Xalqımızın başına gətirilən faciələr heç zaman unudulmamalıdır

 

31 Mart - Azərbaycanlıların Soyqırımı Günü

 

1918-ci ildə Bakıda və Azərbaycanın digər bölgələrində ermənilərin törətdikləri qırğınlardan 93 il ötməsinə baxmayaraq, bu vəhşiliklər, soydaşlarımızın başına gətirilən müsibətlər xalqın qan yaddaşında əbədi iz buraxmışdır. Ötən əsrin əvvəllərindən başlayaraq ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri aramsız soyqırımı və deportasiya siyasəti 1918 -1920-ci illərdə xüsusən genişlənmiş və Azərbaycan xalqını yer üzündən tam silmək kimi iyrənc niyyətlərini bütün çılpaqlığı ilə üzə çıxarmışdır. Həmin illərdə ermənilərin Azərbaycanda törətdikləri milli qırğın haqqında bizə çatan tarixi sənədlərdəki faktlar Şamaxıda, Qubada, Muğanda, Zəngəzur qəzasında, Qarabağda, İrəvan quberniyasında və ölkənin digər ərazilərində azərbaycanlıların amansızlıqla qətlə yetirildiyini, şəhər və kəndlərin talan edilərək dağıdıldığını sübut edir.

 

Azərbaycanın ayrı-ayrı bölgələrində olduğu kimi, Bakıda da həmin illərdə azərbaycanlıların soyqırımı həyata keçirilmiş və şəhər erməni silahlı dəstələri tərəfindən dağıdılmışdır. 1918-ci ilin mart ayının son üç günündə təkcə Bakıda 12 mindən çox azərbaycanlı vəhşi ermənilər tərəfindən xüsusi amansızlıqla qətlə yetirilmişdir. Bu vəhşiliklərlə kifayətlənməyən ermənilər həmin ildə Şamaxı şəhərində 7 min, Quba şəhərində 2 min, Zəngəzurda 3 mindən çox əhalini məhv etmişlər.

Xalqımızın qan yaddaşına yazılmış 31 Mart soyqırımı Bakı Xalq Komissarları Sovetinin sədri S. Şaumyanın təşkilatçılığı və rəhbərliyi ilə silahlı bolşevik-daşnak birləşmələrinin Bakıda türk-müsəlman əhalisinə qarşı törətdikləri kütləvi soyqırımıdır. 1917 -ci il oktyabr çevrilişi və hakimiyyətə kommunistlərin gəlməsi zamanı yaranmış vəziyyətdən istifadə edən erməni millətçiləri və onların cəmləşdiyi "Daşnaksütyun" partiyası öz istəklərinə bolşevizm bayrağı altında nail olmağa cəhd göstərməklə Bakıda və Azərbaycanın digər yerlərində azərbaycanlılara qarşı mitinqlər keçirməyə başladılar. Bakı kommunası 1918-ci ilin martında cinayətkar planı həyata keçirməyə başladı. Təxminən 7 min erməni əsgəri müxtəlif cəbhələrdən Bakıya gətirildi. Bundan başqa, "Qırmızı qvardiya " adı altında yaradılan 10-12 minlik ordunun da 70 faizi ermənilərdən ibarət idi. Qabaqcadan hazırlanan anlaşmaya əsasən, bolşevik-erməni koalisiyası cəbhə boyu hücuma keçdi. Martın 30-da axşam saatlarında Bakıda erməni kilsəsi yanında toplaşan daşnak dəstəsi tərəfindən müsəlmanlara ilk atəş açıldı. Təpədən-dırnağa qədər silahlanmış erməni əsgərləri müsəlmanların evlərinə basqınlar edərək onları vəhşicəsinə öldürür, körpələrə və qocalara aman vermirdilər. Qadınlar daha ağır şəkildə öldürülürdü. Arxiv materiallarına əsasən qulaqları, burunları kəsilən, orqanları parça-parça edilən 37 qadının meyiti tapılmışdı.

Nəriman Nərimanov erməni vəhşilərinin törətdikləri qətliamlar haqqında belə bəhs edir: "Bolşevik olan bir müsəlmana belə aman verilmədi. Müsəlmanlara qarşı hər cür cinayəti etdilər. Nəinki kişilər, hətta hamilə qadınlar da daşnaklardan canlarını qurtara bilmədilər". Martın 31-də səhər tezdən bolşevik-daşnak dəstələri azərbaycanlılar yaşayan "Kərpicxana", "Məmmədli" və başqa məhəllələrə hücum etdilər. Həmin məhəllələri havadan təyyarələr, dənizdən isə hərbi gəmilər bombalamağa başladılar. Ermənilər rusları inandırmışdılar ki, guya İçərişəhərdə azərbaycanlılar rusları qırıblar. Matroslar bunun yalan olduğunu biləndən sonra atəşi dayandırsalar da artıq gec idi, alova bürünmüş məhəllələrdə ölənlərin sayı-hesabı yox idi. Erməni millətçi faşistləri heç kimə rəhm etmirdilər, qarşılarına çıxan hər kəsi türk deyə dərhal qətlə yetirirdilər. Daşnaklar deyirdilər: "Biz heç bir bolşevik tanımırıq, təkcə müsəlman olmağın kifayətdir". Onlar evləri qarət edir, adamları yandırır, hamilə qadınları ağılasığmaz işgəncələrlə qətlə yetirirdilər. Ermənilər azərbaycanlılara məxsus məktəbləri, kitabxanaları, mədəniyyət ocaqlarının hamısını yandırırdılar. Hətta İçərişəhərə hücum zamanı A. Mikoyanın başçılığı ilə yaradılmış "İnqilabı müdafiə" adlanan quldur dəstələri Bakının ən gözəl memarlıq abidələrindən olan "İsmailiyyə" (indiki Milli Elmlər Akademiyası Rəyasət Heyətinin binası) binasını yandırmış, "Açıq söz ", "Kaspi ", "Baku "qəzetləri redaksiyalarını dağıtmış, "Təzəpir" məscidinin minarələrini isə top atəşi ilə zədələmişdilər.

Mart soyqırımı haqqında müstəqil tədqiqatçı Kulqe yazır: "Ermənilər müsəlman əhalisini işgəncələrlə öldürür, şəmşirlərlə parçalayır, süngü ilə dəlik-deşik edir, körpə uşaqları süngüyə keçirir, cəsədlərin burun, qulaq başlarını kəsir, evlərə od vurub sakinlər qarışıq yandırır, qadınları soyundurur saçlarını bir-birinə bağlayaraq tüfəngin qundağı ilə ölüncəyə qədər döyürdülər". Bu faktlar erməni daşnak qaniçənlərinin azərbaycanlılara qarşı törətdikləri vəhşiliklərin kiçik bir hissəsidirancaq 1918-ci ilin mart ayının son üç günündə törədilən Bakı qırğınını əks etdirir.

Mart soyqırımı zamanı təkcə Bakıda 12 mindən çox adam qətlə yetirildi. Bolşevik-daşnak dəstələrinin bu vəhşilikləri ancaq Bakı ilə bitmir. Onlar Quba, Şamaxı, Kürdəmir, Salyan Lənkəran qəzalarında soyqırımı davam etdirmişdilər.

Beləliklə, xalqımıza qarşı ermənilərin törətdikləri bu vəhşiliklər nəticəsində 100 minlərlə azərbaycanlı qətlə yetirilmiş, xalqımıza məxsus çoxlu milli mədəniyyət abidələri məhv və talan edilmişdir.

Bolşeviklərin böyük dövlətçilik siyasətinin labüd nəticəsi olan soyqırımı Azərbaycanda milli istiqlala qarşı açıq-aydın sui-qəsd idi. Kütləvi soyqırımı istiqlalın aparıcı qüvvəsi olan "Müsavat"ın milli dövlətçilik siyasət ideyalarına güclü təsir göstərdi, onu Rusiya imperiyasını demokratik-federativ respublikaya çevirmək, burada millətlərə muxtariyyət hüququ vermək ideyasından imtina etməyə, bundan sonra tam dövlət müstəqilliyi xəttini əsas götürməyə, "Müstəqil Azərbaycan" ideyasını irəli sürməyə məcbur etdi.

Mart soyqırımından bir il sonra ermənilər bu hadisələri bolşeviklərlə müsəlmanlar arasında cərəyan edən hakimiyyət mübarizəsi kimi mətbuatda yaydılar. 1919-cu ilin yayında Amerika Birləşmiş Ştatları tərəfindən Bakıya göndərilən general Harborda təqdim edilən sənəddə erməni yepiskopu Baqrat ermənilərin mart hadisələrində iştirakını inkar etdi. Baqrat Bakıda hadisələr zamanı öldürülən hər 1000 nəfərdən 300-nün erməni və rus, 700-nün müsəlman olduğunu iddia edirdi. Bu soyqırımı təkcə Bakı ilə bitmədi. Aprel ayının ilk ongünlüyündən etibarən Bakıda törədilən bu qətliamlar eynilə Şamaxı, Quba-Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər bölgələrdə də davam etdirildi.

Mart soyqırımı nəticəsində Azərbaycan xalqına yabancı olan sovetləşmə ideyasına güclü zərbə vuruldu, xalqın milli birliyini qədim ənənələrə malik müstəqil dövlətçiliyini bərpa etmək əzmi daha da gücləndi.

Azərbaycan xalqına qarşı həyata keçirilmiş soyqırımlarının siyasi baxımdan qiymətləndirilməsinə Azərbaycanda milli azadlıq hərəkatının genişləndiyi ötən əsrin 80-ci illərinin sonu - 90-cı illərinin əvvəllərində başlasa da, ona əsl siyasi qiymət xalqımızın ümummilli lideri Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra verilmişdir. Bu, Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin "Azərbaycanlıların soyqırımı haqqında" 1998-ci il 26 mart tarixli fərmanında bütün dolğunluğu ilə əksini tapmışdır. Fərmanda deyilir: "Azərbaycanın XIX- XX əsrlərdə baş verən bütün faciələri torpaqlarımızın zəbti ilə müşayiət olunaraq, ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrı mərhələlərini təşkil etmişdir. Bu hadisələrdən yalnız birinə - 1918-ci il mart qırğınına siyasi qiymət vermək cəhdi göstərilmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi Azərbaycan Respublikası bu gün onun axıra qədər həyata keçirə bilmədiyi qərarların məntiqi davamı olaraq soyqırımı hadisələrinə siyasi qiymət vermək borcunu tarixin hökmü kimi qəbul edir ". Həmin fərmanla 1998-ci ildən bəri respublikamızda 31 Mart hər il Azərbaycanlıların Soyqırımı Günü kimi dövlət səviyyəsində qeyd edilir.

Xalqımıza qarşı 1918-ci ildə törədilən mart soyqırımı kimi faciəli bir tariximizin sovet tarixşünaslığında saxtalaşdırılması və ört-basdır edilməsini təkcə tarixi bir anın unudulması kimi qəbul etmək olmaz. Mart hadisələrinin saxtalaşdırılması xalqımıza qarşı tarixən düşmən münasibət bəsləyən erməni xislətinin gizlədilməsi oldu. Bu isə özlüyündə XX əsr tariximizdə yeni-yeni canlı səhifələrin açılmasına gətirib çıxarmışdır.

Ümummilli liderimiz Heydər Əliyev demişdir: " Tarixi yaddaşsızlıq və unutqanlıq xalqımıza baha başa gələ bilər. Azərbaycanlılara qarşı zaman-zaman törədilən bu ağır cinayətləri unutmamaq, böyüyən nəsli bədxah qüvvələrin məkrli niyyətlərinə qarşı ayıq-sayıqlıq ruhunda tərbiyə etmək mühüm vəzifədir". Ümummilli liderimizin bu sözlərini rəhbər tutaraq xalqımızın başına gətirilən faciələri heç zaman unutmamalı və tökülən qanları yerdə qoymamalıyıq.

 

 

Ülviyyə BABAŞOVA,

Ədliyyə Akademiyasının əməkdaşı

 

Xalq qəzeti.- 2011.- 19 mart.- S. 6.