Azərbaycan xalqının tarixi... Ümummilli idealları... Və azərbaycançılıq ideologiyası

 

Azərbaycan xalqı dünyanın o xalqlarındandır ki, zəngin (və şərəfli!) bir tarix yaşamaqla yanaşı, bu tarixi onun ən müxtəlif dövrlərində, mərhələlərində bütün aydınlığı (və dərinliyi) ilə dərk eləməyə çalışmış, gələcəyə həmişə ümidlə (və inamla!) baxmışdır. Xalq yalnız böyük mütəfəkkirlərinin, elm və sənət xadimlərinin, dövlət adamlarının deyil, ümumkütləvi düşüncənin səviyyəsində də tarixə kifayət qədər həssas olmuş, öz tarixi yaddaşını milli mənliyinin, mentalitetinin - mənəvi xarakterinin üzvü tərkib hissəsi kimi qoruyub saxlamışdır.

Müxtəlif təzyiqlərə, müdaxilələrə ən çox məruz qalan xalqlardan olan Azərbaycan xalqı ərazi bütövlüyünü, siyasi birliyini itirsə də, tarixi təfəkkürünün bütövlüyünü heç zaman itirməmişdir. Və bu milli tarixi təfəkkürün bütövlüyüdür ki, xalq özünün milli ideallarına həmişə sadiq qalmış, onların elmi- nəzəri yekunu olaraq azərbaycançılıq ideologiyasını yaradıb inkişaf etdirmişdir.

 

* * *

 

Azərbaycan xalqı öz mənşəyi etibarilə türk xalqlarından biridir. Və onun etnik tarixi ümumtürk tarixinin üzvü tərkib hissəsidir.

Türklər müstəqil bir etnos olaraq tarix səhnəsinə təxminən e.ə. III minilliyin ortalarında çıxmışlar. O dövrə qədər Altay etnik birliyinin tərkibində olan türklər bir neçə min illik diferensiasiya tarixi yaşamışlar.

Türk etnosunun hansı coğrafiyada formalaşması tarixşünaslıqda nə qədər mübahisəli olsa da, arqumentlərin çoxu diqqəti məhz Mərkəzi Asiyanın geniş çöllərinə yönəldir. E.ə. III minilliyin ortalarından e.ə. I minilliyin ortalarına qədər həmin coğrafiyanı məskunlaşdıran, öz etnik mənəvi xarakterlərini formalaşdıran, böyük epos mədəniyyəti yaradan türklər e.ə. I minilliyin sonlarına doğru, tamamilə təbii olaraq Şimala, Cənuba, Şərqə və xüsusilə Qərbə yayılmağa başlayırlar.

Şimal soyuq idi. Cənub güclü Çin etnosları ilə diplomatik münasibət tələb edirdi.

Şərqdə cəlbedici bir şey olmadı.

Və tarix türklərin qarşısına Qərbə doğru uzanan intəhasız bir yol açmışdı. Özü də Cənub- Qərbə, yaxud Şimal- Qərbə yox, məhz birbaşa Qərbə!.. Qərb yaşayış üçün əlverişli (və boşluq!) idi.

Türklərin, yaxud onların da daxil olduğu etnik birliklərin Şərqdən Qərbə doğru axınlarının daha əvvəlki, hətta e.ə. X minilliyə qədər qədimləşdirilən dövrlərdən başlanması barədə təsəvvürlər mövcuddur. Bu təsəvvürlərə müəyyən qədər ciddi yanaşmağa əsas verən arqument Avropada türklərlə etnik qohum olan xalqların - macar, fin, eston və s.- lərin mövcudluğudur ki, onların bu qədər uzaq Qərbə düşmələrinin tarixinin e.ə. I minilliyin sonlarından sonraya aid olmasını qəbul etmək çətindir. Başqa bir arqument də vardır... Türklər eramızın ilk əsrlərindən başlayaraq Qərbə doğru böyük kütlələrlə, inamla, sanki yüzillər boyu tanıdıqları yollarla gedirmiş kimi gedirlər. Qarşılaşdıqları xalqlarla çoxtərəfli, geniş miqyaslı əlaqələrə girmələri türklərin bu hərəkatının kortəbii bir axın yox, qanunauyğun proses olduğunu göstərir...

I minilliyin ortalarında, Qərb türkləri Atillanın başçılığı ilə german və slavyan tayfalarını öz ətraflarında birləşdirərək Roma imperiyasını dağıdıb Avropa tarixinin yeni epoxasını başlayanda Şərq türkləri hələ də Mərkəzi Asiyada öz tarixi vətənlərinin keşiyini çəkir, Şərq dünyasının etnik- mədəni mənzərəsinin formalaşmasında fəal iştirak edirdilər. Və Altaylardan Qərbi Avropaya qədər yayılan bu möhtəşəm etnosun ilkin diferensiasiyası da I minilliyin əvvəllərindən başladı. Qərbə doğru axın edən türkləri tarix tədricən qıpçaqlar kimi tanıdı... Mərkəzi Asiyada isə qıpçaqlarla yanaşı oğuzlar və qarluqlar vardı.

Asiyadan Şərqi Avropanın geniş çöllərinə keçən qıpçaq türkləri - hunlar hələ eramızın ilk əsrlərindən yalnız Qərbə yox, Şimala və Cənuba doğru da yayıldılar... Və nəticə etibarilə, Şimalda çuvaşların, tatarların, başqırdların və s., Cənubda Azərbaycan türklərinin, kumukların, qaraçay - balkarların və s. etnik əsası qoyuldu.

Mərkəzi Asiyada qalan türklərə gəldikdə isə, qıpçaqlar - Altay, qazax, qırğız və s.; qarluqlar - özbək, uyğur və s.; oğuzlar isə türkmənlərə, sonradan Asiyaya keçərək Azərbaycan, Türkiyə türkləri və s. bölündülər. Və beləliklə, I minilliyin sonu II minilliyin əvvəllərindən etibarən türk etnosunun diferensiasiyasının ikinci dövrü başlandı: qıpçaqlar, oğuzlar və qarluqlar müasir türk xalqlarına parçalandılar...Ancaq qeyd etmək lazımdır ki, birinci diferensiasiya kimi ikincisi də yüz illər boyu davam edən mürəkkəb bir proses olub ortaq kökləri ən diferensial dövründə belə qoruyub saxlamışdır.

Türklərin etnik- coğrafi diferensiasiyasının bölünməsinin məhsulu olan Azərbaycan xalqının - Azərbaycan türklərinin əsasını e.ə. I minilliyin sonu eramızın I minilliyinin əvvəllərində Şimaldan- Şərqi Avropadan Qafqaza gələn qıpçaq türkləri - hunlar müəyyənləşdirməyə başlamışlar.

Bununla belə Azərbaycan tarixşünaslığında türklüyün tarixini müasirləşdirməklə yanaşı daha qədim dövrlərə aparıb çıxarmaq cəhdləri də vardır. Hətta bir sıra araşdırıcılar, kifayət qədər sübutları olmasa da, türklərin dünyaya ümumiyyətlə Ön Asiyadan yayıldığı iddiasındadırlar. Biz bu cür iddialara dərhal "qeyri - elmi" damğası vurub üstündən keçmək fikrində deyilik, ancaq onu da əminliklə deyə bilərik ki, Azərbaycan xalqının təşəkkülünə eramızdan əvvəlki minilliklərə aid etnik münasibətlər (və tarix!) elə bir təsir göstərməmişdir.

 

* * *

 

Azərbaycanın etnik tarixi Azərbaycan xalqının tarixindən qədimdir.

E.ə. II minillikdən etibarən Cənubdan gələrək tədricən Qafqazda məskunlaşan Qafqaz etnosu- indiki Dağıstan xalqlarının ulu babaları bu coğrafiyanın bizə məlum olan ilk sakinləri idilər. Və onların etnik diferensiasiyasının məhz burada - Şimali Qafqazda getməsi də bunu təsdiq edir. E.ə. II minilliyin sonu I minilliyin əvvəllərində isə Qafqaza İran etnosları gəldilər... Onlar coğrafiyanın yerli sakinlərini Şimala - Böyük Qafqaz dağlarının ətəklərinə doğru sıxışdırmağa başladılar. Ancaq İran etnoslarının əsas mədəniyyət mərkəzləri İranın xeyli Cənubunda olduğuna görə Qafqazda əvvəllər geniş yayıla, kütləvi olaraq məskunlaşa bilmədilər. Ancaq İran gücləndikcə İran etnosları vaxtaşırı olaraq Qafqaza müdaxiləni davam etdirdilər...

Azərbaycan xalqının əsası qıpçaq türklərinin- hunların Qafqaza (və daha Cənuba) ardıcıl axını (və bu coğrafiyada məskunlaşması) ilə qoyuldu. Eramızın ilk əsrlərində artıq Qafqaz əhalisinin əksəriyyətini təşkil edən tanrıçı türklər I minilliyin ortalarında artıq regionun əsas siyasi qüvvəsi idilər. Böyük mədəniyyətə, beynəlxalq münasibətlər təcrübəsinə və yüksək idarəçilik qabiliyyətinə malik türklər tezliklə yerli etnosları öz ətrafında birləşdirməyə nail oldular. Onların Qafqazda xüsusi nüfuz qazanmalarının bir səbəbi də vaxtaşırı olaraq Şimaldan - Şərqi Avropadan gələn türk- qıpçaq axınları hesabına daha da güclənmələri idi... Zatən tanrıçı olan Qafqaz türklərinin müəyyən qismi tədricən xristianlaşmağa və xristianlığın atributlarını qəbul eləməyə başladılar. Bu onları xristianlığı qəbul etmiş qeyri- türk mənşəli qafqazlılarla da yaxınlaşdırdı. Və heç də təsadüfi deyil ki, tarixşünaslıqda xristian türklərin sonralar bir sıra Qafqaz xalqları içərisində əriməsi, məsələn, ermənilərin, gürcülərin etnik tərkibinə daxil olması barədə fikirlər mövcuddur. Ancaq belə bir hal olmuşdursa da, epizodik səciyyə daşımışdır. Çünki Azərbaycan xalqının təşəkkülü tarixində birinci dövr məhz tanrıçı qıpçaq türkləri, onların Azərbaycan türklüyünün ilk əsasını təşkil etməsi ilə əlamətdardır.

İkinci dövr ərəblərin Qafqaza hücumu, İslam dininin yayılması və bunun ardınca müsəlman oğuz türklərinin Azərbaycanın Cənubuna və Şimalına (Qafqaza) yürüş edərək buralarda məskunlaşması ilə başlayır. Və oğuzların bu yeni vətən tutma hərəkatı II minilliyin əvvəllərində Şərqi Anadolunu da əhatə edir.

Azərbaycan xalqının təşəkkül tarixini özünəməxsus şəkildə əks etdirən "Dədə Qorqud" eposu da təsdiq edir ki, Qafqazda oğuzların müzəffər yürüşləri qarşısında əsas maneə qıpçaq türkləri Şərqi Anadoluda isə yunanlar olmuşlar. Eposda müasir Qafqaz xalqlarından heç birinin adının çəkilməməsi oğuzların onlara əhəmiyyət verməməsini, yaxud bu xalqların VII- XI əsrlərdə, regionda heç bir əhəmiyyətli siyasi rola malik olmadıqlarını göstərir.

Nə qədər İslam təəssübkeşi olsalar da müsəlmanlığı yenicə qəbul etmiş gəlmə oğuz türkləri öz tarixi tanrıçı yaddaşları (az fərqli dilləri, etnik psixologiyaları və həyat tərzləri) ilə yerli qıpçaq türklərinə kifayət qədər anlaşıqlı idilər... Xüsusilə onların əksəriyyətini təşkil edən tanrıçı qıpçaqlara... Bununla belə regionda İslamın yayılması zərurəti, eləcə də sayca çoxluq və siyasi mütəşəkkillik oğuzlara xüsusi tarixi səlahiyyət verdiyinə görə yerli qıpçaqlar çox keçmədən gəlmə oğuzların təsirini qəbul etməli oldular. Xristian qıpçaqlar isə kilsə vasitəsi ilə Qafqazdakı, eləcə də Şərqi Avropadakı dindaşları ilə müəyyən əlaqələrini nəzərə almasaq, təcrid olunaraq etnik simalarını itirdilər.

Azərbaycan xalqının təşəkkülü tarixinin üçüncü- sonuncu dövrü I minilliyin əvvəllərindən - səlcuq (oğuz) türklərinin Azərbaycanın həm Şimalında, həm də Cənubunda müəyyən etnocoğrafi (və siyasi) təmərküzləşmə yaratmalarından başlayıb həmin minilliyin ortalarınadək - Mərkəzi Asiyadan (Türküstandan) gələn türk axınlarının sona çatmasına qədər davam edir. Bu dövr onunla əlamətdardır ki, Azərbaycan xalqının etnik mənşəyində dayanan qıpçaq ünsürü artıq hər cür zənginləşmədən məhrum olduğu halda oğuz ünsürü ardıcıl olaraq zənginləşir. Və nəticə etibarilə, xalqın etnik tərkibində mütləq dominantlığını təmin edir... Bu gün Azərbaycan xalqının antropologiyasında, mədəniyyətində, dilində və s. qıpçaq elementləri nə qədər az olsa da, hər halda mövcuddur. Bununla belə xalqın əsas etnogenetik təbiətini oğuz türkləri müəyyən edir. Və Azərbaycan xalqının təşəkkül tarixi onun oğuz türklərindən olan türkmənlərlə Türkiyə türklərindən ayrılması, hər üç türk- oğuz xalqının II minilliyin ortalarında tarix səhnəsinə müstəqil xalqlar kimi çıxması ilə sona çatır.

Ancaq nəzərə alınması vacib olan bir məsələ də vardır... Bu, ən qədim zamanlardan Azərbaycanda məskunlaşmış, eləcə də buraya sonralar gəlmiş Qafqaz, İran və s. mənşəli etnosların türk mənşəli Azərbaycan xalqı ilə qaynayıb qarışması məsələsidir ki, həmin proses Azərbaycan xalqının bütün təşəkkül tarixi boyu getmişdir.

 

* * *

 

Azərbaycan xalqının II minilliyin ortalarından başlayan tarixini milli birlik, ərazi bütövlüyü və dövlət müstəqilliyi uğrunda mübarizə tarixi kimi səciyyələndirmək olar. Türk (və müsəlman) dünyasının üzvü tərkib hissəsi olan azərbaycanlılar XVI əsrin əvvəllərində Şah İsmayıl Xətainin rəhbərliyi ilə Azərbaycan səfəvilər dövlətinin əsasını qoydular ki, bu dövlət yalnız türk (və müsəlman) dünyası ilə deyil, bütün dünya ilə bu və ya digər dərəcədə bağlı idi. Paytaxtı əvvəllər Təbriz olan, Azərbaycanın, demək olar ki, bütün coğrafiyasını əhatə edən bu dövlətin başında Azərbaycan türk hökmdarları dayanırdılar. Fərmanlar dövrün beynəlxalq dilləri ilə yanaşı Azərbaycan türkcəsində də verilirdi. Milli mədəniyyətin inkişafı üçün böyük işlər görülürdü... Ancaq xarici müdaxilələr (və milli mütəşəkkilliyin zəifliyi) ucbatından Azərbaycan səfəvilər dövləti öz tarixi missiyasını davam etdirə bilmədi. XVIII əsrin ortalarında başqa bir Azərbaycan türk hökmdarı Nadir şahın müstəqil Azərbaycan dövlətini möhkəmləndirmək uğrunda mübarizəsi də uğursuzluqla nəticələndi. Və ölkənin ərazisində biri digəri ilə vuruşan çoxlu kiçik dövlətlər - xanlıqlar meydana çıxdı.

Bununla belə XVI əsrin əvvəllərindən XVIII əsrin sonlarına qədər Azərbaycan xalqı öz mədəniyyətinin İntibah dövrünü yaşadı... Onlarla irihəcmli folklor əsərləri - dastanlar, xüsusilə "Koroğlu" eposu məhz həmin əsrlərdə yarandı. Klassik (ümumşərq) üslubunun ümumən mədəniyyətdə öz yerini xalq üslubuna və ya milli üsluba verməsi - canlı xalq dilində yazan böyük sənətkarların yetişməsi milli intibahın təzahürü idi.

XVII- XVIII əsrlər Azərbaycan xalqının tarixinin ən parodoksal dövrü sayıla bilər... Bir tərəfdə ümummilli ruh, mənəvi- mədəni birlik və müstəqillik hisslərinin güclənməsi; digər tərəfdə isə siyasi dağınıqlıq, mərkəzi dövlətin olmaması... Bunun nəticəsində, artıq bütöv bir millət kimi formalaşmış azərbaycanlılar - Azərbaycan türklərinin tarixi vətəni XVIII əsrin sonu XIX əsrin əvvəllərindən başlayaraq İran, Rusiya və Osmanlı sultanlığının təcavüz meydanına çevrildi. Və beləliklə, Azərbaycan xalqı tarix boyu biri digəri ilə çarpışan üç dövlət tərəfindən bölüşdürüldü. Bundan sonra Azərbaycan türkləri öz etnik bütövlüklərini qorumaqla yanaşı üç böyük mədəniyyətin fərqli təsirlərini, dövlət idarəçilik texnologiyalarını qəbul etməli oldular.

Şərqi Anadoluda məskunlaşmış Azərbaycan türkləri üçün etnik- mədəni mühit hər halda daha münasib idi. Ancaq Osmanlı sultanlığının ucqarları olduğundan sosial inkişafın problemləri vardı... Şimali Azərbaycanda Rusiya imperiyasının ruslaşdırma siyasəti nə qədər güclü olsa da, mütərəqqi, xüsusilə maarifpərvər siyasət də yürüdülürdü. Ən ağır vəziyyət isə Cənubi Azərbaycanda idi... İran dövləti ölkə əhalisinin yarıya qədərini təşkil edən Azərbaycan türklərinə, demək olar ki, heç bir perspektiv vəd eləmirdi.

Və Azərbaycan xalqı onun ictimai- siyasi tarixi üçün çox mühüm olan bir dövrə - XIX əsrin sonu XX əsrin əvvəllərinə bu cür acınacaqlı bir vəziyyətdə gəlib çıxdı...

 

* * *

 

XIX əsrin sonu XX əsrin əvvəllərində Azərbaycan ictimai- siyasi şüuru xalqın ümummilli düşüncəsinin məhsulu olaraq azərbaycançılıq ideologiyasını formalaşdırdı ki, bu, türklüyünü, islam dininə məxsusluğunu və müasirləşmək istəyini dərk edən bir millətin ideologiyası idi. Azərbaycanın görkəmli elm, mədəniyyət və siyasət xadimlərinin, müəyyən fərqlərə baxmayaraq, demək olar ki, hamısının, uğrunda mübarizə apardıqları həmin ideal bütöv bir nəzəri sistemə çevrildi.

Azərbaycançılıq ideologiyasının ilk siyasi- praktik hadisəsi isə Azərbaycan Demokratik Cümhuriyyətinin yaradılması oldu... Bu dövlətin meydana çıxmasında Azərbaycanın görkəmli ictimai- siyasi xadimlərinin, bütövlükdə Azərbaycan xalqının müstəqil dövlət qurmaq ideallarının böyük rolunu qiymətləndirməklə yanaşı etiraf etməliyik ki, o (Azərbaycan Xalq Cümhuriyyəti) daha çox mövcud tarixi şəraitin konyukturunun məhsulu idi. Azərbaycan xalqının təşəkkül tapdığı (və yüz illər boyu məskunu olduğu) coğrafiyanın təxminən beşdə birində qurulmuş bu dövlət elə ilk aylardan qonşu xalqların - erməni və gürcülərin ərazi iddiaları ilə qarşılaşdı. Xüsusilə Şərqi Anadoludan qovularaq Qafqazda dövlət qurmağa can atan ermənilər Azərbaycan ərazilərini tutmaq üçün hər cür vəhşiliyə əl atdılar. Və Osmanlı dövlətinin Qafqaz İslam ordusu adı altında göstərdiyi hərbi yardım - müdaxilə olmasaydı, yəqin ki, Azərbaycan Xalq Cümhuriyyəti yalnız elan edilməklə kifayətlənmiş olacaqdı...

Azərbaycanın Şimalı ilə Cənubu arasında sovet dövrünə qədər bu və ya digər səviyyədə mövcud olan əlaqələr bütünlüklə kəsilmişdi.

Bununla belə, Moskvanın idarə etdiyi "Azərbaycan dövləti" nə qədər ideoloji təzyiqlərə məruz qalsa da, milli şüurun daşıyıcısı olan ziyalılar məhv edilsə də, xalq məhdud imkanlar daxilində öz varlığını nümayiş etdirə bilmişdi...

Və Heydər Əliyev kimi bir dahini yetişdirmişdi.

 

* * *

 

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin azərbaycançılıq ideologiyasının inkişafında, yeni tarixi şəraitə uyğun interpretasiya edilməsində- modern səviyyədə təfsirində və həmin ideologiyanın tarixdə ilk dəfə əbədi (və dönməz) olaraq həyata keçirilməsində mənsub olduğu millətlə birlikdə apardığı mübarizə (göstərdiyi qəhrəmanlıq), ən nihilist "dostlarımızın" (və düşmənlərimizin) belə inkar edə bilməyəcəyi bir hadisədir. Heydər Əliyevin nə səviyyədə bir azərbaycançı olması, milli ideologiyamızın inkişafı, həyata keçirilməsi tarixindəki rolu barədə danışarkən yalnız bircə gerçəkliyi yada salmaq kifayətdir ki, o, məfkurə olaraq meydana çıxandan bəri həmişə istər ədəbi, istər romantik siyasi təsəvvürlərin tərənnüm obyekti olmaqdan o yana keçməmiş azərbaycançılıq ideallarına bir millətin müqəddəratını təyin edəcək qədər rəsmi məzmun- mündərəcə verdi.

Azərbaycan xalqı öz böyük oğullarının şəxsində belə bir cəhdi XX əsrin əvvəllərində də etmişdi, ancaq tarix müsaid deyildi...

Azərbaycançılıq ideologiyasının tarixi, əslində, Azərbaycan xalqının tarixi qədər qədimdir; hər şeydən əvvəl ona görə ki, bu və ya digər xalq (etnos) özünün ümummilli məfkurəsini - həyat fəlsəfəsini bütün mövcudluğu boyu formalaşdırır. Və tarixin elə bir dövrü gəlir ki, xalqın böyük mütəfəkkirlərində təmsil olunan idrakı uzun əsrlər ərzində təbii şəkildə formalaşmış həmin özünəməxsus (ümummilli!) məfkurəni formulə edir.

Əgər I minilliyin ortalarından XIX əsrin sonu XX əsrin əvvəllərinə qədər Azərbaycan xalqının yaşadığı kifayət qədər mükəmməl inkişaf tarixi olmasaydı (və bu tarix xalqın ümummilli məfkurəsini diqtə etməsəydi!), azərbaycançılıq ideologiyasının əsaslarını nə keçən əsrin əvvəllərində formulə etmək, nə də həmin əsrin sonlarında yenidən bərpa eləmək mümkün olardı. Azərbaycan xalqının hansı məfkurəyə əsaslandığını bütün aydınlığı ilə təqdim edən ilk mənbə "Dədə Qorqud" eposudur. O epos ki, xalqımızın təşəkkül tapdığı ilk əsrlərdən meydana çıxmağa başlamış, onun gələcək tarixinin perspektivlərini müəyyənləşdirmişdir. "Dədə Qorqud"da türklər (1) İslamı qəbul edərək (2) müasir dünyanın üzvü tərkib hissəsi olan bir cəmiyyət (3) kimi hərəkət etməkdədirlər. Burada türkçülük, islam və müasirlik emosiya- inersiyası nə qədər güclü olsa da; nə türk şovinizmi, nə islam fundamentalizmi, nə də müasirlik kosmopolitizmi var.

Eposun min üç yüz illik yubileyini keçirən və bu genişmiqyaslı hərəkata bütün Azərbaycan ziyalılığını bir neçə il səfərbər edən Heydər Əliyev yaxşı bilirdi ki,

a) Azərbaycan xalqının,

b) azərbaycançılıq ideallarının

c) nəhayət, mənsub olduğu xalqın yüz illər boyu həsrətində olduğu bir hadisənin - azərbaycançılıq ideallarının gerçəkləşməsinin yubileyini keçirir.

Azərbaycan xalqının lideri Heydər Əliyev "Dədə Qorqud" eposunda ifadə olunmuş milli idealların nə qədər əsaslı, nə qədər perspektivli və nə qədər səmimi olduğunu bütün ruhu ilə duyurdu.

Ancaq o, tək olmamışdı... Onun özü də müdrik sələfləri kimi tarixin dərinliklərindən gəlirdi...

XIX əsrin sonu XX əsrin əvvəllərində azərbaycançılıq ideologiyasının nəzəri əsaslarını verən böyük mütəfəkkir Əli bəy Hüseynzadə də öz formuləsində (türkçülük, islamçılıq və müasirlik) bir də ona görə haqlı sayıla bilər ki, o, "Dədə Qorqud" eposu qədər səmimi olmuşdu...

"Dədə Qorqud" eposundakı azərbaycançılıq inersiya idi.

Əli bəy Hüseynzadə (və onun daha çox siyasətçi olan davamçıları) bu tarixi inersiyanı ideologiyaya çevirdilər.

Bütün bunların ardınca, tamamilə təbii olaraq, nə gəlməli idi?.. Azərbaycan xalqının tarixən mövcud olduğu coğrafiyanı ehtiva edən Azərbaycan dövləti uğrunda siyasi- ideoloji mübarizə!..

Etiraf etmək lazımdır ki, belə bir mübarizə aparıldı, özü də kifayət qədər güclü siyasi intellekt (və ehtirasla)!.. Bunun ən böyük göstəricisi yalnız Azərbaycan Demokratik Cümhuriyyətinin yaranması olmadı, Azərbaycanın tarixi ərazisində bir neçə müstəqil dövlətin qurulmasına da cəhdlər edildi... Ancaq imperialist qüvvələrin təzyiqi ilə qərarlaşan beynəlxalq "harmoniya" Azərbaycan xalqının tarixi ideallarının (və milli ideologiyasının) həyata keçməsinə nəinki mane oldu, keçən əsrin 20- ci, 30- cu illərindən başlayaraq hətta bu idealların (və milli ideologiyanın) üzərinə dağıdıcı hücumlar başladı...

Ona görə də xalqın tarixini (və ideallarını) dərk etmiş ziyalılar bir tərəfdən nə qədər xoşbəxt idilərsə, o biri tərəfdən ondan da artıq bədbəxt idilər... Azərbaycanın müstəqilliyinin ideoloqlarından olan türkçü gənc Cəfər Cabbarlı tədricən Azərbaycan sovet ədəbiyyatının banilərindən birinə çevrildi, Azərbaycan Demokratik Cümhuriyyətinin himninin musiqisini yazmış Üzeyir Hacıbəyli Azərbaycan SSR-in himninə də musiqi bəstələməli oldu.

Azərbaycan tarixinin dərinliklərindən gələn Səməd Vurğun özünün komsomol mənşəyi ilə fəxr eləməyə məcbur idi...

Azərbaycançılığın birinci tərkib hissəsi olan türkçülük 30- cu illərin ortalarından etibarən qadağan olundu. Və qadağaların miqyası o həddə çatdı ki, Azərbaycan xalqının birbaşa genotipinə - tarixi mənşəyinə müdaxilə edildi; israrla "sübuta" çalışdılar ki, Azərbaycan xalqı türk yox, İran mənşəlidir, sadəcə olaraq, orta əsrlərdə Azərbaycana gələn köçəri türklərin dilini qəbul etmişdir. Qəribəsi də o idi ki, böyük bir xalqın etnik tarixinin saxtalaşdırılması prosesi həm sovet, həm də İran Azərbaycanında eyni forma, məzmun və üsullarla aparılırdı. Xalqı öz etnik- mədəni kökündən (və tarixi mühitindən) məhrum etmək, milli yaddaşın daşıyıcılarını (böyük ziyalıları) məhv eləməklə imperialist rejimlər bütöv bir etnosdan idarə edilməsi asan olan kütlələr formalaşdırmağa qədər gedirdilər.

Bir dövrdə ki, xalqın tarixi taleyindən bəhs edən, onun ictimai- bədii təfəkkürünün yaratdığı ən böyük əsər - "Dədə Qorqud" eposu rəsmən qadağan olunur, deməli, həmin xalqın mənəviyyatına hər cür təcavüz üçün imkan verilir.

Azərbaycançılığın ikinci tərkib hissəsi olan İslam dininə münasibət bundan da acınacaqlı idi. Sovetlər hər bir xalqın mühüm mənəvi göstəricilərindən biri olan dini hakimiyyətə gəldikləri ilk günlərdən qadağan elədilər.

Müasirlik (beynəlmiləlçilik) məsələsinə gəldikdə isə burada da böyük siyasi - ideoloji məhdudiyyət qoyuldu...

Və beləliklə, keçən əsrin 20- ci, 30- cu illərindən başlayaraq Azərbaycan xalqının həyatını idarə edən ideologiyalar onun milli tarixi ideallarına qarşı yönəldiyindən tamamilə antimilli (və antibəşəri!) xarakter daşıyırdı. Xalqın gələcəyi üçün təhlükəli olan bu şəraitdən xilas olmaq üçün cəhdlər edildimi?.. Əlbəttə, nə qədər böyük məhrumiyyətlərlə üzləşsə də Azərbaycan xalqı öz milli mənliyini heç zaman unutmamış, ən çətin şəraitlərdə belə gələcəyə yönəlik ideallarının itirilməsinə imkan verməmişdir. İctimai- siyasi (ideoloji!) özünütəsdiq uğrunda mübarizənin hüdudlandığı, yaxud qadağan olunduğu dövrlərdə xalq özünün varlığını dili, ədəbiyyatı və incəsənəti ilə təsdiq etməyə çalışmış, milli ideologiyanın əsaslarını həmişə sağlam saxlamışdır.

Təsadüfi deyildi ki, Azərbaycan sovet poeziyasının müqayisəsiz lideri Səməd Vurğunun "Azərbaycan" şeiri müstəqillik illərində ümummilli liderin dilindən məhz müstəqilliyimizin himni kimi səsləndi.

Mənsub olduğu xalqın tarixini (və milli tarixi ideallarını!) dərindən bilməklə yanaşı, uzun müddət sovet təhlükəsizlik orqanlarında xidmət etdiyindən, onun (xalqın) hansı məhrumiyyəitlərə məruz qaldığı barədə geniş təsəvvürə malik olan və ən əsası, həmin məhrumiyyətlərdən çıxmağın yollarını axtarıb tapmağa qadir siyasi mütəfəkkir kimi Heydər Əliyevin milli (və ümummilli!) lider mövqeyinə yüksəlməsi ilə azərbaycançılıq ideologiyasının tarixində yeni dövr başladı.

O zamana qədər azərbaycançılıq milli ideal (və ideologiya) olaraq

a) ilk orta əsrlərdən XIX əsrin sonlarına,

b) XIX əsrin sonlarından XX əsrin sonlarına qədər iki dövrdən keçmiş, millətin liderini formalaşdıracaq mənəvi- ideoloji qüvvəyə çevrilmişdi.

Azərbaycançılıq - Heydər Əliyevin genişmiqyaslı fəaliyyətinin, sadəcə, tərkib hissələrindən biri deyil, həmin fəaliyyətin (əslində, mübarizənin!) əsası, başqa sözlə, mahiyyətidir. Və bu həm sovet dövründə, həm də müstəqillik illərində belə olmuşdur.

Sovet dövrünün milli idealların həyata keçirilməsi üçün olduqca məhdud şəraitində Azərbaycan rəhbəri

- respublikanın iqtisadi- təsərrüfat həyatının canlandırılması,

- elmin, təhsilin inkişafı,

- ana dilinin, ədəbiyyatın, incəsənətin mövqeyinin yüksəldilməsi,

- milli hərbi kadrların yetişdirilməsi,

- Azərbaycanın beynəlxalq miqyasda tanıdılması və s. kimi əhəmiyyətli tədbirlər görmüşdür. Və böyük mütəfəkkir bütün bunları elə etmişdir ki, görülən tədbirlər sovet rejiminin əks reaksiyası, dağıdıcı müqaviməti ilə qarşılaşmasın. Azərbaycanın yeni rəhbəri yaxşı bilirdi ki, onun ürəyində millət sevgisi olan yaxın sələfləri çox zaman məhz siyasi- ideoloji manevr imkanlarının olmaması ucbatından həm özlərini, həm də xalqı problemlər qarşısında qoymuşlar... Bütün ideologiyalar kimi azərbaycançılığını da heç zaman dəyişməyən metafizikası vardır, bununla belə o da inkişaf edən, müasirləşən, dövrün müxtəlif miqyaslı konyuktur təzyiqləri ilə hesablaşan bir ideologiyadır. Azərbaycan xalqının ümummilli lideri öz tarixi fəaliyyətində azərbaycançılıq ideologiyasının dəyişməyən metafizikasından çıxış etməklə, ona əsaslanmaqla yanaşı, həyata keçirilmə iyerarxiyasına, metodlarına da xüsusi önəm vermişdir.

Bütün bunları nəzərə alaraq deyə bilərik ki, Heydər Əliyev XX əsrin sonu XXI əsrin əvvəllərində

1) azərbaycançılıq ideologiyasının öz təbii gücündə təzahürü üçün mədəni- mənəvi, ictimai- siyasi və ideoloji mühit yaratdı;

2) milli (ümummilli) lider olaraq həmin ideologiyanın nəzəri- metodoloji baxımdan inkişafına, zənginləşməsinə əhəmiyyətli töhfələr verdi;

3) başlıcası, azərbaycançılığı müstəqil Azərbaycan dövlətinin ideologiyasına çevirdi.

Və beləliklə, yüz illər boyu mənəvi- mədəni (etnoqrafik), on illər boyu siyasi mübarizə həyatı yaşamış bir ideologiya qalib gələrək öz tarixinin yeni epoxasına daxil oldu. Ümummilli liderin bir tarixi xidməti həmin missiyanı reallaşdırmaq idisə, ikinci missiyası da azərbaycançılıq ideologiyası qarşısında yeni perspektivlər, üfüqlər açması oldu. Bugün Azərbaycan xalqı məhz Heydər Əliyevin ardıcıl mübarizəsi ilə formulə edilən, elmi- nəzəri (və praktik!) baxımdan komplektləşdirilən mükəmməl bir ideologiyaya malikdir; azərbaycançılıq öz metafizik gücünü bütünlüklə qoruyub saxlamaqla yanaşı, inkişaf edib müasirləşir:

1. Azərbaycan Respublikası Azərbaycan xalqının əsrlər boyu daşıdığı mənəvi, siyasi - ideoloji ideallarının məhsuludur. Azərbaycan Respublikası ərazisində yaşayan digər xalqlarla birgə azərbaycanlılar öz müstəqil dövlətlərinin təəssübkeşi olaraq siyasi müqəddəratlarını təmin etmişlər.

Həm öz tarixi vətənlərində yaşayan, həm də dünyanın müxtəlif yerlərinə səpələnmiş azərbaycanlılar Azərbaycan Respublikasını özlərinin ata yurdu saymalı, məskun olduqları dövlətin qayda- qanunlarına riayət etməklə yanaşı, öz milli kimliklərini unutmamalıdırlar. Və nəinki unutmamalı,mənsub olduqları xalqın tarixi idealları uğrunda mübarizə aparmaqdan çəkinməməlidirlər.

2. Azərbaycan xalqı türk xalqlarından biridir, Türk dünyasının üzvü tərkib hissəsidir...

Bununla belə Azərbaycan xalqının tarixən müəyyənləşmiş özünəməxsusluqları vardır ki, həmin özünəməxsusluqlar heç bir halda türklüyü istisna etmir, əksinə, zənginləşdirir.

Müasir türk xalqlarının (və dövlətlərinin) inteqrasiyası onların kökcə birliyindən və orta əsrlərdən etibarən meydana çıxmış, sabitləşmiş özünəməxsusluqlara qarşılıqlı hörmətdən keçir.

3. Türk xalqlarının əksəriyyəti kimi azərbaycanlılar da islam dinini qəbul etmiş, müsəlman dünyasının tərkibinə daxil olmuşlar.

Azərbaycan xalqı öz dini- mənəvi dəyərlərilə fəxr etməklə bərabər dünyanın bütün humanist dini dəyərlərinə hörmətlə yanaşır.

4.Azərbaycan xalqı bütün tarixi boyu müasir dünya mədəniyyətinə, modern texnologiyara, beynəlmiləl münasibətlərə maraq göstərmişdir, özünü dünyadan heç zaman təcrid etməmişdir.

Bu gün də biz öz uğurlarımızı (və problemlərimizi), bir qayda olaraq, dünya miqyasında dəyərləndiririk. Azərbaycanın son illər xüsusilə iqtisadi sahədə qazandığı tarixi nailiyyətlər beynəlxalq səviyyədə etiraf olunur (və böyük rezonans verir).

Heydər Əliyevdən sonra azərbaycançılıq ideologiyasının Heydər Əliyev dövrü davam edir. Azərbaycan prezidenti, Azərbaycan xalqının yeni lideri İlham Əliyev azərbaycançılıq metafizikasının inkişafı üçün üç məqama, fikrimizcə, daha çox önəm verməkdədir:

1. Azərbaycanı iqtisadi, ictimai və mədəni inkişafına görə dünyanın nüfuzlu ölkələri səviyyəsinə qaldırmaqla Azərbaycan insanına zaman- zaman təlqin edilmiş ikinci, üçüncü... dərəcəlilik kompleksini aradan qaldırmaq.

2. Vətənpərvərlik hisslərini gücləndirməklə xalqın tarixi ideallarının tam miyqasda həyata keçirilməsi üçün mənəvi potensiya hazırlamaq.

3. Və nəhayət, azərbaycançılığı müdafiə olunan hadisədən hücum edən hadisəyə çevirmək.

Biz hər əsrdə, hər onillikdə bir ideologiyanı mənimsəyən xalqlardan deyilik, ona görə də hər onilliyin, hər əsrin konyukturunu qəbul edib milli ideologiyamızın metafizikasından imtina etməmişik... Bizim türkçülüyümüz türklüyümüzdən, müsəlmançılığımız müsəlmanlığımızdan, müasirliyimiz (beynəlmiləlçiliyimiz) isə modernliyimizdən (və humanizmimizdən) irəli gəlir. Əsas üstünlüyümüz isə ondadır ki, biz bu üç tarixi əlamətimizi bir milli xarakterə (missiyaya) çevirə, xalqımızın bütöv bir həyat idealı olaraq dərk edə və "bizim siyasətimiz bizim işimizdir" (İlham Əliyev) deyə bilmişik...

Azərbaycançılıq heç bir xalqın humanist (milli) ideallarına qarşı çıxmamışdır, bu gün də çıxmır... Və gələcəkdə də çıxmayacaqdır. Ancaq tarix Azərbaycan xalqına edilmiş çoxsaylı təcavüzlərin şahididir. Bircə faktı xatırlatmaq kifayətdir ki, Azərbaycan xalqı öz müstəqil dövlətini tarixi ərazisinin hələlik yalnız beşdə birində qurmağa nail olmuşdur... Ona görə də azərbaycançılıq ideologiyası mənsub olduğu millətin təbii hüquqları uğrunda hələ çox döyüşməli, tarixin səhvlərini düzəltməli olacaqdır.

 

 

Nizami CƏFƏROV,

Azərbaycanda Atatürk Mərkəzinin

rəhbəri, AMEA-nın müxbir üzvü,

Milli Məclisin deputatı

 

Xalq qəzeti.- 2011.- 4 may.- S. 3.