Naxçıvan dinamik inkişaf yolunda

 

Naxçıvan Muxtar Respublikasında son 15 ildə həyata keçirilən çoxşaxəli quruculuq tədbirləri bütün istiqamətlərdə əsaslı nailiyyətlərin əldə olunmasını təmin etmişdir. Məhz bu baxımdan son 15 il muxtar respublikanın müasir tarixinin intibah mərhələsi kimi yaddaşlara həkk olunmaqdadır. Təbii ehtiyatların və istehsal imkanlarının səfərbər edilməsi ilə iqtisadi və sosial inkişafda yeni uğurlu nəticələr əldə edilməkdədir.

 

Həyata keçirilən quruculuq tədbirlərini ölkə Prezidenti İlham Əliyev yüksək qiymətləndirərək demişdir: "Naxçıvanda çox geniş quruculuq, abadlıq işləri aparılır, şəhər gözəlləşir, yeni-yeni binalar tikilir, köhnə binalar təmir edilir. Bir sözlə, hər bir Naxçıvan sakini əldə edilmiş bu uğurlarla fəxr edə bilər".

Bu gün muxtar respublikada müşahidə edilən irimiqyaslı quruculuq işlərinin, iqtisadiyyata sürətli investisiya qoyuluşlarının təməlində uzun dövr üçün əsası qoyulmuş makroiqtisadi sabitlik və davamlı inkişaf dayanmaqdadır ki, bu da ilk növbədə səmərəli idarəetmənin nəticəsidir.

Son 15 il ərzində əsas kapitala 2 milyard manata yaxın həcmdə investisiya yönəldilmişdir.

Ötən dövr ərzində muxtar respublikanın paytaxtı Naxçıvan şəhərində, rayon mərkəzlərində, qəsəbə və kəndlərdə aparılan geniş tikinti-quraşdırma, abadlaşdırma işləri, yolların və körpülərin tikintisi, təmiri muxtar respublikanın simasını gözəlləşdirməklə yanaşı, onun inkişafının təcəssümünə çevrilmişdir. 2010-cu il ərzində əsas kapitala yönəldilən investisiyaların həcmi 1995-ci ildəki müvafiq göstəricini 164 dəfə üstələyərək, 501 milyon 105 min manatdan çox olmuşdur.

1995-ci ildən 2011-ci ilədək bütün maliyyə mənbələrindən əsas kapitala yönəldilmiş investisiyanın həcmi 2 milyard manata yaxın olmuşdur. Bu investisiyanın sərfi nəticəsində ötən dövr ərzində 393 inzibati bina, mənzil-kommunal təsərrüfatı sahəsində 593 obyekt, 153 nasos stansiyası, 356 subartezian quyusu, 119 körpü, rabitə və informasiya texnologiyaları sahəsində 260 obyekt və qurğu, 2110 müxtəlif güclü transformator yarımstansiyası tikilib işə salınmışdır. 45 məişət evi və ticarət mərkəzi, 231 elm və təhsil müəssisəsi, 272 mədəniyyət müəssisəsi, 173 səhiyyə müəssisəsi, 33 idman obyekti, 312 halda su, kanalizasiya və drenaj xətləri, əlil, məcburi köçkün, qaçqın, şəhid ailələri və təbii fəlakətdən zərər çəkmiş ailələr üçün 457 fərdi ev, 3394 istehsal, xidmət və digər bu kimi infranstruktur obyektləri istifadəyə verilmişdir.

Dövlət idarəetməsinin səmərəli təşkili prosesinin mühüm elementi qismində inzibati binaların inşası və yenidən qurulması ötən dövr ərzində də diqqət mərkəzində saxlanılmış və ümumilikdə 393 inzibati bina inşa olunmuşdur. Kəndlərin, qəsəbələrin ictimai tərəqqisi, bu yaşayış məntəqələrində mərkəzlə paralel infrastruktur quruculuğu tədbirlərinə son 15 il ərzində xüsusi diqqət yetirilmişdir. Əhaliyə göstərilən xidmətin səviyyəsini yaxşılaşdırmaq, bu sahədə idarəetməni səmərəliləşdirmək məqsədilə 52 kənd mərkəzi, 3 qəsəbə mərkəzi, o cümlədən 2010-cu ildə 9 kənd mərkəzi istifadəyə verilmişdir.

Hərbi quruculuq məsələləri prioritet istiqamət kimi saxlanılmaqla, muxtar respublikanın etibarlı müdafiə təminatı ilə bağlı ardıcıl olaraq sistemli tədbirlər müəyyənləşdirilib həyata keçirilmiş və son 15 il ərzində bu sahədə 146 obyekt istifadəyə verilmişdir.

Muxtar respublikada mənzil-kommunnal təsərrüfatı sektorunda xidmətlərin səviyyəsinin müasir standartlara uyğunlaşdırılması, kommunal xidmətlər sahəsində restrukturizasiya tədbirlərinin sürətləndirilməsi, mövcud istilik sistemlərinin bərpası, modernləşdirilməsi və yenidən qurulması, etibarlı su təchizatının təşkili, su və kanalizasiya sistemlərinin yenilənməsi üzrə mobil mexanizmlər formalaşdırılmışdır. Son dörd ildə muxtar respublikada 284 yaşayış binasında tikinti, yenidənqurma və bərpa işləri aparılmış, 301 yaşayış binasında istilik xətnləri yeniləri ilə əvəzlənmiş, 35 lift qunraşdırılmışdır. Yaşayış mənzillərində dövnlət vəsaiti hesabına daxili istilik xətlərinin çəkilişi və vətəndaşlardan hər hansı bir ödəniş tələb olunmadan panel randiatorların quraşdırılması prosesi davam etdirilməkdədir.

Əhalinin istifadə etdiyi suyun ekoloji cəhətdən təmizliyini yaxşılaşdırmaq məqsədilə Araz çayının suyundan istifadə edən yaşayış məntəqələrində 6 ədəd modul tipli sutəmizləyici qurğu istifadəyə verilmişdir. Hazırda Azərbaycan hökuməti ilə Asiya İnkişaf Bankı arasında bağlanmış kredit sazişinə uyğun olaraq "Şəhər su təchizatı və kanalizasiya layihəsi" çərçivəsində Naxçıvan şəhərinə su çəkilişi davam etdirilməkdədir.

Muxtar respublikada aqrar sektorun innkişafında mühüm element kimi soyuducu anbarların yaradılması işi üstün istiqamət almışdır. Bu anbarlar bir tərəfdən istehsal olunan məhsulların satışı ilə əlaqədar meydana çıxan problemləri aradan qaldırmaqla meyvə-tərəvəzin yetişdirilməsinə marağı artırırsa, digər tərəfdən əhalinin ilboyu keyfiyyətli yerli məhsullarla təminatına imkan verir. Qeyd olunan amillər nəzərə alınaraq son dövrlər ərzində ümumi tutumu 7 min 920 ton olan 12 soyuducu anbar istifadəyə verilmişdir.

Ötən dövr ərzində məhsul istehsalçılarının taxıl tədarükü zamanı rastlaşdıqları problemləri aradan qaldırmaq məqsədilə tutumu 18 min ton taxılı uzun müddətə, 20 min ton taxılı isə qısa müddətə saxlamaq gücünə malik Naxçıvan Muxtar Respublikası Taxıl Ehtiyatı Anbarı yaradılmışdır. Bu dövr ərzində ümumilikdə 25 un dəyirmanı istifadəyə verilmişdir.

Muxtar respublikada suvarma əkinçiliyinin geniş yayılması meliorasiya-irriqasiya sistemlərinin davamlı olaraq təkmilləşdirilməsini və yeniləşdirilməsini tələb edir. Son 15 ildə bu sahədə tədbirlər intensivləşdirilmiş, Heydər Əliyev Su Anbarı tikilmiş, Arpaçay Su Anbarı isə yenidən qurulmuşdur. Bu dövr ərzində 153 nasos stansiyası, 356 subartezian quyusu istifadəyə verilmişdir.

Muxtar respublikada nəqliyyat kompleksinin inkişafı templərinin yüksəldilməsi məqsədilə yeni nəqliyyat texnikası və texnologiyalarının istifadəyə cəlb edilməsi, nəqliyyat sisteminin əlverişliliyinin və təhlükəsizliyinin təmin olunması, şəhər nəqliyyatı işinin müasir standartlar səviyyəsinə çatdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilməkdədir. Bu dövr ərzində muxtar respublikada 2934 kilometr uzunluğunda avtomobil yolları və 119 körpü salınmışdır.

Muxtar respublikada informasiya cəmiyyətinə keçid və elektron hökumətin formalaşdırılması sosial-iqtisadi tərəqqinnin sürətləndirilməsi üçün zəruri məsələlərdən birinə çevrilmişdir. Bu baxımdan inkişaf etmiş informasiya və kommunikasiya infrastrukturunun yaradılması istiqamətində mühüm tədbir sayılan optik kabel magistrallarının tikintisi işi böyük tutumlu və keyfiyyətli rabitə əlaqəsinin həyata keçirilməsinə geniş imkanlar yaratmışdır. Ötən 15 il ərzində rabitə və informasiya texnologiyaları sahəsində 260 obyekt və qurğu istifadəyə verilmişdir.

Muxtar respublikanın elektroenergetika sahəsində də genişmiqyaslı yenidənqurma tədbirləri həyata keçirilir. Belə ki, bu dövr ərzində ümumi gücü 87 mVt olan Modul Elektrik Stansiyasınnın, 22 mVt olan Biləv Su Elektrik Stansiyasının və ümumi gücü 4,5 mVt olan Heydər Əliyev Su Anbarı üzərində Elektrik Stansiyasının tikintisi, ümumi gücü 60 mVt olan Naxçıvan Qaz Turbin Elektrik Stansiyasının yenidən qurulması başa çatdırılmışdır. 1995-ci ildən 2011-ci ilədək olan dövrdə ümumilikdə muxtar respublikada 2110 transformator yarımstansiyası quraşdırılmışdır.

Enerji təhlükəsizliyini təmin edən mühüm faktorlardan biri də muxtar respublikanın təbii qazla tam təmin olunmasıdır. Ötən dövr ərzində təbii qaz təminatının bərpası layihəsi çərçivəsində muxtar respublika üzrə əhali təsərrüfatlarına qaz çəkilişi prosesi başa çatdırılmış, 1 yanvar 2011-ci il tarixə 78 min 157 əhali abonenti təbii qazla təmin olunmuşdur.

Əhalinin yaşayış standartlarının daha da yüksəldilməsi məqsədilə məişət və ticarət xidmətinin səviyyəsi hazırda ardıcıl olaraq təkmilləşdirilməkdədir. Bu istiqamətdə reallaşdırılan tədbirlərə uyğun olaraq, son üç ildə 45 məişət evi və ticarət mərkəzi inşa olunmuşdur.

Elmin sürətli yüksəlişi, bu məqsədlə müvafiq bazanın yaradılması, elmi potensialın formalaşdırılması və bu əsasda yüksək səmərəliliyə nail olunması muxtar respublikada dövlət siyasətinin mühüm istiqamətlərindəndir. Ali təhsil ocaqlarının və elmi-tədqiqat mərkəzlərinin tikintisi də diqqət mərkəzində saxlanılmış və son 15 il ərzində muxtar respublikada 17 elmi-tədqiqat mərkəzinin və ali təhsil ocağının inşası başa çatdırılmışdır.

Muxtar respublikada yeni məktəblərin inşası, onların texniki və kadr təminatının yaxşılaşdırılması, təhsil müəssisələrinin informasiya-kommunikasiya texnologiyaları üzrə maddi-texniki bazasının təkmilləşdirilməsi, kompyuter avadanlığı və digər zəruri rəqəmsal avadanlıqlarla təminatının yaxşılaşdırılması istiqamətlərində mühüm işlər görülmüşdür. Təkcə son 15 il ərzində muxtar respublikada 168 ümumtəhsil məktəbi istifadəyə verilmişdir.

Gənc nəslin hərtərəfli inkişafı və dünyagörüşünün formalaşmasında musiqi məktəblərinin, məktəbəqədər və məktəbdənkənar tədris müəssisələrin də rolu böyükdür. Bu baxımdan ümumtəhsil məktəbləri ilə yanaşı, musiqi məktəbləri, uşaq bağçaları və məktəbdənkənar təhsil müəssisələrinin normal fəaliyyəti üçün yeni binaların inşası diqqət mərkəzində saxlanılmış və ötən dövr ərzində 43 musiqi məktəbi, məktəbəqədər və məktəbdənkənar tədris müəssisəsi istifadəyə verilmişdir.

Muxtar respublikada tarixi-mədəni irsin qorunması və mədəni potensialın daha da inkişaf etdirilməsinə xüsusi diqqət yetirilmiş və ötən 15 il ərzində 272 mədəniyyət obyekti həyata vəsiqə almışdır.

Muxtar respublikada əhalinin sağlamlığının qorunması, tibbi xidmətin keyfiyyətinin daha da yaxşılaşdırılması, yeni səhiyyə müəssisələrinin istifadəyə verilməsi həyata keçirilən sosial siyasətin mühüm istiqamətlərindən biridir. Ötən 15 il ərzində 173 səhiyyə obyekti inşa olunaraq əhalinin istifadəsinə verilmişdir.

Muxtar respublikada bədən tərbiyəsi və idman insanlarda sağlam həyat tərzinin təmin edilməsində, gənclərin fiziki və mənəvi cəhətdən sağlamlığının qorumasında və onların asudə vaxtlarının səmərəli keçirilməsində mühüm bir vasitə kimi həmişə diqqət mərkəzində saxlanılmış və ötən 15 il ərzində 33 idman obyekti tikilərək istifadəyə verilmişdir.

Muxtar respublikada məhkəmə hakimiyyəti orqanlarının və güc strukturlarının iş şəraitinin, müvafiq infrastrukturlarının təkmilləşdirilməsi müntəzəm xarakter almış və bu sahədə son 15 ildə 87 inzibati bina inşa olunmuşdur.

Əhalinin maddi-rifah halının yaxşılaşması fərdi yaşayış evlərinin tikintisi üzrə müsbət meyilli dinamikanın güclənməsinə öz müsbət təsirini göstərmişdir. Ötən 15 il ərzində muxtar respublikada əhalinin şəxsi vəsaiti hesabına ümumilikdə 822 min kvadratmetr yaşayış sahəsi tikilmişdir.

Aparılan məqsədyönlü tədbirlər muxtar respublikada yeni iş yerlərinin yaradılmasına və rifahın davamlı yüksəlişinə əsaslı zəmin yaratmışdır. 2010-cu ildə muxtar respublikada tikinti sektorunda çalışan işçilərin sayı 1995-ci illə müqayisədə 3 dəfə artaraq 11,2 min nəfər təşkil etmişdir. Bu dövr ərzində bir işçiyə hesablanmış orta aylıq əməkhaqqının məbləği 379 manata çatmışdır ki, bu da 1995-ci illə müqayisədə 33 dəfə çoxdur.

Ötən 15 il üzrə inşaat işlərinin və investisiya qoyuluşlarının yüksək dinamikası bir daha sübut edir ki, muxtar respublika sürətli inkişaf tempini qoruyub saxlamaq üçün bütün potensial imkanlarını səfərbər edir, daha uğurlu nəticələrə və yeni-yeni nailiyyətlərə doğru inamla irəliləyir.

2010-cu ilin yanvar-mart ayları ilə müqayisədə bu ilin I rübündə muxtar respublikada ümumi daxili məhsulun həcmi 59,3 faiz artaraq 323 milyon 921 min 400 manata, onun hər bir nəfərə düşən həcmi isə 60,5 faizlik artımla 787,9 manata çatmışdır.

Sənaye sahəsində həyata keçirilən çoxşaxəli islahatlar, yeni müəssisələrin yaradılması, rəqabətədavamlı və ixracyönümlü sənaye məhsullarının istehsalının dəstəklənməsi işi cari ilin əvvəlindən də intensiv xarakterli olmuşdur. Bu sektorda aparılan uğurlu islahatların nəticəsidir ki, 2011-ci ilin yanvar-mart ayları ərzində sənaye məhsulu istehsalının dinamik artımı davam etmiş və 152 milyon 890 min manatlıq məhsul istehsal edilmişdir.Bu da bir il öncəki səviyyəni 2,1 dəfə üstələyir. Sənaye istehsalının 94,8 faizi malların, 5,2 faizi isə xidmətlərin payına düşmüşdür. Sənayenin dövlət sektorunda 13 milyon 448 min manatlıq, qeyri-dövlət sektorunda isə 139 milyon 442 min manatlıq məhsul istehsal olunmuşdur. İstehsal olunan sənaye məhsulunun 91 faizi özəl sektorun payına düşmüşdür.

2011-ci ilin yanvar-mart ayları ərzində muxtar respublikada bütün maliyyə mənbələri hesabına əsas kapitala 187 milyon 239 min manat həcmində investisiya yönəldilmişdir ki, bu da 2010-cu ilin müvafiq dövründəki göstəricidən 2,4 dəfə çoxdur. İnvestisiya qoyuluşlarının 157 milyon 819 min manatı və ya 84,3 faizi tikinti-quraşdırma işlərində istifadə edilmişdir.

Əvvəlki dövrlərdə olduğu kimi cari ilin yanvar-mart aylarında da bitkiçiliyin inkişafı diqqət mərkəzində saxlanılmış, bank və kredit təşkilatları tərəfindən istehsalçılara 1 milyon 240 min manatdan çox kredit verilmişdir. Verilmiş kreditlərin 80 min manatı taxılçılığın, 1 milyon 133 min manatı kartofçuluğun, 27 min 800 manatı isə şəkər çuğunduru sahəsinin inkişafına yönəldilmişdir.

Ötən rüb ərzində 2011-ci ilin məhsulu üçün 2 min 513 hektar sahədə yazlıq əkin aparılmışdır ki, bu da 2010-cu ilin müvafiq dövründə əkilmiş 1 min 951 hektar sahədən 562 hektar və ya 29 faiz çoxdur. 2011-ci ilin yanvar-mart aylarında 762 hektar sahədə taxıl, 177 hektar sahədə dənli paxlalılar, 205,3 hektar sahədə şəkər çuğunduru, 3 hektar sahədə dən üçün günəbaxan, 727,2 hektar sahədə kartof, 289 hektar sahədə tərəvəz, 115,5 hektar sahədə ərzaq üçün bostan bitkiləri, 207,5 hektar sahədə cari ilin çoxillik otları, 27 hektar sahədə birillik otlar əkilmişdir. 2010-cu ilin yanvar-mart ayları ilə müqayisədə taxıl əkini sahəsi 46 faiz, dənli paxlalıların əkini sahəsi 11,3 faiz, şəkər çuğunduru əkini sahəsi 2,3 dəfə, kartof əkini sahəsi 2 faiz, tərəvəz əkini sahəsi 15,2 faiz, ərzaq üçün bostan bitkilərinin əkini sahəsi isə 5 dəfə artmışdır.

Əkinçiliyin dinamik inkişaf etdirilməsi üçün məhsul istehsalçılarının müasir texnika və mineral gübrələrlə vaxtında təchiz edilməsi zəruridir. 2011-ci ilin ilk rübü ərzində "Naxçıvan Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinin xətti ilə məhsul istehsalçılarına ümumi dəyəri 1 milyon 376 min manatdan çox olan 3 min 720 tona yaxın mineral gübrə paylanmışdır. Bundan başqa, 50 ədədi 2011-ci ilin yanvar-mart aylarında olmaqla cəmi 627 müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası alınaraq muxtar respublikaya gətirilmişdir. Təkcə 2011-ci ilin yanvar-mart aylarında əvvəlki dövrlərdə gətirilənlər də nəzərə alınmaqla cəmi maşın və mexanizmlərdən 97-si lizinq yolu ilə istehsalçılara verilmişdir. 1 aprel 2011-ci il tarixə muxtar respublikanın bütün təsərrüfat kateqoriyalarında qaramalın sayı 107 min 498 baş, qoyun və keçilərin sayı isə 653 min 136 baş olmuşdur ki, bu da müvafiq olaraq 1 aprel 2010-cu il tarixə olan göstəriciləri 1,6 və 1,7 faiz üstələmişdir. Müqayisə üçün qeyd etmək olar ki, 1 yanvar 1989-cu ildə muxtar respublikamızda saxlanılan qaramalın baş sayı 77 min 301 baş, xırdabuynuzlu heyvanların baş sayı isə 304 min 405 baş səviyyəsində idi.

Heyvandarlıqda məhsuldarlığın yüksəldilməsi, mal-qaranın cins tərkibinin yaxşılaşdırılması və damazlıq işinin inkişafı cari ilin ilk rübü ərzində də davam etdirilmiş və 540 baş cins mal-qara gətirilərək lizinq yolu ilə fermerlərə verilmişdir.

2011-ci ilin yanvar-mart aylarında ötən ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 4 faiz artaraq 4914 tona, süd istehsalı isə 2 faiz artaraq 11411 tona çatmışdır.

Muxtar respublikada sahibkarlıq subyektlərinə səmərəli maliyyə dəstəyinin göstərilməsi mexanizmi formalaşdırılmışdır. 2011-ci ilin yanvar-mart aylarında bank və kredit təşkilatları tərəfindən sahibkarlara keçən ilin müvafiq dövrü ilə müqayisədə 30 faiz çox, yəni 12 milyon 153 min manatdan artıq güzəştli kreditlərin verilməsi təmin olunmuşdur ki, bu da sosial-iqtisadi inkişafa yeni müsbət meyilli impulslar qazandırmaqdadır.

İlin əvvəlindən icra olunan kredit qoyuluşları zamanı iqtisadi fəaliyyətin bütün sahələri diqqət mərkəzində saxlanılmışdır. 2011-ci ilin yanvar-mart aylarında verilən kreditlərin 2 milyon 555 min manatı sənayenin, 44 min manatı tikinti sektorunun, 3 milyon 236 min manatı kənd təsərrüfatının, 6 milyon 318 min manatı isə ticarət, nəqliyyat, maliyyə fəaliyyəti, kommunal və digər xidmət sahələrinin inkişafına yönəldilmişdir.

Yerli istehsalın gücləndirilməsinə yönəldilmiş kompleks islahatların səmərəli nəticəsidir ki, bu gün muxtar respublikada 109 növdə, 320 çeşiddə ərzaq, 185 növdə, 462 çeşiddə qeyri-ərzaq olmaqla, cəmi 294 növdə, 782 çeşiddə məhsul istehsal olunur. İstehsal olunan 89 növdə ərzaq, 159 növdə qeyri-ərzaq olmaqla, cəmi 248 növdə məhsula olan tələbat tamamilə yerli istehsal hesabına ödənilir.

Səmərəli məşğulluğun təşkili istiqamətində reallaşdırılan məqsədyönlü tədbirlər öz müsbət nəticəsini vermiş və yüksək əməkhaqqı göstəricilərinə malik yeni iş yerlərinin yaradılması üzrə müsbət dinamika təmin olunmuşdur. 2003-cü il oktyabr ayının 1-dən 2011-ci ilin aprel ayının 1-dək muxtar respublikada 46220 yeni iş yeri yaradılmışdır ki, onun da 30645-i və ya 66,3 faizi daimi iş yerləridir. 2011-ci ilin yanvar-mart aylarında açılmış 849 yeni iş yerinin isə 675-i və ya 79,5 faizi daimi iş yerlərinin payına düşür.

 

 

Məqalə Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin materialları əsasında hazırlanmışdır

 

Xalq qəzeti.- 2011.- 25 may.- S. 3.