Gədəbəyin dünəni də, bu günü də göz qabağındadır

 

Vaxt var idi Gəncədən Gədəbəyə gedib çatmaq üçün ən azı iki saat itirməli olurdun. Amma indi 30-40 dəqiqəyə dağlar qoynundasan. Özü də istər yay olsun, istərsə də sərt qış, fərqi yoxdur. Düz, hamar asfalt yol səni mənzil başına çatdıracaq.

 

...Elə ki, Şəmkiri keçib azacıq Yasamal dolaylarına çatdıq, dumandan göz-gözü görmürdü. Maşının qarşısında yalnız qara asfalt yolu sezmək mümkün idi. Magistral yolun hər iki tərəfinə yığılmış qarın qalınlığı isə az qala yarım metrə çatırdı. Yol tər-təmiz idi. Bir azdan Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Kamran Rzazadə ilə bu barədə söhbət edərkən dedi:

- Nə danışırsınız, belə havada, qarlı-çiskinli günlərdə magistral yolu başlı-başına buraxmaq olar?! - Hər gün təmizləyirik. Azacıq qar örtüyü qaldımı, sabah buza çevriləcək, di gəl, bu yoldan istifadə et...

Kamran Rzazadə deyir ki, cənab Prezidentimizin Gədəbəyə gəlişindən sonra bu yerdə çox şey dəyişib, o cümlədən yollar. Adamlar, bilirsiniz, nə qədər razılıq edirlər... Yol Gədəbəy kimi dağ rayonunun canıdır. Bir vaxtlar Əli İsmayıllı, Arıqıran, İnəkdoğan, Mormor və digər kəndlərə yalan olmasın, heç traktorla da getmək mümkün deyildi. Amma indi o qədər rahat yollar salınıb ki, ən müasir minik maşını da bu yollardan heç bir problem olmadan istifadə edir.

Qeyd edək ki, keçən il təkcə şəhərin, yəni rayon mərkəzinin küçə və səkilərində 376 min manatlıqdan çox təmir və abadlıq işləri aparılmışdır. Yerli əhəmiyyətli yolların saxlanması, çalaların doldurulması, orta və cari təmir işləri üçün 646 min 200 manat vəsait xərclənmişdir. Slavyanka-Nərimankənd avtomobil yolu əsaslı təmir olunmuşdur. Bütövlükdə Azərbaycan Kənd İnvestisiya Layihəsi çərçivəsində rayonun Ucalı, Zamanlı, Novoivanovka, Moruxlu və yuxarıda adlarını çəkdiyimiz digər kənd yollarının 42,2 kilometri əsaslı təmir olunmuşdur. Yeri gəlmişkən, qeyd edək ki, əlaqədar nazirlik və dövlət qurumları rayonun "Fındıqlı" çayı üzərində beş ildən artıq qəzalı vəziyyətində olan körpünün tezliklə təmiri və bərpası ilə bağlı tədbir görməlidirlər. Sel suları artdıqca əhalinin rayon mərkəzinə gediş-gəlişi çətinləşir və bu da adamların haqlı narazılığına səbəb olur. Rayon icra hakimiyyətində bildirdilər ki, əlaqədar təşkilatlar tədbir görmək əvəzinə yazılı öhdəliklər verirlər.

...2010-cu ildə Gədəbəy rayonunun sosial-iqtisadi inkişafında daha bir mühüm addım atılmışdır. Ötən il 500-ə yaxın iş yeri açılmışdır. Bütövlükdə isə son 7 ildə Gədəbəydə 8345 iş yeri açılmışdır ki, onun da 2181-i daimidir. Maraqlıdır ki, 7 il əvvəl rayon büdcəsi 3 milyon 500 min manata yaxın olduğu halda hazırda 21 milyon 868 min manatı keçmişdir. Deməli, rayon büdcəsi 7 ildə 7 dəfə artmışdır.

Gədəbəyin zəngin təbii sərvətləri ilə yanaşı, iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir. Keçən il 208 min 777 ton kartof istehsal olunmuşdur. Əslində, rayon üzrə adambaşına 2 ton 225 kiloqram kartof məhsulu düşür ki, bu da çox diqqətçəkən faktdır. Yaxud heyvandarlıq sahəsini götürək. 2003-cü illə müqayisədə mal-qaranın baş sayı təxminən iki dəfə artıb və keçən il bu rəqəm 84 min 634 başa çatıb. Yeddi il qabaq cəmi 2600 tondan bir qədər çox ət istehsal olunurdusa hazırda bu, 11 min tonu keçib. Bütün bunlar rayon iqtisadiyyatının necə sürətlə inkişaf etdiyini göstərir.

Rayonda sosial məsələlərin həllinə diqqət xeyli artırılmışdır. Yollar haqqında yazının əvvəlində məlumat verdik. 2010-cu il ərzində 2804 ailə ünvanlı sosial yardım almışdır. İl ərzində ünvanlı sosial yardımların ödənilməsi üçün 4 milyon 164 min manatdan çox vəsait ayrılmışdır. Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən 348 nəfər tənha və əlilə sosial-məişət xidməti göstərilmiş, 18 nəfər sanatoriya və pansionatlara göndərilmişdir. Dövlət Sosial Müdafiə Fondu rayon şöbəsi tərəfindən il ərzində 17 min 975 nəfər pensiyaçıya tələbata görə 19 milyon 860 min 200 manat vəsait ödəniş müəssisələrinin hesabına köçürülmüşdür. Keçən il Düz Rəsullu və Novosaratovka kəndlərində bankomatların quraşdırılmasından sonra belə qurğuların sayı rayonda 9-a çatmışdır. Rayon əhalisi hazırda pensiya və əmək haqlarını plastik kartlar vasitəsilə alırlar. Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 2009-cu ildə 24 mənzilli, 2010-cu ildə isə 16 mənzilli bina tikilərək istifadəyə verilmişdir.

Əhalinin təbii qaz, elektrik enerjisi ilə təminatında ciddi irəliləyişlər var. Keçən il əhali təbii fəlakətlə bağlı ayrı-ayrı istisnaları nəzərə almasaq, sutkada 24 saat elektrik enerjisi ilə təmin olunmuşdur. Bununla yanaşı, rayonda elektrik dayaqları və naqilləri keçən əsrin 60-cı illərində inşa edilib və artıq istismar müddətini başa vurduğundan tez-tez qəzalar baş verir və bu da müəyyən fasilələrə gətirib çıxarır.

Hazırda rayon mərkəzində və 8 kənddə təbii qaz var. Ölkə Prezidenti İlham Əliyev 2006-cı il noyabrın 1-də ilk dəfə Gədəbəydə olarkən aidiyyatı dövlət strukturlarının rəhbərlərinə göstəriş vermişdi ki, rayonun sərhəd kəndlərinə qaz xətləri çəkilsin. Artıq 32 kilometr Qarabağ - Novasaratovka, 17,3 kilometr Novosaratovka - Şınıx istiqamətində magistral qaz kəməri çəkilmişdir. Rayonun Novosaratovka və Düz Rəsullu kəndlərinə orta təzyiqli qaz kəməri çəkilərək sakinlərin istifadəsinə verilmiş, Böyük Qaramurad, Qaraməmmədli kəndlərinin qazlaşdırılması işi davam etdirilir.

Tezliklə su və kanalizasiya problemləri də həll olunacaqdır. Rayonda dünya standartlarına cavab verən yeni kanalizasiya və su kəmərinin çəkilməsi üçün layihə-smeta sənədləri tərtib olunmuş, tezliklə bu işlərə başlanacaqdır.

Rabitə, poçt xilməti yaxşılaşdırılmışdır. Əli İsmayıllı kəndində yeni elektron ATS quraşdırılmış, bir sıra kəndlərdə təmir-bərpa işləri aparılmışdır. Son 30 ildə mərkəzi poçt istisna olmaqla bir dənə də olsun poçt binası tikilməmişdi və onların hamısı uyğunlaşdırılmış binalarda yerləşirdi. Amma təkcə keçən il ümumi dəyəri 217 min manatdan çox olan 4 yeni poçt binası tikilmişdir.

Ümumtəhsil məktəblərinin maddi-texniki bazası 20-25 il əvvəlki dövrlə müqayisəolunmaz dərəcədə möhkəmlənmişdir. 2003-cü ilə kimi rayon məktəblərində 1 ədəd də olsun kompyuter olmadığı halda, hazırda 440 ədəd kompyuter vardır ki, bu da hər 27 şagirdə 1 kompyuter deməkdir. Rayon təhsil şöbəsinin müdiri Ramiz Məmmədov deyir ki, bu rəqəm hələlik bizi qane etmir. Amma Təhsil Nazirliyi, rayon icra hakimiyyəti bu sahədə bizə yaxından köməklik göstərdiyindən əminik ki, tezliklə Gədəbəydə hər şagirdə bir kompyuter düşəcək.

Son 7 ildə rayonda 28 yeni məktəb binası tikilib istifadəyə verilmiş, 47 məktəb binası əsaslı təmir olunmuş, 74 əlavə sinif otağı inşa edilmişdir.

Ötən il rayonda Arıqıran kənd orta məktəbinin və şahmat məktəbinin yeni binaları tikilmiş, Böyük Qaramurad, Pərizamanlı, Novosaratovka kənd məktəbləri əsaslı, Zamanlı, Sarıhəsənli, Nərimankənd orta məktəbləri isə cari təmir edilmişdir. Belə bir maraqlı məqama toxunmaq lazımdır ki, 20-25 il qabaq rayonun 864 ümumtəhsil məktəbindən yalnız 4-ü birtipli layihə əsasında tikilmiş məktəblər idi, qalanları isə uyğunlaşdırılmış qəza vəziyyətində olan binalarda yerləşirdi.

Rayon təhsil şöbəsinin müdiri Ramiz Məmmədovun təşkilatçılığını, nizam-intizama, tədrisin keyfiyyətinə xüsusi diqqət göstərməsini də qeyd etməmək mümkün deyil. Göstəricilər bunu deməyə əsas verir. Lakin problemlər də var. Yaşı 70-i ötmüş müəllimlər az deyil. İxtisaslı müəllim kadrlarına, xüsusilə coğrafiya, xarici dil, riyaziyyat-informatika, kimya-biologiya müəllimlərinə böyük ehtiyac duyulur. Hazırda bu sahədə 61 müəllim çatışmır.

Səhiyyədəki uğurlar da diqqəti cəlb edir. Rayonda əhaliyə tibbi xidmət göstərən 100 çarpayılıq mərkəzi rayon xəstəxanası, 25 çarpayılıq uşaq xəstəxanası, 5 kənd sahə xəstəxanası, 19 həkim ambulatoriyası, 24 tibb məntəqəsi, sanitar epidemiologiya mərkəzi mövcuddur. Əhalinin sağlamlığının keşiyində 415 nəfər tibb işçisi dayanır ki, onlardan da 90 nəfəri ali təhsilli həkim, 317 nəfəri isə orta tibb işçisidir. Göründüyü kimi, əhalinin hər 10 min nəfərinə 10 həkim düşür.

Son 7 ildə rayonda tibb müəssisələrinin maddi-texniki bazası xeyli möhkəmləndirilmişdir. Bu müddətdə 4 xəstəxana, 1 diaqnostika mərkəzi, 3 həkim ambulatoriyası, 3 həkim məntəqəsi tikilib istifadəyə verilmişdir. Lakin təhsildə olduğu kimi səhiyyə də kadr çatışmazlığı özünü biruzə verir. Hazırda 14 nəfər həkim kadrına çox ciddi ehtiyac var.

Mədəniyyət müəssisələri də sanki "ikinci həyatı"nı yaşayır. İllər uzunu unudulmuş obyektlər əsaslı təmir olunub. Bütövlükdə son 7 ildə 17 mədəniyyət müəssisəsi, o cümlədən 9 mədəniyyət evi, 6 kitabxana, 1 klub, 1 muzey əsaslı təmir edildikdən sonra öz görkəmini xeyli dəyişib.

...Gədəbəy təkcə əsrarəngiz təbiəti ilə deyil, qızılı, gümüşü, misi, digər qiymətli yeraltı sərvətləri ilə artıq dünya xəritəsində özünəməxsus yer tutur. Təkcə keçən il 65 min 797 unsiya, yəni 2 ton 46 kiloqram qızıl hasil olunmuşdur ki, bunun da dəyəri 81,5 milyon manatdır. Artıq Azərbaycan qızılı "Ayrım" brendi adı ilə dünya bazarına çıxarılır. Gümüşdən əldə olunan gəlir 1 milyon 200 min dollardan çoxdur.

Hazırda zavodda çalışan fəhlələrin 375 nəfəri yerli sakinlər, yəni gədəbəylilərdir. Onların orta aylıq əmək haqqı 500-550 manatdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2009-cu il mayın 26-da Gədəbəyə ikinci səfəri zamanı açılışında iştirak etdiyi Beynəlxalq Mədən Əməliyyat Şirkətinin Qızıl-Mis Emalı Zavodu ölkə iqtisadiyyatında çox mühüm rol oynayır.

...Gədəbəyin bu günü təkcə o bölgənin sakinlərini deyil, Azərbaycanın hər bir vətəndaşını sevindirir. Qısa vaxt ərzində rayon çox inkişaf edib, gözəlləşib, abad bir diyara çevrilib. Ölkə Prezidentinin birbaşa diqqət və qayğısı sayəsində dəyişən bu ucqar dağ rayonunun inkişafında onun hər bir sakininin əməyi var. Təəssüf ki, bu yüksəlişi, tərəqqini gözü götürməyən qüvvələr də var. Öz istəyinə nail ola bilməyənlər ən müxtəlif üsullara əl atır, böhrana, şantaja keçir, müxalifət mətbuatında ağına-bozuna baxmadan hədyanlar yazır, bəzən də "vətənpərvər" cildinə girirlər. Hədəflər isə müxtəlifdir. Rayon icra hakimiyyəti başçısından tutmuş hüquq-mühafizə orqanlarının, təsərrüfat rəhbərlərinə kimi...

Amma "xalqa canı yananlar" bir dəfə də olsun demirlər ki, təkcə keçən il Gədəbəydə 100 min kvadratmetr fərdi yaşayış evi tikilib. Bu məgər əhalinin yaşayış səviyyəsini, gün-güzəranını göstərən bir fakt deyilmi?! Kartof istehsalı Gədəbəyin tarixində ilk dəfə olaraq 200 min tonu keçib.

Rayon icra hakimiyyətinin başçısı Kamran Rzazadə bütün şayiələrə, hücumlara baxmayaraq öz işi-gücü ilə məşğuldur. Azərbaycanda YAP-ın ilk təşkilatçılarından biridir. Bu yaxınlarda, yəni yanvarın 22-də YAP Gədəbəy rayon təşkilatının yaradılmasının 19-cu ildönümü təntənə ilə qeyd olundu. O daim kəndlərdə olur, adamların dərd-sərini öyrənir, tədbirlər görür. İmkansız adamlara daim kömək göstərilir. Uzun müddət əlillik dərəcəsi ala bilməyən şəxslərin qısa vaxt ərzində sənədlərinin qaydaya salınması və onlara əlillik dərəcəsinin təyin olunması hədsiz razılıqla qarşılanmışdır. Əlil qadın Bəhruyyə Qasımova söhbət zamanı dedi:

- Anadangəlmə şikəstəm, amma 45 yaşına çatandan sonra pensiya ala bilmişəm ki, bu da Kamran müəllimin müdaxiləsindən sonra baş verib.

Öyrənirik ki, rayonda anadangəlmə 100 nəfər şikəstin bu gün pensiya təminatı bilavasitə K.Rzazadənin müdaxiləsindən və köməyindən sonra mümkün olub.

Rayonda ziyalıya, elmə, mədəniyyətə, tarixi irsə hörmət kökündən dəyişib. Bakı şəhərində gədəbəyli elm, mədəniyyət xadimləri, tələbələrlə görüşlər ənənə şəklini alıb. Ən müxtəlif sahələrə dair nəfis şəkildə kitablar nəşr olunub. İş adamları ilə müntəzəm görüşlər keçirilib və sair.

Gədəbəyin dünəni də, bu günü də gözlərimiz önündədir. Gərək ağa ağ, qaraya qara deməyi bacaraq. Gədəbəy onsuz da, necə deyərlər, öz sözünü deyir.

 

 

Hamlet QASIMOV

 

Xalq qəzeti.-  2011.- 6 mart.- S. 4.