Heydər Əliyev Azərbaycanın iqtisadi müstəqilliyinin yaradıcısıdır

 

Bu günlərdə xalqımız müasir Azərbaycan dövlətinin banisi, ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünü böyük sevinc və iftixar hissi ilə qeyd edir. Hələ sağlığında xalqımızın qəlbində özünə əbədi abidə ucaltmış və Vətənimizin şöhrətini bütün dünyaya yaymış böyük və nurlu şəxsiyyətin respublikamıza rəhbərlik etdiyi 35 ilə yaxın bir dövr Azərbaycan tarixinin qızıl hərflərlə yazılmış şanlı səhifələrini təşkil edir. Heydər Əliyevi zirvələrə qaldıran, ümummilli lider məqamına yüksəldən ən başlıca keyfiyyət onu xalqına, Vətəninə bağlayan qırılmaz tellər idi. Azərbaycanlı olmağı ilə həmişə fəxr edən ulu öndərimiz bütün ömrünü xalqının rifahının yaxşılaşdırılmasına, ölkəsinin beynəlxalq nüfuzunun artırılmasına həsr etdi.

Azərbaycan xalqı xoşbəxtdir ki, Tanrı ona Heydər Əliyev kimi parlaq şəxsiyyət, uzaqgörən siyasətçi, müdrik və qətiyyətli bir rəhbər bəxş etmişdir. Dahi Heydər Əliyevin Azərbaycana rəhbərliyə başladığı hər iki tarixi dövr iqtisadi tənəzzüllə xarakterizə olunsa da, məhz bu fenomenal şəxsiyyətin, dünya şöhrətli siyasətçinin qəbul etdiyi son dərəcə dəqiq qərarlar, həyata keçirdiyi məqsədyönlü islahatlar nəticəsində qısa zaman ərzində həmin tənəzzülü sürətli tərəqqi əvəz etmişdir. Tarixə nəzər salaq. Ötən əsrin 60-cı illərində Azərbaycan keçmiş İttifaqın ən geridə qalmış bir aqrar respublikası kimi tanınırdı. Mərkəzi hökumətin Azərbaycana olan biganə münasibəti, respublikanın sosial-iqtisadi inkişafı üçün kifayət qədər maliyyə vəsaitinin ayrılmaması, məhsuldar qüvvələrin düzgün yerləşdirilməməsi və s. səbəblər ümumi inkişafı ləngidir, əhalinin maddi-rifah halının getdikcə pisləşməsinə səbəb olurdu. Məhz belə bir şəraitdə Azərbaycana zəngin biliyə, yüksək idarəetmə təcrübəsinə, respublikanın iqtisadi potensialına, xalqın milli adət-ənənələrinə və mentalitetinə yaxından və hərtərəfli bələd olan bir rəhbər göndərilməsinə böyük zərurət var idi. Azərbaycanda isə belə bir şəxs Mərkəzin də yaxından tanıdığı Heydər Əliyev idi. Bəlkə də SSRİ rəhbərliyinin xalqımız qarşısındakı ən böyük xidməti məhz Heydər Əliyevi Azərbaycana rəhbər təyin etməsi idi. Beləliklə, 1969-cu il iyul ayının 14-də Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçildi. Respublikamızın yeni rəhbəri idarəçilik fəaliyyətinə ilk olaraq kadrların düzgün seçilib yerləşdirilməsi ilə başladı. Yerində olmayan, respublikanın ümumi inkişafına əngəl törədən səriştəsiz partiya, sovet işçiləri savadlı, yüksək ixtisaslı kadrlarla əvəz olundu. Əhalinin həyat səviyyəsini yaxından öyrənmək məqsədilə tez-tez rayonlara səfər edən respublika rəhbəri sakinlərlə birbaşa təmasa girir, onları səbr və təmkinlə dinləyirdi. Xüsusən də aqrar sahənin geridə qalmasının səbəblərini öyrənir, onu inkişaf etdirməyin yollarını araşdırırdı.

Ulu öndərin Azərbaycana rəhbərliyinin ilk illərindən etibarən respublikada geniş islahatların həyata keçirilməsinə başlanıldı. Respublika həyatının bütün sahələrində böyük bir canlanma yarandı, sürətli inkişafın bünövrəsi qoyuldu. Heydər Əliyevin işgüzarlığı, bacarığı sayəsində Azərbaycan, sözün əsl mənasında, nəhəng quruculuq meydanına çevrildi, hər yerdə tikinti işləri sürətləndi. Məhz həmin illərdə ulu öndərimizin səyi nəticəsində İttifaq əhəmiyyətli son dərəcə iri sənaye obyektlərinin Azərbaycanda tikilməsinə razılıq verildi, bu məqsədlə külli məbləğdə vəsait ayrıldı. Heydər Əliyevin gərgin və səmərəli fəaliyyətinin nəticəsi idi ki, bir neçə il əvvəl geridə qalmış aqrar respublika kimi tanınan Azərbaycan qısa müddətdə keçmiş İttifaqın inkişaf etmiş sənaye mərkəzlərindən birinə çevrildi. Respublikada nəhəng energetika kompleksi, neftayırma və neft-kimya müəssisələri, bir sıra iri fabrik və zavodlar tikilib istismara verildi. İndi qətiyyətlə söyləmək olar ki, bugünkü iqtisadi müstəqilliyimizin bünövrəsini məhz ümummilli liderimizin həmin illərdə böyük uzaqgörənliklə işləyib hazırladığı inkişaf konsepsiyası təşkil edir.

Hər bir xalqın, dövlətin tarix səhnəsindəki yerini və rolunu onun mövcud olduğu müstəqillik illəri müəyyən edir. Ötən əsrin 90-cı illərinin əvvəllərində yenidən müstəqillik qazanmış Azərbaycan Respublikasının bu gün dünyanın nüfuzlu, qüdrətli bir dövləti kimi mövcudluğu da ulu öndərimizin titanik fəaliyyətinin məntiqi nəticəsidir. Yaxşı xatırlayırıq: böhranlı Sovet sisteminin son dövrlərinin miras qoyduğu çoxsaylı problemlər, müstəqilliyin ilk illərində respublikamıza rəhbərlik edən səriştəsiz şəxslərin təqsiri ucbatından meydana çıxan xaos və anarxiya, separatçılıq meyilləri Azərbaycanın kövrək müstəqilliyi üçün çox ciddi təhlükə törədirdi. Xalq çətin sınaq qarşısında qalmışdı. Belə bir vəziyyətdə Heydər Əliyev xalqının çoxsaylı müraciətlərini, təkid və xahişlərini nəzərə alaraq yenidən respublika rəhbərliyinə qayıtdı. Qısa müddətdə ictitmai-siyasi sabitliyi təmin edən ulu öndərimiz respublikamızda quruculuq, yaradıcılıq işlərinin başlıca istiqamətlərini müəyyən etdi. Azərbaycanın əbədi və firavan gələcəyinin əsas təminatı kimi dövlətin strateji yolunun yalnız demokratiya, sərbəst iqtisadiyyat, sahibkarlıq yolu olduğunu göstərdi. Ulu öndərin müəyyən etdiyi ölkənin sosial-iqtisadi inkişaf konsepsiyasının əsasını sosial-iqtisadi sabitliyi qorumaq, iqtisadi sistemin transformasiyasını təmin edən islahatları sistemli şəkildə aparmaq, dünya iqtisadiyyatına sürətli inteqrasiya, sosial-iqtisadi inkişaf və xalqın rifahının yüksəldilməsi təşkil edirdi.

Ümummilli liderimiz tarixi müstəqilliyimizin qorunub saxlanılmasına çox ciddi təhlükə olan separatizm meyillərinin qarşısını qətiyyətlə aldı, respublikamızda ictimai-siyasi sabitliyin möhkəmləndirilməsinə nail oldu. Ulu öndərimiz Heydər Əliyev həmişə deyirdi ki, müstəqilliyi qoruyub saxlamaq onu əldə etməkdən qat-qat çətindir. Heydər Əliyev Azərbaycanın siyasi müstəqilliyinin möhkəmləndirilməsini, onun əbədiyaşarlılığının təmin edilməsini ölkənin iqtisadi müstəqilliyinə nail olunmasında görürdü. Bunun üçün isə Azərbaycanın güclü iqtisadi potensialından, zəngin yeraltı və yerüstü sərvətlərindən ağılla, məqsədyönlü şəkildə istifadə etmək lazım idi. Elə ulu öndərin böyük uzaqgörənliklə işləyib hazırladığı iqtisadi inkişaf konsepsiyasının əsasını da məhz bu amil təşkil edirdi.

1994-cü il sentyabr ayının 20-də imzalanmış "Əsrin müqaviləsi" ilə Azərbaycan xarici sərmayələr üçün açıq ölkə elan olundu. Azərbaycanda ictimai-siyasi sabitliyin təmin edilməsinə tam əmin olan xarici neft şirkətləri respublikamızın neft sənayesinə sərmayə yönəltməyə başladılar. Sonrakı beş-altı il ərzində dünyanın bir çox dövlətləri ilə 21 neft müqaviləsi imzalandı. Beləliklə də, Azərbaycanda yeni neft erası başlandı, ölkənin neft-qaz sənayesi sürətli inkişaf mərhələsinə qədəm qoydu. Artıq 17 ilə yaxındır ki, ulu öndərin müəllifi olduğu yeni neft strategiyası ölkəmizin çiçəklənməsinə, xalqımızın rifahının yaxşılaşmasına xidmət edir.

Heydər Əliyevin həyata keçirdiyi ağıllı, səriştəli, təmkinli və məqsədyönlü iqtisadi islahatlar nəticəsində 1996-cı ildən etibarən Azərbaycan iqtisadiyyatında əsaslı yüksəlişin təməli qoyuldu. İlk dəfə olaraq ölkədə əhalinin pul gəlirlərinin artım səviyyəsi qiymətlərin artım səviyyəsini üstələdi. Təkcə belə bir faktı qeyd etmək kifayətdir ki, 1996-2003-cü illərdə bütün makroiqtisadi göstəricilər iki-üç dəfədən çox artdı. 1993-2003-cü illəri əhatə edən 10 il ərzində Azərbaycanda ümumi daxili məhsul istehsalı 22,3 dəfə, adambaşına düşən ÜDM-in həcmi isə 20,3 dəfə artdı. Həmin illərdə ölkəmizdə hüquqi-təşkilatı formasından asılı olmayaraq üç minə qədər yeni sənaye müəssisəsi açılaraq 2003-cü ilin əvvəlinə onların sayı 5200-ü ötdü.

Ümummilli liderimiz Azərbaycana rəhbərlik etdiyi vaxtlarda hərtərəfli savada və geniş dünyagörüşünə malik kadrların yetişdirilməsinə xüsusi diqqət və qayğı göstərirdi. Hələ ötən əsrin 70-ci illərində o, Azərbaycan gənclərinin SSRİ-nin ən qabaqcıl ali məktəblərində təhsil almasına xüsusi diqqət yetirirdi. Ali təhsilini başa vurub Azərbaycana qayıdan gənclərə xüsusi qayğı göstərərək onları xalq təsərrüfatının müxtəlif sahələrində işlə təmin edirdi. Çox xoşbəxtəm və qürur hissi keçirirəm ki, əmək fəaliyyətimin əsas hissəsi məhz ümummilli liderimizin respublikamıza rəhbərlik etdiyi dövrə təsadüf edir. Bu parlaq şəxsiyyətin rəhbərliyi altında müxtəlif məsul vəzifələrdə çalışmışam. Ulu öndərimizin bütün sahələrə diqqət və qayğısını daim hiss etmiş, onun nizam-intizama xüsusi diqqət yetirdiyinin, kadrlara qarşı yüksək tələbkarlığının şahidi olmuşam.

Hər il may ayının 10-u gələndə Azərbaycan xalqının böyük oğlu, görkəmli dövlət xadimi, dünya şöhrətli siyasətçi, müasir dövlətçiliyimizin banisi Heydər Əliyevin ilk dəfə respublikamıza rəhbərlik etdiyi 70-80-ci illəri xatırlayıram. Həmin illərdə Azərbaycanda bütün sahələrdə olduğu kimi, iqtisadiyyatda, o cümlədən bank sistemində də genişmiqyaslı islahatlar həyata keçirilirdi. Heydər Əliyev respublika rəhbərliyinə gələn zaman mən Bakı şəhərinin Kirov rayonunda (indiki Binəqədi rayonu) mərkəzi əmanət kassasının müdiri vəzifəsində çalışırdım. Xərclərin, əmək haqlarının və sair ödəmələrin aparılması üçün rayon ərazisində olan bütün fabrik və zavodlarda, yaşayış massivlərində, qəsəbələrdə əmanət kassasının yeni filiallarını və bölmələrini təşkil edirdik. Belə bir şəraitdə Bakı şəhəri üzrə Əmanət Bankına müdir vəzifəsinə namizədliyim irəli sürüldü. Bu vəzifə isə Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin nomenklaturasına daxil olduğu üçün mütləq Mərkəzi Komitənin razılığı lazım idi. O zaman respublikamızın rəhbəri Heydər Əliyevin xeyir-duası ilə belə bir məsul vəzifəyə təyin olundum. Daha sonra isə 13 ilə yaxın bir dövr ərzində respublika üzrə Əmanət Bankının İdarə Heyətinin sədri vəzifəsində çalışmışam. Qeyd etmək istəyirəm ki, ulu öndər Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan böyük sürətlə inkişaf edirdi. Həmin dövrdə əhali arasında geniş yayılmış 3 faizli istiqrazların satışına görə respublikamız SSRİ-də birincilər sırasında idi.

Ötən əsrin sonlarında tarixi müstəqilliyini bərpa etmiş Azərbaycana yenidən rəhbərliyə gələn ümummilli liderimiz 70-80-ci illərdə etimad göstərib müxtəlif vəzifələrə təyin etdiyi kadrları respublikamızın çiçəklənməsi kimi müqəddəs bir işə töhfə verməyə səslədi. Onların bir çoxuna yenidən etimad göstərildi. Həmin dövrdə mən Dövlət Sığorta Şirkəti İdarə Heyətinin sədri vəzifəsində çalışırdım. Yeri gəlmişkən, Azərbaycanın dövlət başçısı, ümummilli liderimiz Heydər Əliyevin bir sıra xarici dövlətlərə səfərləri zamanı ölkəmizi təmsil edən geniş tərkibli nümayəndə heyətlərinin tərkibində mən də iştirak etmişəm. Həmin səfərlər vaxtı ulu öndərimizin Azərbaycanın beynəlxalq nüfuzunun artırılması üçün necə böyük səy göstərdiyinin şahidi olmuşam. Yaxşı yadımdadır: 1995-ci ilin noyabr ayında Londonda keçirilən "Azərbaycanda investisiya imkanları" adlı beynəlxalq konfransda çıxış edən ulu öndərimiz ölkəmizdə iqtisadiyyatın mühüm sahələrindən olan sığorta bazarının formalaşdırılması ilə bağlı maraqlı fikirlər söylədi, konkret təkliflər irəli sürdü. Ümummilli liderimiz dedi: "...Sığorta işi bizim üçün yeni bir işdir... Bu iş bizim üçün iqtisadi həyatın yeni, amma mühüm cəhətidir. Elə bizim hamımız da respublikamızda səhmlərin sığortalanmasının vacibliyini və ümumiyyətlə, hər hansı biznesin sığortalanmasının əhəmiyyətini başa düşürük. Mən sizə bildirmək istəyirəm ki, Azərbaycanda xarici səhmləri sığortalamaq üçün təminatlı şərait yaradılması sahəsində tədbirlər görürük. Əmin ola bilərsiniz ki, bizim tərəfimizdən qanunvericilik qaydasında, sərəncam qaydasında bütün tədbirlər həyata keçiriləcəkdir. Digər tərəfdən isə, bizim özümüz bazar münasibətlərinin həyata keçirilməsi prosesinə, xarici səhmlərin cəlb edilməsi prosesinə başlayaraq, artıq hiss edirik ki, sığorta məsələsi bizim zəif yerimizdir. Həqiqətən, çox etibarlı, möhkəm təminatlı sığorta xidməti, sığorta sistemi yaratmaq lazımdır".

Doğrudan da, Azərbaycanda güclü iqtisadiyyatın yaradılmasına nail olmağı başlıca hədəflərdən biri kimi müəyyənləşdirən ulu öndərimiz, bütün sahələrdə olduğu kimi, müstəqil ölkənin sığorta bazarının formalaşdırılması üçün hüquqi bazanın yaradılması məqsədilə bir sıra zəruri sənədlər imzaladı. 1993-cü ilin əvvəlində qəbul olunmuş "Sığorta haqqında" Azərbaycan Respublikasının Qanunu sığorta bazarının inkişafına müəyyən təkan versə də, cəmiyyətdə gedən köklü dəyişikliklər, ölkəmizdə həyata keçirilən geniş miqyaslı sosial-iqtisadi islahatlar, bir çox sahələrdə olduğu kimi, sığorta sahəsində də qanunvericilik bazasının təkmilləşdirilməsini tələb edirdi. Məhz bu məqsədlə 1999-cu il avqustun 19-da ölkə Prezidenti, ümummilli lider Heydər Əliyevin fərmanı ilə "Sığorta haqqında" Azərbaycan Respublikasının yeni qanunu qəbul edildi. Bütövlükdə isə həmin dövrdə sığortanın inkişafına dair 11 müxtəlif qanun və qərarlar qəbul edilmişdir. Yeri gəlmişkən, ulu öndərin layiqli davamçısı, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin 2007-ci il dekabrın 25-də imzaladığı fərmanla "Sığorta fəaliyyəti haqqında" daha mükəmməl bir qanunun qəbul olunması bu sahədə hüquqi bazanın daha da təkmilləşdirilməsinə səbəb oldu.

Azərbaycanın sığorta bazarı son illər böyük inkişaf yolu keçmişdir. Təkcə onu demək kifayətdir ki, ötən illərdə ölkəmizdə bir sıra özəl sığorta şirkətləri təsis edilmiş, xarici dövlətlərin bu sahədə fəaliyyət göstərən qabaqcıl şirkətləri ilə mühüm əməkdaşlıq əlaqələri qurulmuşdur. Hazırda Dövlət Sığorta Şirkəti təbii fəlakətlərdən, yanğından, zəlzələdən və digər gözlənilməz hadisələrdən dəyən zərərin ödənilməsinə sığorta təminatı yaratmaq məqsədilə 30-dan çox sığorta növü üzrə əhaliyə xidmət göstərir. Bu sahədə uğurlarımız isə ilbəil artır. Heç şübhəsiz, bütün bunlar anadan olmasının 88-ci ildönümünü böyük sevinc və iftixar hissi ilə qeyd etdiyimiz ulu öndər Heydər Əliyevin əsasını qoyduğu sosial-iqtisadi strategiyanın hazırda cənab Prezidentimiz İlham Əliyevin yeni dövrün reallıqlarına uyğun olaraq böyük yaradıcılıqla davam etdirməsinin məntiqi nəticəsidir. Fürsətdən istifadə edib bir neçə gün əvvəl mənim "Şöhrət" ordeni ilə təltif olunmağım haqqında sərəncam imzaladığına görə möhtərəm Prezidentimiz İlham Əliyevə dərin minnətdarlığımı bildirir, bu mükafatı Azərbaycan iqtisadiyyatının inkişafında rolu olan şəxslərin əməyinə verilən yüksək qiymət kimi dəyərləndirirəm.

 

 

Məmməd MƏMMƏDOV,

Dövlət Sığorta Şirkətinin sədri,

Azərbaycan Respublikasının əməkdar

iqtisadçısı

 

Xalq qəzeti.- 2011.- 8 may.- S. 14.