Səhnəyə gözəllik də lazımdır, səs də...

 

Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Azərbaycan Mədəniyyətinin Dostları Fondunun layihəsi və Azərbaycan Televiziyasının təşkilatçılığı ilə keçirilən III muğam televiziya müsabiqəsinin növbəti həftəsi martın 3-də başa çatdı. Xəbər verdiyimiz kimi, müsabiqənin birinci həftəsi fevralın 14-ə "Mədəniyyət" kanalının açılışı və Dövlət Televiziyasının 55 illik yubileyinə təsadüf etdiyindən münsiflər heyəti də həmin gün bayram əhval-ruhiyyəli müsabiqə iştirakçılarının ovqatını pozmayıb hamıya yüksək bal verməklə "tanışlıq həftəsi" elan etmişdi. Bununla da, müsabiqə iştirakçılarına yeni bir şans verərək növbəti həftələrə daha ciddi hazırlaşmağı tövsiyə etmişlər.

 

Fevralın 22-də müsabiqənin muğam və təsniflərə, martın 3-də isə zərb muğamlara həsr olunmuş daha bir həftəsi başa çatdı. Müsabiqə yenə su və od çərşənbələrinə təsadüf etsə də, müsabiqə iştirakçılarının bu dəfə aldıqları qiymətlər heç də bayram əhval-ruhiyyəli olmadı. Belə ki, müsabiqənin ilk həftəsində "Sona bülbüllər" ilə ən yüksək - yetmiş bal toplamış Mustafa Mustafayevin ifasında bu dəfə "Dilkəş təsnifi" və "Mənsuriyyə" zərb muğamını zalda oturan tamaşaçılar sürəkli alqışlarla qarşılasalar da, münsiflərdən professor Ramiz Zöhrabov bu ifada nə Qədir Rüstəmovun, nə Arif Babayevin, nə də xanəndənin öz yolu olmadığını qeyd edərək ona digər münsiflər kimi aşağı bal verdi.

- "Mən istərdim ki, ikinci bir Qədir yetişsin" - deyən münsif Nadir Axundov gənc xanəndənin Bakıya yenicə gəldiyini, Arif Babayevdən dərs aldığnı qeyd edərək Mustafanın gələcəyinə böyük inam bəslədiyini söyləyib yüksək bal versə də, gənc ifaçı ötən həftə 60, bu həftə isə münsiflərdən xalq artisti Ağaxan Abdullayev iştirak etmədiyini nəzərə alaraq cəmi 50 bal toplaya bildi. Eyni fikri Nigar Şabanova haqqında da demək olar. Ötən həftədəki "Rahab" muğam və təsnifinin ifasına görə münsiflər müəyyən nöqsanların olduğunu bildirdilər və bu səbəbdən ona 59, bu həftənin "Mənsuriyə" zərb muğamına görə isə 54 bal verdilər. Eyni vəziyyəti müsabiqənin ilk həftəsinin ən yüksək bal toplamış iştirakçıları Nigar Rəhimova və Sovqat Cavadov haqqında da demək olar. Ötən həftə Nigar Rəhimova "Humayun" muğam və təsnifinə görə 60, Sovqat Cavadov isə "Rast" muğam və təsnifinə görə ən az - 58 bal toplaya bildi ki, bu da onun müsabiqəni tərk etməsinə səbəb oldu. Bir həftə ərzində gənc xanəndələrin bu uğursuzluğunun səbəbi nədir, münsiflərin ilk həftədə verdikləri şişirdilmiş ballar, yoxsa bu iki həftə ərzində real obyektiv münasibətləri? İndidən qərar vermək çətindir. Qarşıda xeyli düşünüb hər şeyi öz adıyla çağırmaq imkanımız olacaq. Lakin bir həqiqət də var ki, münsiflərin hər biri respublikada kifayət qədər tanınıb sevilmiş, muğam ifaçılığında öz sözünü demiş ustad xanəndələrimizdəndir. Yüzlərlə ifaçının içindən seçdikləri istedadların hər birinin uğurlu çıxışları kimi, zəif ifaları da onları düşündürməlidir. Unutmaq olmaz ki, dörd peyk vasitəsilə dünyanın 50-dən artıq ölkəsində yayımlanan bu müsabiqəni izləyən milyonlarla muğamsevər tamaşaçılarımız var. Əgər münsiflər xanəndənin ifaçılıq məharətinə və ya səhnə mədəniyyətinə real qiymət verməyə çalışırlarsa, tamaçılar hər ikisinə dəyər verirlər. Bu gün hər hansı səbəbdən münsiflərin kiminin gözəlliyinə, kiminin qədd-qamətinə, kiminin gələcəyini nəzərə alıb yüksək bal verməklərini də başa düşmək olar. Şübhəsiz ki, səhnə gözəllik sevir. Lakin ən vacib meyar səs və ifa olduğunu da nəzərdən qaçırmaq olmaz.

Hiss olunur ki, həftədən həftəyə gənc xanəndələr sənətdə cilalanır, püxtələşirlər. Ötən həftənin ən yüksək bal toplayan iştirakçısı Kamilə Nəbiyeva bu həftə də liderliyi əldən vermədi. Xanəndə qızın oxuduğu "Simayi Şəms" zərb muğamına, eləcə də digər iştirakçı Səbinə Ərəblinin ifa etdiyi "Kəsmə Şikəstə"yə münsiflər ən yüksək (60) bal verdilər. Bununla yanaşı yaddaqalan ifalar da az olmadı. Alış Həmzəyevin "Osmanı"sı, Məmməd Nəcəfovun "Arazbarı"sı, Fizzə Mirzəyevanın "Qarabağ Şikəstə"si, eləcə də müsabiqənin ən gənc üzvü Pərvin Məmmədlinin "Heyratı" ritmik muğamlarını misal çəkmək olar.

Pərvin Məmmədlinin ötən həftə "Çahargah" muğamını Bərdaştı ilə başlayıb çox ustalıqla "Hisar" təsnifi ilə başa vurduğuna yüksək dəyər verən münsif Əlibaba Məmmədov Bərdaşt hissəsinin cəmi beş muğamda olduğunu və belə ifanın əsasının Seyid Şuşinski tərəfindən qoyulduğunu dedi. Bu gün azyaşlı qızlarımızın muğam sənətinə doğma münasibət bəsləməsinin dəyərini, gələcəkdə bu qızdan çox yaxşı xanəndə olacağını qeyd etdi. Münsif Ramiz Zövrabov isə ümumiyyətlə "Hisar" muğamına ilk dəfə məhz Əlibaba Məmmədovun təsnif yazdığını və Pərvin Məmmədlinin ilk həftə oxuduğu zil "Qatar" muğamı kimi bu ifasına da yüksək dəyər verdiyini dedi.

Müsabiqə davam edir. Böyük gələcəyi olan müsabiqə iştirakçılarının istedadına heç kimin şübhəsi yoxdur. Əvvəla ona görə ki, onlar yüzlərlə ifaçının içindən seçilib iyirmiliyə daxil olublar. Günü-gündən gənc xanəndələrimiz sənətdə öz yolunu tapır. Səhnə rəftarına, ifaçılıq mədəniyyətlərinə yiyələnirlər. Lakin bununla belə, hələ də nöqsanlar var. Bu da təbiidir. Münsiflərin haqlı tənqidlərindən də incimək yox, nəticə çıxarmağa tələsməlidirlər. Bu müsabiqədir, hər həftə iştirakçılardan biri müsabiqəni tərk etməlidir. Yaxşı olardı ki, münsiflər iştirakçıların daha çox uzaq gələcəyinə deyil, məhz bu günün reallığına qiymət verəydilər. Bu həftə ən az - 50 bal toplamış Nigar Rəhimova, Könül Məmmədli və Elsevər Muradov oldu. Münsiflər heyətinin yekdil qərarı ilə bu dəfə də heç kim müsabiqəni tərk etmədi.

 

 

Rafiq SALMANOV

 

Xalq qəzeti.- 2011.- 6 mart.- S. 7.