyi tərəfindən dəfələrlə verilən siyasi qiymət Azərbaycanın müasir dövlət idarəçiliyində sivil inkişaf istiqamətlərini müəyyənləşdirərkən tarixi irsə həssas yanaşıldığının, mənəvi köklərə sadiqliyin bariz göstəricisidir.

 

 

Firdovsiyyə ƏHMƏDOVA,

Azərbaycan Respublikasının

Prezidenti yanında Dövlət İdarəçilik

Akademiyasının dosenti

 

Xalq qəzet.- 2011.- 19 iyun.- S. 5.