Öz ölkəsinə düşmən kəsilmiş müxalifət xalqı aldada bilməz

 

Son 15-16 ildə Azərbaycan müxalifətinin cilddən-cildə girərək dəyişdiyini, öz sosial bazasının 90-95 faizini itirdiyini, siyasi partiyaların kommersiya mərkəzinə çevrildiyini öz gözləri ilə görən hansı azərbaycanlı bu dəstənin dalınca gedər? Məgər insanlar görmürlərmi ki, adı müxalifət olan bu dəstədə son 15 ildə nəinki bir irəliləyiş və ya inkişaf yoxdur, hətta, 1993-cü il səviyyəsindən də qat-qat aşağı səviyyədədirlər. 1988-ci ildə Azərbaycan xalq hərəkatı yarananda kütləvi aksiyalara Ziya Bünyadov, Bəxtiyar Vahabzadə, Vaqif Səmədoğlu, Sabir Rüstəmxanlı, Aydın Məmmədov kimi ziyalılar gəlirdilər. İndiki müxalifətdə xarizmatik lider varmı? Əsla yoxdur.

 

O zaman etiraz aksiyalarının konkret məqsədi də var idi, xalqın arzu və istəklərinə qarşı çıxan dövlət rəsmiləri də. Məqsəd Topxananın qırılmasının qarşısının alınması, Dağlıq Qarabağın Azərbaycandan ayrılmasına rəvac verən Kremlin milli ayrı-seçkiliyini ifşa etmək, Azərbaycan xalqının mənafelərini ayaq altına atan Əbdürrəhman Vəzirov və Ayaz Mütəllibovun istefasına nail olmaq idi. Məhz həmin ali məqsədlərin mahiyyətini yaxşı dərk edən on minlərlə, yüz minlərlə insan xalq hərəkatına qoşulmuşdu. Hörmətli oxucunun diqqətinə çatdırırıq ki, bu ifadənin fərqinə varmaq gərəkdir. O zaman insanlar xalq hərəkatına qoşulmuşdular, Xalq Cəbhəsinə yox. Yəni xalq hərəkatı dalğasında hakimiyyətə gəlmiş AXC-Müsavat iqtidarı qısa müddət ərzində onlara göstərilən etimadı elə bir şəkildə heçə endirmişdilər ki, indi onlara nəinki öz qonşuları, heç qohum-qardaşları da inanmırlar.

Bu gün Azərbaycan müxalifətini təmsil edən 50-60 adam meydana çıxacaq olarsa, onlar nəyə etiraz edəcəklər? Ölkənin başdan-başa inkişaf etdirilməsinin qarşısını almağamı çağıracaqlar ? Bütün regionların iti sürətlə müasirləşdirilməsinə etirazmı edəcəklər ? Son 7 ildə ölkədə tikilən 2 mindən çox məktəb binasının çoxluğundanmı şikayətlənəcəklər? Qısa müddətdə 900 mindən çox yeni iş yerinin yaradılmasınımı qeyri-məqbul sayacaqlar? Azərbaycanın regionun lider ölkəsinə çevrilməsinin qarşısınımı almağa çalışacaqlar, yoxsa rəsmi Bakının bütün beynəlxalq təşkilatlarda aparıcı söz sahibinə çevrilməsini düzgün saymayacaqlar? Nə istəyəcəklər, nə deyəcəklər, nə üzlə xalqın qarşısına çıxacaqlar? "Xalqın qarşısı" deyəndə onların arxasınca gəlməsi ehtimal olunan 70-80 adamı nəzərdə tutmuruq, ekrandan, efirdən, qəzetdən, mətbuatdan hansısa aksiya barədə xəbər eşidənləri nəzərdə tuturuq. Gədəbəydə kimsə eşitsə ki, Bakıda müxalifətin aksiyası olub, mütləq güləcək və ölkənin bu qədər genişmiqyaslı inkişafı fonunda ara qarışdırmaq istəyənlərin ünvanına bir-iki yağlı ifadə işlədəcək. Bu xəbəri hansısa qəbələli eşidərsə, mütləq belə bir ifadə işlədəcək: - Allah sizə ağıl versin. Sizin dövrünüzdə Kəlbəcərdə, Şuşada olmalı tanklar Qəbələyə gəlib çıxmışdı. İndi yenə də ölkəni həmin günlərə qaytarmaq istəyirsiniz? Qaytara bilməyəcəksiniz. Özünüzü növbəti dəfə rüsvay etməyin.

Bugünkü Azərbaycan müxalifətinin "aparıcı simalarını" yada salmağa, təqdim etməyə ehtiyac yoxdur. Xalq AXCP-çilərin də, müsavatçıların da rəhbərlərini çox yaxşı tanıyır. Mövcud olduqları 15-20 ildə 15-20 dəfə parçalanıb bir o qədər dəfə də birləşən bu partiyaların dəyanəti də, mətanəti də, siyasi prinsipiallığı da hamıya çox yaxşı məlumdur. Əslində AXCP-ni və ya Müsavatı qınamaq elə də doğru deyil. Çünki bu siyasi təşkilatların rəhbərliyində lider yoxdur və heç zaman olmayıb. Müsavat rəhbərliyində təmsil olunan, divan-kreslo üzvlərinin 90 faizi "60 ayağını bir başmağa dirəyiblər ki (onların vur-tut 30 adam olduğunu bizdən yaxşı özləri bilirlər) İsa Qəmbər, istefa ver, çıx get ki, bəlkə bu partiyanı kimsə bir az bərpa edə bilsin. İsa Qəmbər isə Qəddafi kimi iki ayağını bir başmağa dirəyib ki, yox, bəylər, sizin hamınızı güdaza verərəm, amma istefa vermərəm. İndi acığa düşən divan-kreslo üzvlərinin özləri istefa verib gedirlər ki, görək başqan nə zaman başına-dizinə döyəcək.

Yeri gəlmişkən, ekspertlərin fikrincə müxalifət "liderləri" bu gün bəzi ərəb ölkələrində baş verən ictimai-siyasi hadisələri əllərində dəstəvuz etmək istəyirlər. Əgər elədirsə, yazıqlar olsun onlara. Misirin və ya Liviyanın nə qədər köklü problemləri olduğunun fərqində deyillərsə, onda doğrudan da, bu adamlar Rəsul Quliyevin dediyi kimi "bədbaxtlar"dır. Çünki Misiri Mübarək, Liviyanı isə Qəddafi birmənalı şəkildə özəlləşdirmişdilər. Azərbaycan diplomatiyasının yeni əsrin ilk onilliyində əldə etdiyi uğurlar nəticəsində bütün beynəlxalq təşkilatlar, rəsmi dairələr və aparıcı dövlətlər ölkəmizin ərazi bütövlüyünün bərpasına çalışırlar. Hətta, Azərbaycanın öz ərazi bütövlüyünü hərbi yolla bərpa etmək barədə qətiyyət nümayiş etdirməsi beynəlxalq aləmdə təlaşla, təlatümlə qarşılanır. Yəni bu gün dünyada heç kəs Azərbaycanda sabitliyin pozulmasına yol vermək istəmir. Elə isə Misir hadisələrinin Azərbaycana tətbiq edilməsi barədə xülyalarla yaşayan insanlara "bədbaxt" deməyəsən, bəs nə deyəsən? O ki qaldı Liviya hadisələrinə, orada əsas məsələ bu ölkənin parçalanması idi. Sadəcə Qəddafinin əzazilliyi və diktatorluğu həmin prosesi sürətləndirdi. Ölkənin parçalanması məsələsinin Azərbaycana tətbiq edilməsinə gəlincə isə müxalifət başbilənlərinin yadından çıxmayıbsa onların iqtidarda olduğu dövrdə Azərbaycan da artıq bir neçə yerə parçalanmışdı. İndi Qəddafinin atdığı addımları o zaman İsa Qəmbər də atmış, ölkədə faktiki vətəndaş müharibəsi törətmişdi.

Əli Kərimlini isə oxuculara məxsusi təqdim etməyə ehtiyac yoxdur. Onu ölkədə hamı Əbülfəz Elçibəyin qurduğu partiyanı dağıtmış "siyasətçi", Azərbaycandan dünyanın hər yerinə, hətta, ermənilərə də şikayət etmiş "hüquqşünas", AXC sədrinin vəsiyyətlərini xalqdan gizlətmiş "silahdaş", Tbilisidə ermənilərlə pul müqabilində əməkdaşlıq edənlərin himayədarı və ən nəhayət, İsa Qəmbərlə birlikdə Azərbaycan müxalifətinin "ölməz Kaşşey"lərindən biri kimi tanınır. Yəni, bu adamlar bir dəfə, üç dəfə, on dəfə məğlub olandan sonra niyə məğlubiyyətlə barışıb, çıxıb getmək istəmirlər? Şəxsən mən bir Azərbaycan vətəndaşı kimi ölkədə savadlı müxalifətin, həqiqi müxalifətin olmasını istəyirəm, kiminsə əlində oyuncaq olan müxalifətin yox. Təəssüf, çox təəssüf ki, bugünkü Azərbaycan müxalifəti öz ölkəsinə düşmən kəsilib.

 

 

İttifaq MİRZƏBƏYLİ

 

Xalq qəzeti.- 2011.- 11 mart.- S. 5.