Əli Kərimin yubileyi qeyd edildi

 

Azərbaycan ədəbiyyatında hər bir şairin, yazarın öz dəst-xətti, öz könül dünyası var. Ancaq Əli Kərim yaradıcılığından söhbət düşəndə, istər-istəməz, onun səmimi duyğularla yazdığı şeirləri oxucuları xəyal dünyasına aparır.

 

Bu yaxınlarda Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda böyük şair Əli Kərimin anadan olmasının 80 illik yubileyi qeyd edildi. Tədbiri giriş sözü ilə açan AYB-nin sədri, xalq yazıçısı Anar şairin poeziyasının işığına toplaşan hər kəsi salamladı: "Şairə doğma olan bu məkanda Əli Kərimin 80 illik yubileyi, təəssüf ki, onsuz qeyd edilir. Həyatı, yaradıcılığı və ən başlıcası şəxsiyyəti işıqlı olan bu qələm sahibini hər kəs yüksək insani keyfiyyətlərə sahib qüdrətli bir sənətkar kimi xatırlayır. Qısa ömür sürməsinə baxmayaraq, yaradıcılığı o qədər geniş, ədəbiyyatımıza gətirdiyi yeniliklər o qədər zəngindir ki, illər keçsə də, onun poeziyamızdakı özünəməxsus yeri heç vaxt dəyişməyəcək".

AYB-nin birinci katibi, xalq şairi Fikrət Qoca çıxışında Ə.Kərimin yaddaşlardan heç vaxt silinməyəcəyini diqqətə çatdırıb və onun şeirləri içərisində "Qaytar ana borcunu" şeirinin xüsusi yeri olduğunu diqqətə çatdırıb.

"Şairin "İki sevgi" şeiri də yazılma dövrünə görə müasirliyi ilə seçilirdi və düşünürəm ki, bu nümunələrdən daha yaxşısı hələ yazılmayıb" - deyə əlavə edib. Xalq şairi Sabir Rüstəmxanlı Ə.Kərim yaradıcılığından danışarkən onun müraciət etdiyi janrdan asılı olmayaraq, həmin istiqamətdə olduqca maraqlı nümunələr yaratdığını qeyd edib: "Elə nümunələr ki, heç kim ondan daha yaxşısını yarada bilməz. Onun qələmə aldığı şeirlər etalondur. Azərbaycan ədəbiyyatı durduqca Əli Kərim poeziyamızın ən görkəmli simalarından biri olaraq qalacaq". Şair Ramiz Rövşən dünyadan cavan köçən şairlərdən Mikayıl Müşfiq və Əli Kərimi müqayisə edib. Onun sözlərinə görə həyatdan cavan köçən hər iki şairin yaradıcılıqları bir-birindən fərqlənirdi. Ata haqqında ən maraqlı şeir nümunəsini Ə.Kərimin yazdığını bildirən R.Rövşən şairin qısa ömür yoluna atalıq və oğulluq hissini gözəl sığışdırdığını bildirib. Şair Paşa Qəlbinur şairin əsərlərini yüksək əyarlı poeziya nümunələri olduğunu deyərək Əli Kərimin şeirləri insan ömrü uzadan çörək ətrinə bənzətdi.

Tənqidçi Vaqif Yusifli Ə.Kərimin yaradıcılığının hansı ədəbi nəslin nümayəndəsi tərəfindən tədqiq olunmasından asılı olmayaraq, onun yenidən doğulduğunu, şairin yaradıcılığından danışmağın Azərbaycan ədəbiyyatının əhəmiyyətli dövrlərindən bəhs etmək demək olduğunu bildirdi. Mərasimdə digər çıxış edənlər də Ə.Kərimin yüksək insani keyfiyyətlərini diqqətə çatdırıraraq, şairlə bağlı fikirlərini və xatirələrini dilə gətirdilər. Sonda Əli Kərimin həyat yoldaşı Elza xanım şairlə bağlı xatirələrini bölüşdü, onun Rəsul Rza ilə dostluq münasibətlərindən söhbət açdı. Bildirdi ki, onsuz yaşamaq nə qədər çətin olsa da, şairin əsərlərinin sevildiyini, xatirəsinin əziz tutulduğunu görmək böyük xoşbəxtlikdir.

 

 

Əfsanə BAYRAMQIZI

 

Xalq qəzeti.- 2011.- 5 may.- S. 15.