Tikinti armaturlarının keyfiyyət göstəriciləri beynəlxalq standartların tələblərinə cavab verməlidir

 

Əks halda ciddi itkilərlə nəticələnən qəzalar qaçılmazdır

 

Ölkəmizdə ağır sənaye sahəsində sərmayə əsasında ilk özəl müəssisə olan "Baku Steel Company" MMC Qafqaz regionunda birinci müasir poladəritmə müəssisəsidir. 2001-ilin iyun ayında Ümummilli Liderimiz Heydər Əliyevin iştirakı və xeyir- duası ilə işə başlayan müəssisə bu illərdə iki milyon tondan çox inşaat armaturu istehsal etmişdir.

 

"Baku Steel Company" MMC -nin polad məhsulları (inşaat armaturu və polad pəstahlar) daxili bazar ilə bərabər, Gürcüstan, İran, Qazaxıstan, Rusiya və digər regionlara ixrac edilmiş və inşaatçılar tərəfindən yüksək qimətləndirilmişdir.

Respublika iqdisadiyyatının aktiv inkişafı irimiqyaslı infrastruktur layihələrinin, mülki və sənaye tikintilərin, o isə öz növbəsində tikinti təyinatlı polad məhsullara olan tələbatı artırmaqdadır. Tikinti təyinatlı metal məhsullar içərisində ən kütləvi istehsal olunan məhsul isə polad tikinti armaturlarıdır. Təkcə son bir ildə MDB məkanında istehlak olunmuş polad yayma məhsullarının 7-8 milyon tonunu tikinti armaturları təşkil etmişdir. Tikinti sektorunda monolit tikinti texnologiyasının geniş tətbiqi ilə əlaqədar bu rəqəmin əlavə olaraq 25-30% artması gözlənilir. Tələbatın belə artımı bütün ölkələri bu məhsulun istehsalının artırılmasına və istehsal sahələrnin genişlənməsinə maraqlı edir.

Belə bir vaxtda yeni yaradılan istehsal güclərinin və istehsal olunan tikinti armaturlarının keyfiyyət və etibarlılıq göstəricilərinin inkişaf etmiş ölkələrin normaları və beynalxalq standartların tələbləri ilə müqayisədə qiymətləndirilməsi çox vacibdir.

Keçən əsrin sonlarından başlayaraq Avropada yayma prossesində termomexaniki üsulla möhkəmləndirilmiş azkarbonlu armaturların geniş tətbiqinə başlanmışdır. Tərkibində 0,4% karbon olan azlegirli -əsasən 35QS markalı poladdan isti yayma texnologiyası ilə hazırlanmış A3 markalı armaturlar isə qaynaq nöqtələrində əymə və zərbə yüklərinin təsirindən, karbonun və manqanın standartla icazə verilən maksimal qiymətlərində isə yüksüz halda belə kövrək sınması və qəza təhlükəsi yaratması səbəbindən istehsalatdan çıxarılması tövsiyə olunmuşdur.

Rusiyanın paytaxtı Moskva şəhərində nəinki çox mərtəbəli binalarda, ümumiyyətlə inşaat sahəsində A3 markalı armaturların istifadəsi qadağan edilərək, ancaq termomexaniki üsulla alınmış azkarbonlu poladlardan istehsal edilmiş AT500C markalı inşaat armaturlarının tam olaraq istifadəsi qəbul edilmişdir.

Azkarbonlu (0,22% max) və termomexaniki emal nəticəsində təbii kompozit strukturuna malik armaturların isə bütün növ qaynaq əməliyyatlarından sonra kövrək sınması istisna olunur və təyinatından asılı olmayaraq bütün tikintilərdə kütləvi istifadə olunur.

Almaniyanın "Badiştal İNJ" Co, Moldovanın, Türkiyənin, Rusiyanın və yerli mütəxəssislərin səyi nəticəsində yaranmış ən müasir istehsalat nümunəsi olan "Baku Steel Company" MMC termomexanik üsul ilə azkarbonlu poladdan inşaat armaturunun alınması, nəticə etibaı ilə sübut edir ki, qoyulmuş böyük investisiya özünü doğrultdu və ötən 10 il ərzində bir dəfə də olsun buraxılan inşaat armaturlarına irad olmadı, əksinə bir sıra beynəlxalq sərgilərdə "Baku Steel Company" MMC-nin məhsulları keyfiyyətə görə diplomlara layiq görüldü.

Belə bir halda respublikada yeni armatur sexlərində A3 markalı, bir çox hallarda isə heç bir standartlara uyğun olmayan armatur istehsalı gücləri yaradılmaqdadır. Qabaqcıl dünya ölkələrində istehsaldan çıxarılmış məhsulların respublikada istehsalının yaradılmasına bir çox hallarda nəzarət orqanlarının məlumatsızlığı səbəbindən icazə verilməsi təəssüf doğurur.

Yeni yaradılan metallurgiya müəssisəsi, istehsal edəcəyi məhsulun beynalxalq standartların tələblərinə cavab verməsi üçün müəyyən texnologiyaya və bu texnologiyanı həyata keçirəcək avadanlıqlar kompleksinə malik olmalıdır. Bu o deməkdir ki, poladəritmə sobaları kükürdsüzləşdirmə və fosforsuzlaşdırma kimi metallurji prossesləri həyata keçirmək imkanında olmalıdır. Yeni yaradılan armatur sexlərində isə yalnız tərkibi qabaqcadan məlum olan metal tullantılarını əritmək üçün nəzərdə tutulan, normal metallurji prossesləri apararaq zərərli elementlərə görə standartların tələblərinə cavab verə bilməyən induksiya sobaları quraşdırılır.

Bu armatur sexlərində isə maye metal ən primitiv üsulla, heç bir texnoloji tələbatları nəzərə almamaqla müstəvi kanallara tökülür. Nəticədə bu gün tikinti armaturları bazarında armatura bənzəyən məhsullar ucuz qiymətlə satışa çıxarılaraq tikintilərə yol açır.

Bu şəkildə fəalliyət göstərən "müəssisə" nəticədə respublika sənayesində paradoksal bir vəziyyət yaradır. Bu az imiş kimi, poladın ərintisinə lazım olan normal metal qırıntısını, enerji və insan resurslarını öz fəaliyyəti nəticəsində zay bir məhsula çevirir və tikinti sənayesi üçün potensial qəza zəmini yaradır. Təəssüflər olsun ki, belə bir "yaramaz" vəziyyət artmaqdadır. Nəticə etibarı ilə, belə "müəssisələrin" fəaliyyəti istər metal qırıntısı, istərsə də polad məhsulları bazarında hərc-mərclik yaradır, stabilliyi pozur və "Baku Steel Company" MMC kimi böyük bir müəssisənin işinə neqativ təsir göstərir.

Əvvəllər standartların tələblərinin pozulması, standartdan kənar məhsulun satılması, cinayət məsuliyyətinə cəlb olunmaqla cəzalandırılırdı. Nədənsə biz mətbuatda belə məhsulları istehsal edənləri yox, keyfiyyətsiz tikinti materiallarından istifadə edib ağır qəza hadisələri yaradanların məhkəmələri haqqında məlumatlar alırıq. Standartdan kənar məhsulların istehsalının qarşısı birmənalı şəkildə alınmalıdır.

Min səkkiz yüz nəfərə qədər işçisi olan "Baku Steel Company" MMC-nin kollektivi, istehsal gücü 350 min ton tikinti armaturu və polad pəstahlar olan müəssisə, bu gün "müəssisələrin" yaramaz fəaliyyəti nəticəsində, əsas xammal olan metal qırıntısının qıtlığından boşdayanmalarla üz-üzə gəlir. Boşdayanmalar nəinki şirkətə, onunla bərabər işləyən və şirkətin işini təmin edən təşkilatlara (elektrik enerjisi idarəsi, qaz, su və s.) mənfi təsir göstərərək, onların da işlərini pozur.

Əgər bu gün Azərbaycan dövlətinin dəstəyi ilə yaradılmış "Baku Steel Company" MMC özünün istehsal gücünə, texnologiyanın yüksək beynəlxalq səviyyədə olmağına güvənərək, Azərbaycanın tikinti sənayesinin tikinti armaturuna olan tam tələbatını ödəyirsə, bu yeni yaranan "müəssisələr" və standarta uyğun olmayan polad məhsullarının istehsalı bir mənalı olaraq qadağan edilməlidir.

"Baku Steel Company" MMC şirkəti inkişaf etmək, istehsalı genişləndirmək niyyətindədir. Mərhələ-mərhələ investisiya qoyularaq, buraxdığı məhsulların çeşidini artırmaq, respublikanın sənayesində vacib olan iri profilli yayma məhsulların, inşaat üçün vacib olan hamar üzlü kiçik diametrli 5,5-8 mm olan məftil (katanka) və bazarın tələbatını təmin etmək üçün iyirmi növ başqa məhsulların texnologiyasını tətbiq etməyə hazırlaşırıq. Hazırda daxili bazarın xaricdən gələn mallarından asılılığını minimuma endirmək üçün ciddi proqram üzərində işləyirik. 2011-2012-ci illərdə yeni istehsal sahələrinin yaradılmasına və yenidənqurma işlərinə 15 milyon manat investisiya planlaşdırılır.

Azərbaycanın iqdisadi qüdrətinin ildən-ilə artması vətəndaşların həyat səviyyəsinin yaxşılaşdırılmasına imkan yaradır. Əsası Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyulan siyasi xətt ölkənin iqdisadi tərəqqisini və insanların təhlükəsizliyini təmin etməkdədir. "Hər bir dövlət məmuru, hər bir vəzifəli şəxs unutmamalıdır ki, onun fəaliyyətinin səmərəsi insanlara qayğı ilə müəyyən edilir"-deyən Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin bu tapşırığını rəhbər tutaraq "Baku Steel Company" MMC Azərbaycan iqdisadiyyatına öz layiqli töhfələrini vermək əzmindədir.

 

 

Ramiz ZADAYEV

"Baku Steel Company" MMC-nin baş

direktorunun müşaviri

 

Xalq qəzeti.- 2011.- 1 mart.- S. 7.