Səbaillilərin ənənəvi gül bayramı

 

Ümummilli lider Heydər Əiyevin anadan olmasının 88 illiyi münasibətilə paytaxtın Səbail rayonunda keçirilən "Gül bayramı" ulu öndərin əziz xatirəsinə dərin hörmət və sonsuz ehtiramın daha bir nümayişinə çevrildi.

 

Azərbaycanın ətirli güllərindən, bahar çiçəklərindən, digər təbii gözəlliklərdən ayrı-ayrı kollektivlərin toxuduqları, sərgilədikləri çoxsaylı ekspozisiyalar "Sahil bağı"nı nəhəng bir xalıya çevirmişdi. Səhər tezdən paytaxt sakinlərinin bu sevimli istirahət guşəsini milli musiqi təranələri, təntənəli marşların sədaları bürümüşdü. Parkın yuxarısında - Yeni Azərbaycan Partiyasının yerləşdiyi binanın qarşı tərəfində qurulmuş səyyar səhnə bayramın mahnı-rəqs, şənlik mərkəzinə çevrilmişdi. Al-əlvan geyimli balacaların və böyüklərin sırası, çıxış üçün növbə gözləyən ifaçı və rəqs qrupları canlı çələnglər kimi meydandakı bir-birindən baxımlı, məzmunlu gül tərtibatlarının yaratdığı mənzərəni ahəngdarlıqla tamamlayırdı...

Üzlərdəki sevinc, dodaqlardakı xoş sözlər, könüllərdəki xoş ovqat gül bayramının təntənəsini dəqiqələr ötdükcə artırdı. Ümummilli lider Heydər Əliyevin və dövlət rəmzlərinin gül-çiçəkdən toxunmuş çeşidli lövhələri ulu öndərə xalq sevgisinin, onun qurub-ucaltdığı müstəqil dövlətimizə övladlıq borcunun ətirli və təravətli görüntüləri kimi hər kəsin diqqətini cəlb edirdi. Şagirdlər, tələbələr, rayonda yaşayan bədii tərtibat ustaları, sanki, bir-birindən ifadəli əsərləri ilə nəhəng bir sərgiyə, gözəllik yarışmasına toplaşmışdılar.

Paytaxtın bu bağda qurulmuş əzəmətli fəvvarələrindən birinin yaratdığı füsunkarlıq, hovuzlara buraxılmış qu quşlarının qəribə bir coşğu ilə suya baş vurub əda ilə süzməsi ümumi qələbəliyin seçilən məqamları kimi xoş duyğular yaradırdı. Sanki, bu gözəllik ümmanında səfərə müntəzir dayanmış "Səbail" gül-gəmisi də ötüb-keçənlərin heyranlığına tuş olurdu. Bütün bu gözəlliklər, elə bil, meydandakı uşaqları bir boy böyütmüş, qocalara gənclik şövqü gətirmişdi.

"Gül bayramı"nın rəsmi və fəxri qonaqlarının nəhəng ekspozisiyasının girəcəyində görünməsi ilə meydandakılar, sanki, "farağat" forması aldılar. Qonaqlara gül bayramı, bu günlərdə bir-birini əvəzləyən şənliklər barədə məlumat verən Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov bildirdi ki, müasir Azərbaycan dövlətinin qurucusu və yaradıcısı, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 88 illiyi Səbail rayonunda genişmiqyaslı tədbirlərlə qeyd olunur. Bu əlamətdar günlə bağlı rayonun idarə, müəssisə və təşkilatlarında, ali, orta və məktəbəqədər təhsil müəssisələrində anım mərasimləri, bilik olimpiadaları, şeir, mahnı, rəsm müsabiqələri, sərgilər, idman yarışları keçirilir, ulu öndərin əziz xatirəsi dərin hörmət və ehtiramla yad edilir.

Səbail Rayon İcra Hakimiyyəti tədbirlər planına uyğun olaraq, bu gün şəhərin mərkəzindəki "Sahil bağı"nda ənənəvi "Gül bayramı" keçirilir. Bayrama hazırlıq dövründə rayon ərazisində aparılan genişmiqyaslı abadlıq və təmizlik işləri çərçivəsində hər həftə iməciliklər keçirilmiş, minlərlə yeni ağac və gül kolları əkilmiş, yaşıllıqlara qulluq göstərilmişdir. "Sahil bağı"nda da müvafiq hazırlıq işləri görülmüş, minlərlə zanbaq və s. güllər əkilmişdir və hazırda bağa xüsusi gözəllik və yaraşıq verməkdədir.

Bayramın gözəl və yaddaqalan keçməsi üçün Səbail rayonundakı idarə və müəssisələr, o cümlədən Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Dövlət Neft Şirkəti, Pedaqoji, İqtisad, "Qərb" universitetləri, Bakı Oksford məktəbi təbii və dekorativ güllərdən ekspozisiyalar hazırlamış, mütəxəssislərlə yanaşı, tələbə-dizaynerlər də bu lövhələrin gözəlliyi üçün çox çalışmışlar. Rayonun orta və orta ixtisas məktəblərinin, uşaq yaradıcılıq mərkəzinin şagirdlərinin müxtəlif çiçək və güllərdən, bitkilərdən, yarpaqlardan hazırladıqları rəngarəng tablolar, aplikasiyalar, gül kompozisiyaları öz görünüşü və gözəlliyi ilə seçilirdi. Şagirdlərin fantaziyaları bayramda iştirak edənlərdə və şəhərimizin çoxsaylı qonaqlarında estetik duyğular yaradır, hamıya bayram sevinci bəxş edirdi.

Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov, Milli Məclisin üzvü, İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə və digər qonaqlar, rayon ictimaiyyəti nümayəndələri "Sahil bağı"nı gəzdilər, maraqlı gül ekspozisiyaları ilə tanış oldular, bayramın iştirakçıları ilə səmimi söhbətlər etdilər. Sonra Bakı Şəhər İcra Hakimiyyətinin müsabiqə komissiyasının üzvlərinin iştirakı ilə parkdakı gül kompozisiyaları və əl işlərinə baxış keçirildi. Əl işləri onlara xoş təsir bağışladı. Təsviri incəsənətlə məşğul olan məktəblilərin asfalt üzərində çəkdiyi şəkilləri münsiflər heyəti yüksək qiymətləndirdi. Ən yaxşı əl işləri mükafatlandırıldı.

Gözəl və rəngarəng gül tərtibatları, fiqurlar arasında ümummilli liderimiz Heydər Əliyevlə bağlı kompozisiyalar, memar Ramiz Xəlfəliyevin tər çiçəklərdən hazırladığı "Səbail" gəmisi, gənc rəssam Fərid Nəcəfovun canlı gül və ulu öndərin müxtəlif şəkillərindən yığılmış lövhəsi gün ərzində on minlərlə tamaşaçıda məmnunluq yaradırdı. Bakı şəhərinin və onun mərkəzi Səbail rayonunun simvolu olan Qız qalasının, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin, "Azərbaycan muğamı"nın, Bakı şəhərinin gerbinin, Azərbaycanda ilk neft buruğunun güldən hazırlanmış, işlənmiş maket və təsvirləri də bayram iştirakçılarının diqqətini xüsusi cəlb edirdi.

Rayonun 6, 7, 49, 50, 51, 91, 160, 162, 163, 189, 190, 203, 236, 239 saylı məktəblərinin, 33, 46, 53, 136, 157, 332 saylı uşaq bağçalarının, uşaq yaradıcılıq mərkəzinin yetirmələrinin nümayiş etdirdikləri gül kompozisiyaları və şagirdlərin hazırladıqları müxtəlif materiallardan işlənmiş sənət nümunələri ulu öndər Heydər Əliyevə bugünkü nəsillərin sevgisini ifadə edirdi. "Sahil bağı"nda keçirilən "Gül bayramı"nda fəal iştirak edən Dövlət Neft Şirkətinin kollektivləri də bağda rəngbərəng güllərdən düzəldilmiş müxtəlif eksponatları nümayiş edirdilər.

Gün ərzində Səbail rayonunun və DNŞ Sosial İnkişaf İdarəsinin mədəniyyət saraylarının bədii kollektivləri paytaxt sakinlərinə və tədbirdə iştirak edən çoxsaylı qonaqlara rəngarəng musiqi və rəqs proqramı təqdim etdilər.

 

 

T.AYDINOĞLU

 

Xalq qəzeti.- 2011.- 3 may.- S. 4.