Qax: yerlərdə görüşlər davam edir

 

Rayon İcra Hakimiyyəti başçısının yaşayış yerlərində sakinlərlə artıq ənənə şəklini almış görüşləri davam edir. Belə görüşlərdən biri də bu günlərdə Ağçay kəndində keçirildi. Kənd klubunda 80 nəfər yerli sakinin və rəhbər qurumların nümayəndələrinin iştirak etdiyi görüşə RİH başçısı Musa Şəkiliyevlə bərabər, bir çox idarə və müəssisə rəhbərləri də gəlmişdilər.

 

Tədbir haqqında məlumat verən RİH başçısı qeyd etdi ki, xüsusi cədvəl əsasında təşkil olunan belə görüşlərdə məqsəd vətəndaşların ərizə və şikayətlərinə baxılması mexanizmini təkmilləşdirməkdən ibarətdir. Rayonun rəhbər orqanlarına qəbula getmək üçün imkanı olmayan vətəndaşlar bir qayda olaraq yerlərdə təşkil olunan bu görüşlərdə onları narahat edən problemləri qaldırır, rəy və təkliflərini söyləyirlər. İrəli sürülmüş məsələlər barədə müvafiq idarə, müəssisə rəhbərlərinin izahatları, təkilfləri dinlənildikdən sonra onların həlli üçün operativ, reallığa əsaslanan qərarlar qəbul etmək mümkün olur.

Sonra başçının İlisu inzibati ərazi dairəsi üzrə nümayəndəsi Həzrət Cəfərov kəndin sosial-iqtisadi durumu barədə məlumat verdi, sakinlər onları narahat edən problemlərlə bağlı fikirlərini söylədilər.

Kənd sakinləri Məmməd Məmmədov, Zaur İsaqov, Elman Xəlilov, Füzuli Rzayev və başqaları müraciət edərək kəndin qazlaşdırılması, torpaqların təsnifatının dürüstləşdirilməsi, sel-sulardan mühafizə, kəndin mərkəzindən keçən kanalın betona alınması və digər məsələlər, eyni zamanda, bir sıra şəxsi problemlərin həlli barədə təkliflərini söylədilər. Sakinlər tərəfindən qaldırılan məsələlər və onların həlli yolları barədə Suvarma Sistemləri İdarəsinin müdiri Soltan Camalov, torpaq və xəritəçəkmə şöbəsinin müdiri Seyfulla Ramazanov, İlisu icra nümayəndəsi Həzrət Cəfərov, bələdiyyə sədri Asəf Əhmədov ətraflı arayış verdilər.

Musa Şəkiliyev müzakirələrdən sonra irəli sürülmüş bir sıra problemlərin həlli ilə bağlı rayonun görüşdə iştirak edən idarə, müəssisə rəhbərlərinə konkret tapşırıqlar verdi. Qeyd etdi ki, həlli respublikanın mərkəzi icra hakimiyyəti orqanlarının səlahiyyətləri daxilində olan problemlər barədə müvafiq nazirliklər və digər baş idarələr qarşısında məsələ qaldırılacaqdır.

Daha sonra Musa Şəkiliyev kəndin sosial-iqtisadi inkişafı ilə bağlı fikirlərini sakinlərlə bölüşdü. Xüsusilə kənddə turizmin inkişafı üçün mövcud imkanları və ondan istifadə perspektivləri ətrafında geniş fikir mübadiləsi aparıldı. Sakinlər görüşdən razı qaldılar. Qeyd edək ki, bu qəbildən olan görüşlər dövlət rəhbərliyinin yerlərdə vətəndaşların ərizə və şikayətlərinə baxılmasının sürətləndirilməsini, eləcə də sakinlərin haqlı iradlarının obyektiv şəkildə həllini təmin edən tövsiyələrinə cavab olaraq keçirilir.

 

 

İ.MUSAOĞLU

 

Xalq qəzeti.- 2011.- 13 mart.- S. 5.