Xalqımızın qan yaddaşı

 

Hər bir xalqın tarixində elə hadisələr olur ki, heç vaxt yaddan çıxmır, unudulmur, gələcək nəsillərin yaddaşına həkk olunur. 1918-ci ilin mart qırğınları da xalqımızın tarixinə, onun taleyinə qanlı hərflərlə yazılmışdır. Doxsan üç il bundan əvvəl xalqımıza qarşı ən dəhşətli təcavüzlərdən biri törədilmişdir. Erməni daşnakları 3 gün ərzində təkcə Bakıda 12 min azərbaycanlının həyatına son qoymuş, qocaları, uşaqları, qadınları qətlə yetirmiş, çoxlu tarixi abidəni məhv etmişlər.

 

Azərbaycanın 220 kəndi bütövlüklə, 400- dən çoxu isə qismən dağıdılmışdır.Həmin günlər bolşevik-daşnak birləşmələri Bakıda "Kaspi" mətbəəsini, " Açıq söz" qəzetinin redaksiyasını, " İsmailiyyə" (hazırda Milli Elmlər Akademiyası Rəyasət Heyətinin binası) binasını yandırmış, "Təzəpir" məscidinin minarələrini top atəşi ilə dağıtmışdılar.

Daşnak-bolşevik hərbi birləşmələri təkcə Bakıda yox, eləcə də Azərbaycanın Qarabağ, Quba, Naxçıvan, Şamaxı bölgələrində, həmçinin Şərqi Anadoluda, Cənubi Azərbaycanda da xalqımıza qarşı soyqırımları həyata keçirmişlər.

1918-ci ilin 31 mart qırğını ermənilərin çoxdan hazırladıqları ssenarinin həyata keçirilməsi idi. Belə ki, 1917-ci il Oktyabr inqilabından sonra yaranmış Bakı Soveti daşnak-bolşevik Stepan Şaumyanın rəhbərliyi ilə fəaliyyət göstərdiyinə görə burada yerli əhalidən çox az adam təmsil olunurdu. Şəhər Sovetində cəmləşmiş daşnaklar və qeyri-millətlərin nümayəndələri mart hadisələrinin törədilməsinin səbəbkarları idilər. Bakı Sovetinin o dövrdə qorxduğu bir qüvvə vardısa, o da azərbaycanlıların millətçi qüvvələri idi. Mart ayının 9-da Azərbaycan diviziyası qərargahının Bakıya gəlməsi şaumyançıları bərk narahat etdi. Martın 30-da diviziya komandirlərinin qanunsuz həbs edilməsi və şəxsi heyəti azərbaycanlılardan ibarət olan "Evelina" gəmisinin tərksilah olunması Bakıda yerli əhalinin böyük narazılığına və həyəcanına səbəb oldu. Bakıda azərbaycanlıların hərbi cəhətdən zəif olduğunu bilən Stepan Şaumyan Bakını Azərbaycanın paytaxtı etmək arzusunda olan müsəlmanlara dərs vermək üçün əlverişli məqamın yetişdiyini başa düşdü. Axı, başdan-ayağa daşnak olan, ancaq bolşevik libasına bürünmüş Şaumyan və onun havadarlarının məkrli məqsədi Bakını erməniləşdirmək, yerli əhalini buradan qovub çıxarmaq və beləliklə, sərsəm "Böyük Ermənistan" ideyasını gerçəkləşdirmək idi. Deməli, bu təxribat planlı şəkildə qurulmuş və həyata keçirilmişdir. O dövrdə Bakı Sovetinin mətbuat orqanları hazırladıqları təxribatı əsaslandırmaq üçün azərbaycanlıları, bir qayda olaraq, "burjuaziya" və "müsəlman əksinqilabçıları" hesab edir və onlara qarşı "inqilabi" mübarizəni zəruri sayırdı. Hələ mart qırğınından əvvəl - martın 15-də Şaumyan öz çıxışında deyirdi: "Bakı Sovet Zaqafqaziyasında vətəndaş müharibəsinin başlıca mərkəzinə və istehkamına çevrilməlidir". Bu, bir daha göstərir ki, mart soyqırımı - azərbaycanlıların, müsəlmanların kütləvi qırğını Şaumyan və onun ətrafında olan daşnak-bolşevik ermənilər tərəfindən törədildi.

Ermənilər yaxşı bilirdilər ki, bizim maddi mədəniyyət abidələrimiz qədimliyimizin sübutudur, xalqımızın tarixi keçmişini, qəhrəmanlıq səhifələrini yaşadıb, varlığımızı və torpaqlarımızın əzəli sahibi olduğumuzu əks etdirir. Ona görə də Azərbaycanın dədə-baba yurdları xüsusi amansızlıqla xarabazara döndərildi, tarixi abidələr yerlə yeksan edildi.

Lakin sovet rejimi uzun illər boyu həmin müdhiş faciəni xalqımıza unutdurmağa çalışdı, bu hadisələr yeni nəsillərdən gizli saxlanıldı. Yalnız yenidən müstəqillik əldə etdikdən sonra, Azərbaycan xalqının ümummilli lideri, unudulmaz dahi şəxsiyyət Heydər Əliyev tərəfindən 1998-ci il martın 26-da imzalanmış fərmanla erməni millətçiləri tərəfindən törədilmiş cinayətkar əməllərə siyasi qiymət verildi. Həmən tarixi sənəd ötən əsirlərdə azərbaycanlılara qarşı soyqırımı aktı barəsində indiki və gələcək nəsillərdə milli yaddaşın formalaşmasına, bu hadisənin dünya miqyasında düzgün qiymətləndirilməsinə və hüquqi qiymət almasına lazımı şərait yaratdı. Bundan sonra xalqımız sanki silkələndi, milli varlığını daha dərindən dərk etdi, ona qənim kəsilmiş erməni təcavüzkarlarına qarşı daha qətiyyətlə ümumxalq mücadiləsinə girişdi. İnsanlar daha aydın dərk etməyə başladılar ki, 1918-ci ilin martında ermənilər xalqımızın başına hansı bəlaları gətirmiş, qismətimizə necə ürəkbulandırıcı səhifələr yazmışdır.

Ulu öndərimizin təşəbbüsü ilə 31 mart tarixinin Azərbaycanlıların Soyqırımı Günü elan edilməsi qan yaddaşımızın bərpasında çox böyük əhəmiyyətə malikdir. 1998-ci ildən etibarən 31 Mart Azərbaycanlıların Soyqırımı Günü kimi hər il dövlət səviyyəsində qeyd edilir. Azərbaycan xalqı, hər bir vətəndaşımız müdrik rəhbərimizin bu xidmətini həmişə minnətdarlıq hissi ilə xatırlayacaqdır.

Ulu öndər Heydər Əliyevin apardığı hüquq islahatları nəticəsində Cinayət Məcəlləsinə soyqırımı maddəsi daxil edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 103-cü maddəsinə əsasən, soyqırımı dedikdə hər hansı milli, etnik, irqi və ya dini qrupu bütövlüklə və ya qismən məhv etmək məqsədilə qrup üzvlərini məhv etmə, qrup üzvlərinin sağlamlığına ağır zərər vurma, qrupun bütövlükdə və ya qismən məhvinə yönəlmiş yaşayış şəraiti yaratma, qrup daxilində doğumların qarşısını almağa yönəlmiş tədbirləri həyata keçirmə, bir qrupa mənsub olan uşaqları zorla başqa qrupa keçirmə başa düşülür.

Beynəlxalq sənədlərdə də bu əməllər soyqırımı cinayəti kimi tövsif olunmuşdur. Bu əsaslarla Ermənistan dövləti tarix boyu xalqımıza qarşı törətdiyi cinayətlərə görə Azərbaycan dövləti qarşısında məsuliyyət daşıyır.

31 Mart - Azərbaycanlıların Soyqırımı Günü münasibəti ilə Prezident İlham Əliyevin hər il xalqımıza müraciəti bizi vətənpərvər olmağa, sıx milli birliyə, məqsədyönlü fəaliyyətə səsləyir.

 

 

Kəmalə QULUBƏYOVA,

Ədliyyə Nazirliyi Ədliyyə

Akademiyasının əməkdaşı

 

Xalq qəzeti.- 2011.- 31 mart.- S. 4.